Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(104)-619/2025 09.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1ə (üçüncü şəxslər Göygöl bələdiyyəsi və Əmlak Məsələləri Dövlət Xidməti) qarşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları: Xanlar rayon Xanlar bələdiyyəsinin ## ###### 2006-ci il tarixli, ** saylı qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 100 kv.m torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. İddiaçı həmin qərar əsasında satılmış torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin ##.##.2024-cü il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, aparılan araşdırma zamanı, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında qismən uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin Ərazi Idarəsinin elektron xəritə (AZCAD və TEKUIS) materiallarına və 2009-cu il yer quruluşu planına əsasən dövlət mülkiyyətinə aid (çoxmənzilli yaşayış evi” kimi) əraziyə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Gəncə Ərazi Idarəsinə qarşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək Göygöl (keçmiş Xanlar) bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı qərarı ilə ona satılan və hazırda Göygöl şəhəri, N.Mədətov küçəsində yerləşən 100 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl (keçmiş Xanlar) bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı ilə ona bələdiyyənin şəhər daxili 20-ci kvartal ərazisindəki yararsız torpaq sahəsindən 100 kv.m. ayrılaraq sahibkarlıq məqsədi ilə məşğul olmaq üçün satılmışdır. Həmin torpaq sahəsi Göygöl şəhəri, N.Mədətov küçəsində yerləşir və 18 ildir fasiləsiz olaraq onun sahiblik və istifadəsindədir. Torpaq sahəsi üzrə bütün sənədləri qanunidir. Torpaq sahəsinə 2012-ci ildə plan və ölçü sənədi də tərtib edilmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından ötrü cavabdeh inzibati orqana müraciət etmiş, lakin ərizəsinin icrasından imtina edilmişdir. Əsas kimi torpaq sahəsi koordinatlarında uyğunsuzluq olduğu və torpaq sahəsinin dövlət mülkiyyətinə aid əraziyə düşdüyü qeyd olunmuşdur. Hansı ki, torpaq sahəsi ona satılan zaman aidiyyəti orqanlar rəy vermişdir. Hazırda da, ona məxsus torpaq sahəsinin dörd bir tərəfində olan bütün torpaq sahələrinə çıxarış verilmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə dair verdiyi etiraz ərizəsində qeyd etmişdir ki, aparılan araşdırma zamanı faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında qismən uyğunsuzluq olduğu, belə ki, faktiki torpaq sahəsinin Ərazi Idarəsinin elektron xəritə (TEKUIS və AZCAD) materiallarına və 2009-cu il yerquruluşu planına əsasən dövlət mülkiyyətinə aid (çox mənzilli yaşayış evi kimi) əraziyə düşdüyü müəyyən edilmişdir. Ona görə də ərizənin icrası mümkün olmamışdır. Daha sonra etiraz Azərbaycan Respublikası Torpaq Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının qanunu ilə əsaslandırılmışdır. Üçüncü şəxslər iddia tələbinə dair məhkəməyə yazılı etiraz ünvanlamamışlar. Daha sonra iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Göygöl bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı qərarı ilə iddiaçıya satılan Göygöl şəhəri, N.Mədətov küçəsində yerləşən 100 kv.m. torpaq sahəsi üzərində faktiki istifadəyə uyğun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim F.Əliyev) iddianın təmin edilməsi, Göygöl (Xanlar) Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı ilə iddiaçı İddiaçı satılmış 100 kv.m. torpaq sahəsi (Göygöl şəhəri N.Mədətov küçəsi) üzrə onun mülkiyyət hüququnun faktiki istifadəyə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Gəncə Ərazi Idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədədir. Iddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Eyni zamanda iddiaçının naturada istifadə etdiyi faktik torpaq sahəsi hər hansı üçüncü şəxslərin torpaq sahələri ilə üst-üstə düşmür. Məhkəmə diqqətə çatdırır ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin ##.##.2006-cı il tarixli ** saylı rəyində torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla satılması nəzərdə tutulan şəhər daxili torpaq sahəsi olduğu qeyd edilmişdir. Vurğulamaq lazımdır ki, göstərilən rəy torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan tərəfindən verilmişdir. Belə ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 6.5-ci maddəsinin rəy verilən zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Yuxarıda da qeyd edildiyi kimi hazırki iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı rəy həmin dövr üçün səlahiyyətli orqan olan DT və XK-nin yerli qurumu Xanlar rayon şöbəsi tərəfindən verilmişdir. Işdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaq sahəsinin iddiaçıya satılması barədə iddiaçı ilə bələdiyyə arasında bağlanmış alqı-satqı aktı, aktın rayon torpaq şöbəsində qeydə alınması barədə məlumat, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, kənd daxili olmaqla satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi, habelə rayon torpaq şöbəsinin təsdiq etdiyi yer quruluşu planı mövcud olmuşdur. Odur ki, həmin ildə torpaq sahəsinin satılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinin dövlət mülkiyyəti olması barədə verilən mütəxəssis rəyi əsaslı hesab edilə bilməz. Bundan başqa fərmanda sadəcə olaraq torpaq sahə ilə bağlı rəy verən orqanların adı dəyişdirilmişdir. Həmin fərmanda, eləcə də başqa bir normativ hüquqi aktda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları tərəfindən verilmiş rəylərin etibarsızlığı və ləğv edilməli olması ilə bağlı müddəa mövcud deyildir. Odur ki, iddiaçının mübahisə edilən torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edilməsi üçün zəruri sənədlərə (torpaqların alqı-satqısına dair akt, mübahisəli torpaq sahəsinin yerləşdiyi yerə uyğun yerquruluşu haqqında plan, həmçinin torpaq sahəsinin satılmağa uyğunluğu barədə səlahiyyətli orqanın rəyi) malik olduğundan onun tələbi əsaslıdır. Doğrudur ki, iddiaçıya DT və XK –nin Göygöl rayon şöbəsi ****** nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədi hazırlamışdır. Lakin iddiaçının faktik sahibliyində olan torpaq sahəsinin koordinatları ilə plan və ölçü sənədinin koordintaları eynilik təşkil etmir. Iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərində elektron kadastr baza materiallarına istinadən daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən digər şəxslərin hüquqları qeydə alınmamışdır. Nə qədər ki, iddiaçı həmin ərazini sahə və konfiqurasiya üzrə istifadə edir, qonşu torpaq sahələri ilə naturada heç bir mübahisə yoxdur, hər bir kəs özünə məxsus torpaq sahəsindən mübahisəsiz istifadə edir bu zaman hüquqları faktiki istifadə üzrə qeydə alınmalıdır. DT və XK –nin Göygöl rayon şöbəsi tərəfindən ****** nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədindəki koordinatların iddiaçının fasiləsiz olaraq indiyə qədər istifadə etdiyi və heç kimin hüquqlarına toxunmayan torpaq sahəsinin koordinatları ilə qismən üstüstə düşməsi halı özlüyündə plan-ölçü sənədinin qüsurlu hazırlanmasına dəlalət edir. Yəni həmin sənəddə torpaq sahəsinin koordinatları faktiki istifadədən fərqli olaraq əks etdirilmişdir. Bu isə iddiaçının əleyhinə şərh oluna bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətində olması işin araşdırılmış dəlilləri və iş üzrə verilmiş mütəxəssis rəyi ilə sübut olunsa da, birinci instansiya məhkəməsi qanunsuz olaraq özünün formal mülahizəsi əsasında torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə mütəxəssis rəyini əsassız hesab etmişdir. Mülki Məcəllənin 155.4 və 203.4-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir. Göründüyü kimi, dövlət mülkiyyətində olan əmlak yalnız dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada xüsusi mülkiyyətə verilə bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəmə araşdırması zamanı “Göygöl (keçmiş Xanlar)” bələdiyyəsi tərəfindən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə ayrılması barədə hər hansı dövlət aktı və digər müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Torpaq Məcəlləsinin 46-cı maddəsinin üçüncü hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan faktın araşdırılması ilə bağlı hər hansı tədbir görülməmişdir. Hesab edir ki, hazırkı apellyasiya şikayətinin yuxarıda qeyd olunan dəlilləri ilə Göygöl (keçmiş Xanlar) bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı qərarının etibarsız olması sübut olunduğundan, qeyd olunan qərar əsasında iddiaçının hər hansı hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilməz. Belə olan halda, dövlət mülkiyyətində olan mübahisəli torpaq sahəsi çoxmənzilli yaşayış binasının sakinlərinin ümumi istifadəsinə aid ərazi olması qeyd olunan mötəbər hüquqmüəyyənedici sənədlər əsasında sübut olunduğu halda, birinci instansiya məhkəməsi Göygöl Bələdiyyəsinin həmin torpaq sahəsinə dair sərəncam vermək hüququnun hansı əsaslardan yaranmasını araşdırmamışdır. Torpaq Məcəlləsinin 65-ci maddəsinin ikinci hissəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qeyd olunan maddənin altıncı hissəsinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Qeyd olunan maddənin yeddinci hissəsinə əsasən torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Qanunvericilikdən göründüyü kimi, torpaq sahəsi üzərində hüquqların qeydiyyatı müvafiq torpaq ayırma sənədləri və ona əlavə edilmiş müvafiq sənədlər əsasında aparılır ki, məhkəmənin bu halda əsas vəzifəsi müvafiq orqan tərəfindən torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilən zaman qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasının araşdırılmasından ibarət olmalıdır. Faktiki vəziyyətdə qanunvericiliyə əsasən torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyət müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyəyə məxsus olduğu, məhkəmənin iddiaçının “faktiki göstərdiyi” torpaq sahəsinə dair hər hansı orqan tərəfindən qəbul edilmiş müvafiq torpaq ayrıma barədə qərar mövcud olmadığı halda, həmin sahə üzərinə iddiaçın mülkiyyət hüququnu tanınması barədə qəbul olunmuş qərar məhkəmənin öz səlahiyyətlərindən kənara çıxmaqla müvafiq icra hakimiyyəti orqanın səlahiyyətləri mənimsədiyindən qanunsuz sayılmalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının iddia etdiyi faktiki torpaq sahəsinin ərazi Idarəsinin elektron xəritə (TEKUIS və AZCAD) materiallarına və yerquruluşu planına əsasən dövlət mülkiyyətinə aid (çox mənzilli yaşayış evi kimi) əraziyə düşdüyü müəyyən edilmişdir. b) apellyasiya şikayətinin dəlilləri Cavabdeh cavabdeh1 * saylı Gəncə Ərazi Idarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının tam ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən bələdiyyənin mübahisə predmeti olan torpaq sahəsini ayırma səlahiyyətinin olub-olmaması araşdırılmamışdır. Belə ki, bələdiyyə mülkiyyətinə verilmiş torpaqların inventarlaşmasına dair yer quruluşu planında torpaq sahəsinin dövlət mülkiyyətində olduğu, yəni bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən onun dövlət mülkiyyətində olduğu faktı öz təsdiqini tapır. Qeyd olunan hallardan da belə məlum olur ki, bələdiyyə öz səlahiyyət həddini aşaraq öz mülkiyyətində olmayan və sərəncam vermək səlahiyyətinə malik olmadığı torpaq sahəsini bilavasitə satmışdır. Məhkəmə həmin imtina dəlilini əsaslı hesab etməməsini torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı rəyin həmin dövr üçün səlahiyyətli orqan olan DT və XK-nin yerli qurumu Xanlar rayon şöbəsi tərəfindən verilməsi ilə əsaslandırmışdır. Rəyin DT və XK tərəfindən verilməsi bələdiyyənin öz səlahiyyətində olmayan torpaq sahəsi ilə bağlı sərəncam verməsinə, eləcə də torpaq sahəsinin dövlət mülkiyyətində olması halına qiymət verilməməsinə əsas ola bilməz. Rəy verilərkən torpaq sahəsinin dövlət mülkiyyətində olması həmin rəyin hüquqi əsaslılığına da şübhə yaradır. Məhkəmə tərəfindən rəyin doğru olaraq verilib-verilməməsi araşdırılmamışdır. Digər imtina dəlili isə faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında qismən uyğunsuzluğun olmasıdır. Qeyd olunan imtina dəlili məhkəmə qərardadına əsasən tərtib edilmiş mütəxəssis rəyi ilə də öz təsdiqini tapır. Belə ki, İddiaçı Xanlar rayon bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı qərarı ilə satılmış 100 kv.m torpaq sahəsinin naturada təqdim olunan 100 kv.m torpaq sahəsi ilə 20.66 kv.m hissədə üst-üstə düşdüyü qeyd edilmişdir (ortofoto görüntüsündə öz əksini tapmışdır). Məhkəmə iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinin koordinatları ilə plan və ölçü sənədinin koordinatlarının eynilik təşkil etmədiyi dəlilini qəbul etsə də, həmin halın iddiaçının əleyhinə şərh oluna bilmədiyini qeyd etmişdir. Məhkəmənin mövqeyinə münasibətdə bildirilir ki, iddiaçının faktiki torpaq sahəsindən fasiləsiz olaraq uzun müddətli istifadə etməsi “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin qüsurlu işlənilməsi qənaətinə gəlməyə əsas verə bilməz. Belə ki, bələdiyyə tərəfindən ayrılan torpaq sahəsinin iddiaçının faktiki torpaq sahəsi olmasını sübut edəcək hər hansı bir texniki sənəd mövcud deyildir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının iddia etdiyi faktiki torpaq sahəsinin ərazi Idarəsinin elektron xəritə (TEKUIS və AZCAD) materiallarına və yer quruluşu planına əsasən dövlət mülkiyyətinə aid (çox mənzilli yaşayış evi kimi) əraziyə düşdüyü müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, mübahisə predmeti olan torpaq sahəsində yerləşən çoxmənzilli yaşayış binaları keçmiş sovet dönəmində inşa edilmişdir. Azərbaycan Respublikasında bələdiyyələr 2000-ci ildən fəaliyyətə başlamışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi çox mənzilli yaşayış evinin yerləşdiyi ərazinin hüdudları daxilində yerləşməklə bina sakinlərinin ümumi istifadəsindədir və həmin torpaq sahələrinin özəlləşdirilməsi qanunvericiliklə qadağandır. c) Apellyasiya şikayətlərinə etirazın dəlilləri Apellyasiya şikayətlərinə dair etiraz daxil olmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Gəncə Ərazi Idarəsinin hüquqi varisi kimi tanınmışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətlərinə etiraz edərək şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası AR IPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. ... 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. (## ###### 2008-ci il tarixədək olan redaksiya) “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: (əvvəlki redaksiya) ...
2. Müəyyən edilsin ki: ... 2.5. həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...
Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı Xanlar Bələdiyyəsinin 08 fevral 2006-cı il tarixli, ** saylı qərarı ilə ona ayrılmış 100 kv.m torpaq sahəsi üzərində üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və torpaq sahəsinə dair çıxarış verilməsindən ibarətdir. Cavabdeh iddiaçının buna dair müraciətindən imtina edərək hesab etmişdir ki, iddiaçıya sahibkarlıq məqsədi ilə satılmış torpaq sahəsinə dair sənəd üzrə koordinatlarla təqdim edilmiş faktiki torpaq sahəsinin koordinatları arasında qismən uyğunsuzluq olduğundan, həmçinin faktiki torpaq sahəsinin elektron xəritə materiallarına və 2009-cu il yerquruluşu planına əsasən dövlət mülkiyyətinə aid (“çoxmənzilli yaşayış evi” kimi) əraziyə düşdüyü müəyyən edildiyindən həmin torpaq sahəsi üzərində hüquqları qeydə alına bilməz. Məhkəmə kollegiyası iddian tələbinin təmin olunmasına dair birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iş materiallarında görünür ki, Xanlar bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, ** saylı qərarı ilə sahibkarlıq məqsədi ilə iddiaçıya 100 kv.m torpaq sahəsi ayrılarkən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin rəyi alınmış, rəydə qeyd edilmişdir ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 100 kv.m olmaqla Xanlar bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına şəhər daxili yararsız olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Bununla yanaşı iş materiallarında olan ## ###### 2006-cı il tarixdə akt tərtib edilərək qeyd edilmişdir ki, Xanlar bələdiyyəsinin şəhər daxili 20-ci kvartal ərazisindəki yararsız torpaq sahəsindən 100 kv.m ayrılıb İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin alqı-satqı yolu ilə satılması məqsədə uyğun hesab edilmişdir. Vurğulamaq lazımdır ki, bu rəy torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan tərəfindən verilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin rəy verilən zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Yuxarıda da qeyd edildiyi kimi hazırki iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı rəy həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu Xanlar rayon şöbəsi tərəfindən verilmişdir. Işdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaq sahəsinin iddiaçıya satılması barədə Torpaqların alqısatqısına dair ##.##.2006-cı il tarixli akt, aktın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinə ## ###### 2006-cı il tarixdə 607 nömrə ilə qeydə alınması barədə məlumat, torpaq sahəsinin bələdiyyənin alqı-satqı predmetinə aid olması, şəhər daxili olmaqla satılmasının məqsədəmüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi, habelə rayon torpaq şöbəsinin təsdiq etdiyi yer quruluşu planı mövcud olmuşdur. Belə ki, torpaq sahəsi iddiaçıya sahibkarlıq məqsədi üçün ayrıldığından “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinə görə Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin rəyinin alınması şərt idi. Həmin vaxt torpaq sahəsinin təyinatını və kateqoriyasını müəyyən etmək səlahiyyəti rayon torpaq şöbəsinə məxsus idi. Göründüyü kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən iddiaçıya satılmalı olan 100 kv.m torpaq sahəsinə dair müsbət rəy verilmişdir. Rəydə torpaq sahəsinin satılmasının qanunamüvafiq olduğu qeyd edilmişdir. Beləliklə işin mübahisə olunmayan hallarına görə iddiaçıya torpaq sahəsi ayrılarkən səlahiyyətli orqan kimi rayon torpaq şöbəsi rəy vermiş, bələdiyyə isə torpaq sahəsinin ayrılması barədə qərar qəbul etmişdir. Odur ki, 2006-cı ildə torpaq sahəsinin satılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə cavabdehin dəlili əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası əlavə olaraq bildirir ki, fərmanda sadəcə olaraq torpaq sahəsi ilə bağlı rəy verən orqanların adı dəyişdirilmişdir. Həmin fərmanda, eləcə də başqa bir normativ hüquqi aktda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları tərəfindən verilmiş rəylərin etibarsızlığı və ləğv edilməli olması ilə bağlı müddəa mövcud deyildir. Odur ki, iddiaçı mübahisə edilən torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edilməsi üçün zəruri sənədlərə (torpaqların alqı-satqısına dair akt, mübahisəli torpaq sahəsinin yerləşdiyi yerə uyğun yerquruluşu haqqında plan, həmçinin torpaq sahəsinin satılmağa uyğunluğu barədə səlahiyyətli orqanın rəyi) malik olduğundan onun tələbi əsaslıdır. Bundan başqa cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, bələdiyyənin mübahisə predmeti olan torpaq sahəsini ayırma səlahiyyətinin olubolmaması araşdırılmamışdır. Belə ki, bələdiyyə öz səlahiyyət həddini aşaraq öz mülkiyyətində olmayan və sərəncam vermək səlahiyyətinə malik olmadığı torpaq sahəsini bilavasitə satmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh həmin dəlilə əsaslanmaqda ümumiyyətlə haqlı sayıla bilməz, Belə ki, bununla bağlı cavabdeh orqan qanunverici tərəfindən hər hansı nəzarət səlahiyyəti ilə təchiz olunmamışdır və bu mənada torpağın ayrılmasına məsul olan inzibati orqanların fəaliyyət sahəsinə müdaxilə edə bilməz. Digər tərəfdən, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Qeyd olunmalıdır ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə Xalnar Bələdiyyəsinin müvafiq qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Inzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Hazırkı mübahisəyə münasibətdə həm də nəzərə almaq lazımdır ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır. Iddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etməyə başlamışdır və istifadə etməkdə davam edir. Bu müddət ərzində iddiaçının həmin qərarın məzmununa, onun qanunauyğunluğuna və dəyişməzliyinə müəyyən inamı, etimadı yaranmışdır. Yəni, iddiaçının məhz 100 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair müəyyən gözləntiləri yaranmışdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir və şəxsin bu haqqı qanunla qorunur. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından mübahisəli sahənin yerləşdiyi ərazidə qonşu torpaq sahəsi sahibinin hüquqlarının qeydə alındığı və ona bu barədə müvafiq çıxarışın verildiyi halda, onunla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunduğu görünür. Belə ki, Xanlar bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, ** saylı qərarı ilə şəhər daxili yararsız torpaq sahəsindən 250 kv.m torpaq sahəsi ayrılaraq sahibkarlıq məqsədilə istifadə üçün X2. Həmin torpaq sahəsi X2 tərəfindən ## ###### 2024-cü il tarixdə alqısatqı müqaviləsi əsasında X1 və sonuncunun torpaq üzərində mülkiyyət hüquqları Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2024-cü il tarixli çıxarış əsasında qeydə alınmışdır. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Həmçinin, məhkəmə kollegiyası tərəfindən ## #### 2026-cı il tarixdə mübahisələndirilən torpaq sahəsinə yerində baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahəsində hər hansı tikili mövcud deyildir. Eyni zamanda müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsinə bitişik və üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsində sahibkarlıq obyekti yerləşir, yüksək gərginlikli elektrik xətti isə mübahisəli torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Məhkəmə kollegiyası cavabdehin torpaq sahəsinin yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasında yerləşməsinə dair dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”n müddəalarına görə, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6). Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır (7). Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr (qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə “Tikinti Normaları və Qaydaları”na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların, kolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir. Göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri xüsusi mülkiyyətdə və yaxud istifadədə ola bilər. Lakin həmin torpaq sahələrində binaların layihələşdirilməsi və tikintisi zamanı qeyd olunan Qaydaların tələbləri gözlənilməlidir. Beləliklə, qeyd olunan normativ müddəalardan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin xüsusi mülkiyyətdə və ya istifadədə olması istisna edilmir. Həmin torpaq sahələrində yalnız müəyyən məhdudiyyətlər tətbiq edilir və bu məhdudiyyətlər torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına maneə kimi çıxış etmir. Bundan başqa iş üzrə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı Xanlar rayon Bələdiyyəsinin ##.##.2006-ca il tarixli ** saylı qərarı ilə satılmış 100 kv.m torpaq sahəsi, naturada təqdim olunan 100 kv.m torpaq sahəsi ilə 20.66 kv-m hissədə üst-üstə düşür. İddiaçı Xanlar rayon Bələdiyyəsinin ##.##.2006-cı il tarixli 12, saylı qərarı ilə satılmış 100 kv.m torpaq sahəsi və naturada təqdim olunmuş torpaq sahəsinin, elektron kadastr məlumat bazasına istinadən hüquqları dövlət qeydiyyatına alınmış hər hansı torpaq sahəsi ilə üst-üstə düşməsi halı aşkarlanmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ayrılmış torpaq sahəsi ilə faktiki istifadədə olan torpaq sahəsi arasında qismən uyğunsuzluğun mövcudluğu, konkret halda, onun hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina üçün əsas kimi çıxış edə bilməz. Belə ki, iş üzrə alınmış mütəxəssis rəyindən görünür ki, sənəd üzrə torpaq sahəsi ilə faktiki istifadə olunan sahə 20,66 kv.m hissədə üst-üstə düşür, eyni zamanda faktiki istifadə olunan sahənin qalan hissəsi üçüncü şəxslərin istifadəsində və ya mülkiyyətində deyildir. Bundan əlavə, iş materialları ilə müəyyən olunur ki, iddiaçı torpaq sahəsini səlahiyyətli orqanın qərarı əsasında əldə etmiş, onun dəyərini ödəmiş və uzun müddət həmin sahədən təyinatına uyğun istifadə etmişdir. Bu baxımdan, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə münasibətdə formalaşmış hüquqi vəziyyət onun qorunan hüquqi gözləntilərini şərtləndirir. Kollegiya hesab edir ki, konkret halda hüquqların dövlət qeydiyyatı torpaq sahəsinin formal koordinat göstəricilərinə deyil, iddiaçının real istifadəsində olan, sərhədləri müəyyən edilə bilən və üçüncü şəxslərin hüquqlarını pozmayan torpaq sahəsinə münasibətdə aparılması daha məqsədəuyğundur. Əks yanaşma iddiaçının qanuni maraqlarının əsassız məhdudlaşdırılmasına gətirib çıxarardı. Beləliklə məhkəmə kollegiyası bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarını müəyyən etmişdir. Hazırki işdə belə əsaslar mövcud deyildir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayətləri təmin edilməsin. Iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.