Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-621/2023 01.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, “Torpaq sahəsinin dövlət qeydiyyatında düzəliş edilməklə çıxarışın verilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 434/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq. M ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 1963-1965-ci illərə aid təsərrüfatbaşına kitaba əsasən X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Ağstafa rayon, Dağkəsəmən kəndində yerləşən 0,25 ha torpaq sahəsinin ölçüsünə uyğun olaraq onun mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin dövlət qeydiyyatında düzəliş edilərək, 0,19 ha qeyd edilməklə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müvafiq çıxarışa əsasən mülkiyyətinə 0.12 ha torpaq sahəsi verilmişdir. Arxiv arayışına əsasən isə 1963-1965-ci illərə aid təsərrüfatbaşına kitaba əsasən X1 və onun ailə üzvlərinin mülkiyyətində Ağstafa rayon, Dağkəsəmən kəndində 0,25 ha torpaq sahəsi olmuşdur. Həmçinin Torpağın mülkiyyətə verilməsinə dair JN-461A nömrəli şəhadətnaməyə görə Ağstafa Rayon AİK-nın xx.xx.2000-ci il tarixli qərarı ilə 0.25 ha torpaq sahəsinin 0.06 ha hissəsi X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Göründüyü kimi ona çıxarış verilərkən torpaq sahəsinin ölçüsü 0.19 yazılmalı olduğu halda 0.12 ha yazılmışdır. İddiaçı qeyd olunan səhvin düzəldilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-434/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, Ağstafa rayon, Dağkəsəmən kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından çıxarışda X2 və ailə üzvlərinə 0.06 ha torpaq sahəsi verildiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının valideynlərinə verilmiş torpaq sahəsinin həcmini sonuncular hüquq sahibi olaraq mübahisələndirməmişlər, həmin əmlak isə vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə verilmişdir. Bu hal isə daşınmaz əmlakın qeydiyyat məlumatlarında olan uyğunsuzluğun aradan qaldırılmasını istisna edir. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X4 ərizə təqdim edərək hazırki mübahisənin məhkəmədən kənar artıq həll olunduğunu, bu səbəbdən də iddia tələbindən imtina etdiyini bildirdi, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəfi dinləyərək və təqdim olunan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2.-ci maddəsinə əsasən, şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.4.-ci maddəsinə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5.-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəmə prosesində təqdim edilmiş iddia tələbindən imtina və işin icraatına xitam verilməsinə dair ərizəsi Azərbaycan Respublikasının İPM-in 55-ci maddəsinə əsasən qəbul edilməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-434/2023 nömrəli qərarı ləğv edilməli, işin icraatına xitam verilməli və iddiaçıya izah edilməlidir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Şərh olunanları və Azərbaycan Respublikasının İPM-in 55, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi X4 tərəfindən verilmiş iddia tələbindən imtinaya dair ərizə təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-434/2023 nömrəli qərarı ləğv edilsin və işin icraatına xitam verilsin. İddiaçıya izah edilir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov
Məhkəmə qərarları › İş №2-1(104)-621/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-621/2023
01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver