Məhkəmə qərarları › İş №2-1(104)-623/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-623/2023

13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-623/2023 13.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “Aylıq müavinətin bərpa olunması, dayandırıldığı vaxtdan hazırki vaxta qədər ödənilməmiş müavinətin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1781/2023 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: “Nikahın pozulması haqqında” xx.xx.2005-ci il tarixli, AZ-İ 037809 nömrəli şəhadətnamənin surətindən görünür ki, X2 ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. xx.xx.2004-cü il tarixli, AA seriyalı, 099532 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkün statusu var. Kəlbəcər rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, M-51-073 nömrəli məktubundan görünür ki, iddiaçı məcburi köçkün statusu olmayan şəxsə ərə getdiyinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş « Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən vahid aylıq müavinətin ödənilməsi Qaydası »nın 2.4 maddəsinə uyğun olaraq ona verilən vahid aylıq müavinətin ödənişinin dayandırılmışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Kəlbəcər rayon İcra Hakimiyyətinə qarşı aylıq müavinətin bərpa edilməsi, aylıq müavinətin dayandırıldığı vaxtdan hazırki vaxta qədər ödənilməmiş məbləğinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1983-cü ildə Kəlbəcər rayonu Xözərək kəndində anadan olmuşdur. Kəkbəcər rayonundan məcburi köçkün düşdükdən sonra Goranboy rayonunda məskunlaşmış və xx.xx.2003-cü ildə məcburi köçkün olmayan Gəncə şəhəri sakini ilə qurmuşdur. xx.xx.2004-cü ildə nikahları pozulmuşdur.İddiaçı hazırki tələblə cavabdehə dəfələrlə müraciət etsə də cavabdeh əsassız bəhanələr gətirərək onun yemək xərci pulunun ödənilməsindən imtina etmişdir. Qeyd olunanlarla əsasən cavabdehin hərəkətlərini qanunsuz və əsassız hesab edir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(114)-1781/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1781/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd olunan qanunvericilik normalarından göründüyü kimi; "məcburi köçkün" statusu olmayıb, "məcburi köçkün" statusu olan şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə yemək xərci üçün aylıq müavinət verilməməsi nəzərdə tutulmuşdur. Hazırkı mübahisə üzrə iddiaçının yemək xərci üçün aylıq müavinət alan zaman sözügedən Təlimat qüvvədə olduğundan, hazırki münasibətlərə də həmin dövrün qanunvericilik aktları tətbiq edilməlidir. Başqa sözlə iddiaçıya həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş aylıq müavinətin ona ödənilməsi həmin dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur və işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən iddiaçıya verilən vahid aylıq müavinətin ödənilməsinin dayandırılması qanuni deyildir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraz qeydləri ilə eynilik təşkil etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və səbəblərini bildirməmişlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq olunan hüquq: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4 İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 87.1. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş şikayətin surətini digər proses iştirakçılarına göndərir, proses iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır, qərarın qəbul edilməsi üçün zəruri olan digər müvafiq tədbirləri görür. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərardadı: 1.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin tələblərinə riayət edilməklə adi və ya zəruri cəlbetmə qaydasında icraatda iştiraka cəlb edilmiş üçüncü şəxslər məhkəmə aktlarını İPM-in 81.2 və 90.2-ci maddələrinə uyğun olaraq müstəqil qaydada mübahisələndirmək hüququna malikdirlər.

2. Məhkəmələr tərəfindən inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə etmək hüquqları ilə bağlı məsələlər həll edilərkən bu Qərardadda müəyyən edilmiş hüquqi mövqelər rəhbər tutulmalıdır”.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, ilkin olaraq inzibati iş üzrə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə hüquqi əsasın mövcudluğu və tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü araşdırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli ümumi qərardadı ilə inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair məhkəmə təcrübəsinin vahidliyini təmin etməyə yönəlmiş hüquqi mövqelər formalaşdırılmışdır. Həmin qərardadda Ali Məhkəmənin İnzibati Kollegiyası özünün aşağıdakı hüquqi mövqelərini bildirmişdir: “ ........”69. Beləliklə, İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir. İPM-in 90.2-ci maddəsində də inzibati məhkəmələrin qərar və qərardadlarından verilmiş apellyasiya şikayətlərində, apellyasiya instansiyası məhkəməsi işə birinci instansiya məhkəməsi qismində baxdığı hallarda isə, iddia ərizələrində (ərizələrdə) ifadə olunmuş tələblərin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığı hallarda, apellyasiya şikayəti vermiş şəxsin və iddiaçının (ərizəçinin) məhkəmə aktlarından kassasiya şikayəti vermək imkanları aşkar tənzimlənmişdir. Apellyasiya icraatının digər iştirakçılarına münasibətdə isə, bu Qərardadın 69-cu bəndində nəzərdə tutulmuş prinsip rəhbər tutulmalıdır. Üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyünə dair məsələlər həll edilərkən bu Qərardadda göstərilən hüquqi mövqelər nəzərə alınmalı, üçüncü şəxsin əslində istər adi, istərsə də zəruri cəlbetmə qaydasında icraata ümumiyyətlə cəlb edilməli olmadığı müəyyən edildikdə həmin şəxsin şikayəti üzrə apellyasiya və ya kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir. Ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır. Əgər məhkəmə qərarının çıxarılmasından sonra həmin qərar əsasında yaradılmış statusdan irəli gələrək dövlət büdcəsindən müəyyən birdəfəlik və ya davamlı ödəmələr aparılmalı olduğu vəziyyəti yaranırsa (məsələn, müxtəlif müavinətlərin, təqaüdlərin, pensiyaların, kompensasiyaların ödənilməsi və s.), bu halda, çıxarılmış məhkəmə qərarları həmin ödəmələri etməli olan orqanların hüquqi maraqlarına toxunmur. İcra hakimiyyətinin vahidliyi prinsipinin tələbinə görə eyni hakimiyyət qolu tərkibində olan ödəmələri həyata keçirən digər icra hakimiyyəti orqanları hüquqi statusun özünün yaranması məsələsini təftiş etmək və mübahisələndirmək hüququna malik deyillər. Həmin orqanların vəzifəsi müvafiq hüquqi status yarandıqdan sonra ondan irəli gələn ödəmələri həyata keçirməkdir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Ona görə də, məhkəmə qərarı icraatda iştirak edən inzibati orqan üçün məcburi olmaqla bərabər, eyni zamanda, həmin hakimiyyət qoluna aid olan digər suveren hakimiyyət daşıyıcılarının (orqanların) da bu qərara münasibətdə davranışını müəyyən etməlidir. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına əsassız olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur. Kollegiya qanunvericiliyin tələblərini nəzərə almaqla qeyd edir ki, məsələn, şəxsə müharibə veteranı adının, şəhid ailəsi statusunun və ya pensiya təyin edilməsi üçün müvafiq təminat xərcliyinin verilməsi səlahiyyəti bu sahədə qanunvericiliklə müəyyənləşdirilmiş müvafiq orqanlara məxsusdur. İcra hakimiyyətinin vahidliyi pinsipindən irəli gələn həmin hakimiyyət qoluna daxil olan orqanların fəaliyyətinin təşkilinin ümumi qaydasına görə məhz həmin orqanlar şəxsin müvafiq statusunu (məsələn, müharibə veteranı, şəhid ailəsi, işsiz və s.) tanımaq səlahiyyətinə malikdirlər. Onlar tərəfindən verilmiş qərarlar maraqlı şəxslərə müvafiq status qazandırır. “İnzibati icraat haqqında” Qanuna görə sözügedən orqanlar bu qaydada statusu müəyyən edən qərarlar qəbul edərkən daha sonra həmin statusdan irəli gələrək hansısa ödəmələr həyata keçirməli olan digər orqanları bununla bağlı apardıqları inzibati icraata məcburi qaydada cəlb etmək öhdəlikləri daşımırlar. Çünki həmin icraatda həll edilməli olan məsələ müstəsna olaraq statusun özünün yaranıbyaranmadığı halına qiymət verilməsidir. Bu məsələyə qiymət vermək üçün isə ödəməni həyata keçirəcək olan digər orqanın icraatda iştirakı tələb olunmur. Müvafiq olaraq ödəmələri həyata keçirən orqanlar da statusu müəyyən edən orqanın qərarını məhkəmə qaydasında mübahisələndirmək hüququna malik deyillər. İnzibati orqan statusu müəyyən edən qərar verməkdən imtina etdikdə maraqlı şəxs həmin orqanın qərar və hərəkətini (hərəkətsizliyini) məhkəmə qaydasında mübahisələndirə bilər. Bu halda, məhkəmədə işə baxılarkən həll edilməli olan məsələni, yenə də inzibati icraatın özündə olduğu kimi statusun yaranıb-yaranmadığı məsələsinə qanunvericiliyin tələbləri baxımından qiymət verilməsini təşkil edir. İnzibati icraatda tətbiq edilən eyni hüquqi yanaşmanın davamı olaraq ödəməni həyata keçirməli olan digər orqanların həmin işə baxılması zamanı məhkəmə icraatında qanunla qorunan maraqlarına toxunan şəxslər kimi qəbul edilmələri istisna olunur. Çünki çıxarılacaq məhkəmə qərarı ödəməni həyata keçirməli olan həmin orqanların hüquqi maraqlarına toxunmur.......” Məhkəmə kollegiyası mübahisəyə 17 fevral 2022-ci il tarixli qərardadın kontekstində qiymət verərək vurğulayır ki, iş materiallarına əsasən, Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin göndərdiyi siyahı əsasında 24 yanvar 2017-ci il tarixdən etibarən iddiaçının ailəsinə ödənilən vahid aylıq müavinət dayandırılmışdır. Bundan sonra, iddiaçının müraciəti əsasında birinci instansiya məhkəməsi tərəfindən müavinətinin bərpa edilməsi, aylıq müavinətin dayandırıldığı vaxtdan hazırkı vaxta qədər ödənilməmiş məbləğinin hesablanaraq ona ödənilməsi öhdəliyinin məhz Kəlbəcər rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin hazırkı mübahisə üzrə ümumiyyətlə məhkəmə icaatına üçüncü şəxs qismindlə cəlb edilməsi üçün əsaslar mövcud olmamışdır, birinci instansiya məhkəməsi tərəfindən ona münasibətdə cəlbetmə məsələsi düzgün həll edilməmişdir. Çünki qəbul ediləcək məhkəmə qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli ümumi qərardadında ətraflı şərh olunmuş səbəblərə görə onun qanunla qorunan maraqlarına toxunma vəziyyəti yaratmır. Müvafiq olaraq Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti o vaxt mümkün sayıla bilərdi ki, məhkəmə qərarı ilə məhz onun hüquqlarına dair məsələ yenə onun ziyanına həll edilmiş olsun. Belə bir vəziyyət hazırkı işdə mövcud olmadığı üçün Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə dair Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1781/2023 nömrəli qərardadı ləğv edilməli, apellyasiya şikayəti mümkün sayılmamalı və qəbulundan imtina edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 28, 81,83,87-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1781/2023 nömrəli qərardadı ləğv edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1781/2023 nömrəli qərarından Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər: Azər Bayramov, Rəşad Mammedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar