Məhkəmə qərarları › İş №2-1(104)-621/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-621/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-621/2024 03.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarş iş üzrə QƏRARİ Açar sözlər: mənzilin verilməsi öhdəliyinin qoyulması Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin etibarnamə üzrə nümayəndəsi X3, üçüncü şəxs X4 və onun nümayəndəsi (vəkil) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə (üçüncü şəxs X8) qarşı “mənzilin verilməsi öhdəliyin cavabdehın üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1787/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi və üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl Rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli, 433 nömrəli arayışından görünür ki, əsgər X11 xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən xx.xx.2021-ci il tarixdən X11 “Şəhid”, onun ailəsi “Şəhid ailəsi” hesab edilir.

2. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 348 nömrəli sərəncamının surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan şəhid ailəsi İddiaçı Gəncə Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır.

3. Gəncə-ASAN xidmət mərkəzi Notariat Ofisinin xx.xx.2021-ci tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin sürətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi anası İddiaçıdır.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tebeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş 005567 nömrəli, xx.xx.2021-ci il tarixli “Şəhid: ailəsi üzvünün vəsiqəsi”indən görünür ki, həmin vəsiqə İddiaçı məxsusdur.

5. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2899/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması barədə qərar qəbul olunması öhdəliyinin cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.

6. Göygöl rayon İcra Hakimiyyətinin 23 may 2024-cü il tarixli, 5-47-4/2-15-353/2024 nömrəli məktub və ona əlavə edilmiş Göygöl rayon İcra Hakimiyyəti Başbısının Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 15 may 2024-cü il tarixli, 5-47-10/2-16- 106/2024 nömrəli məktubundan müəyyən olunur ki, nümayəndəlikdə mövcud olan 42 nömrəli ev təsərrüfatların uçotu kitabının 61-ci səhifəsində olan 4078 nömrəli şəxsi hesabına əsasən ünvan 3 ünvanda təsərrüfat başçısı kimi X8 və həmin şəxsi hesabda Təsərrüfatın xüsusi mülkiyyətində və istifadəsində olan tikililər bölməsində evin 1988-ci ildə tikildiyi qeyd edilmişdir.

7. Göygöl rayon İcra Hakimiyyətinin 23 iyun 2023-cü il tarixli, 125 nömrəli sərəncamı əsasında Göygöl rayonunda yaşayan və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsi İddiaçı uçotdan çıxarılmış və uçot sənədləri baxılması üçün hazırki yaşayış yeri üzrə Gəncə şəhər İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır.

8. Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı Gəncə şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2023-cü il tarixli, 348 nömrəli sərəncamı ilə şəhid ailəsi kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdır. Hal-hazırda uçot siyahısında 348-ci sıradadır.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-3/2-15818/2024 nömrəli etiraz ərizəsindən görünür ki, İddiaçı 18 avqust 2023-cü il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə dayanmışdır. İddiaçı sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə mövcud qanunvericiliyə uyğun baxılacaqdır.

10. Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(066)-833/2016 nömrəli qətnaməsindən görünür ki, X1 Elnarə Fərman qızı arasında olan Göygöl (Xanlar) rayon VVAQ şöbəsində qeyd edilmiş 02 oktyabr 1998-ci il tarixli, 76 saylı nikah akt qeydinin pozulması, xx.xx.1998-ci ildə anadan olmuş X7 və 01 yanvar 2000-ci ildə anadan olmuş X5 ataları X4 yanında qalmaları qət edilmişdir.

11. xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində İddiaçı ½ hissədə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

12. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(104)-3142/2017 nömrəli icra vərəqəsinin surətindən görünür ki, İddiaçı ünvan 4 saylı evə köçürülməsi qət edilmişdir.

13. Göygöl rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli aktının surətindən müəyyən olunur ki, İddiaçı ünvan 4 saylı evə köçürülmüşdür.

İş üzrə qəbul edilmiş məhkəməaktı Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, yaşayış mənzilinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı şəhid ailəsi kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasından sonra cavabdeh təşkilatın nümayəndələri ilə görüş keçirilmiş və ona Gəncə şəhərində yeni inşa edilmiş “MİDA” adlanan binalardan birindən mənzil veriləcəyi bildirilmiş, lakin bir müddət sonra cavabdehin nümayəndəsi ona mənzilin verilməməsi barədə şifahi məlumat verilmişdir. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin sonuncu onun müraciətlərini cavablandırmamışdır. Bu səbəbdən də məcburiyyət qarşısında məhkəməyə hazırkı iddia tələbi ilə müraciət etmişdir.

16. Birinci instansiya məhkəməsinin 05 iyun 2024-cü il tarixli qərardadı ilə üçüncü şəxs qismində cəlb edilməsinə dair X4 ərizəsi təmin edilmiş və o, məhkəmə icraatına üçüncü şəxs qismində zəriri qaydada cəlb edilmişdir.

17. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

18. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin etibarnamə üzrə nümayəndəsi X9 iddia tələbinə etiraz edərək bildirmişdir ki, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil növbəliyi siyahısında İddiaçı xx.xx.2023-cü il tarixdən yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə dayanmış və onun sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə mövcud qanunvericiliyə uyğun baxılacaqdır. Bu səbəbdən də iddiaçının müraciətindən imtina edilməmiş və məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

19. Gəncə İnzibati Məhkəməsinin (hakim E.Axundov) xx.xx.2024-cü il tarixli, 2-1(114)- 1787/2024 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı mənzilin verilməsi tələbinə dair iddia tələbinin təmin edilməsi qərara alınmışdır.

20. Məhkəmə hesab etmişdir ki, İddiaçı yaşayış mənzilinin verilməsi tələbinə dair iddiası öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulmalıdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətlərinin dəlilləri

21. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1787/2024 saylı qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.” Belə olan halda normaya uyğun ölçüdə yaşayış sahəsi ilə təmin olunmuş vətəndaşa əlavə mənzilin verilməsi əsassız olmaqla yanaşı, həm də dövlət büdcəsinin və Dövlət Mənzil Fondunun imkanları xaricindədir. Həmçinin bildirilmişdir ki, iddiaçıların və digər üçüncü şəxslərin mülkiyyətində mənzil olması həmin sərəncamların qüvvəsinə və tərəflərin həmin sərəncamdan irəli gələn hüquqlarına təsir etmir. X2 və həmçinin X4 uçota götürülmələri haqqında sərəncamları və hər iki tərəfin tək bir mənzil ilə təmin olunması məsələsini özündə ehtiva edir. Lakin birinci instansiya məhkəməsi qərar qəbul edərkən üçüncü şəxs kimi cəlb olunmuş X4 şəhid ailəsi üzvü kimi maraqlarını nəzərə almamış və qərarın mənzillə təmin edilməsi ilə bağlı hissəsində öz əksini tapmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarını nəzərə alsaq, belə olan halda üçüncü şəxsin gələcəktə mənzil ilə təmin edilmə hüququ məhdudlaşır. Belə ki, qanunvericilik şəhid ailəsinin vahid bir subyekt kimi mənzillə təmin edilməsini nəzərdə tutumuşdur. Bu zaman ailənin mənzillə təmin edilməsi şəxsin şəhid düşməsi faktından irəli gəlir və məqsəd şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasından sonra onun ailəsinin maddi təminatının yaxşılaşdırılmasıdır. Lakin bu təminat sosial ədalət prinsipinə uyğun olmalı, digər şəxslərin hüquqlarını mahdudlaşdırmamaqla dövlət va ictimai marağa zidd olmamalıdır. Yəni şəhid ailəsinin mənzillə təmin edilməsi hər bir ailə üzvünün ayrılıqda mənzillə təmin olunmasını ehtiva etmir. Mövcud qanunvericiliyin bu sahədəki yeganə tələbi yaşayış sahəsinin aynlma normasının 16 kvadratmetr olmasıdır. Göründüyü kimi, məhkəmə tərəfindən qanunvericiliyin qeyd edilən normaları nəzərə alınmamış və iddia tələbi əsassız olaraq təmin edilmişdir.

23. Üçüncü şəxs X8 apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1787/2024 saylı qərarının ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki işdə məhkəmə mümkünlük məsələsini müzakirə etmədən, yalnız bir cümlə ilə iddianın mümkün iddia olmasını qərarının əsaslandırıcı hissəsində qeyd etmişdir. Birinci instansiya məhkəməsinin mümkünlük barədə müzakirəsiz gəldiyi nəticənin qanunsuz sayılmalı olduğunu, cavabdehin nümayəndəsinin də, iddiaya etirazında və məhkəmədəki izahatında iddiaçının gələcəkdə növbəlilik qaydasında mənzillə təmin olunmasından imtina edilmədiyini, iddiaçının növbəlilik siyahısına xx.xx.2023-cü il tarixdən uçota alındığını, növbəliliyi çatanda onun sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə, həmin vaxtda qanunvericiliyə uyğun baxılacağı qeyd edilmişdir. Hesab edir ki, qərarda qeyd olunmasa da, iş üzrə qanuna uyğun və ədalətli nəticəyə gəlmək üçün üçünçü şəxsə münasibətdə faktlar və dəlillər müzakirə edilib qiymətləndirilməli idi. Üçünçü şəxs X8 şəhid Səhman Musayevin atası olmaqla, Göygöl Rayon Məhkəməsinin qanuni qüvvədə olan qətnaməsinə əsasən, iddiaçı ilə nikahları pozularkən, şəhidi himayəsində saxlamış, tərbiyə etmiş və böyütmüş valideyindir. Göygöl rayon İHB-nın xx.xx.2021-ci il tarixli sərəncamı ilə (iddiaçıdan 2 il əvvəl) o, şəhid ailəsi kimi mənzil uçotuna alınmışdır. İddiaçının İddiaçı isə boşanmadan sonra həmin uşağa heç bir qayğı göstərmədiyini, analıq vəzifəsini yerinə yetirməyən, aliment və sair yardım etməyən, ona analıq qayğısı göstərməyən və əxlaqsızlığına görə iki oğlu tərəfindən qəbul edilməyən və evdən qovulan şəxs olduğunu, İddiaçı şəhid anası adı daşımağa mənəvi haqqı olmadığı halda, müvafiq dövlət qurumları və formal məhkəmə qərarları əsasında ona da, şəhid ailəsi statusu verildiyini, bu prinsipial məsələ üzrə qərar qəbul edən şəxslərin, şəhid olmuş oğulun ruhuna şübhəsiz ki, böyük sayğısızlıq göstərdiklərini, bu gün şəhid oğul tərəfindən qəbul edilməyən şəxsə şəhid ailəsi kimi imtiyazlar verilməsinin şəhid ruhuna hörmətsizlik olduğunu, şəhid Səhman Musayevə münasibətdə şəhid ailəsi kimi imtiyaza malik olan 2 şəxsdən birinin, yəni atasının tam maddi və mənəvi hüququ olan, digərinin isə buna heç bir hüququ olmayan şəxs olduğunu qeyd etmişdir.

Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətlərinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin etibarnamə üzrə nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1787/2024 saylı qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdi.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X8 və onun onun nümayəndəsi (vəkil) Vəkil2 verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1787/2024 saylı qərarının ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etdilər. Üçüncü şəxs X8 əlavə olaraq bildirdi ki, şəhid Salman Musayevin atasıdır. Göygöl Rayon Məhkəməsinin qanuni qüvvədə olan qətnaməsinə əsasən iddiaçı ilə nikahları pozularkən şəhid övladını himayəsində saxlayan, tərbiyyə edən və böyüdən valideyin olduğunu bildirdi. Göygöl Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə şəhid ailəsi kimi mənzil uçotuna alındığını bildirərək qeyd etdi ki, keçmiş həyat yoldaşı İddiaçı şəhid olan övladına baxmamış, uşaqlar onun himayəsində böyümüşlər. Həmçinin göstərdi ki, şəhid ailəsinin üzvü kimi özü və İddiaçı mənzil növbəsinə alınmışlar. Sədirlik edənin suallarına cavab olaraq bildirdi ki, İddiaçı mənzil verilməsinə etirazı yoxdur. Ancaq onlara bir ev verilərsə orada İddiaçı ilə yaşaması qeyri-mümkündür. Bu səbəbdən də onun özünə də ayrıca mənzil verilməsini xahiş etdi.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətlərinin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1787/2024 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.

28. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

29. Mənzil Məcəlləsi: Maddə 4. Mənzil hüququnun həyata keçirilməsi üçün şəraitin təmin edilməsi 4.0. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir; Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması ... 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra –uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 56.5. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi vətəndaşlara onların yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamaqla verilməlidir.

30. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun: Maddə 4. Şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır.

31. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.

2. Yerli icra hakimiyyəti orqanları: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər;

32. Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli, 459 nömrəli Qərarı: Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları: 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

3. Şəhidin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hüquqları 3.2. Şəhid ailəsi statusunu almış ailə üzvlərinə qanunvericiliklə müəyyən edilmiş təminatlar (güzəştlər) aşağıdakı qaydada verilir; 3.2.16. mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar;

34. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamı: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014- cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin.

35. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

37. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

38. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

39. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

40. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

41. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

42. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

43. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

44. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

45. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

46. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

47. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apelyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. İşin məhkəmələr tərəfindən araşdırılan hallarından bəlli olur ki, iddiaçı və üçüncü şəxs arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. İddiaçı və üçüncü şəxsin birgə nikahdan olan övladları mərhum X11 xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı şəhid olmuşdur. Bundan sonra şəhid X5 qanun üzrə vərəsəsi anası İddiaçı xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər İcra Hakimiyyətində, digər qanun üzrə vərəsəsi X8 isə xx.xx.2021-ci il tarixdə Göygöl Rayon İcra Hakimiyyətində şəhid ailəsi üzvi kimi güzəştli mənzil növbəsinə qəbul edilmişlər. Həmin sərəncamlar hazırda qüvvədədir, ləğv edilməmişdir. Buna görə də iddiaçının şəhid X5 ailə üzvü kimi mənzillə təmin olunmaq hüququ vardır.

51. Qanunvericilik normalarının tələblərindən göründüyü kimi, şəhid ailələrinin Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin kateqoriyaya aid olan uçota alınmış şəxslər barədə məlumatı yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir və Nazirliyin Sosial Xidmətlər Agentliyi də həmin şəxslərin mənzillə təmin edilməsini həyata keçirir. İddiaçı şəhid ailəsi kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış və bu barədə məlumat Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir. Yuxarıda istinad olunan normalara əsasən iddiaçının yaşayış sahəsi ilə təmin edilməsi üçün bütün şərtlər mövcuddur.

52. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, cavabdeh orqan iddiaçının müraciətinə müsbət cavab verməsə də, müraciətin təmin edilməsindən imtinasını heç bir əsasla əsaslandırmamışdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi güzəştli mənzil növbəsinə qəbul edilməsi barədə sərəncam ləğv edilməmiş, etibarsız hesab edilməmiş, hazırda qüvvədədir. Bundan başqa, həmin sənədlər geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan sərəncamlara etimad göstərərək həmin sənədlərin məzmununa uyğun davranmışdır. Öz növbəsində iddiaçının şəxsin güzəştli mənzil növbəsindən çıxarılması barədə hər hansı bir qərar qəbul edilməmişdir.

53. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, iddiaçı mənzil şəratini yaxşılaşdırmağa ehtiyacı olan şəxs hesab olunur və o, sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsini tələb etmək hüququndan məhrum olunmamalıdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası qanununun 4-cü maddəsinin tələblərindən də göründüyü kimi, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinin mənzillə təmin edilməsi şəxsin şəhid olması faktından irəli gəlir və məqsəd şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasından sonra onun ailəsinin maddi təminatının yaxşılaşdırılmasıdır. Digər tərəfdən, onun yaşayış sahəsi ilə təmin edilməsi cavabdehin apellyasiya şikayətinin dəlillərində qeyd etdiyi kimi digər şəxslərin hüquqlarının həçminə təsir etmir və onun realizə edilməsinə mane olmur.

54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

55. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayətləri təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1787/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar