Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-613/2025 25.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-5369/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavadbehlərin imtinasının qanunsuz sayılmaqla, qanunla müəyyən edilmiş müddətdə hüquqpozmanı aradan qaldırdığı üçün xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarla barəsində şərti tətbiq edilmiş 1500 (min beş yüz) manat inzibati cərimənin ləğv edilərək silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Əmək Müfəttişliyi Xidməti, X1 rəisi X4 06 yanvar 2025- ci il tarixli, MN №0023564 saylı qərarla onun vəzifəli şəxs kimi İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilib barəsində 1500 (min beş yüz) manat inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etmiş, ona görə ki, o, Goranboy rayonu Turab Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin direktoru vəzifəsini icra edən şəxs kimi xx.xx.2024-cü il tarixli, 053 nömrəli əmrlə məktəbin təsərrüfat müdiri X3 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin tələblərini pozmaqla xitam vermişdir. Həmin qərarla da iddiaçıya 30 gün vaxt verilərək bildirilmişdir ki, verilən 30 gün müddətində hüquq pozma aradan qaldırılarsa 1500 (min beş yüz) manat inzibati cərimə onun tərəfindən ödənilmir. İddiaçı qeyd edir ki, bu qərarın və izah məktubunun surəti ona 06 yanvar 2025-ci il tarixdə şəxsən verilmiş və o, bu qərarı və izah məktubunu aldıqdan 15 gün sonra, yəni 21 yanvar 2025-ci il tarixdə 09 saylı əmrlə hüquq pozmanı aradan qaldırmaqla X3 əmək müqaviləsinə xitam verilməsi barədə özünün xx.xx.2024-cü il tarixli, 053 saylı əmrini ləğv etməklə onun əvvəlki vəzifəsinə işə bərpa olunmasına dair əmr vermişdir. Hətta bu əmri X3 əmək kitabçasına işləməklə həm əmrin, həm də, X3 əmək kitabçasının surətini cavabdeh DƏMX-ın Gəncə- Daşkəsən regional şöbəsinə təqdim etməklə, ona şərti tətbiq edilmiş 1500 (min beş yüz) manat inzibati cərimənin ləğv edilərək silinməsini xahiş etmişdir. Ancaq DƏMX-ın Gəncə- Daşkəsən regional şöbəsi tərəfindən iddiaçı barəsində şərti tətbiq olunmuş bu 1500 (min beş yüz) manat cərimə hələ də silinməmiş və həmin cərimənin qanunsuz olaraq ödənilməsi ondan tələb olunur. İddiaçı bu barədə cavabdeh orqanın qərarının ləğv edilməsi və ona şərti tətbiq olunan cərimənin silinməsi barədə Gəncə Şəhər Məhkəməsinə şikayət etmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(125)-1112/2025 saylı qərardadı ilə məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçıya tətbiq edilən şərti inzibati cərimənin silinməsi Gəncə Şəhər Məhkəməsinin səlahiyyətinə aid olmadığından bununla bağlı o, müvafiq dövlət orqanına (DƏMX-ın Gəncə-Daşkəsən regional şöbəsinə) müraciət etməli, müraciət baxılmamış saxlanılarsa, şikayətçi olaraq o, bununla bağlı inzibati məhkəmədə cərimənin silinməsinin orqanın üzərinə öhdəlik qoyulması ilə bağlı iddia qaldırmalıdır. Gəncə Şəhər Məhkəməsinin qərardadından sonra, iddiaçı xx.xx.2025-ci il tarixdə qanunla müəyyən edilmiş müddətdə hüquq pozmanı aradan qaldırdığı üçün xx.xx.2025-ci il tarixli, MN №0025564 saylı qərarla barəsində şərti tətbiq edilmiş 1500 (min beş yüz) manat inzibati cərimənin ləğv edilərək silinməsini rəsmi ərizə ilə cavabdeh orqana müraciət edərək xahiş etmiş, lakin ona imtina cavabı verilmişdir. Cavabdehlər bu imtinanı belə əsaslandırmışlar ki, iddiaçı inzibati cərimənin şərti tətbiq edilməsi barədə xx.xx.2025ci il tarixli qərardan şikayət vermə müddətini ötürmüş və bu əsasla müraciət təmin edilmir. Halbuki, mən qərardan şikayət etməmiş, onun müraciəti yalnız qanunla müəyyən edilmiş müddətdə hüqüqpozmanı aradan qaldırdığı üçün barəsində şərti tətbiq edilən 1500 (min beş yüz) manat cərimənin silinməklə ödənilməməsi olmuşdur. O hesab edir ki, cavabdehlərin bu imtinası tam qanunsuz və əsassız olmaqla imtina üçün əsas deyildir. Belə ki, xx.xx.2025-ci il tarixli, MN №0023564 saylı qərarla iddiaçı barəsində 1500 (min beş yüz) manat inzibati cərimə şərti olaraq tətbiq edilmiş, həmin qərarla da ona bir ay vaxt verilmişdir ki, bir ay müddətində hüquqpozmanı aradan qaldırılsa cərimə ödənilməyəcəkdir. İddiaçı bildirir ki, o da cəmi 15 gün müddətində hüquqpozmanı aradan qaldırmış, belə olan halda da, İXM-nin 116.3-cü maddəsinə əsasən barəsində şərti tətbiq olunan 1500 (min beş yüz) manat cərimə ləğv edilib silinməklə, həmin cərimə ödənilmir və ondan ödənilməsi tələb oluna bilməz. Ancaq cavabdeh orqanlar bu şərti tətbiq edilmiş cəriməni silməmiş, ondan qanunsuz olaraq ödənilməsini tələb edirlər. Ona görə də, iddiaçı hesab edir ki, cavabdehlərin imtinası əsassız olduğundan onların üzərinə barəsində şərti tətbiq edilmiş 1500 (min beş yüz) manat cərimənin ləğv edilərək silinməsi vəzifəsi qoyulmalıdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-5369/2025 nömrəli qərardadı ilə (hakim N.Hüseynov) İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə qarşı “inzibati cəzanın ləğv edilərək silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-5369/2025 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Əmək Müfəttişliyi Xidmətinin X1 imtinasının qanunsuz sayılmaqla, qanunla müəyyən edilmiş müddətdə hüquqpozmanı aradan qaldırdığı üçün xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarla barəsində şərti tətbiq edilmiş 1500 (min beş yüz) manat inzibati cərimənin ləğv edilərək silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin qərardadı ilə “inzibati cəzanın ləğv edilərək silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin mümkün sayılmaması barədə qərar qəbul edilmişdir. Hesab edir ki, məhkəmənin qeyd edilən qərardadı əsassız olduğundan ləğv edilməli və iddia ərizəsi baxılmaq üçün icraata qəbul edilməlidir. Belə ki, məhkəmə qərardadı onunla əsaslandırmışdır ki, inzibati cərimələrin silinməsi və ya ləğv edilməsi ilə bağlı mübahisələrə aidiyyət qaydalarına əsasən ümumi rayon-şəhər məhkəmələri tərəfindən baxılmalıdır. Lakin bundan öncə eyni tələb üzrə Gəncə şəhər Məhkəməsinə müraciət etməsinə baxmayaraq Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(125)-1112/2025 saylı qərardadı ilə məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçıya tətbiq edilən şərti inzibati cərimənin silinməsi Gəncə Şəhər Məhkəməsinin səlahiyyətinə aid olmadığından bununla bağlı o, müvafiq dövlət orqanına (DƏMX-ın Gəncə-Daşkəsən regional şöbəsinə) müraciət etməli, müraciət baxılmamış saxlanılarsa, şikayətçi olaraq o, bununla bağlı inzibati məhkəmədə cərimənin silinməsinin orqanın üzərinə öhdəlik qoyulması ilə bağlı iddia qaldırmalıdır. Gəncə Şəhər Məhkəməsinin qərardadından sonra, xx.xx.2025-ci i tarixdə qanunla müəyyən edilmiş müddətdə hüquq pozmanı aradan qaldırdığı üçün xx.xx.2025-ci il tarixli, MN №0025564 saylı qərarla barəsində şərti tətbiq edilmiş 1500 (min beş yüz) manat inzibati cərimənin ləğv edilərək silinməsini rəsmi ərizə ilə cavabdeh orqana müraciət edərək xahiş etmiş, lakin ona imtina cavabı verilmişdir. Cavabdeh bu imtinanı belə əsaslandırmışlar ki, iddiaçı inzibati cərimənin şərti tətbiq edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan şikayət vermə müddətini ötürmüş və bu əsasla müraciət təmin edilmir. Halbuki, o, qərardan şikayət etməmiş, müraciəti yalnız qanunla müəyyən edilmiş müddətdə hüqüqpozmanı aradan qaldırdığı üçün barəsində şərti tətbiq edilən 1500 (min beş yüz) manat cərimənin silinməklə ödənilməməsi olmuşdur. Əlavə olaraq qeyd edir ki, xx.xx.2025-ci il tarixli, MN №0023564 saylı qərarla barəsində 1500 (min beş yüz) manat inzibati cərimə şərti olaraq tətbiq edilmiş, həmin qərarla da ona bir ay vaxt verilmişdir ki, bir ay müddətində hüquqpozmanı aradan qaldırılsa cərimə ödənilməyəcəkdir. O, cəmi 15 gün müddətində hüquqpozmanı aradan qaldırmış, belə olan halda da, İXM-nin 116.3-cü maddəsinə əsasən barəsində şərti tətbiq olunan 1500 (min beş yüz) manat cərimə ləğv edilib silinməlidir. Ancaq cavabdeh orqanlar bu şərti tətbiq edilmiş cəriməni silməmiş, ondən qanunsuz olaraq ödənilməsini tələb edirlər. Ona görə də, hesab edir ki, cavabdehlərin imtinası əsassız olduğundan onların üzərinə barəsində şərti tətbiq edilmiş 1500 (min beş yüz) manat cərimənin ləğv edilərək silinməsi vəzifəsi qoyulmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: -xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərara əsasən, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1500 (min beş yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(125)-1112/2025 nömrəli qərarına əsasən, İddiaçı şikayəti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1500 (min beş yüz) manat miqdarında cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti X1 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Azərbaycan Respublikasının qanunvericiliyi məhkəmə aidiyyətinin pozulmasına qadağa qoyur və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində deyilir ki, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilmişdir ki:
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.
4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 7.1. İnzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 7.2. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Beləliklə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun istinad olunan qərarında qeyd olunan tələblərin hazırki işin faktiki hallarına tətbiqi onu deməyə əsas verir ki, hazırki tələb inzibati məhkəmə predmetinin araşdırılması ola bilməz. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1500 (min beş yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. O, Azərbaycan Respublikası ƏƏSMN yanında X5 Xidməti X1 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində şərti tətbiq edilmiş 1500 manat inzibati cərimənin silinməsi ilə bağlı Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(125)-1112/2025 nömrəli qərarı ilə şikayəti təmin edilməmiş, yuxarıda qeyd edilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qeyd edilən məhkəmə aktı ilə razılaşmadıqda, onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş müddətlər daxilində apellyasiya qaydasında mübahisələndirə bilərdi. İş materialları ilə, həmçinin iddiaçının apellyasiya icraatı zamanı göstərdiklərdən bəlli olur ki, o, hazıradək bu prosessual hüququndan istifadə etməmişdir. Digər tərəfdən, tələbin cərimənin silinməsi ilə bağlı hissəsinə münasibətdə də məhkəmə kollegiyası hesab edir ki, inzibati xəta haqqında qanunvericiliyə uyğun şəkildə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarına əsasən İnzibati xətalar haqqında işlər üzrə icraat ümumi qaydada xüsusi mərhələlərlə aparılması, bu mərhələlərə 1) inzibati xətalar haqqında işlər üzrə icraata başlanılması; 2) inzibati araşdırma; 2) protokola (prokurorun qərarına) baxılması; 3) inzibati xətalar haqqında işlərə apellyasiya qaydasında baxılması; 4) qərarın icrası (inzibati tənbehin tətbiqinə dair icraat) aid edildiyi qeyd edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, inzibati xəta haqqında qəbul edilmiş qərarla bağlı bütün şikayət və müraciətlərə bir bütün halında “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 7.2-ci bəndi nəzərə alınmaqla ümumi məhkəmədə baxılmalıdır. Belə ki, şəxs barəsində tətbiq edilmiş cərimənin icrası, tətbiq edilmiş şərti cərimənin ləğvi və silinməsi imkanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hazırkı mübahisə inzibati hüquq münasibətləri ilə bağlı olmayan mübahisə olduğundan ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, inzibati məhkəmədə inzibati icraat qaydasında həyata keçirilən fəaliyyətdən irəli gələn, yəni inzibati mübahisələrə baxılır. Həmin mübahisələrin predmetini isə inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə publik hüquqi sahədən irəli gələn faktiki xarakterli hərəkətləri təşkil edir. Əks yanaşma məhkəmə aidiyyətinin pozulması ilə nəticələnə bilər. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 81, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qəraraaldı:
Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-5369/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.