Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-625/2024 02.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Faxrəddin qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, «əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1279/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatlara əsasən İddiaçı xx.xx.2013-cü il, xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixdən bir il müddətinə, xx.xx.2016-cı il tarixdən isə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Dioqnozun mətni:- Üzvi mənşəli şəxsiyyət pozuntusu, Keçirilmiş KBT-nin dayanıqlı qalıq əlamətləri, tez-tez baş verən polimorf tipli qıcolma tutmaları, nəzərə çarpan psixopatobənzər davranış, özünə qəsd cəhdləri ilə. Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfndən xx.xx.2021-ci il tarixdə İddiaçı “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri. Qıcolma tutmaları, davranış pozuntuları ilə” diaqnozu təyin edilmiş və əlavə müayinəyə ehtiyacın olması (Səbəb: Son 5 (beş) ildə stasionar müayinə və müalicəsi yetərli deyil. Sənədlərdə göstərilən diaqnoza əsasən xəstəyə RPX-da ixtisaslaşmış müayinə və müalicə məsləhət görülür) səbəbi ilə əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. xx.xx.2022-ci il tarixdə “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Üzvi mənşəli həyəcan pozuntusu” diaqnozu təyin edilmiş və əlavə müayinəyə ehtiyacın olması (Səbəb: 2010-cu ildən xəstə olmasına baxmayaraq 2021-ci ilə kimi stasionar müalicəsi yoxdur) səbəbi ilə əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı “Əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Yanaşı xəstəliklər F06.4 Üzvi mənşəli həyəcan pozuntusu” diaqnozu təyin edilmiş və diaqnozun öz təsdiqini tapmaması (Səbəb: Xəstənin adı SN-nin pulsuz dərman alan ruhi xəstələrin reyestrində qeydə alınmayıb) səbəbi ilə əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. “X8”-nın 1974-cü il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixli Kompyuterli EEQ müayinəsində qeyd edilmişdir ki, Nəticə beyin qabığının oyanıqlığı ilə yanaşı tənzimləyici xarakterli pozulma qeyd edilir. Hər iki yarımkürənin qanla təchizi pozulmuşdur. HV-ya vaxtı orta strukturanın diensefal səviyyədə qıcıqlanması müşahidə olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin stasionar xəstəlik tarixindən çıxarış vərəqəsində qeyd edilmişdir ki, özünə qapanma halları tez-tez baş verən qıcolma tutmaları qeyd olunur. Tutma baş verən zaman yeriməyində çətinliklər yaranır. Maraqları məhduddur, yaddaşı zəifdir.İntelekti bir qədər geridir. Emosional reaksiyaları adekvat deyil. Təfəkkürü primitivdir. Əhval-ruhiyyəsi çox aşağıdır. Şəxsiyyəti dəyişkəndir. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli X1 Protokolunda qeyd edilmişdir ki, 1974-cü il təvəllüdlü İddiaçı Diensefal strukturların qeyri spesifik disfunksiyası üzərində billoteral – sinxron yavaş dalğalar fonunda mərkəzi təpə-alın paylarının mediobazal hissəsində paroksizmal meyllik aşkar olunur. Baş beyin qıcıqlanmaya meyllidir. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 03/932 nömrəli məktubunda qeyd edilmişdir ki, 1974-cü il təvəllüdlü İddiaçı diaqnoz: “üzvi mənşəli şəxsiyyət pozuntusu. Keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri. Tez-tez baş verən polimorf tipli qıcolma tutmaları nəzərə çarpan psixopatabənzər davranış özünə qəsd cəhdləri ilə” müayinə və müalicə olunması üçün Gəncə şəhəri Psixiatriya Xəstəxanasına göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məktubu ilə müəyyən olunur ki, xx.xx.2013-cü il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdən bir il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdən isə 5 il müddətinə ikinci qrup əlilliyə görə sosial müavinət təyin edilmiş və ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi və daha sonra tələbinin dəqiqləşməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 25 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi və ona göndərişin imzalandığı 15 avqust 2023-cü il tarixindən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddətdir keçirmiş olduğu kəllə beyin travmasının dayanıqlı vəziyyəti, tez-tez baş verən polimorf tipli qıc olma tutulmaları, nəzərə çarpacaq dərəcədə davranış özünə qəsd cəhdləri xəstəliyindən əziyyət çəkir. Ona xx.xx.2013-cü il tarixində ikinci qrup əlillik dərəcəsi təyin olunmasına baxmayaraq, sonradan təyin olunmuş əlillik dərəcəsi ləğv edilmişdir. Üç ildir ki, xəstəxanalarda stasionar müalicə olunmağına baxmayaraq keçirmiş olduğu kəllə beyin travmasının dayanıqlı vəziyyəti, tez-tez baş verən polimorf tipli qıc olma tutmaları, nəzərə çarpacaq dərəcədə davranış özünə qəsd cəhdləri xəstəliyi sağalmır. Dəfələrlə elektron daşıyıcı vasitəsi ilə əlillik dərəcəsi təyin olunması üçün cavabdehə müraciət etmiş müraciətindən imtina edilmişdir. O hesab edir ki, cavabdeh inzibati orqanın ona əlillik dərəcəsinin təyin olunmasından imtinası əsassızdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən göndərilmiş etirazda qeyd edilmişdir ki, Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə eyni zamanda Şəxsiyyət pozuntuları zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi aşağıdakılara əsaslanır: şəxsiyyətin koqnitiv, emosional, davranış və şəxslər arası sahədə anomaliyalarının təzahür dərəcəsi; uşaq, yeniyetmə və ya yetkin yaşlarda şəxsiyyətin anomaliyalarının başlanması; dekompensasiya vəziyyətinin tezliyi və davametmə müddəti; kompensasiya dövründə adaptasiya imkanları; sosial təhlükəli davranışların ağırlığı və tezliyi (ətrafdakılara qarşı qanunazidd və ya aqresiv davranışlar və intihar cəhdləri); intellektin inkişafı və öz davranışına tənqid dərəcəsi. Müalicəvi və reabilitasiya müdaxilələrinin effektliliyi. Yuxarıda sadalanan halların iddiaçıda hansı dərəcədə olubolmaması üçün əyani müayinə qərardadı qəbul edilməsi və iddianın təmin olunmaması xahiş edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1279/2024 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya dair göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2–ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz aralığında pozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir. Hətta cavabdeh orqanın xx.xx.2014-cü il tarixli, xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli müayinəsinin nəticəsində də İddiaçı əyani müayinəsi zamanı diaqnozunun mətni “üzvi mənşəli şəxsiyyət pozuntusu. Keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri. Tez-tez baş verən polimorf tipli qıcolma tutmaları nəzərə çarpan psixopatabənzər davranış özünə qəsd cəhdləri ilə” qeyd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmununda qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən bildirmişdir ki, cavabdeh orqan tərəfindən məhkəməyə daxil olan xx.xx.2023-cü il tarixli etiraz məktubunda üzvi mənşəli şəxsiyyət psixi pozuntu əsaslarının iddiaçıda hansı dərəcədə olub-olmaması üçün əyani müayinə qərardadı qəbul edilməsini xahiş etsə də, həmin cümlənin ardı ilə gələn son cümlədə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir ki, bu da cavabdehin etirazının ziddiyyətli olmasına əsas verir. Halbuki, cavabdeh orqan tərəfindən iddiaçıya 2013-cü il tarixdən təyin edilən əlillik dərəcəsi ikinci dərəcə olmuş və bütün illərdə ikinci dərəcə əlillik dərəcəsi təyin edilən zaman diaqnozun mətnində “psixopatabənzər davranış, özünə qəsd cəhdləri” qeyd olunmuşdur ki, bu da iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində (həmin bənddə də tez-tez kəskinləşən psixotik epizodlar və təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri) əsasən ikinci dərəcə əlillik təyinatına əsas verir. Məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib-vermədiyini aşkara çıxarmaq məqsədi ilə əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmiş və ekspertiza təyin edilməmiş, şəxsin əyani müayinə edilməsi məqsədilə aralıq qərardadın qəbul edilməsi üçün etirazda qeyd edilən vəsatətlə məhkəməyə müraciət edilməsi heç də iddia tələbinin rədd edilməsini tələb etmək hüququna zidd deyildir. Belə ki, obyektiv həqiqətin müəyyən edilməsi məqsədi ilə iş üzrə aralıq qərardad qəbul edilərək şəxs əyani müayinəyə cəlb edilməli və ekspertiza təyin edilməli idi. Məhkəmə sırf əvəllər şəxsə əlillik verilməsi səbəbindən ona hazırkı dövrdə də əlillik təyin edilməsi kimi səhv nəticəyə gəlmişdir. Belə ki, sağlamlıq dəyişkən prosesdir, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarıxli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskression səlahiyyətinə əsassız müdaxilə etmişdir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etiraz ərizəsi daxil olmamışdır. c) tərəflərin izahatları İş üzrə şifahi məhkəmə baxışı iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 65-80 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 7.6.2.2. Məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti 65-80%; 2 il. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarına əsasən müəyyən edilir ki, İddiaçı Faxrəddin qızına cavabdeh orqan tərəfindən “Keçirilmiş kəllə-beyin travmasının dayanıqlı qalıq əlmətləri tez-tez baş verən polimorf tipli qıc olma tutmaları nəzərəçarpan psixopatabənzər davranış özünə qəsd cəhdləri” diaqnozu ilə xx.xx.2013-cü il tarixdən etibarən bir il müddətinə, xx.xx.2014-cü il tarixdən etibarən eyni səbəbli əlaqə ilə bir il müddətinə, xx.xx.2015-ci il tarixdən bir il müddətinə, xx.xx.2016-cı il tarixdən isə 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. İddiaçının əlillik vəziyyətinə X3 xx.xx.2023-cü il tarixli, İ00101465RAF nömrəli göndərişi əsasında baxılmış və xx.xx.2021-ci il tarixdə “X2: V Sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları => F00 – F09 – Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 – Baş beynin xəstəliyi, zədələnməsi və ya disgunksiyası nəticəsi..; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri. Qıcolma tutmaları, davranış pozuntuları ilə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Səbəb: Son 5 (beş) ildə stasionar müayinə və müalicəsi yetərli deyil. Sənədlərdə göstərilən diaqnoza əsasən xəstəyə RPX-da ixtisaslaşmış müayinə və müalicə məsləhət görülür səbəbi ilə, xx.xx.2022-ci il tarixdə eyni diaqnozla, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: 2010-cu ildən xəstə olmasına baxmayaraq 2021-ci ilə kimi stasionar müalicəsi yoxdur səbəbi ilə, xx.xx.2023-cü il tarixdə isə eyni diaqnoz ilə Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Xəstənin adı SN-nin pulsuz dərman alan ruhi xəstələrin reyestrində qeydə alınmayıb səbəbi ilə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Göründüyü kimi sonuncu imtina, yəni diaqnoz öz təsdiqini tapmamasına dair qəbul edilmiş inzibаti akt yalnız xəstənin adının Səhiyyə Nazirliyinin pulsuz dərman alan ruhi xəstələrin Reyestrində qeydə alınmaması ilə əsaslandırılmış, iddiaçıya aid göndərişdə qeyd olunan xəstəliyin onda aşkar edilməməsinə dair heç bir əsaslandırılma və ya təkzibedici dəlillər qeyd olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bu imtina, yəni iddiaçının adının pulsuz dərman alan şəxslərin reyestrində olmaması ona əlilliyin təyin edilməsindən imtina əsası kimi müəyyən edilməmişdir. Şəxs barəsində tərtib olunmuş göndərişdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd olunan xəstəliyin olması ona əlilliyin təyin edilməsinə əsas yaradır. Cavabdeh inzibati orqan təqdim etdiyi apellyasiya şikayətində bildirmişdir ki, birinci instansiya məhkəməsi diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib-verməməsini düzgün araşdırmamış və məhkəmə sırf əvvəllər şəxsə əlillik verilməsi səbəbindən ona hazırki dövrdə də əlillik təyin edilməsi kimi səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. İddiaçının əlilliyinin qiymətləndirilməsi üçün X7 tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş göndərişlə müəyyən olunur ki, İddiaçı Faxrəddin qızı “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə X6 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, eyni diaqnoz ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, eyni diaqnoz ilə X4 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, eyni diaqnoz ilə X4 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, eyni diaqnoz ilə X6 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müalicələrdə olmuşdur. Əsas diaqnoz - F07.0 – Üzvi mənşəli həyəcan pozuntusu, Yanaşı xəstəliklər – F06.4 – Üzvi mənşəli həyəcan pozuntusu iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur. Həmin xəstəliklər iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 65-80 faiz aralığında pozulması ilə əlaqədar ona əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu – F07.0 kod ilə qeyd edilmiş, qiymətləndirmə 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti 65-80 faiz, 2 il əks olunmuşdur. Göründüyü kimi, iddiaçının göndərişdə əks olunmuş diaqnozlar üzrə orqanizminin funksiyalarının pozulması 65-80 faiz aralığındadır və bu da iddiaçıya əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının faktiki sağlamlıq vəziyyətinin müayinə aktları və digər tibbi sənədlər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, eyni zamanda qiymətləndirmə nəticəsində müəyyən olunmuş diaqnozların şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan diaqnozlara uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iddiaçının əyani müayinəsi üçün aralıq qərardad qəbul etməməsi və müvafiq ekspertiza təyin etməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu yöndən qiymət verilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İnzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsaslarını, prinsiplərini və prosedur qaydalarını, məhz “İnzibati icraat haqqında” Qanun müəyyən edir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə yalnız bu Qanunun tələbləri çərçivəsində hərəkət etməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir. Beləliklə, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən yuxarıda qeyd edilən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan sözügedən diskresion səlahiyyətindən istifadə edərkən qanunun tələblərini gözləməli, mütənasiblik, qanunçuluq, qanun qarşısında bərabərlik və məqsədəuyğunluq kimi prinsiplərə riayət etməlidir. Burada qeyd etmək lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. İnzibati orqan diskresion səlahiyyətindən istifadə edərək qərar qəbul etdikdə, məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini yoxlayır. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalı, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1279/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov
Məhkəmə qərarları › İş №2-1(104)-625/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-625/2024
02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver