Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-613/2024 05.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-289/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.2014-cü il tarixdən müddətsiz olaraq İİ dərəcə əlilliyi müəyyən edilməsinə baxmayaraq, xx.xx.2014-cü il tarixdən İ dərəcə əlilliyə görə sosial müavinət təyin edilərək ödənişi xx.xx.2020-ci il tarixədək davam etdirilmişdir. Həmçinin xx.xx.2021-ci il tarixli müayinə zamanı iddiaçının tam reabilitasiya olması səbəbindən əlilliyin təyin edilməsindən imtina olunsa da, cavabdeh tərəfindən ona xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sosial müavinət üzrə artıq ödəmə müəyyən edilmişdir. Ümumilikdə iddiaçıya 6525,94 manat artıq ödəmə müəyyən olunmuşdur. Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********2 nömrəli qərarı ilə iddiaçıya artıq ödənilmiş məbləğin ondan tutulması qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqan tərəfindən ondan tələb edilən 6525,94 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-289/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı borcun silinməsinə dair Gəncə İnzibati Məhkəməsində iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.2021-ci il tarixli, **********2 nömrəli, xx.xx.2022-ci il tarixli, 20218/**********0 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-17-1/1-İ-101606/2023 nömrəli qərarlarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdə ona İ dərəcə əlilliyə görə sosial müavinət və Prezident təqaüdü təyin olunmuş, lakin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sonuncu müayinəsinə əsasən ona təyin olunmuş əlillik etibarsız hesab edilmişdir. Buna görə də, ona ödənilən ödənişlər xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Bundan sonra Dövlət Sosial Müdafiə X7 Şəxsin 18 saylı Regional Ərazi filialı tərəfindən **********2 nömrəli xx.xx.2021-ci il tarixli qərar qəbul edilərək ona ödənilmiş 6525,94 manat vəsaitin geri qaytarılması qərara alınmışdır. Əlillik dərəcəsinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilərkən onun hüquqları pozulmuş və ədalətsiz qərar qəbul edilmişdir. Həmçinin ödənilən vəsaitin geri qaytarılması barədə qərar da qanunsuz və əsassızdır. Hətta hesab etsək ki, ona ödənilən vəsaiti geri qaytarılmalıdır, yenə də sözügedən qərar qanunsuzdur. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 39.1-ci maddəsinə əsasən Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Lakin sözügedən qərara əsasən mənə təxminən 5 il 6 ay ərzində ödənilən bütün ödənişlərin geri alınması nəzərdə tutulmuşdur. O, bununlıa bağlı müraviət ünvanlasa da, cavabdeh orqan borcu silməkdən imtina etmişdir. O, hesab edir ki, həmin borc məhkəmə qaydasında silinməlidir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3-17-1/2-132118/2024 nömrəli etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək İ dərəcə əlilliyə görə müavinət və təqaüd ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sonuncu müayinəyə dair məlumatına əsasən İddiaçı əlilliyi etibarsız hesab edilmiş və nəticədə 6525,94 manat məbləğində artıq alınmış vəsait yaranmışdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0 1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Beləliklə, Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filalı X2 17.06 2014-cü il tarıxdən xx.xx.2020-ci il tarixədək artıq ödənilmiş 6525,94 manat vəsaitin bərpasının icraya yönəldilməsi barədə xx.xx.2021- ci il tarixli **********2 nömrəli qərar qəbul etmişdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Azərbaycan Respublikasının Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra — Nazirlik) tabeliyində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə X7 şəxs yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı üzrə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 2.1.4-cü bəndinə əsasən, əhalinin əmək pensiyaları sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin ediməsi üçün tədbirlər görmək Fondun fəaliyyət istiqamətlərinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.26-ci bəndinə əsasən, Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında", “İnzibatı icraat haqqında” və ”İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabınetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanunauyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Fondun Nizamnaməsinin 4.2-ci bəndinə əsasən, Fondun idarəetmə orqanı İdarə Heyətidir. Həmin Nizamnamənin 4.5.7-ci bəndinə əsasən, Fondun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, həmçinin təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq etmək İdarə Heyətinin vəzifələrinə aid edilmişdir. X6 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının əsasnaməsi təsdiq olunmuşdur. Həmin əsasnamənin 3.1.3-ci bəndinə əsasən sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması və bir növdən digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin əsalılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. Qeyd olunanlardan göründüyü kimi Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı inzibati akt qəbul etmək səlahiyyətinə malikdir və inzıbati orqan hesab olunduğundan İnzibati icraat haqqında Qanunun 3.1-ci maddəsinə əsasən həmin qanun filialın fəaliyyətinə şamil olunur. Beləliklə, Filial əsasnaməsinin 3.1.3-ci bəndinə əsasən tədbirlər görərkən İnzibati icraat haqqında Qanuna əsaslanmaqla inzibati akt qəbul etməkdə haqlıdır. Sosial ödənişlənn təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və digər normativ hüquqi aktlarında qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol veniməsi belə hüquqi tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxarır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-289/2024 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********2 nömrəli, xx.xx.2022-ci il tarixli, 20218/**********0 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-17-1/1-İ- 101606/2023 nömrəli qərarlarının ləğv edilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə ki, hazırda mübahisələndirilən qərarın qəbul edilməsi ilə bağlı toplanmış sənədlərdən müəyyən olunur ki, inzibati orqan tərəfindən artıq ödənilmiş pul vəsaitinin tutulması barədə iddiaçının razılığının olub – olmaması aydınlaşdırılmamış və birbaşa qərar qəbul etmək səlahiyyəti olmadan hazırkı qərarlar qəbul edilmişdir. Ümumiyyətlə, inzibati orqan tərəfindən belə bir qərarın qəbul ediləcəyi barədə iddiaçıya məlumat verilməmiş, yalnız mübahisələndirilən qərar qəbul edildikdən sonra artıq ödənilmiş əmək pensiyasının tutulması barədə məlumat verilmişdir. Hazırkı mübahisə üzrə artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması barədə əmək pensiyaçısının razılığı olmadığından, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq xx.xx.2021-ci il tarixli, **********2 nömrəli, xx.xx.2022-ci il tarixli, 20218/**********0 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-17-1/1-İ101606/2023 nömrəli qərarlar qəbul edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın iddiaçı barədə çıxarmış olduğu xx.xx.2021-ci il tarixli **********2 nömrəli, xx.xx.2022-ci il tarixli 20218/**********0 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/1-l-101606/2023 nömrəli qərarları düzgündür. Belə ki, İddiaçı hüququ olmadığı halda xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək İ qrup əlilliyə görə müavinət və təqaüd ödənilmişdir. Məhkəmə qeyd edir ki, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Lakin məlumat verməmişdir. İnzibati İcraat Haqqında Qanunun inzibati aktın qəbul olunması haqqında məlumat verilməsi qaydasını tənzimləyən 62-ci maddəsi inzibati icraatda vətəndaşın iştirakını təmin etməklə vətəndaşa inzibati orqanın fərqli qərar qəbul edilməsinə səbəb ola biləcək əlavə sübutları təqdim etmək, bununla da inzibati orqanın nəticəsinə təsir göstərmək imkanını (məsələn güzəştli pensiya təyinatı ilə bağlı əlavə olaraq iş yerindən güzəştli arayışın, arxiv arayışının və s. təqdim edilməsi), inzibati orqanın isə icraat qaydalarını gözləmədən vətəndaş barəsində əlverişsiz inzibati akt qəbul etməkdə suiistifadəsinə yol verilməməsi məqsədini daşıyır. Bu baxımdan hazırkı halda maddi hüquq normaları, xüsusən də düzgün hüquq normasının seçilməsi və tətbiqi cəhətdən əlilliyə görə müavinət və təqaüd təyinatı düzgün aparılmadığından, vətəndaşın isə inzibati orqanın artıq ödəmənin müəyyən olunması barədə mübahisələndirilən qərarı formal tələblərin (prosessual) əsasların gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Bu halda hüquqtətbiqetmə prosesi birbaşa inzibati orqana aid olduğu üçün vətəndaşın hüquqtətbiqetməni dəyişdirmə və ya hər hansı mənada təsir etmə imkanı olmadığından inzibati icraatın nəticəsində fərqli qərar qəbul edilməsinə nail olma əsası da mövcud deyildir. Həmçinin, Məhkəmə hazırkı mübahisə üzrə artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması barədə əmək pensiyaçısının razılığı olmadığından, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq xx.xx.2021-ci il tarixli **********2 nömrəli, xx.xx.2022-ci il tarixli 20218/**********0 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/1l- 101606/2023 nömrəli qərarlar qəbul edildiyini qeyd edir. Lakin, Məhkəmə inzibati orqanın xx.xx.2022-ci il tarixli 20218/**********0 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/1l-101606/2023 nömrəli qərarlarında artıq ödənilmiş əmək pensiyasının tutulması barədə heç bir göstəriş olmadığını diqqətdən qaçıraraq, hər üç qərarın eyni əsasla ləğv edilməli olması qənaətinə gəlməklə yalnışlığa yol vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(104)-613/2024 qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(114)-289/2024 nömrəli qərarı qismən - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, 20218/**********0 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-17-1/1-İ-101606/2023 nömrəli qərarlarının ləğv edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasıda iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollrgiyasın AR İPM-nin 62.3. maddəsinə əsasən işə onun iştiralı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Qanun Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən müddətsiz olaraq İİ dərəcə əlilliyi müəyyən edilməsinə baxmayaraq, xx.xx.2014-cü il tarixdən İ dərəcə əlilliyə görə sosial müavinət təyin edilərək ödənişi xx.xx.2020-ci il tarixədək davam etdirilmişdir. Həmçinin xx.xx.2021-ci il tarixli müayinə zamanı iddiaçının tam reabilitasiya olması səbəbindən əlilliyin təyin edilməsindən imtina olunsa da, cavabdeh tərəfindən ona xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sosial müavinət üzrə artıq ödəmə müəyyən edilmişdir. Ümumilikdə iddiaçıya 6525,94 manat artıq ödəmə müəyyən olunmuşdur. Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********2 nömrəli qərarı ilə iddiaçıya artıq ödənilmiş məbləğin ondan tutulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən isə işə baxılıb yekun qərar qəbul edilərkən cavadbeh inzibati orqan tərəfindən qəbul edilmiş 3 qərar ləğv edilmişdir. Lakin məhkəmə bu zaman nəzərə almamışdır ki, xx.xx.2023-cü il tarixli, 3-17-1/1-İ-101606/2023 nömrəli və xx.xx.2022-ci il tarixli 20218/**********0 nömrəli qərarlarla iddiaçı ödənilmiş artıq ödənişin tutulması qərara alınmamışdır. Belə ki, Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli, 3-17-1/1-İ-101606/2023 nömrəli qərarından görünür ki, İddiaçı TSERAS-da olan 39HVVJF50002 nömrəli müayinə aktına əsasən İİ dərəcəli əlillik təyin edildiyi halda İ dərəcəli əlilliyə görə sosial müavinət ödənildiyi üçün xx.xx.2014-xx.xx.2020-ci il tarixli dövrdə fərq məbləği üzrə artıqvermə müəyyən edilmişdir. Eyni zamanda 411682 nömrəli TSEK müayinə aktından çıxarışa əsasən vətəndaşa xx.xx.2014-cü il tarixindən müddətsiz İ dərəcəli əlillik təyin edildiyi qeyd olunduğu üçün əlillik məlumatlarının dəqiqləşdirilməsi üçün müvafiq sorğu göndərilmişdir. TSEK tərəfindən xx.xx.2021-ci il tarixli39HVVJF50003 nömrəli müayinə aktına əsasən diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Tam reabilitasiya olunduqdan sonra elektron qaydada təyin edilərək ödənilən xx.xx.2021-xx.xx.2021-ci il tarixli dövr üzrə İİ dərəcəli əlilliyə görə müavinətin artıq ödənilmiş məbləği MMMF-nin **********1 nömrəli məktubuna əsasən Mərkəzi Filialın hesabına bərpa olunduğu müəyyən edilmişdir. Digər xx.xx.2022-ci il tarixli, 20218/**********0 nömrəli qərarla isə iddiaçıya xx.xx.2014-cü il tarixindən xx.xx.2020-ci il tarixinədək artıq ödənilmiş vəsait aşkar edilmişdir. xx.xx.2021-ci il tarixli, **********2 nömrəli qərara münasibətdə isə kollegiya qeyd edir ki, həmin qərar qəbul edilən zaman iddiaçıdan tutmanın aparılmasına dair onun razılığının alınması iş materialları ilə öz təsdiqini tapmır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən inzibati icraat düzgün aparılmamışdır. Qeyd olunmalıdır ki, iddiaçıya ödənilən vəsaitlər bu sahədə səlahiyyətli qurumun qərarına əsasən edilmişdir və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək ona müvafiq ödəniş edilmişdir. Başqa sözlə iddiaçıya pensiya təyinatı üzrə ödəniş bu sahədə səlahiyyətli olan qurumun onun üçün müəyyən etdiyi statusa görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir. Nəzərə almaq lazımdır ki, artıq ödənildiyi iddia edilən müavinət məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi qaydasında geri qaytarılması (pensiya ödənişinin dayandırılması ilə bağlı hallarda olduğu kimi) barədə məsələni həll edən zaman, cavabdeh həmin normanın müddəaları ilə yanaşı həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan qərarını, xüsusilə də şəxsə pensiya təyin olunması ilə bağlı ona münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da mütləq nəzərə almalı, şəxsin etimadı qanunla qorunmağa layiq olduğu hallarda onun etimadının müdafiəsini təmin etməlidir. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir (bununla bağlı ətraflı bax: Ali Məhkəmənin 2-1(102)-1507/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli, 2-1(102)-8/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qərarları). Məhkəmə kollegiyası vurğulayır ki, sosial müavinətin təyin olunması barədə inzibati akt ləğv olunmadan və ya dəyişdirilmədən, artıq ödənildiyi iddia edilən müavinət məbləğinin geri qaytarılmasını və bununla bağlı əmək pensiyasından tutulmalar etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu zamanı həm də nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən etimad hüququnun qorunması prinsipinin tələblərinə uyğun olaraq şəxsin əmlak vəziyyətinin qorunduğu hallarda yeni inzibati aktın geriyə qüvvəsi istisna edilməlidir. Belə ki, hüquqi dövlətdə publik idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini, hüquqi vəziyyəti qorumağın mümkün olmadığı hallarda isə ən azından əmlak vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Həmçinin nəzərə almaq lazımdır ki, müavinət və pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, həmin aktın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydada təzələmədən və təzələnmiş icraat çərçivəsində artıq ödənilmə ilə bağlı məsələ yuxarıda qeyd olunmuş qaydada həll edilmədən, bu barədə müvafiq qərar qəbul olunmadan müavinətin artıq ödənilməsinin iddia edilməsi, eləcə də artıq ödənildiyi iddia edilən həmin vəsaitin geri qaytarılmasının tələb edilməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini və etibarlılığını şübhə altına almış olur. İstinad olunan Qanunun 64.2-ci maddəsinə görə, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilərək iddia tələbi qismən təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-289/2024 saylı qərarı qismən - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, 20218/**********0 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-17-1/1-İ- 101606/2023 nömrəli qərarlarının ləğv edilməsi hissəsində ləğv edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-613/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-613/2024
05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver