Məhkəmə qərarları › İş №2-1(104)-61/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-61/2023

13.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-61/2023 13.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı1, cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1514/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.1980-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı1 xx.xx.1979-cu il tarixdən xx.xx.2008-ci il tarixədək müxtəlif müəssisələrdə işləmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 01 nömrəli arayışından görünür ki, İddiaçı1 "xxxx" ASC-nin “Gəncə Gil torpaq” İstehsalat sahəsində (keçmiş Kirovabad Alüminium zavodu) xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Nasos qurğularının maşinistləri vəsifəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2007- ci il tarixədək və xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək aparaturanın təmizlənməsi ilə məşğul olan təmizləyicilər vəzifəsində işləmişdir. “X1 ” MMC-nin arayışlarından görünür ki, İddiaçı1 xx.xx.1979-cu il tarixdən xx.xx.1992-ci il tarixədək əyrici sexində operator, usta köməkçisi vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********5 nömrəli məktubundan məlum olur ki, İddiaçı1 güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinaya səbəb kimi “X1” MMC-nin təqdim etdiyi arayışda iddiaçının işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısında olub-olmamasının qeyd edilməməsidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2021-ci ilin iyun ayından etibarən təyin edilməsi və 460 manat əlilliyə görə əmək pensiyasının qazanılmış hüquq kimi saxlanılmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2006-cı ilə qədər ümumi əmək stajı 30 il 5 aydan, güzəştli şərtlərlə stajı isə 22 il 6 aydan artıqdır. O, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə cavabdehə müraciət etsə də, ona fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının 24351,61 manat təşkil etdiyi və xx.xx.2022-ci il tarixli məktubla isə onun pensiya kapitalının yetərsiz olmasından əlavə olaraq, onun təqdim etdiyi “X1” MMC-nin arayışında qeyd olunmuş işlədiyi vəzifələrin müvafiq siyahıya uyğun olmaması göstərilmişdir. Cavabdehin bu mövqeyi qanunverciliyin tələblərinə uyğun olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının «güzəştli şərtlərlə pensiyanın 2021-ci ilin iyun ayından etibarən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, iddiaçının əmək kitabçasına və “X1” MMC-nin iddiaçıya dair arayışında xx.xx.1979-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə operator və usta köməkçisi vəzifəsində işlədiyi qeyd edilmişdir. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş müvafiq Siyahıdakı vəzifələr ilə üst-üstə düşmür. Bundan başqa, “X1” MMC-nin təqdim etdiyi arayışda tarix qeyd edilməyib və arayış müəssisənin rəhbəri tərəfindən deyil, kadrlar şöbəsinin rəisi tərəfindən imzalanmışdır. Bundan başqa, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 36,960.00 manat hesablanmışdır. İddiaçının isə cəmi pensiya kapitalı 30,942.82 manat təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1514/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmiş, İddiaçı1 2021-ci ilin iyun ayından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulmuşdur. Məhkəmə gəldiyi nəticəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısının müvafiq müddəaları ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasına və “X1” MMC-nin iddiaçıya dair arayışında xx.xx.1979 - xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə operator və usta köməkçisi vəzifəsində işlədiyi qeyd edilmişdir. Həmin vəzifələr 2 nömrəli Siyahıdakı vəzifələr ilə üst-üstə düşmür. Bundan başqa, “X1” MMC-nin təqdim etdiyi arayışda tarix qeyd edilməyib və arayış müəssisənin rəhbəri tərəfindən deyil, kadrlar şöbəsinin rəisi tərəfindən imzalanmışdır. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Belə ki, xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Bundan başqa “Əmək pensiyaları haqqında” Qanunun 6.2-ci maddəsinə görə, əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına, maliyyələşdirilir. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 36,960.00 manat hesablanmışdır. İddiaçının isə cəmi pensiya kapitalı 30,942.82 manat təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz etdi və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısının: XX bölməsinin 1-ci bəndində (2200200a—16167- darama toxuma avadanlığının operatorları) və 3-cü bəndində (2210400a—16848- darama avadanlığına, kətandarama maşınlarına və yaş (sulu) toxumaya xidmət ilə məşğul olan usta köməkçiləri) nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı:

32. Toxuculuq istehsalatı- daraqla darama avadanlığının operatorları.

32. Toxuculuq istehsalatı- əyirici istehsalatının hazırlıq sexlərindəki maşınlara, burma, əyirmə, sarıma, cütləmə, təkrarsarıma maşınlarına və toxuculuq dəzgahlarına xidmət edən ustalar və usta köməkçiləri.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 9.1-ci maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13 b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqişəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hakimin məruzəsini dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsinə dair düzgün nəticəyə gəlinmişdir. İşin hallarından müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür və pensiya yaşına çatdığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin inzibati orqan iddiaçının işlədiyi “X1” MMC-nin təqdim etdiyi arayışda iddiaçının işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısında olub-olmamasının qeyd edilməməsi əsası ilə imtina etmişdir. Göründüyü kimi imtina ərizəsi və apellyasiya şikayəti “X1” MMC-nin təqdim etdiyi arayışda qeyd edilən əyrici sexində operator və usta köməkçisi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısında olmaması ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçının “X1” MMC-də işdəyi əyrici sexində operator və usta köməkçisi vəzifəsi yuxarıda qeyd edilən 2 saylı Siyahının XX bölməsinin 1-ci bəndində (2200200a—16167- daramatoxuma avadanlığının operatorları) və 3-cü bəndində (2210400a—16848- darama avadanlığına, kətandarama maşınlarına və yaş (sulu) toxumaya xidmət ilə məşğul olan usta köməkçiləri) qeyd edilmişdir. Göründüyü kimi imtina və apellyasiya şikayətinin dəlillərin biri hazırki halda təkzib edilmişdir. Digər tərəfdən inzibati orqanın apellyasiya şikayətində və birinci instansiya məhkəməsində iddia tələbinə etiraz olaraq təqdim etdiyi ərizəsində qeyd olunan “X1” MMC-nin təqdim etdiyi arayışda tarixin qeyd edilməməsi və arayışın müəssisənin rəhbəri tərəfindən deyil, kadrlar şöbəsinin rəisi tərəfindən imzalanmasına qiymət verərkən məhkəmə kollegiyası qeyd edir ki, işəgötürən müəssisənin təqdim etdiyi hər hansı sənəddə (arayış, əmrdən çıxarış və s) texniki səhvin və ya çatışmazlığın olması hüququna toxunan subyektin ziyanına səbəb olan hal kimi nəzərə alınmamalıdır. Digər tərəfdən “kadrlar şöbəsinin rəisi” vəzifəsi özlüyündə müəssisənin kadr siyasəti və aparılan iş fəaliyyətinə dair səlahiyyətli şəxs hesab edilir. Belə olan halda cavabdeh inzibati orqanın “X1” MMC-nin təqdim etdiyi arayışı mübahisələndirməsi əsassızdır və arayış özlüyündə mötəbər sübut hesab edilir. Habelə, xx.xx.1980-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasında iddiaçının işlədiyi illər olaraq xx.xx.1979-cu ildən xx.xx.2008-ci ilədək olan əmək fəaliyyəti müvafiq olaraq qeyd edilmiş, eyni zamanda “X1” MMC-də işlədiyi illər əmək kitabçasında öz əksini tapmışdır. Apellyasiya şikayətinin digər dəlili şəxsə pensiya təyin edilməsi zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının tətbiqinin qüvvədən düşmüş maddi normanın tətbiqi olaraq istisna edilməsidir. Bununla bağlı qeyd olunur ki, hazırki tələb üzrə iddiaçının əmək fəaliyyəti və bu fəaliyyətdən yaranan əmək stajı əsasən 2006-cı ilə qədər olan dövrü əhatə edir. Habelə, şəxsə güzəştli şərtlərlə pensiya hüququ verən iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1992-ci il tarixədək “X1” MMC-də işlədiyi operator, usta köməkçisi, eyni zamanda, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 01 nömrəli arayışı ilə xx.xx.1995-ci il tarixdən xx.xx.2008-ci il tarixədək güzəştli şərtlərlə işlədiyi illər “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun hüquqi qüvvəsi olduğu dövrə aiddir. Xüsusi olaraq vurğulanır ki, subyektin cari olaraq realizə olunan pensiya hüququnun əsasında dayanan əmək stajının hesablanması və tətbiqinə dair məhz həmin əmək stajının yarandığı dövrə aid maddi hüquq norması tətbiq edilməlidir. Digər tərəfdən cavabdeh inzibati orqan apellyasiya şikayətində iddiaçının tələb olunan pensiya kapitalına malik olmamasını əsas gətirmiş və “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsinə istinad etmişdir. Həmin maddədə qeyd edilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əmək stajı 2006-cı ilə qədər artıq mövcud olmuş və həmin dövrə dair pensiya kapitalının hesablanması istisna edilir. Belə olan halda qeyd edilən imtina meyarı əsassızdır. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün “Vətəndaşların pensiya təminatı haqqında” aşağıdakı 3 şərt müəyyən edilir: 1. İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2. İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3. İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş müvafiq siyahıda göstərilməsi. Hazırki halda iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün hər üç şərt yerinə yetirilmişdir. Müəyyən olunur ki, iddiaçı tələb olunan yaş həddində olmaqla, eləcə də tələb olunan sosial sığorta stajına malikdir və qeyd olunan sosial sığorta stajının 12 il 6 aydan çox hissəsi iddiaçının zərərli və ağır peşələrdə olan iş stajına daxildir. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunaziddir və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1514/2022 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar