Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-622/2024 28.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023- cü il tarixli, 2-1(114)-1238/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, son üç ildə (vəzifə maaşı qədər əlavə müavinət) əmək haqqında olan artım nəzərə alınmaqla, xx.xx.2021-ci il tarixdən onun ümumi xəstəliklərlə bağlı İİ qrup əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2023cü il tarixli ərizə ünvanlayaraq, xx.xx.2021-ci il tarixdən onun ümumi xəstəliklərlə bağlı İİ qrup əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhər Prokurorluğunda prokuror köməkçisi vəzifəsində işləyərkən 2006-cı ilin aprel-may ayında kəskin ürək tutması ilə bağlı X1 xəstəxanasında stasionar müalicə olunmuş, Ağstafa rayon prokurorluğunda prokuror köməkçisi işlədiyi dövrdə, yəni xx.xx.2008-ci il tarixdə rayon prokurorun tapşırığı ilə Ağstafa rayon Polis şöbəsinin Müvəqqəti saxlama təcridxanasında yoxlama apararkən huşunu itirərək, koma vəziyyətində həkim briqadası tərəfindən Ağstafa rayon mərkəzi xəstəxanasına aparılmış və 01 iyul 2008-ci il tarixdən, 11 iyul 2008-ci il tarixə kimi stationar müalicə olunmuşdur. Bütün bunlardan sonra səhətində heç bir müsbət dəyişiklik olmamışdır. Səhhətindəki problemlərlə bağlı TTY xəstəxanasının həkimləri mütəmadi olaraq xidməti iş otağında ona tibbi yardım göstərmişlər. Baş Prokurorun xx.xx.2012-ci il tarixli əmri ilə ilə “Prokurorluq haqqında” Qanunun 33-cü maddəsinin 7-ci hissəsinin, 7-ci bəndi, 34-cü maddəsinin 3 və 9-cu bəndələrini, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanununun 26.17-ci maddəsinə əsasən prokurorluq orqanlarından xaric edilmişdir. O, əlilliklə bağlı pensiyaya çıxdığı zaman İİ mərhələ hipertoniya və həm də stenokardiya xəstəsi olmuş, İİ dərəcə hipertonik və kəskin ürək çatışmamazlığı stenokardiya ilə bağlı 2012-ci ilin iyun ayının 26-dan 2-ci qrup əlil kimi pensiyaya çıxmışdır. Əlilliyi Bakı şəhərindən gəlmiş TSEK-in həkimləri müəyyən etmişdir. Pensiyaya çıxdıqdan sonra 2013-cü ildə ürək infarktı keçirtmiş, həkimlərin tövsiyyəsi ilə Gəncə Kardioloji xəstəxanası təxminən 7 km uzaqda yerləşdiyindən, X1 xəstəxanası isə evindən təxminən 300 metr məsafədə olduğundan X1 xəstəxanasında stasionar müalicə olunmuşdur. 5 ildir ki, İİ tip şəkərli diabet xəstəsidir. 2018-ci ildə əvvəlcə X1 xəstəxanasında, sonra isə Gəncə Kardioloji xəstəxanada stasionar müalicə olunmuşdur. 2020-ci ilin oktyabr ayında beyin insult keçirtdiyindən X1 xəstəxanasında stasionar müalicə olunmuşdur. Axırıncı dəfə 19 aprel 2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixə kimi Gəncə şəhəri Kardiloji xəstəxanasında stationar müalicə olunmuşdur. Gəncə şəhəri Kardioloji xəstəxanasının göndərişi əsasında o Bakı şəhəri Akademik C.Abdullayev adına ElmiTədqiqat Kardiologiya institunda xx.xx.2021-ci ildə həkim müayinəsindən keçmiş ona İİİ dərəcə hipertonik diaqnozu qoyulmuşdur. Odur ki, hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsini iddia etmək məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1238/2023 saylı qərarı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2021-ci il tarixdən onun ümumi xəstəliklərlə bağlı İİ qrup əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan 03 iyun 2023-cü il tarixli, T 354/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı hazırda “UİX. Gərginlik stenokardiyasıı F.S.İnfarktdan sonrakı kardioskleroz. Aorta və tac damarların aterosklerozu. Hipertoniya xəstəliyi İİ mərhələ İV risk amili. Şəkərli diabet İİ tip, ağır forma, insulindən asılı vəziyyət. Diabetik nefropatiya. Ağırlaşma: Qan dövranı çatmamazlığı İİİ f/s.” diaqnozundakı xəstəliklərdən əziyyət çəkir. Həmin xəstəliklər şəxsin xx.xx.2023-cü il tarixdə KTM-in poliklinika söbəsində aparılmış EKQ və Exo-KQ müayinələrin nəticələri ilə bir daha təsdiq olunur. Yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, lakin xəstəliklər kəskinləşərkən ağırlığından asılı olaraq ambulator, yaxud stasionar müalicəyə cəlb oluna bilər. Sözügedən rəydən də görünür ki, iddiaçının səhhətində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkarlanmamışdır. Bundan əlavə məhkəmə iddiaçının tələbinin “xx.xx.2021-ci il tarixdən onun ümumi xəstəliklərlə bağlı İİ qrup əlillik dərəcəsinin bərpa edilməsi” hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, bir halda ki, cavabdeh qurumun iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtinası haqlı olmuşdur, iddiaçıya mövcud olmayan əlilliyin bərpa edilməsindən söhbət gedə bilməz. Belə ki, iddiaçının həmin tələbi də əsaslı olmadığından təmin edilməməlidir. İddiaçı həmin qərarın dəlilləri ilə razılaşmayıb apellyasiya şikayəti verərək xx.xx.2023-cü il tarixli, 2-1(114)-1238/2023 saylı qərarın ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından aydın olur ki, məhkəmə araşdırması zamanı məhkəmə iş materiallarındakı sübut xarakterli tibbi sənədlərə, eləcə də canlı şəxsin məhkəmə ekspertizası rəyində göstərilənlərə deyil, məhkəmə iclaslarına bir dəfə də gəlib iştirak etməyən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin nümayəndəsinin inzibati işə əlavə olunmuş imtinasına əsaslanıb qanunsuz qərar çıxarmışdır. Məhkəmə qərar qəbul edərkən iddiaçı kimi onun göstərdiklərini, inzibati işə əlavə olunmuş tibbi sənədlərini, eləcə də 03 iyun 2023-cü il tarixli, T 354/2023 nömrəli ekspert rəyində göstərilən xəstəliklərini, yəni “ÜİX. Gərginlik stenokardiyası İİİ F.S.İnfarktdan sonrakı kardioskleroz. Aorta və tac damarların aterosklerozu. Hipertoniya xəstəliyi İİ mərhələ İV risk amili. Şəkəri diabet İİ tip, ağır forma, insulindən asılı vəziyyət. Diabetik nefropatiya. Ağırlaşma: Qan dövranı çatışmazlığı İİİ fs.” Diaqnozundakı xəstəliklərindən əziyyət çəkdiyini, həmin xəstəliklərinin xx.xx.2023-cü il tarixdə KTM-in poliklinika şöbəsində aparılmış EKQ və Exo-KQ müayinələrin nəticəsi ilə bir daha təsdiq olunduğunu, ürəyinin fəaliyyətinin 35 faiz təşkil etdiyini, ürəyin arxa və ön divarlarında çatların olduğunu, hazırda da həkim nəzarətində olmaqla müalicəsini mütəmadi davam etdirdiyini nəzərə almadan, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin, “İnsan hüquqları haqqında” Ümumi Bəyənnamənin 25-ci maddəsinin 1ci bəndinin, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsinin tələblərini kobud şəkildə pozaraq işin faktiki hallarına uyğun olmayan qanunsuz və əsassız qərar qəbul etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəmə kollegiyasına ərizə təqdim edərək, iddia tələbinə dəqiqləşmə edərək 30 iyun 2021-ci il tarixdən ümumi xəstəliklə bağlı ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2-1(104)-231/2024 nömrəli qərarı ilə (hakimlər: R.Mamedov – sədrlik edən və məruzəçi, A.İsgəndərova və A.Bayramov) apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək İddiaçı xx.xx.2021-ci il tarixdən ümumi xəstəliklə bağlı ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya xx.xx.2012-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il tarixlərdə 1 il müddətinə ikinci dərəcəli, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş və xx.xx.2015-ci il, xx.xx.2016-cı il tarixlərdə əlillik dərəcələrinin verilməsinə əsas olmuş diaqnozda göstərilən xəstəliyin beynəlxalq təsnifatında qeyd edilən indekslə 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndində göstərilən İ25 indeksilə eynilik təşkil edir. Qeyd olunan xəstəliklərdən iddiaçının əziyyət çəkməsi iş materialları ilə tam sübuta yetirilir. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2024-cü il tarixli, 2-1(104)-1775/2024 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2- 1(104)-231/2024 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia müddətinə iddiaçı tərəfindən əməl olunub-olunmadığını apellyasiya instansiyası məhkəməsi araşdırmamışdır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh nüməyəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçı əlavə olaraq göstərdi ki, ona əlilliyin müəyyən edilməsi ilə bağlı imtina cavabı verildikdən sonra xx.xx.2021-ci il tarixdə ayrıayrılıqda yaşa görə əmək pensiyasının təyin edilməsinə dair iddia ərizəsi və ümumi xəstəliklə bağlı İİ qrup əlillik dərəcəsinin müəyyən edilməsinə dair iddialarla məhkəməyə müraciət etmiş. birinci iddia tələbi təmin edildiyinə görə ikinci iddiasını geri götürmüş, ona görə də sonuncu tələb üzrə iddiası ilə bağlı iş üzrə icraata xitam verilmişdir. Lakin təmin olunmuş iddiası üzrə qərardan verilmiş şikayət əsasında işə baxmış apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin etməmiş, kassasiya instansiyası məhkəməsi isə apellyasiya instansiyası məhkəməsinin müvafiq qərarını dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçınınm izahatını dinləyib, Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin mümkün sayılmamasına dair qərardad çıxarılmalıdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-476/2022 saylı qərardadından görünür ki, İddiaçı məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixdən onun ümumi xəstəliklərlə bağlı İİ qrup əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin sonradan ərizə təqdim edərək sənədlərinin geri qaytarılmasını xahiş etdiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılaraq iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümükün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakılara görə razılaşmır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilən hüquq normasının mənasından göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir və yalnız bu kimi hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2012, xx.xx.2014, xx.xx.2015-ci il tarixlərdə “ümumi xəstəlik” səbəbi ilə bir il müddətinə ikinci dərəcəli əlillik, xx.xx.2016-cı il tarixdə “ümumi xəstəlik” səbəbi ilə beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması, xəstəyə E.T.K.İ-da müayinə və müalicə olunmaq tövsiyə olunmaqla imtina edilmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi mümkünlük şərtlərinə cavab vermədiyinə görə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 1238/2023 saylı qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32, 35, 38, 81, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023- cü il tarixli, 2-1(114)-1238/2023 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-622/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-622/2024
28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver