Məhkəmə qərarları › İş №2-1(104)-620/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-620/2024

27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-620/2024 27.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əlilliyin təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “xx.xx.2023-cü il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1749/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1994-cü il tarixli, 7927 nömrəli arayışında İddiaçı “Nazik bağırsağın çoxsaylı xəsarətləri ilə qarın boşluğunun sol tərəfindən nüfuz edən güllə qəlpələrinin nəticələri (xx.xx.1994) və nazik bağırsağın yaralarının tikilməsi üçün laporotomiya əməliyyatı (xx.xx.1994). Hər iki ayağın İİ-İV dərəcəli donvurması (xx.xx.1994)” diaqnozlu travmasının səbəb əlaqəsi “Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

2. İddiaçı “X1 XİX Sinif – Travmalar, zədələnmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=>T33-T35- Donvurma=>T33-Səthi; Təsnifatı: Donvurma=>T33.8-Aşıq baldır oynağı nahiyəsi və ayağın səthi donvurması...Diaqnozun mətni: Hər iki ayaq pəncəsinin İİ-İİİ dərəcəli donvurmadan sonrakı inkişaf edən andoartati İİ mərhələ. Qarın boşluğunu dəlib keçən kor qəlpə yaralanmasında kor və nazik bağırsaqların yaralanması və edilmiş laparetomiyadan sonrakı vəziyyət. Hər iki aşağı ətrafların arterial qan dövranı çatmamazlığı İ-İİ dərəcə” diaqnozu ilə xx.xx.2013-cü il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə təkrar İİ dərəcə əlillik təyin edilmişdir.

3. M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin xx.xx.2022-ci il tarixdə verdiyi Aşağı (yuxarı) ətrafların venoz (arterial) sisteminin dupleks skanlaşdırılması və doppleroqrafiyası ilə müəyyən olunmuşdur ki, İddiaçı hər iki qalça-bud seqmentdə 22-28% çatan stenoz aşkarlanmışdır. Dizaltı arteriyalarda stenoz mötədil (40-44%), arxa qamış arteriyalarda nəzərəçarpan (72-76%), ön qamış arteriyalarda isə kritik (90-92%) dərəcəyə çatmışdır. Barmaqların qan təchizatı kəskin azalmışdır. Arteriyalar kollateral qan axını hesabına çox zəif və fraqmentar rənglənirlər, mütəmadi olaraq isə heç rənglənmirlər (okklüziya+davamiyyətli spastiki vəziyyət).

4. İddiaçı əlillik vəziyyəti Goranboy rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək Diaqnozun mətni: Obliterasiya edən trombangit (Byurger xəstəliyi), hər iki aşağı ətrafların donvurmadan sonrakı vəziyyəti (1994). Obliterasiyaedici trombangit. Dizaltı, baldır arteriyalarının steno okklüziyası. Aşağı ətrafların İİİ dərəcə xroniki işemiyası. İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması – Səbəb: 2022-ci il ərzində stasionar müalicə haqqında məlumatlar yoxdur səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.

5. Cavabdeh orqan iddiaçının imtina barədə qərardan verdiyi şikayətə xx.xx.2022- ci il tarixdə baxaraq, onun əyani müayinəsini həyata keçirmiş və xx.xx.2023-cü il tarixdə İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etməməsi barədə **********1 nömrəli qərar qəbul etmişdir.

6. İddiaçı əlillik vəziyyəti növbəti dəfə Goranboy rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişinə əsasən xx.xx.2023-cü il tarixdə qiymətləndirilərək Diaqnozun mətni: Aşağı ətrafın dəqiqləşdirilməmiş donvurması, aşağı ətrafların İİ-İV dərəcəli donvurmasından sonrakı vəziyyət. Qarın boşluğuna dəlin keçən kor qəlpə yaralanması və edilmiş laparatomiya nazik bağırsaq yaraların tikilməsindən sonrakı vəziyyət (xx.xx.1994). İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

7. Cavabdeh orqan iddiaçının imtina barədə qərardan verdiyi şikayətə xx.xx.2023-cü il tarixdə baxaraq, onun əyani müayinəsini həyata keçirmiş və xx.xx.2023-cü il tarixdə İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etməməsi barədə 3-17-4/3-3-17541/2023 nömrəli qərar qəbul etmişdir.

8. Forma 88 saylı göndərişdən müəyyən edilir ki, İddiaçı “Aşağı ətrafın dəqiqləşdirilməmiş donvurması” (XBT kodu – T35.5) diaqnozu ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019- cu il tarixədək, xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Goranboy RMX-da, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində, “Obliterasiya edən trombangit (Byurger xəstəliyi) (XBT kodu – İ73.1) diaqnozu ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Gəncə şəhər Birləşmiş Xəstəxanasında stasionar müalicə və müayinələrdə olmuşdur. Göndərişdə xx.xx.2022-ci il tarixli doppler müayinəsinin nəticəsi olaraq “İddiaçı hər iki qalça-bud seqmentdə 22-28% çatan stenoz aşkarlanmışdır. Dizaltı arteriyalarda stenoz mötədil (40-44%), arxa qamış arteriyalarda nəzərəçarpan (72-76%), ön qamış arteriyalarda isə kritik (90-92%) dərəcəyə çatmışdır. Barmaqların qan təchizatı kəskin azalmışdır. Arteriyalar kollateral qan axını hesabına çox zəif və fraqmentar rənglənirlər, mütəmadi olaraq isə heç rənglənmirlər (okklüziya+davamiyyətli spastiki vəziyyət).”, xx.xx.2022-ci il tarixli angioqrafiya müayinənin nəticəsi olaraq “Hər iki anterior tibial arteriyada təxminən 70-80% daralmalara səbəb olan kalsifik planklar izlənilir. Hər iki posterior tibial və peroneal arteriyalarda təxminən 30-40% daralmalara səbəb olan kalsifik planklar aşkar edilir” kimi qeyd edilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – T35.5 – Aşağı ətrafın dəqiqləşdirilməmiş donvurması, Aşağı ətrafların İİ-İV dərəcəli donvurmasından sonrakı vəziyyət. Qarın boşluğuna dəlib keçən kor qəlpə yaralanması və edilmiş laparatomiya nazik bağırsaq yaraların tikilməsindən sonrakı vəziyyət (xx.xx.1994); Ağırlaşma – İ73.1 – Obliterasiya edən trombangit (Byurger xəstəliyi), Hər iki aşağı ətrafların obliterasiyaedici trombangiti; Yanaşı xəstəliklər – İ77.1 – Artileriyaların daralması, Aşağı ətrafların İİİ dərəcə xroniki işemiyası.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsininn cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1974-cü il tarixdə Goranboy rayonunda anadan olmuş, xx.xx.1992-ci il tarixdə həqiqi hərbi xidmətə çağrılmış və xx.xx.1996-cı il tarixdə Milli Ordudan təxris olunmuşdur. 1-ci Qarabağ Müharibəsinin iştirakçısıdır və kəşfiyyatçı kimi xidmətdə olmuşdur, müharibə veteranıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Tibb Xidməti tərəfindən verilmiş arayışdan görünür ki, odlu silahın qəlpəli yaralanması səbəbindən nazik bağırsaq və qarın nahiyəsində əməliyyat olunmuş, həmçinin aşağı ətraflarında donvurma əlamətləri müşahidə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 24 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik diaqnozu qoyulmuşdur. TSEK-in diaqnozu belə müəyyən edilmişdir: Hər iki ayaq pəncələrinin İİ-İİİ dərəcə donvurmadan sonra inkişaf etmiş endoartriti İİ mərhələ. Hər iki aşağı ətrafıların qan dövranı çatışmamazlığı İl dərəcə. Qarın boşluğunu dəlib keçən kor qəlpə yaralanması və edilmiş laporotomiya cərrahi əməliyyatdan sonrakı vəziyyət. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Ekspert Komissiyasında sonuncu məlumatın verilməsinə dair xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən əlillik əlamətinin təyin edilməməsi səbəbindən ona imtina verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona verilən ikinci dərəcəli əlilliyə görə verilən müavinət dyandırılmışdır. Yuxarıda qeyd olunan faktlardan göründüyü kimi əlillik təyin edilməsi ilə bağlı keçdiyi müayinələr zamanı ona qoyulmuş diaqnoz imtina cavabından görünmür, cavabdeh inzibati orqanın hərəkətləri əsassız və qanunsuzdur.

11. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

13. Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) xx.xx.2024-cü il tarixli, 2-1(114)- 1749/2024 saylı qərarı ilə İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 65- 80% aralığında pozulmasına görə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının qiymətləndirildiyi dövrdə qüvvədə olan meyarlara əsasən onun orqanizmin funksiyalarının pozulma faizi 65- 80% aralığında, müddəti isə 2 ildir ki, yenə də cavabdeh orqanın iddiaçını əyani müayinəyə cəlb etdiyi dövrdəki qanunvericilikdə ona 2 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparması üçün əsaslar mövcud olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1749/2024 saylı qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib-vermədiyini aşkara çıxarmaq məqsədilə əyani müayinə edilməsi üçün aralıq qərardad qəbu etmədiyini və ekspertiza təyin edilmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin qeyd etdiyi hallarla razılaşmayaraq bildirilmişdir ki, məhkəmə sırf əvəllər şəxsə əlillik verilməsi səbəbindən ona hazırkı dövrdə də əlillik təyin edilməsi kimi səhv nəticəyə gəlmişdir. Sağlamlıqla əlaqədar sualların həllinin məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təstiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aid olduğu bildirilmişdir. Göndərişdə qeyd olunan diaqnozun əlillik təyinatına əsas vermədiyi halda, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxaraq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə edilmişdir. Əlilliyinin müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusi ilə mövcud olmalı və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmaların mövcud deyildir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılmasının aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Hərbi Qərar/Şəhadətnamə/AKT təqdim edilməmiş, vətəndaşın hərbi biletində “Hərbi xidmətə məhdud yararlıdır” kimi qeyd edilmiş, akademik M.A.Topçubaşov adına X3 xx.xx.2022-ci il tarixli tibbi rəyində diaqnoz “Oblitersiya edici trombangit. Diz altı baldır arteriyaların stenookluziyası. Aşağı ətrafların üçüncü (İİİ) dərəcə xroniki işemiyası. Donvurmadan sonrakı vəziyyət (1994). Arterial hipertoniya” kimi qeyd edilsə də, obyektiv müayinə zamanı öz təstiqini tapmamışdır. ƏƏSM tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Magistral tipli axınlar. Trifazik” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Əlillik təyinatına əsas verən patofunksional pozuntuların müəyyən edilmədiyi bildirilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

19. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Bənd 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

23. “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” Əsasnamə: Bənd 5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. Bənd 5.5. TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

24. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

26. İPM-in 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

27. İPM-in 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

28. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

29. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

30. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

31. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

32. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

33. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

34. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

35. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

36. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.2-ci maddəsində nəzərdə tutulan məcburetmə haqqında iddia növünə aiddir.

37. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. İşin faktiki halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəlik haqqında xx.xx.1994-cü il tarixli, 7927 nömrəli arayışında İddiaçı “Nazik bağırsağın çoxsaylı xəsarətləri ilə qarın boşluğunun sol tərəfindən nüfuz edən güllə qəlpələrinin nəticələri (xx.xx.1994) və nazik bağırsağın yaralarının tikilməsi üçün laporotomiya əməliyyatı (xx.xx.1994). Hər iki ayağın İİ-İV dərəcəli donvurması (xx.xx.1994)” diaqnozlu travmasının səbəb əlaqəsi “Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

41. Daha sonra İddiaçı “X1 XİX Sinif – Travmalar, zədələnmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=>T33-T35- Donvurma=>T33-Səthi; Təsnifatı: Donvurma=>T33.8-Aşıq baldır oynağı nahiyəsi və ayağın səthi donvurması...Diaqnozun mətni: Hər iki ayaq pəncəsinin İİ-İİİ dərəcəli donvurmadan sonrakı inkişaf edən andoartati İİ mərhələ. Qarın boşluğunu dəlib keçən kor qəlpə yaralanmasında kor və nazik bağırsaqların yaralanması və edilmiş laparetomiyadan sonrakı vəziyyət. Hər iki aşağı ətrafların arterial qan dövranı çatmamazlığı İ-İİ dərəcə” diaqnozu ilə xx.xx.2013-cü il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir.

42. Sonuncu dəfə təyin olunmuş əlillik müddəti bitdikdən sonra İddiaçı əlillik vəziyyətinə Goranboy rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il göndərişi əsasında baxılsa da, qiymətləndirmə zamanı diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyinatının aparılmasından imtina edilmişdir.

43. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı xx.xx.2023-cü il göndəriş əsasında əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyinatının aparılmasından verilmiş imtina əsassızdır.

44. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, Q00114058XPA nömrəli Forma 88-dən görünür ki, İddiaçı əsas diaqnoz kimi “Aşağı ətrafın dəqiqləşdirilməmiş donvurması, aşağı ətrafların İİ-İV dərəcəli donvurmasından sonrakı vəziyyət, qarın boşluğuna dəlib keçən kor qəlpə yaralanması və edilmiş laparatomiya nazik bağırsaq yaraların tikilməsindən sonrakı vəziyyət (xx.xx.1994), həmçinin obliterasiya edən trombangiit (Byurger xəstəliyi), hər iki aşağı ətrafların obleterasiyaedici trombangiti ağırlaşması halı, arteriyaların daralması, aşağı ətrafların İİİ dərəcə xormiki işemiyası yanaşı xəstəliklər olaraq diaqnozları qoyulmuşdur.

45. Həmçinin sonuncu göndəriş ilə müəyyən edilir ki, iddiaçı “Aşağı ətrafın dəqiqləşdirilməmiş donvurması, obliterasiya edən trombangitt (Byurger xəstəliyi)” diaqnozu ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək Goranboy RMX-da, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Gəncə şəhər Birləşmiş Xəstəxanasında stasionar müalicə və müayinələrdə olmuşdur.

46. Həkim müayinəsi nəticəsində “Obliterasiya edən trombangiit (Byurder xəstəliyi), Hər iki aşağı ətrafların donvurmadan sonrakı vəziyyəti. Obliteresiyaedici trombangir. Dizaltı, baldır arteriyalarının steno okkluziyası. Aşağı ətrafların İİİ dərəcə xroniki işemiyası. Cərrahi st.Baxış zamanı hər iki aşağı ətrafda baldır əzələləri hipotrifikdir. Hər iki ayaq barmaqları və pəncələr soyuq və sianotikdir. Hər iki baldırda tük örtüyü seyrəlib. Dizaltı baldır arteriyalarında nəbz qeyd olunmadı. Barmaqların distal falanqaları üzərində xoralaşmaya meyilli çapıqlar qeyd olunur. Yerişi pozulub. 60-100 m yeriyərkən axsama qeyd edilir. Ağrı qeyd edilir.”

47. Doppler müayinəsi nəticəsində müəyyən edilmişdir ki, “Dizaltı arteriyalarda stenoz mötədil (40-44%), arxa qamış arteriyalarda nəzərəçarpan (72-76%), ön qamış arteriyalarda isə kritik (90-92%) dərəcəyə çatmışdır. Barmaqların qan təchizatı kəskin azalmışdır. Arteriyalar kollateral qan axını hesabına çox zəif və fraqmentar rənglənirlər, mütəmadi olaraq isə heç rənglənmirlər (okklüziya+davamiyyətli spastiki vəziyyət).”, xx.xx.2022-ci il tarixli angioqrafiya müayinənin nəticəsi olaraq “Hər iki anterior tibial arteriyada təxminən 70-80% daralmalara səbəb olan kalsifik planklar izlənilir. Hər iki posterior tibial və peroneal arteriyalarda təxminən 30-40% daralmalara səbəb olan kalsifik planklar aşkar edilir” kimi qeyd edilmişdir.

48. Həkim müayinələri və qoyulmuş diaqnozlardan göründüyü kimi, iddiaçının səhhətində olan “İ73.1 – Obliterasiya edən trombangit (Byurger xəstəliyi), Hər iki aşağı ətrafların obliterasiyaedici trombangiti və İ77.1 – Artileriyaların daralması, Aşağı ətrafların İİİ dərəcə xroniki işemiyası” xəstəlikləri onun qiymətləndirildiyi zaman (xx.xx.2023-cü il tarixli göndəriş əsasında) qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”na görə ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verən səviyyədə, yəni orqanizmin funksiyalarının 65-80% aralığında pozulması səviyyəsində olmuşdur.

49. Göründüyü kimi, iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, o, şəhadətləndirilən və əllilik təyinatı aparılan zaman və hazırda qeyd olunan xəstəlikdən əziyyət çəkir, ona qoyulmuş diaqnozda hər hansı dəyişiklik baş verməmiş və onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.5.1.4-cü bəndində qeyd edilmiş meyarlara əsasən orqanizmin funksiyalarının 65-80 faiz olmaqla əlilliyin müddətsiz müəyyən edilməsinə əsas verir.

50. Belə olan halda, 2013-cü ildə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun, yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır.

51. Məhkəmə kollegiyası inzibati orqanın diskresion səlahiyyətə malik olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə inzibati orqan müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, təkzib edilməməlidir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, şəxsin faktiki sağlamlıq vəziyyəti inzibati orqan tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin müəyyən olunması isə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, həmin orqan ona əlillik dərəcəsini təyin etməyə (sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisini müəyyən etməyə) borcludur. Yəni, əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, bu barədə qərar qəbul edilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin diskresion deyil, mütləq (qapalı) səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

52. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

53. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1749/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar