Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-618/2025 11.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-107/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın ödənilməsi və xidməti vəzifələrin icrası zamanı xəsarət (yaralanma) alması ilə əlaqədar kompensasiya verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətə, Nazirliyin xx.xx.2022-ci il tarixli 15/159N nömrəli, xx.xx.2022-ci il tarixli 15/2429 nömrəli və xx.xx.2023-cü il tarixli 15/1818 nömrəli məktubları ilə cavab verilərək bildirilmişdir ki, onun hərbi əməliyyatlar zamanı tutduğu tibb məntəqəsinin rəisi - feldşer vəzifəsi Azərbaycan Respublikası müdafiə nazirinin 2020-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyekti əməkdaşları vəzifələrinin siyahısına daxil edilməmişdir. Əlavə olaraq, Vətən müharibəsi dövründə hansı fəaliyyətlər icra etməyi barədə N nömrəli hərbi hissəyə müvafiq sorğu verilmişdir. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 3392 nömrəli məktubuna əsasən, onun hərbi əməliyyatlar zamanı kəşfiyyat fəaliyyətini icra etmədiyi məlum olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alıb, Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş "Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları"na uyğun tələb etdiyi kompensasiyanın ödənilməsi mümkün deyil. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanının, siyasi partiyanın, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.
İşdə olan sənədlər:
2. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 279 nömrəli əmrinə əsasən, gizir İddiaçı xx.xx.2020-ci il tarixindən döyüş tapşırığının (N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 02 nömrəli döyüş əmri) icrası ilə əlaqədar olaraq ərazi çıxışına getmiş hesab edilmiş, hərbi hissənin qazan və ərzaq təminatından çıxarılmış, 10 (on) günlük quru, 55 (əlli beş) günlük isti ərzaq payı ilə təmin edilmişdir.
3. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 312 nömrəli əmrinə əsasən, gizir İddiaçı 2-ci xüsusi əməliyyat taborunun tibb məntəqəsinin rəisi-feldşer, müalicəyə, Fizuli rayon xəstəxanasına (Fizuli rayonu) xx.xx.2020-ci il tarixindən gəlmiş hesab edilmişdir.
4. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 336 nömrəli əmrinə əsasən, gizir İddiaçı 2-ci xüsusi əməliyyat taborunun tibb məntəqəsinin rəisi-feldşer, müalicədən, Silahlı Qüvvələrin Baş Kliniki hospitalından (Bakı şəhəri) xx.xx.2020-ci il tarixindən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir.
5. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2021-ci il tarixli 6757 nömrəli Çıxarış epikrizində qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xx.xx.2020-ci il tarixdə Xocavənd rayon ərazisində partlayış travması almışdır (Təsdiqedici sənəd: N saylı hərbi hissənin xx.xx.2020-ci il tarixli 2024 nömrəli Travma haqqında arayış).
6. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli 769 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən, İddiaçı qoyulmuş “Partlayış travması (xx.xx.2020), sol baldır nahiyəsinin çoxsaylı kor qəlpə yaralanmaları nəticəsində sol arxa qamış arteriya və venasının arteriorvenoz fistulasına görə aparılmış sol arxa qamış arteriyasının stent graft implastasiyası cərrahi əməliyyatından (xx.xx.2021) sonrakı vəziyyət, fokal AVF alıntısı, sol aşağı ətraf baldır və ayaq pəncəsinin qan dövranının və funksiyaların mülayim dərəcədə pozulması ilə. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı və asteno-nevrotik təzahürlər. Partlayış travması (xx.xx.2020), sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli ikincili təbil pərdəsi, sağtərəfli qarışı tip ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 5 (beş) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir.
7. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 67 nömrəli əmri ilə əmr edilmişdir ki, gizir İddiaçı, hərbi hissə komandirinin sərəncamında olan 2-ci xüsusi əməliyyat taborunun sabiq tibb məntəqəsinin rəisi-feldşer, Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 24 fevral 2022-ci il tarixli 023 gm nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "v" bəndinə (xəstəliyə görə) müvafiq olaraq ehtiyyata buraxıldığına görə, 2022-ci ilin növbəti məzuniyyəti 62 (altmış iki) gün verilməklə, 04 may 2022-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinə göndərilsin. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 04 nömrəli əmri ilə "1-ci" məharət dərəcəsi" verilmişdir. Gizir İddiaçı, 2022-ci il yanvar-mart ayındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatı tam həcmdə almağa layiqdir. Gizir İddiaçı ehtiyyata buraxılması ilə əlaqədar beş aylıq maaş miqdarında birdəfəlik pul müavinatı verilsin. Əsas: Müdafiə Nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 24 fevral 2022-ci il tarixli 23gm nömrəli əmrindən çıxarış (d/o-239).
8. N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 908 nömrəli arayışında qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu gizir İddiaçı 2020-ci ildə kəşfiyyat subyekti olduğuna görə müalicə və müayinə olunması üçün 2270,97 manat məbləğində birdəfəlik müavinət, məzuniyyət pulu ödənilmişdir.
9. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 1433 nömrəli və xx.xx.2024-cü il tarixli 18N nömrəli arayışlarında qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2020xx.xx.2020-ci il tarixlərində “Vətən müharibəsində” N nömrəli hərbi hissənin xüsusi əməliyyat taborunun tərkibində xüsusi tapşırıqlar (kəşfiyyat) yerinə yetirmiş və yaralanmışdır.
10. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 8/1568 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı hərbi əməliyyatlar zamanı tutduğu tibb məntəqəsinin rəisi-feldşer vəzifəsi Azərbaycan Respublikası Müdafiə nazirinin 2020-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyekti əməkdaşları vəzifələrinin siyahısına daxil edilməmişdir. Əlavə olaraq, Vətən müharibəsi dövründə N nömrəli hərbi hissəyə müvafiq sorğu verilmişdir. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 3392 nömrəli məktubuna əsasən, vətəndaş İddiaçı hərbi əməliyyatlar zamanı kəşfiyyat fəaliyyətini icra etmədiyi məlum olmuşdur. Həmin məktuba əlavə edilmiş: - N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 3392 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu ehtiyyatda olan gizir İddiaçı N nömrəli hərbi hissənin xüsusi əməliyyat taborunun tibb məntəqəsinin rəisi-feldşer vəzifəsində xidmətdə olarkən Vətən müharibəsi zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin xüsusi əməliyyat taborunda yaralanmış hərbi qulluqçulara tibbi yardımın göstərilməsi və tibb müəssisəsinə təxliyyə edilməsi fəaliyyətlərini icra edərək döyüş tapşırıqlarında iştirak etmişdir. Gizir İddiaçı Vətən müharibəsində əməliyyatlar zamanı kəşfiyyat (kəşfiyyat diversiya) fəaliyyətlərini icra etməmişdir.
11. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 837 nömrəli və xx.xx.2024-cü il tarixli 85N nömrəli arayışlarında qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu gizir İddiaçı 2020-ci ildə N nömrəli hərbi hissənin tərkibində Vətən müharibəsində iştirak etmişdir. 1-ci suala cavab olaraq bildirilir ki, ehtiyatda olan gizir İddiaçı Vətən müharibəsində N nömrəli hərbi hissənin xüsusi əməliyyat taborunun tərkibində xidmət etmiş və xüsusi tapşırıqların yerinə yetirməsində iştirak etmişdir. 2-ci suala cavab olaraq bildirilir ki, ehtiyatda olan gizir İddiaçı N nömrəli hərbi hissənin xüsusi əməliyyat taborunun tərkibində xidmət edərək vəzifəsi yaralılara ilkin tibbi yardımın göstərilməsi və yaralıların təxliyyə olunmasından ibarət idi. 3-cü suala cavab olaraq bildirilir ki, ehtiyatda olan gizir İddiaçı N nömrəli hərbi hissənin xüsusi əməliyyat taborunun kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanı olmamışdır. 4cü suala cavab olaraq bildirilir ki, ehtiyatda olan gizir İddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına verilən xidməti vəsiqə ilə təmin olunmamışdır. 5-ci suala cavab olaraq bildirilir ki, ehtiyatda olan gizir İddiaçı xidmət dövründə daşıdığı hərbi geyim formasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə mənsubiyyəti müəyyən edən fərqləndirmə nişanı olmamışdır.
12. N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli 262/45 nömrəli arayışında qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu gizir İddiaçı 2020-ci ildə N nömrəli hərbi hissənin tərkibində Vətən müharibəsində iştirak etmişdir. 1-ci suala cavab olaraq bildirilir ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına xüsusi xidməti vəsiqə verilməsi nəzərdə tutulmamışdır. 2-ci suala cavab olaraq bildirilir ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına mənsubiyyəti müəyyən edən fərqlənmə nişanı nəzərdə tutulmamışdır.
13. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli, 88/175 nömrəli məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxivində vətəndaş İddiaçı barəsində xx.xx.2022-ci il tarixli 769 nömrəli “Xəstəlik haqqında” şəhadətnamə (qərar) vardır və hal-hazırda qüvvədədir.
14. N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli, 260/50N nömrəli və N nömrəli hərbi hissənin xx.xx.2026-cı il tarixli məktublarında qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1433 nömrəli, xx.xx.2023-cü il tarixli 908 nömrəli, xx.xx.2024-cü il tarixli 18N nömrəli arayışlarda qeyd olunan məlumatlar əsassızdır. Belə ki, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir". 2015-ci ildən etibarən hər il üzrə verilmiş Azərbaycan Respublikası müdafiə nazirinin "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşları hesab olunan vəzifələrin siyahısının təsdiq edilməsi haqqında" əmrləri ilə N nömrəli hərbi hissə və tabeliyində olan hərbi hissələrdə müvafiq vəzifələrin siyahısı təsdiq edilmişdir. İddiaçı N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissədə xidmət etdiyi vəzifəsi (xüsusi əməliyyat taborunun tibb məntəqəsinin rəisi - feldşer) Azərbaycan Respublikası müdafiə nazirinin "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq kəşfiyyat fəaliyyəti subyektlərinin siyahısının təsdiq edilməsi haqqında" müvafiq əmrində qeyd olunmadığından kəşfiyyat subyektinin əməkdaşı hesab oluna bilməzdi. Həmçinin, İddiaçı 2020-ci ildə hərbi hissədə tutmuş olduğu vəzifəsi (xüsusi əməliyyat taborunun tibb məntəqəsinin rəisi - feldşer) Azərbaycan Respublikası müdafiə nazirinin eyni adlı xx.xx.2019-cu il tarixli 00159 nömrəli əmri ilə təsdiq olunmuş siyahıda göstərilmədiyindən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektinin əməkdaşı hesab olunmasa da belə ona 2020-ci il üçün iki qat pul təminatı həcmində məzuniyyət və müalicə pulu ödənilmişdir. Belə ki, Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin şəxsi heyətinin fəaliyyətləri, qələbənin əldə edilməsində göstərdikləri yüksək xidmətləri nəzərə alınaraq Müdafiə Nazirliyi tərəfindən tutduqları vəzifələrindən və icra etdikləri fəaliyyətlərdən asılı olmayaraq hərbi hissənin təminat bölmələri də daxil olmaqla əməliyyatlarda iştirak etmiş bütün şəxsi heyətinə, o cümlədən İddiaçı da kəşfiyyat subyekti əməkdaşlarına nəzərdə tutulan müavinət ödənilmişdir. Bununla yanaşı bildirilir ki, İddiaçı N nömrəli hərbi hissənin xüsusi əməliyyat taborunun tibb məntəqəsinin rəisi - feldşer vəzifəsində xidmət edərkən xx.xx.2020-ci il tarixdən başlayan və 44 gün davam edən Vətən müharibəsində iştirak etmiş, döyüş əməliyyatları zamanı öz vəzifəsindən irəli gələn işlərin icrası ilə məşğul olmuşdur. O, xüsusi əməliyyat taborunun tərkibində xüsusi tapşırıqlar (kəşfiyyat, pusqu, basqın) həyata keçirməyə cəlb edilməmiş və ona komandanlıq tərəfindən belə əmrlər verilməmişdir. Eyni zamanda ona vətən müharibəsi dövründə kəşfiyyat fəaliyyəti yerinə yetirən hansısa qrupun tərkibində düşmən dərinliklərinə (işğaldan azad olunmayan ərazilərdə düşmən arxasına) keçmə və həmin ərazilərdə xüsusi tapşırıqlar yerinə yetirmə barədə əmr verilməmişdir. Gizir İddiaçı xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu Tağaverd kəndi ərazisində N nömrəli hərbi hissənin tabeliyində olan 07N nömrəli hərbi hissənin xüsusi əməliyyat taborunun tərkibində döyüş əməliyyatları zamanı xüsusi əməliyyat taborunun tibb məntəqəsinin rəisi - feldşer olaraq xidməti vəzifəsini yerinə yetirən zaman düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində yaralanmışdır.
15. N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli, 262/357 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu gizir İddiaçı 2020-ci ildə Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin taborun tibb məntəqəsinin rəisi-feldşer vəzifəsində olmuş və Vətən müharibəsində iştirak etmiş digər vəzifəsindən asılı olmayaraq hərbi qulluqçular kimi, ona da silah təhkim olunmuşdur. N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu gizir İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Kəlbəcər, Cəbrayıl, Hadrut, Hocavənd və Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
16. N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli, 260/906 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissədə mövcud olan əməliyyat məlumatlarına istinadən 2-ci Qarabağ müharibəsi zamanı Xocavənd rayonun işğal altında olan Aşağı Tağaverd və Yuxarı Tağaverd kəndləri, onlara qonşu olan Zardaraşen kəndi xx.xx.2025-ci il tarixdə, digər qonşu kəndlər olan Mədətkənd, Moşxmaat və Çanaqçı kəndləri isə xx.xx.2025-ci il tarixdə düşməndən azad edilmişdir.
17. Ehtiyyatda olan gizir İddiaçı şəxsi işinin (SA №0014171) 12-ci bəndində qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından verilmiş xx.xx.2022-ci il tarixli 769 nömrəli arayışa əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı partlayış travması nəticəsində xəsarət almışdır. Həmin şəxsi işə əlavə edilmiş: - N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli, 2024 nömrəli travma haqqında arayışda qeyd edilmişdir ki, Gizir İddiaçı barəsində təyin edilmiş diaqnoz: “PT. Sol yuxarı və hər iki aşağı ətrafların kor qəlpə yaralanması. Qapalı kəllə beyin travması, beyin silkələnməsindən sonrakı astenonevrotik təzahürlər. Sağ təbil pərdəsinin perforasiyası. Yüngül dərəcəli posthemorragik anemiya”. Xocavənd rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən mövcud bədən xəsarəti almışdır.
Birinci instansiya məhkəməsində icraat:
18. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektinin əməkdaşı kimi xidməti vəzifələrin icrası zamanı xəsarət (yaralanma) alması ilə əlaqədar kompensasiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxx 1994-cü ildə Ağstafa rayonunda anadan olmuş, 2013-cü ildən müddətdən artıq hərbi xidmətə başlamış, Vətən müharibəsindən sonra, 2022-ci ilin may ayında yaralanmağı ilə İİİ əlillik dərəcəsi alaraq pensiyaya çıxmış, 2018-2019-cu illərdə xüsusi təyinatlı qüvvələrinin təməl kursununu bitirib, 2019-cu ilin may ayından 2022-ci ilin may ayına qədər xüsusi əməliyyat briqadasının xüsusi əməliyyat taborunda tibb məntəqə rəisi vəzifəsində xidmət etmiş, xüsusi kəşfiyyat və əks kəşfiyyat tapşırıqları yerinə yetirmişdir. O, 27 sentyabr 2020-ci ildən 10 noyabr 2020-ci ilə kimi baş vermiş "Vətən müharibəsində" N saylı Hərbi Hissənin xüsusi əməliyyat taborunun tərkibində xüsusi tapşırıqlar (kəşfiyyat fəaliyyəti) yerinə yetirmiş və yaralanmış, ona xəsarət (yaralanma, travma, kontuziya) almış kəşfiyyat fəaliyyətinin subyektinin əməkdaşı kimi kompensasiya verilməsi üçün Müdafiə Nazirliyinin N hərbi hissəsinə müraciət etmiş, sonuncunun 07 oktyabr 2022-ci il tarixli 15/2429 məktubu ilə ona kompensasiya verilməsindən imtina edilmiş və bildirilmişdir ki, onun hərbi əməliyyatlar zamanı tutduğu tibb məntəqəsinin rəisi-feldşer vəzifəsi Müdafiə Nazirliyinin 2020-ci il tarixli əmrinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşları vəzifələrinin siyahısına daxil edilməmişdir. Onun Vətən müharibəsi dövründə hansı fəaliyyət icra etməsi ilə bağlı N saylı hərbi hissəyə verilmiş sorğuya cavab olaraq 01 oktyabr 2022-ci il tarixli 3392 nömrəli məktubla onun kəşfiyyat fəaliyyəti icra etməməsi məlum olub. Daha sonra, o, Müdafiə Nazirliyinə müraciət etsə də, Müdafiə Nazirliyi də 10 iyul 2023-cü il tarixli məktubu ilə eyni əsasları gətirib ona kompensasiyanın ödənilməməli olduğunu qeyd etmişdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-24 nömrəli 23 noyabr 2004-cü il tarixli Qərarı ilə "Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə kompensasiya verilməsi Qaydaları" təsdiq edilmişdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri anlayışı da yuxarıda adını çəkdikləri qanunla müəyyən edilmişdir. Həmin qanunun 6.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında" 28 yanvar 2005-ci il tarixli 186 saylı Fərmanının 1.4.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləridir. Onun Vətən müharibəsi dövründə xidmət etdiyi N saylı hərbi hissənin xüsusi əməliyyat taboru kəşfiyyat fəaliyyətini həyata keçirən struktur olduğu üçün kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti idi. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsində kompensasiya almaq hüququ kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinin əməkdaşlarına şamil edildiyi üçün, o da kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyekti olan N saylı hərbi hissənin xüsusi əməliyyat taborunun əməkdaşı olduğu üçün belə kompensasiya almaq hüququ var idi. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsi kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektlərinin əməkdaşları arasında hər hansı fərqləndirməyə yol vermir və kompensasiya almaq hüququnu belə subyektlərin bütün əməkdaşlarına şamil edir. Əlavə olaraq N saylı hərbi hissədən verilən arayış onu da təsdiq edir ki, o, həmin hərbi hissənin xüsusi əməliyyat taborunun tərkibində xüsusi tapşırıqlar (kəşfiyyat fəaliyyəti) yerinə yetirilməsində iştirak etmiş, üstəlik bu tapşırığı yerinə yetirilməsi zamanı yaralanmışdır.
20. Cavabdeh orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş yazılı etiraz və etiraza əlavə onunla əsaslandırılmışdır ki, hazırki inzibati mübahisəni bilavasitə tənzimləyən maddi hüquq normalarının tələbi müvafiq sahəvi qanunvericilikdə aşağıdakı qaydada tənzim edilmişdir. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklərlə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli qərarı ilə qüvvəyə minmiş "Xidməti vəzifələrin icrası zamanı həlak olmuş, xəsarət almış, xəstəliklərlə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları"nın 2.2-ci maddəsi xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. İddiaçının hərbi əməliyyatlar zamanı tutduğu tibb məntəqəsinin rəisi-feldşer vəzifəsi Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən, kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşları vəzifələrinin siyahısına daxil edilməmişdir. Hazırki halda araşdırılmalı olan məsələ iddiaçının "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri baxımından belə fəaliyyət subyektinin əməkdaşı, eləcə də ona münasibətdə müvafiq kompensasiyanın ödənilməli olub- olmamasının müəyyən edilməsidir. Bu baxımdan, həmin Qanuna diqqət yetirilməlidir. Qanunun: 1.1-ci maddəsinə əsasən kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. 6.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 6.3-cü maddəsinə əsasən digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər. 14.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Qeyd olunan normaların qarşılıqlı təhlilindən müəyyən edilir ki, iddiaçıya 20.12-ci maddədə göstərilən kompensasiyanın ödənilməsi üçün iki şərt mövcud olmalıdır: 1) O, kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşı olmalıdır; 2) Xidməti vəzifələrin icrası zamanı xəsarət (yaralanma, travma, kontuziya) almalı və ya xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəyməlidir. N nömrəli hərbi hissənin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 260/50N nömrəli cavab məktubunda aşağıdakılar göstərilmişdir: N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1433 nömrəli, xx.xx.2023-cü il tarixli 908 nömrəli, xx.xx.2024-cü il tarixli 18N nömrəli arayışlarda qeyd olunan məlumatlar əsassızdır. Belə ki, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azerbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir". 2015-ci ildən etibarən hər il üzrə verilmiş Azərbaycan Respublikası müdafiə nazirinin "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşları hesab olunan vəzifələrin siyahısının təsdiq edilməsi haqqında" əmrləri ilə N nömrəli hərbi hissə və tabeliyində olan hərbi hissələrdə müvafiq vəzifələrin siyahısı təsdiq edilmişdir. İddiaçı N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissədə xidmət etdiyi vəzifəsi (xüsusi əməliyyat taborunun tibb məntəqəsinin rəisi-feldşer) Azərbaycan Respublikası müdafiə nazirinin "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq kəşfiyyat fəaliyyəti subyektlərinin siyahısının təsdiq edilməsi haqqında" müvafiq əmrində qeyd olunmadığından kəşfiyyat subyektinin əməkdaşı hesab oluna bilməzdi. Həmçinin bildirirəm ki, İddiaçı 2020-ci ildə hərbi hissədə tutmuş olduğu vəzifəsi (xüsusi əməliyyat taborunun tibb məntəqəsinin rəisi - feldşer) Azərbaycan Respublikası müdafiə nazirinin eyni adlı xx.xx.2019-cu il tarixli 00159 nömrəli əmri ilə təsdiq olunmuş siyahıda göstərilmədiyindən kəşfiyyat ve əks-kəşfiyyat fəaliyyətinin subyektinin əməkdaşı hesab olunmasa da belə ona 2020-ci il üçün iki qat pul təminatı həcmində məzuniyyət və müalicə pulu ödənilmişdir. Belə ki, Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin şəxsi heyətinin fəaliyyətləri, qələbənin əldə edilməsində göstərdikləri yüksək xidmətləri nəzərə alınaraq Müdafiə Nazirliyi tərəfindən tutduqları vəzifələrindən və icra etdikləri fəaliyyətlərdən asılı olmayaraq hərbi hissənin təminat bölmələri də daxil olmaqla əməliyyatlarda iştirak etmiş bütün şəxsi heyətinə, o cümləden İddiaçı da kəşfiyyat subyekti əməkdaşlarına nəzərdə tutulan müavinət ödənilmişdir. Bununla yanaşı bildirilir ki, İddiaçı N nömrəli hərbi hissənin xüsusi əməliyyat taborunun tibb məntəqəsinin rəisi - feldşer vəzifəsində xidmət edərkən xx.xx.2020-ci il tarixdən başlayan və 44 gün davam edən Vətən müharibəsində iştirak etmiş, döyüş əməliyyatları zamanı öz vəzifəsindən irəli gələn işlərin icrası ilə məşğul olmuşdur. O, xüsusi əməliyyat taborunun tərkibində xüsusi tapşırıqlar (kəşfiyyat, pusqu, basqın) həyata keçirməyə cəlb edilməmiş və ona komandanlıq tərəfindən belə əmrlər verilməmişdir. Eyni zamanda ona Vətən müharibəsi dövründə kəşfiyyat fəaliyyəti yerinə yetirən hansısa qrupun tərkibində düşmən dərinliklərinə (işğaldan azad olunmayan ərazilərdə düşmən arxasına) keçmə və həmin ərazilərdə xüsusi tapşırıqlar yerinə yetirmə barədə əmr verilməmişdir. Gizir İddiaçı xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu Tağaverd kəndi ərazisində N nömrəli hərbi hissənin tabeliyində olan 07N nömrəli hərbi hissənin xüsusi əməliyyat taborunun tərkibində döyüş əməliyyatları zamanı xüsusi əməliyyat taborunun tibb məntəqəsinin rəisi - feldşer olaraq xidməti vəzifəsini yerinə yetirən zaman düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində yaralanmışdır. Göründüyü kimi, iddiaçı "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun subyekti deyildir. Həmçinin, Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin şəxsi heyətinin fəaliyyətləri, qələbənin əldə edilməsində göstərdikləri yüksək xidmətləri nəzərə alınaraq Müdafiə Nazirliyi tərəfindən tutduqları vəzifələrindən və icra etdikləri fəaliyyətlərdən asılı olmayaraq hərbi hissənin təminat bölmələri də daxil olmaqla əməliyyatlarda iştirak etmiş bütün şəxsi heyətinə, o cümləden İddiaçı da kəşfiyyat subyekti əməkdaşlarına nəzərdə tutulan müavinət ödənilmişdir. Bu isə, həmin şəxslərin "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Qanunda nəzərdə tutulmuş subyektlər kimi qiymətləndirilməsinə və ya hesab edilməsinə özü-özlüyündə əsas vermir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)- 1674/2024 nömrəli qərarı) Beləliklə, iddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşı sırasına aid edilmədiyindən iddiaçıya münasibətdə birinci şərt ödənilməmişdir. İkinci şərtə münasibətdə isə bildirilir ki, iddiaçı xidməti vəzifələrin icrası zamanı xəsarət - travma alsa da, onun icra etdiyi həmin xidməti vəzifəsi məhz kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşının fəaliyyəti olmamışdır. Odur ki, iddiaçı, ümumiyyətlə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti olmadığından hazırki iddia sübuta yetirilmiş sayıla bilməz. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı iş üzrə isə iddiaçı ona xidməti vəzifələrin icrası zamanı xəsarət almış kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşı kimi kompensasiya verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur.
21. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-107/2025 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilmişdir.
22. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçı 44 günlük Vətən müharibəsi zamanı xx.xx.2020-ci ildə yaralanmışdır və yaralandığına görə «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 20.7-ci maddəsində qeyd edilən iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət almışdır və bu da özü özlüyündə iddiaçının kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşı olduğunu sübut edir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
23. Cavabdeh orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
24. Apellyasiya şikayətinin məzmunu cavabdeh tərəfindən təqdim edilmiş etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının işğaldan azad edilməsi uğrunda iştirak etdiyi ərazinin onun yaralandığı tarixdən sonra azad edilməsi həmin şəxsin fəaliyyətinin kəşfiyyat fəaliyyəti subyekti olmasını təsdiq etmir. İddiaçının hərbi hissədə xidmət etdiyi vəzifəsinin kəşfiyyat fəaliyyəti subyektinin fəaliyyəti olmasını təsdiq edən əmr və ya sərəncam mövcud deyildir. Bundan başqa, iddiaçı xidməti vəzifələrin icrası zamanı xəsarət – travma alsa da, onun icra etdiyi həmin xidməti vəzifəsi məhz kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşının fəaliyyəti olmamışdır.
b) apellyasiya icraatı iştirakçılarının izahatları.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) və əvvəlki iclasda iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlınılmasını xahiş etdilər.
26. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
27. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Kəşfiyyat fəaliyyəti – Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. 1.3. Əks-kəşfiyyat fəaliyyəti – Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri – Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 6.3. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər. 14.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. 14.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. 20.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. 20.6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət verilir. 20.12. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir.
28. “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydaları: 1.1. Bu Qaydalar xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə birdəfəlik kompensasiyanın verilməsi şərtlərini, həcmini və ödənilməsi qaydasını müəyyən edir. 2.2. Xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. 2.4. Kompensasiya ödənilməsi üçün xidməti vəzifələrin icrası zamanı xəsarət alma (həlak olma) aşağıdakı halları nəzərdə tutur: a) döyüş əməliyyatlarında iştirak zamanı; b) hərbi nizamnamə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifə borclarının yerinə yetirilməsi zamanı; c) döyüş növbəsinin (döyüş xidmətinin) aparılması zamanı; ç) verilmiş əmir və tapşırıqların yerinə yetirilməsi zamanı; d) xidmət yerində olan zaman; e) xidməti ezamiyyətdə olan zaman; ə) xidmət yerinə, müalicəyə gediş-gəliş zamanı; f) hərbi toplanışlar keçən zaman; g) müvafiq qanunvericiliklə müəyyən edilmiş hallar istisna olunmaqla əsir düşmüş və girov götürülmüş zaman; h) vətəndaş həyatını, sağlamlığını, vicdanını və ləyaqətini müdafiə edən zaman; x) hüquq mühafizə orqanlarına kömək edən zaman. 2.5. Kompensasiya ödənilməsi üçün xidməti vəzifələrinin icrası zamanı aşağıdakı hallarda alınan xəstəlik nəzərdə tutulur: a) döyüş şəraitində olan zaman; b) döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində olan dövrdə kəşfiyyat və əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən zaman; c) müvafiq qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla əsir düşmüş, girov götürülmüş zaman.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.
31. İşin halları ilə müəyyən olunur ki, iddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etsə də, sonuncu tərəfindən müraciətin müsbət həllindən imtina edilərək hərbi əməliyyatlar zamanı onun tutduğu tibb məntəqəsinin rəisi - feldşer vəzifəsinin Azərbaycan Respublikası Müdafiə nazirinin 2020-ci il tarixli müvafiq əmrinə əsasən kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyekti əməkdaşları vəzifələrinin siyahısına daxil edilməməsi, həmçinin onun hərbi əməliyyatlar zamanı kəşfiyyat fəaliyyətini icra etməməsi ilə əsaslandırılmışdır.
32. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın imtina dəlilləri razılaşmamış, tələb təmin edilmişdir.
33. Məhkəmə kollegiyası gəlinən hüquqi nəticə ilə razılaşmır və qeyd edir ki, hazırkı mübahisə ilə bağlı yaranmış münasibətlər “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydaları ilə tənzimlənir. Həmin qanunvericilik aktlarında nəzərdə tutulan dispozitiv şərtlər mövcud olduqda şəxsə kompensasiya ödənilməsi həyata keçirilir. Belə ki, Qaydaların 20.12-ci bəndinə əsasən xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektinə üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Kompensasiya ödənilməsi üçün xidməti vəzifələrin icrası zamanı xəsarət alma (həlak olma) halları, həmçinin kompensasiya ödənilməsi üçün xidməti vəzifələrinin icrası zamanı alınan xəstəlik halları dəqiq müəyyən edilmişdir.
34. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin tətbiqində hüquqi təminatlar sistemini müəyyən edir.
35. Həmin Qanunun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir.
36. Göründüyü kimi kompensasiya məbləğinin ödənilməsi üçün iki şərt – xidməti vəzifələrin icrası zamanı xəsarət (yaralanma, travma, kontuziya) alınmalı və ya xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəyməli, eyni zamanda şəxs, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına aid edilməlidir.
37. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 279 nömrəli əmrinə əsasən, gizir İddiaçı xx.xx.2020-ci il tarixindən döyüş tapşırığının (N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 02 nömrəli döyüş əmri) icrası ilə əlaqədar olaraq ərazi çıxışına getmiş hesab edilmiş, hərbi hissənin qazan və ərzaq təminatından çıxarılmış, 10 (on) günlük quru, 55 (əlli beş) günlük isti ərzaq payı ilə təmin edilmişdir.
38. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 312 nömrəli əmrinə əsasən, gizir İddiaçı 2-ci xüsusi əməliyyat taborunun tibb məntəqəsinin rəisi-feldşer, müalicəyə, Fizuli rayon xəstəxanasına (Fizuli rayonu) xx.xx.2020-ci il tarixindən gəlmiş hesab edilmişdir.
39. İddiaçı xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu Tağaverd kəndi ərazisində N nömrəli hərbi hissənin tabeliyində olan 07N nömrəli hərbi hissənin xüsusi əməliyyat taborunun tərkibində döyüş əməliyyatları zamanı xüsusi əməliyyat taborunun tibb məntəqəsinin rəisi - feldşer olaraq xidməti vəzifəsini yerinə yetirən zaman düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində yaralanmışdır.
40. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2021-ci il tarixli 6757 nömrəli Çıxarış epikrizində qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xx.xx.2020-ci il tarixdə Xocavənd rayon ərazisində partlayış travması almışdır (Təsdiqedici sənəd: N saylı hərbi hissənin xx.xx.2020-ci il tarixli 2024 nömrəli Travma haqqında arayış).
41. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli 769 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən, İddiaçı qoyulmuş “Partlayış travması (xx.xx.2020), sol baldır nahiyəsinin çoxsaylı kor qəlpə yaralanmaları nəticəsində sol arxa qamış arteriya və venasının arteriorvenoz fistulasına görə aparılmış sol arxa qamış arteriyasının stent graft implastasiyası cərrahi əməliyyatından (xx.xx.2021) sonrakı vəziyyət, fokal AVF alıntısı, sol aşağı ətraf baldır və ayaq pəncəsinin qan dövranının və funksiyaların mülayim dərəcədə pozulması ilə. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı və asteno-nevrotik təzahürlər. Partlayış travması (xx.xx.2020), sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli ikincili təbil pərdəsi, sağtərəfli qarışı tip ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 5 (beş) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir.
42. Göründüyü kimi işdə olan sənədlərlə iddiaçının xəsarət alması sübut olunsa da, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına aid edilməsi öz təsdiqini tapmır. Başqa sözlə, iş materiallarında olan iddiaçının hərbi xidmət dövrü ilə əlaqədar sənədlərdə sonuncunun xüsusi əməliyyat taborunun tərkibində xüsusi tapşırıqlar həyata keçirməyə cəlb edilməsi, kəşfiyyat fəaliyyəti yerinə yetirən hansısa qrupun tərkibində düşmən dərinliklərinə keçməsi halları müşahidə edilmir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 1433 nömrəli, xx.xx.2023-cü il tarixli 908 nömrəli və xx.xx.2024-cü il tarixli 18N nömrəli arayışlarında iddiaçının xüsusi əməliyyat taborunun tərkibində xüsusi tapşırıqlar (kəşfiyyat) yerinə yetirməsi və yaralanması, həmçinin kəşfiyyat subyekti olması qeyd edilsə də, N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli, 260/50N nömrəli və N nömrəli hərbi hissənin xx.xx.2026-cı il tarixli məktublarında həmin məlumatlar təkzib olunaraq qeyd edilmişdir ki, iddiaçının N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissədə xidmət etdiyi vəzifəsi (xüsusi əməliyyat taborunun tibb məntəqəsinin rəisi - feldşer) Azərbaycan Respublikası müdafiə nazirinin "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq kəşfiyyat fəaliyyəti subyektlərinin siyahısının təsdiq edilməsi haqqında" müvafiq əmrində qeyd olunmadığından kəşfiyyat subyektinin əməkdaşı hesab oluna bilməz.
44. Həmin məktubda iddiaçının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektinin əməkdaşı hesab olunmamasına baxmayaraq, ona iki qat pul təminatı həcmində məzuniyyət və müalicə pulu ödənilməsinin səbəblərinə də aydınlıq gətirilərək bildirilmişdir ki, Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin şəxsi heyətinin fəaliyyətləri, qələbənin əldə edilməsində göstərdikləri yüksək xidmətləri nəzərə alınaraq Müdafiə Nazirliyi tərəfindən tutduqları vəzifələrindən və icra etdikləri fəaliyyətlərdən asılı olmayaraq hərbi hissənin təminat bölmələri də daxil olmaqla əməliyyatlarda iştirak etmiş bütün şəxsi heyətinə, o cümlədən İddiaçı da kəşfiyyat subyekti əməkdaşlarına nəzərdə tutulan müavinət ödənilmişdir. Sonuncu N nömrəli hərbi hissənin xüsusi əməliyyat taborunun tibb məntəqəsinin rəisi - feldşer vəzifəsində xidmət edərkən xx.xx.2020-ci il tarixdən başlayan və 44 gün davam edən Vətən müharibəsində iştirak etmiş, döyüş əməliyyatları zamanı öz vəzifəsindən irəli gələn işlərin icrası ilə məşğul olmuşdur. O, xüsusi əməliyyat taborunun tərkibində xüsusi tapşırıqlar (kəşfiyyat, pusqu, basqın) həyata keçirməyə cəlb edilməmiş və ona komandanlıq tərəfindən belə əmrlər verilməmişdir. Eyni zamanda ona vətən müharibəsi dövründə kəşfiyyat fəaliyyəti yerinə yetirən hansısa qrupun tərkibində düşmən dərinliklərinə (işğaldan azad olunmayan ərazilərdə düşmən arxasına) keçmə və həmin ərazilərdə xüsusi tapşırıqlar yerinə yetirmə barədə əmr verilməmişdir. Gizir İddiaçı xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu Tağaverd kəndi ərazisində N nömrəli hərbi hissənin tabeliyində olan 07N nömrəli hərbi hissənin xüsusi əməliyyat taborunun tərkibində döyüş əməliyyatları zamanı xüsusi əməliyyat taborunun tibb məntəqəsinin rəisi - feldşer olaraq xidməti vəzifəsini yerinə yetirən zaman düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində yaralanmışdır.
45. Göründüyü kimi iddiaçıya ödənilən müavinət onun kəşfiyyat subyektinin əməkdaşı olması ilə əlaqəli olmamışdır. Belə ki, kəşfiyyat subyektinin əməkdaşlarına nəzərdə tutulan müavinətlərin ödənilməsi üçün ayrılan pul vəsaitinin ödənilməsi Vətən müharibəsindən sonra N nömrəli hərbi hissənin şəxsi heyətinin müharibədəki fəaliyyətləri, qələbənin əldə edilməsində göstərdikləri yüksək xidmətləri nəzərə alınaraq Müdafiə Nazirliyi tərəfindən tutduqları vəzifələrindən və icra etdikləri fəaliyyətlərindən asılı olmayaraq hərbi hissənin təminat bölmələri də daxil olmaqla əməliyyatlarda iştirak etmiş bütün şəxsi heyətə şamil edilmişdir. Bu isə, həmin şəxslərin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda nəzərdə tutulmuş subyektlər kimi qiymətləndirilməsinə və ya hesab edilməsinə özü-özlüyündə əsas vermir.
46. Birinci instansiya məhkəməsi iddiaçının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektilərinin vəzifələrini icra etməsini məhkəmə iclasında elan edilmiş tam məxfi qrifli əmrin 12-ci bəndinin 2-6-cı yarımbəndlərinə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, 1) Komandanlığın sərəncamına əsasən xüsusi təyinatlı qüvvələrin əlahiddə ümumqoşun ordunun və ordu korpuslarının motoatıcı, dağatıcı, mexanikləşdirilmiş briqadaları kəşfiyyat orqanlarının siyahıda göstərilməyən vəzifələrinə, həmçinin əlahiddə ümumqoşun ordu, ordu korpuslarının ehtiyatda olan motatıcı briqadalarının kəşfiyyat orqanları, birinci eşalon briqadaları müdafiə zolağında və ya düşmənin yerləşdiyi ərazilərdə kəşfiyyat, kəşfiyyat-diversiya fəaliyyətini icra etdikləri müddətdə; 2) Ulduz işarəsi ilə siyahıda göstərilən vəzifələrin heyətləri il ərzində düşmənin yerləşdiyi ərazilərdə və birinci eşolon briqadalarının müdafiə zolağında kəşfiyyat fəaliyyətini həyata keçirdiyi müddətdə əmrin hüquqi qüvvəsi tətbiq edilir. İddiaçıya münasibətdə cavabdeh orqanın istinad etdiyi əmrin qeyd hissəsi tətbiq edilməklə, onun 44 günlük müharibə dövründə hərbi hissənin müvafiq komandirlərinin kəşfiyyat xarakterli döyüş tapşırıqlarını yerinə yetirməsi, həmin fəaliyyət zamanı yaralanması və aldığı xəsarətin (yaralanmanın) xidmətini davam etdirməsinə yol verməməsi səbəbi ilə ehtiyata buraxılması nəzərə alınmalıdır.
47. Məhkəmə kollegiyası qeyd edir ki, əmrdə nəzərdə tutulan dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənilməsi iş üzrə müəyyən edilmir. Belə ki, iş materiallarında iddiaçının xüsusi təyinatlı qüvvələrin əlahiddə ümumqoşun ordunun və ordu korpuslarının motoatıcı, dağatıcı, mexanikləşdirilmiş briqadaları kəşfiyyat orqanlarının siyahıda göstərilməyən vəzifələrinə, həmçinin əlahiddə ümumqoşun ordu, ordu korpuslarının ehtiyatda olan motatıcı briqadalarının kəşfiyyat orqanları, birinci eşalon briqadaları müdafiə zolağında və ya düşmənin yerləşdiyi ərazilərdə kəşfiyyat, kəşfiyyat-diversiya fəaliyyətini icra etməsi və ya düşmənin yerləşdiyi ərazilərdə və birinci eşolon briqadalarının müdafiə zolağında kəşfiyyat fəaliyyətini həyata keçirməsini təsdiq edəcək sənədlər yoxdur. Halbuki, bu cür fəaliyyət əmrlərlə öz təsdiqini tapmalı, bundan sonra əmrin qeyd hissəsinə istinad edilməklə şəxsin kəşfiyyat subyekti olması qənaətinə gəlinməlidir.
48. Beləliklə, iddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına aid edilə bilməz. Odur ki, cavabdeh orqan öz mövqeyində haqlı olmuşdur.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-107/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov