Məhkəmə qərarları › İş №2-1(104)-611/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-611/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-611/2025 02.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və X1 ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “hüququn ölmüş şəxsə aid olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(114)-3882/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə mərhum X2 adına arayış və ya forma 1-in verilməsi öhdəliyinin qoyulmasına dair qərarın qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində kabineti vasitəsi ilə xx.xx.2025-ci il tarixdə ərizə ünvanlayaraq, iddia ərizəsini baxılmadan geri qaytarılması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(114)-3882/2025 nömrəli qərardadı ilə (hakim N.Hüseynov) iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsinin geri qaytarılması barədə ərizəsi təmin edilməklə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “hüququn ölmüş şəxsə aid olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi geri qaytarılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı həmin qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(114)-3882/2025 nömrəli qərardadının ləğv olunması, iddia ərizəsinin icraata qəbul edilməsi və mahiyyəti üzrə baxılıb nəticə verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin imtina məktubu ilə bağlı məhkəməyə müraciət edərkən ona hüquqi yardım göstərilməsi üçün Vəkil2 ilə müqavilə bağlamışdır. Onun göstərdiyi hüquqi yardımdan narazı qaldığı üçün, onunla bağlamış olduğu müqaviləni pozub, başqa bir vəkillə müqavilə bağlamışdır. Vəkil2 adına verdiyi etibarnaməni ləğv elətdirmişdir. Vəkil2 isə onun xəbəri olmadan məhkəməyə iddia tələbinin geri qaytarılması barədə ərizə göndərmişdir. O, iddia tələbinə mahiyyəti üzrə baxılıb nəticə verilməsini istəyir. Bu səbəbdən də sözügedən qərardadın ləğv olunmasını və iddia tələbinə mahiyyəti üzrə baxılıb nəticə verilməsini istəyir. Çünki keçmiş vəkilinin onun adından etmiş olduğu hərəkət onun iradəsinin əksinədir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(114)- 3882/2025 nömrəli qərardadının ləğv olunmasını xahiş etdi. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 3-cü hissəsinə görə, vəkillər hüquqi yardımın göstərilməsi ilə bağlı aşağıdakı məsələlərdə iştirak edirlər: dövlət və qeyri-dövlət orqanlarında və təşkilatlarda, o cümlədən xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının (qurumlarının) nümayəndəliyinin həyata keçirilməsində; hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışlar verilməsində; ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsində; fiziki və hüquqi şəxslərə, habelə dövlət orqanlarına (qurumlarına) lazımi hüquqi yardım göstərilməsində, onların fəaliyyətinin hüquqi təminatının həyata keçirilməsində; digər növ hüquqi yardım göstərilməsində. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:- 362.1-ci maddəsinə görə, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 363.1-ci maddəsinə görə, bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. 365.1-ci maddəsinə görə, etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 365.1.3. etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi. 366.1-ci maddəsinə görə, etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur... 366.2-ci maddəsinə görə, etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. 366.3-cü maddəsinə görə, etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:- 74.1-ci maddəsinə görə, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2-ci maddəsinə görə, iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 75.1-ci maddəsinə görə, işdə iştirak edən şəxs istənilən vaxt etibarnaməni ləğv edə bilər; müvəkkil edilmiş istənilən vaxt etibarnamədən imtina etməklə etibarnaməyə xitam verə bilər. Həmçinin, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- 31.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatında inzibati məhkəmə icraatı iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. 31.2-ci maddəsinə görə, prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. İşin faktiki hallarına görə, iddiaçı birinci instansiya məhkəməsinə müraciət etməmişdən öncə, yəni xx.xx.2025-ci il tarixdə ona hüquqi yardım göstərilməsi məqsədilə Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil2 ilə müqavilə bağlamış və həmin müqavilə əsasında hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə müvafiq səlahiyyətlərin verilməsini təsdiq edən order tərtib edilmişdir. Həmçinin, xx.xx.2025-ci il tarixdə Şəmkir rayon 1 saylı notariat ofisində Vəkil2 reyestrdə 7E-2871 nömrə ilə qeyd olunmuş etibarnamə verərək, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci və 3-cü hissələrinə, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74-cü və İnzibati Prosessual Məcəlləsinin 31-ci maddələrinə uyğun olaraq müvafiq səlahiyyətləri ona həvalə etmişdir. Həmin etibarnamənin qüvvədə olma müddəti isə 5 il (xx.xx.2030-cu il tarixədək) müəyyən edilmişdir. Bundan sonra, xx.xx.2025-ci il tarixdə iddiaçının vəkili Vəkil2 müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı gedişində, Nümayəndə xx.xx.2025-ci il tarixdə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində kabineti vasitəsi ilə məhkəməyə vəkil ərizəsi ünvanlayaraq, həmin məhkəmə işinə vəkil və nümayəndə kimi əlavə edilməsini xahiş etmiş, həmin ərizəyə vəkil orderini və iddiaçı tərəfindən ona verilmiş etibarnaməni əlavə etmişdir. Daha sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində kabineti vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin baxılmadan geri qaytarılması barədə qərardadın qəbul edilməsini xahiş etmiş və həmin ərizə əsasında məhkəmənin xx.xx.2025-ci il tarixli müvafiq qərardadına əsasən ərizə təmin edilməklə, iddia ərizəsi geri qaytarılaraq iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********049 nömrəli ərizədən görünür ki, İddiaçı Şəmkir rayon 1 saylı notariat ofisinə müraciət edərək, xx.xx.2025-ci il tarixdə həmin notariat ofisində Vəkil2 verdiyi 7E-2871 reyestr nömrəli etibarnamənin qüvvəsinə xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərində iddiaçı keçmiş vəkilinin onun adından etmiş olduğu hərəkətin onun iradəsinin əksinə olduğunu və iddia tələbinə mahiyyəti üzrə baxılıb nəticə verilməsini istədiyini bildirmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan normaları işin faktiki hallarına tətbiq edərək hesab edir ki, hazırki halda Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 1(114)-3882/2025 nömrəli qərardadının ləğvi üçün əsas mövcud deyildir. Belə ki, prosessual qanunvericiliyin tələblərinə görə, məhkəmə icraatı iştirakçılarının məhkəmədə vəkillə təmsil olunmaq hüququ vardır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə isə, vəkillər hüquqi yardımın göstərilməsi ilə bağlı şəxslərin nümayəndəliyinin həyata keçirilməsində də iştirak edirlər. Nümayəndəlik institutu hüququn bir institutu olub, ümumi anlamda bir şəxsin digər şəxsin adından, onun maraqları naminə, onun tapşırığı ilə həmin şəxsə qanunla verilən səlahiyyətlər çərçivəsində prosessual hərəkətləri icra etdiyi, eyni zamanda təmsil olunan şəxsə münasibətdə müəyyən hüquq və vəzifələr yaradan hüquq münasibətidir. Bu mənada qeyd edilməlidir ki, müvafiq səlahiyyət verilən nümayəndə (vəkil) tərəfindən məhkəmədə hər hansı prosessual hərəkətin edilməsi (iddiadan imtina edilməsi və.s) onun etibar edənin iradəsi daxilində edilməsi qənaətini formalaşdırır. Ona görə ki, əgər şəxs müvafiq səlahiyyətləri kiməsə etibar edirsə, deməli həmin səlahiyyətlərin etibar edilən tərəfindən icra edilməsi əslində etibar edənin iradə ifadəsini ortaya qoymuş olur. Məhkəmə kollegiyası hazırki işə münasibətə də eyni yanaşmanı tətbiq edərək qeyd edir ki, iddiaçı tərəfindən keçmiş vəkilinə verilən etibarnamədə ona iddia tələblərindən tam və ya qismən imtina edilməsi və digər prosessual səlahiyyətlər verilmişdir və sonuncu tərəfindən həmin səlahiyyət daxilində müvafiq prosessual hərəkətin edilməsi və bunun hüquqi nəticəsi olaraq iş üzrə icraata xitam verilməsi qanunazidd hesab edilməməlidir. Ona görə ki, vəkil tərəfindən müvafiq ərizə birinci instansiya məhkəməsinə verilərkən onun etibarnaməsi qüvvədə olmaqla nümayəndə kimi müvafiq səlahiyyətlərə malik olmuş və birinci instansiya məhkəməsi də haqlı olaraq vəkil tərəfindən verilən ərizəni iddiaçının iradə ifadəsinin nəticəsi kimi qəbul edərək hazırda mübahisələndirilən qərardadı qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni əsaslı sayır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət etməsinə maneə yaratmır. Mübahisələndirilən məhkəmə qərardadının nəticə hissəsində də iddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Odur ki, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(114)-3882/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar