Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-62/2025 17.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-48/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Şəmkir şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə 8/5-123 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə ********** VÖEN ilə kommersiya qurumunun dövlət qeydiyyatından keçmişdir. İddiaçı xx.xx.2005-ci il tarixdə torpaq sahəsinin satılması və həmin sahədə ticarət obyektinin tikintisinə icazə verilməsi barədə X9 müraciət etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Tovuz rayon şöbəsinin xx.xx.2006-cı il tarixli, 84 nömrəli rəyinə əsasən iddiaçıya satılması nəzərdə tutulan torpaq sahəsi 0,05 hektar olmaqla, Düz Cırdaxan bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına şərti yararsız olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. İddiaçının müraciət əsasında xx.xx.2006-cı il tarixdə Tovuz RİH Memarlıq və Tikinti şöbəsinin müdiri A.Məmmədovun, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Tovuz rayon şöbəsinin müdiri K.Həsənovun, Tovuz rayon X2 Xidmətinin rəisi M.Hüseynovun, 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi R.Quliyevin, Tovuz rayon Sanitar-Epidemioloji mərkəzinin baş həkimi A.Ağayevin iştirakı ilə iddiaçıya sahibkar ticarət obyekti altına ayrılacaq torpaq sahəsinə baxış keçirilmiş və həmin məqsəd üçün 0,05 ha torpaq sahəsinin ayrılması məqsədə müvafiq hesab edilmişdir. Bu barədə tərtib edilmiş akt adı çəkilən şəxslər tərəfindən imzalanmış və möhürlənmişdir. Tovuz rayon Düz Cırdaxan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 nömrəli qərarına əsasən iddiaçıya bələdiyyənin ehtiyat fondunun alqı-satqı əsasında Bakı-Qazax avtomobil yolunun kənarında (Kür çayının üzərində nasos stansiyasına gedən yolun başlanğıcında) yerləşən 0,05 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Bunun müqabilində iddiaçı tərəfindən 31 manat haqq ödənilmişdir. Torpağın alqısatqısına dair akt Düz Cırdaxan bələdiyyəsinin sədri X7, iddiaçı qurumun sədri X8, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Tovuz rayon şöbəsinin müdiri X6 iştirakı ilə xx.xx.2006-cı il tarixdə tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. X15 rayon şöbəsində xx.xx.2006-cı il tarixdə 03 nömrə ilə qeydiyyata alınmışdır. Həmin torpağa mülkiyyət hüququna dair JN-0795 nömrəli (kod5********) dövlət aktı xx.xx.2006-cı il tarixdə dövlət aktı qeydiyyat kitabında 795 nömrə ilə qeydiyyata alınmışdır. Torpaq sahəsinin qaiməsi /sertifikatı/na əsasən torpaq sahəsinin ölçüsü 500,06 kv.m; keyfiyyət qrupu – V; bonitet balı 19, differensial renta 1543,94-dür. İddiaçı daşınmaz əmlak üzərində hüquqların qeydə alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etmişdir. İcraat zamanı xx.xx.2022-ci il tarixdə ƏMDX-nin Qazax ərazi şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən baxış zamanı sözügedən torpaq sahəsi üzərində 1988-ci ildə inşa edilmiş bir mərtəbəli qeyri-yaşayış binasının mövcud olması məlum olmuşdur. Həmin qeyri-yaşayış binası və onun ətrafında olan 0,05 ha torpaq sahəsi xx.xx.1988-ci ildə X10 İcrayyə Komitəsinin qərarı əsasında İddiaçı kooperativinin tikintisi üçün ayrılmış torpaq sahəsidir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********61 nömrəli məktubuna əsasən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları elektron baza xəritəsində yoxlanılarkən torpaq sahəsinin dövlətə məxsus olması şübhəsi yaranmışdır. Bu səbəbdən, Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq həmin qeyri-yaşayış binası və onun ətrafında olan 500 kv.m torpaq sahəsi xx.xx.1988-ci ildə X10 İcrayyə Komitəsinin qərarı əsasında İddiaçı kooperativinin tikintisi üçün ayrılmış dövlət mülkiyyətində olan torpaqlara aiddir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********45 nömrəli imtinasında da eyni əsasları göstərmiş və əlavə olaraq qeyd etmişdir ki, torpaq sahəsinin bir tərəfindən (sərhəd boyunca) yüksək gərginlikli (10 kv) elektrik xətti keçir. "xxxx" MMC-nin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-308/2023 nömrəli məktuba əsasən təqdim olunmuş koordinatlarda yerləşən sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən olunmuşdur. Sonradan Tovuz rayonunun Düz Cirdaxan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 nömrəli Qərarı əsasında "xxxx" MMC- yə satılmış və ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinə JN795 (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Akti" hazırlanmışdır. Torpaq sahəsi Dövlət Aktı ilə "xxxx" MMC-nin mülkiyyətindədir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-851/2023 nömrəli məktubun məzmunundan aydın olur ki, Mərkəzin arxivində JN-795 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın işlənilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri – bələdiyyə qərarı, torpağın alqı-satqısına dair akt, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Tovuz rayon şöbəsinin rəyi, tikinti altına yerseçmə aktı, memar rəyi, sxematik plan, yerquruluşunun planı, torpaq sahəsinin qaiməsi mövcuddur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı-Qazax yolunun kənarında (Kür çayının üzərində nasos stansiyasına gedən yolun başlanğıcında) yerləşən 0,05 ha torpaq sahəsi üzərində hüquqların qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Tovuz rayonunun Düz Cırdaxan bələdiyyəsi iştirakı adi olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-62/2024 saylı qərarı ilə (hakim Z.Quliyev) iddianın təmin edilməsi, Tovuz rayonu, Düz Cırdaxan kəndi, Bakı-Qazax yolunun kənarında (Kür çayının üzərində nasos stansiyasına gedən yolun başlanğıcında) yerləşən 0,05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, bu cür işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən torpaq sahəsi üzərində qeydiyyata alınmış və sözügedən dövlət aktı ilə rəsmiləşdirilmiş mülkiyyət hüququ qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən tanınmış bir hüquqdur. İş üzrə iddiaçının hüquqi marağı və məqsədi də onun iddia tələbinin məzmununa və iş üzrə materiallara əsasən əslində torpaq sahəsi üzərində hüququn cavabdeh tərəfindən qeydiyyata alınmasına deyil, artıq qeydiyyata alınmış hüquqa dair yeni nümunəli çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Belə ki, iddiaçının həmin torpaq sahəsi üzərində hüququ səlahiyyətli dövlət orqanı tərəfindən artıq 2006-cı il tarixdə qeydiyyata alınmışdır. Məntiqi baxımdan müvafiq səlahiyyətli qeydiyyat orqanı tərəfindən aparılmış dövlət qeydiyyatı qanuna əsasən öz hüquqi qüvvəsini saxladığından hüququnun təkrar qeydiyyatının aparılmasında iddiaçı maraqlı ola bilməz. Bu mənada iddiaçının tələbinin torpaq sahəsi üzərində hüququn qeydiyyata alınması kimi ifadə olunmasına baxmayaraq, əslində onun həqiqi niyyəti hüququna dair yeni nümunəli müvafiq sənədin əldə olunmasına yönəlmişdir. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi ilkin qeydiyyat və ilkin sənədlər qüvvədədir, həmin sənədlərin möhtəbərliyinə şübhə yaradacaq hər hansı hal müəyyən olunmamışdır. Cavabdehin imtina əsaslarına gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, imtinada 500 kv.m torpaq sahəsi xx.xx.1988-ci ildə X10 İcrayyə Komitəsinin qərarı əsasında İddiaçı kooperativinin tikintisi üçün ayrılmış dövlət mülkiyyətində olan torpaqlara aid olması əks olunsa da, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının və ünvan reyestrinin tərtibi və aparılması sahəsində fəaliyyət göstərən "xxxx" MMC bu halı təsdiqləməmişdir. Belə ki, MMC-nin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3- 60/2-308/2023 nömrəli məktuba əsasən təqdim olunmuş koordinatlarda yerləşən sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmaqla, sonradan bələdiyyənin xx.xx.2006-cı il tarixli, 03 nömrəli Qərarı əsasında iddiaçıya satılmış və ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinə JN-795 (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Akti" hazırlanmışdır. Torpaq sahəsi Dövlət Aktı ilə "xxxx" MMC-nin mülkiyyətindədir. Alqı-satqı zamanı tərtib edilmiş sənədlərin təsdiqlənmiş surəti həmin cəmiyyətdə saxlanılır. Həmçinin, cavabdeh qurumun Yerquruluşunun təşkili şöbəsinin verdiyi mütəxəssis rəyində də torpaq sahəsinin İslahata dair kompleks yerquruluşu layihəsində bələdiyyə mülkiyyətində olması qeyd edilmişdir. Cavadbehin imtinasının digər bir dəlilinə münasibətdə isə, məhkəmə qeyd etmişdir ki, cavabdehin imtina əsaslarından biri də, torpaq sahəsinin bir tərəfindən (sərhəd boyunca) yüksək gərginlikli (10 kv) elektrik xətti keçməsidir. Torpaq Məcəlləsinin 22.3-cü maddəsinə əsasən, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Ərazi İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı müraciətinə əsasən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları elektron baza xəritəsində yoxlanılarkən torpaq sahəsinin dövlətə məxsus olması şübhəsi yaranmışdır və bu səbəbdən, torpaq sahəsinin dövlət mülkiyyətinə aid olub-olmamasına və məqsədli istifadə növünün dəqiqləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinə ********** nömrəli məktubla sorğu göndərilmişdir. Sorğuya ********** nömrəli məktubla cavab olaraq həmin qeyri- yaşayış binası və onun ətrafında olan 500 kv.m torpaq sahəsi 30 avqust 1988-ci ildə X11 İcrayyə Komitəsinin qərarı əsasında "xxxx" kooperativinin tikintisi üçün ayrılmış dövlət mülkiyyətində olan torpaqlara aid olması qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2000-ci il tarixli, 000447 saylı Şəhadətnaməyə əsasən X8 tərəfindən Tovuz rayonu, Düz- Cırdaxan kəndində yerləşən 33 saylı Yanacaq doldurma məntəqəsinə görə dövlət büdcəsinə səkkiz yüz doxsan bir min manat məbləğində pulun köçürülməsi göstərilmişdir. Tovuz rayonu, Düz-Cırdaxan kəndində yerləşən 33 saylı Yanacaq doldurma məntəqəsi qeyri-yaşayış binası olaraq özəlləşdirilmiş, lakin, qeyri-yaşayış binasının yerləşdiyi (iddia olunan) 0.05 ha torpaq sahəsi özəlləşdirilməmiş və dövlət əmlakı kimi qalmışdır. Sözügedən torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaqlara aid olmuş, lakin, hansı qərara əsasən bələdiyyə mülkiyyətinə verilməsinə dair məlumat yoxdur. Məhkəmə torpaq sahəsinin dövlə torpaq sahəsi olduğu halda bələdiyyə məxsus torpaq kimi idiaçının mülkiyyətə verilməsini nəzərdə tutur. Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən "xxxx" MMC-nə məxsus 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli ərizəyə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsində baxılaraq, xx.xx.2022-ci il tarixli, **********45 nömrəli imtina məktubu ilə torpaq sahəsinin bir tərəfindən (sərhəd boyunca) yüksək gərginlikli (10 kv) elektrik xətti keçməsi qeyd edilmişdir. Lakin məhkəmə qərar qəbul edərkən, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 13-13/2-2-06-4B-4050-5/2024 nömrəli arayışına əsasən X1 (iddiaçı qurumun rəhbəri) məxsus, Tovuz rayonunun Düz- Cırdaxan kəndində yerləşən qeyri-yaşayış sahəsi "xxxx" ASC-ə məxsus elektrik şəbəkəsinin mühafizə zonasında yerləşmədiyini qeyd etmişdir. Yuxarıda qeyd edilənlərdəndə göründüyü kimi, imtina məktubu ilə "xxxx" ASC-nin verdiyi arayış arasında uyğunsuzluq mövcuddur. Məlumat üçün bildiririk ki, mübahisəsi gedən daşınmaz əmlak qeyri-yaşayış sahəsi deyil, qeyri- yaşayış binasıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən işin hərtərəfli araşdırılması, mübahisənin həlli ilə bağlı gələcəkdə hər hansı başqa mübahisəyə səbəb olmaması və məhkəmə qərarının 3-cü şəxslərin qanunla qorunan maraqlarına toxunacağını güman edilməsi məqsədilə, eyni zamanda məhkəmə qərarının gələcəkdə icrasını təmin etmək ücün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini inzibati iş üzrə üçüncü şəxsin məhkəmə iclasında cəlb edilməsi mühüm əhəmiyyət kəsb etdiyindən məhkəməyə üçüncü şəxslərin cəlb edilməsi barədə vəsatət verilmişdir. Belə ki, məhkəmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin verilmiş vəsətətini nəzərə almamışdır və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini inzibati iş üzrə üçüncü şəxs qismində cəlb etməmiş və bu barədə vətətətə münasibət bildirilməmişdir. Eyni zamanda məhkəmə qərarının əsaslandırıcı və nəticəvi hissəsindədə vəsatətə dair heç bir mövqe bildirilməmişdir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək iddia tələbinə dəqiqləşmə edərək Tovuz rayon keçmiş Düz Cırdaxan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 nömrəli qərarı ilə "xxxx" MMC-ə ayrılmış JN-0795, KOD 50311018 dövlət aktındakı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmə kollegiyasının qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyi bildirərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında işitak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə uyğun olaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakın təmin etməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).
Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 22. Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar: (-) -3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, əsasən Tovuz rayon Düz Cırdaxan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 nömrəli qərarına əsasən iddiaçıya bələdiyyənin ehtiyat fondunun alqı-satqı əsasında Bakı- Qazax avtomobil yolunun kənarında (Kür çayının üzərində nasos stansiyasına gedən yolun başlanğıcında) yerləşən 0,05 ha torpaq sahəsi satılmış, bununla bağlı xx.xx.2006-cı il tarixdə qeydiyyat kitabında 795 nömrə ilə qeydiyyata alınmış JN0795 nömrəli (kod5********) dövlət aktı tərtib olunmuşdur. Həmin torpaq sahəsi 19 balla V keyfiyyət qrupu yararsıza aid olmaqla 0,05 ha-dır. Bununla yanaşı xx.xx.2006-cı il tarixdə Tovuz RİH Memarlıq və Tikinti şöbəsinin müdiri A.Məmmədovun, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Tovuz rayon şöbəsinin müdiri K.Həsənovun, Tovuz rayon X2 Xidmətinin rəisi M.Hüseynovun, 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi R.Quliyevin, Tovuz rayon Sanitar Epidemioloji mərkəzinin baş həkimi A.Ağayevin iştirakı ilə iddiaçıya sahibkar ticarət obyekti altına ayrılacaq torpaq sahəsinə baxış keçirilmiş və həmin məqsəd üçün 0,05 ha torpaq sahəsinin ayrılması məqsədə müvafiq hesab edilmişdir. Həmçinin bələdiyyənin qeyd olunan qərarı qəbul edilməzdən öncə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Tovuz rayon şöbəsi tərəfindən iddiaçıya satılması nəzərdə tutulan torpaq sahəsinin 0,05 hektar olmaqla Düz Cırdaxan bələdiyyəsinin mülkiyyətinə aid olması, alqı-satqı predmeti olması, kənd təsərrüfatına şərti yararsız olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiq olması barədə xx.xx.2006-cı il tarixli, 84 nömrəli rəy verilmişdir. Hazırda iddiaçı qeyd olunan tələblə cavabdeh inzibati orqana müraciət etsə də cavabdeh tələbin təmin edilməsindən imtina etmişdir. İmtinanın əsası kimi inzibati orqan 500 kv.m torpaq sahəsinin xx.xx.1988-ci ildə X10 İcrayyə Komitəsinin qərarı əsasında İddiaçı kooperativinin tikintisi üçün ayrılmış dövlət mülkiyyətində olan torpaqlara aid olması, həmçinin, torpaq sahəsinin bir tərəfindən (sərhəd boyunca) yüksək gərginlikli (10 kv) elektrik xətti keçməsini bildirmişdir. İşə apellyasiya icraatı qaydasında baxılan zaman məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-37/2-823/2025 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, "xxxx" MMC-yə ayrılmış JN-0795 nömrəli dövlət aktındakı torpaq sahəsinin 319 kv.m hissəsi X3 X4 (TEKUİS) baza mələumatlarında "xxxx" MMC-yə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. Lakin "xxxx" MMC-nin nümayəndəsinin göstərdiyi torpaq sahəsinin 152 kv.m hissəsi **********85 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. TEKUİS baza məlumatlarına əsasən Tovuz rayonu Düz Cırdaxan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 nömrəli qərarı ilə "xxxx" MMC-ə ayrılmış JN-795 nömrəli dövlət aktındakı torpaq sahəsi xüsusi mülkiyyət formasına aiddir. "xxxx" MMC-yə ayrılmış JN-0795, KOD 50311018 dövlət aktında göstərilən torpaq sahəsi üzərində qeyri yaşayış binası mövcuddur. Göründüyü kimi rəyə əsasən iddiaçı MMC-yə məxsus JN-0795 nömrəli dövlət aktındakı torpaq sahəsinin 319 kv.m hissəsi TEKUİS baza məlumatlarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsilə üst-üstə düşməsi müəyyən edilmiş, lakin TEKUİS baza məlumatlarına əsasən Tovuz rayonu Düz Cırdaxan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 nömrəli qərarı ilə "xxxx" MMC-ə ayrılmış JN-795 nömrəli dövlət aktındakı torpaq sahəsinin xüsusi mülkiyyət formasına aid olması bildirilmilmişdir. Məhkəmə kollegiyası tərəfindən rəydə mövcud olan bu qeyri-müəyyənliyə aydınlıq gətirilməsi üçün mütəxəssisin xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirakı təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Ərazi İdarəsinin mütəxəssisi bildirmişdir ki, İddiaçı MMC-yə məxsus JN-795 nömrəli dövlət aktındakı torpaq sahəsinin 319 kv.m hissəsi TEKUİS baza məlumatlarında göstərilmiş, İddiaçı MMC-yə məxsus torpaq sahəsilə üst-üstə düşür, yerdə qalan hissəsi isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Mübahisəli torpaq sahəsinin 319 kv.m hissəsi və yerdə qalan hissəsi TEKUİS baza məlumatlarına əsasən İddiaçı MMC-yə ayrılan torpaq sahəsidir. Bu hal mütəxəssis rəyinə əlavə edilmiş iddiaçıya məxsus JN-795 nömrəli dövlət aktında olan torpaq sahəsinin yerləşmə sxemində öz əksini tapmışdır. Bundan başqa mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyəti olmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli, 3- 21-3-60/2-308/2023 nömrəli məktuba əsasən təqdim olunmuş koordinatlarda yerləşən sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmaqla, sonradan bələdiyyənin xx.xx.2006-cı il tarixli, 03 nömrəli Qərarı əsasında iddiaçıya satılmış və ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinə JN-795 (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" hazırlanmışdır. Torpaq sahəsi Dövlət Aktı ilə "xxxx" MMC-nin mülkiyyətindədir. Göründüyü kimi qeyd olunan məktubla mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyə mülkiyyəti olması öz əksini tapmışdır. İş materiallarında olan sənədlərlə də mübahisəli torpaq sahəsinin bələdiyyə ilə iddiaçı arasında tərtib edilmiş “Torpağın alqısatqısına dair” Aktla, Düz Cırdaxan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə bələdiyyə tərəfindən iddiaçıya satılmış olması öz təsdiqini tapır. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən Tovuz rayonunun Düz Cırdaxan bələdiyyəsi iştirakı adi olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş və bələdiyyə tərəfindən iddia tələbinə hər hansı münasibət bildirilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələgəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. Belə əsaslardan biri kimi, həmin qanunun 8.0.5-ci maddəsində, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri nəzərdə tutulmuşdur. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş torpaq sahələri üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş torpaq sahələri üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulduğundan, JN-0795, KOD 50311018 "Torpağa Mülkiyyət Hüququna Dair" Dövlət Aktına əsasən 0.05 ha torpaq sahəsi üzərində "xxxx" MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi cavabdeh inzibati orqanın birbaşa səlahiyyətindədir. Mübahisə predmeti olan torpaq sahəsinə münasibətdə nəzərə alınmalıdır ki, yuxarıda istinad olunan normaların mənasına və təfsirinə görə "Torpağa Mülkiyyət Hüququna Dair" Dövlət Aktı daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Bu baxımdan iddiaçının hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan hüquqmüəyyənedici sənədin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, iddiaçı hüququnun yenidən qeydiyyata alınmasını deyil, həmin şəhadətnamə ilə artıq qeydiyyata alınmış hüququna dair yeni nümunəli çıxarışın verilməsini tələb edir. Həmçinin, yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində iddiaçı hüququnu təsdiq edən həmin dövlət aktı həm də hüquqmüəyyənedici sənəd qismində qəbul olunmalı və qiymətləndirilməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında tanınmalı və qeydiyyata alınmalıdır. Kollegiya qeyd edir ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçıya aid dövlət aktı hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni torpaq sahəsinə dair şəhadətnamə öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Bundan başqa torpaq sahəsinin bir tərəfindən yüksək gərginlikli elektrik xəttinin keçməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. İddiaçı məhkəməyə müraciət edən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”n müddəalarına görə, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6). Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır (7). Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”ə əsasən bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər (1.4). Qeyd olunan normaların məzmunundan da göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşməsi həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının qarşısını alan hal kimi çıxış edə bilməz. Belə ki, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri xüsusi mülkiyyətdə və yaxud istifadədə ola bilər. Lakin həmin torpaq sahələrində binaların layihələşdirilməsi və tikintisi zamanı qeyd olunan Qaydaların tələbləri gözlənilməlidir. Başqa sözlə, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Belə ki, iddiaçıya ayrılmış torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi ona məxsus hüququn qeydə alınmasını tələb etmək imkanına təsir etmir. Eyni ilə, torpaq sahəsinə hüququn qeydə alınması - bunun üçün əsaslar yarandığı halda, istinad edilən normanın tətbiqi imkanını aradan qaldırmır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-48/2024 saylı qərarı Tovuz rayonu, Düz Cırdaxan kəndi, Bakı-Qazax yolunun kənarında (Kür çayının üzərində nasos stansiyasına gedən yolun başlanğıcında) yerləşən 0,05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində dəyişdirilsin. Tovuz rayon keçmiş Düz Cırdaxan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 nömrəli qərarı ilə "xxxx" MMC-ə ayrılmış JN-0795, KOD 50311018 dövlət aktındakı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.