Məhkəmə qərarları › İş №2-1(104)-627/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-627/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-627/2025 14.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-571/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə torpaq sahəsinin boşaldılması ilə bağlı etdiyi müraciətə cavab olaraq sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli, 3-18/2-M-30xx-xx/2023 nömrəli məktubla bildirilmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 18 iyun 2007- ci il tarixli, 53 nömrəli sərəncamı ilə Gəncə-Bakı avtomobil yolunun sağ tərəfində 37,0 ha torpaq sahəsi Fövqəladə Hallar Nazirliyinin qurumlarının fəaliyyətinin təşkili üçün ayrılmış və həmin torpaq sahəsinin hüdudlarında nazirliyin qurumları yerləşdirilmişdir.

İşdə olan sənədlər:

2. Gəncə şəhər X4 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 6 nömrəli protokolqərarına əsasən “AKFES”-in Dostluq filialına tikinti üçün Mexanizasiya idarəsinin qərb tərəfi ünvanında yerləşən 3 ha torpaq sahəsi ayrılmışdır.

3. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-64 nömrəli qətnaməsi ilə yuxarıda qeyd edilən ərazidə yarımçıq tikililərə 18.5; 10.5; 25 kv.m ölçülü otaqlara, 15 kv.m ölçülü göstərici otağına, 360 kv.m ölçülü mağazaya, 140 və 282 kv.m ölçülü 2 anbara, 135 kv.m ölçülü fermaya mülkiyyət hüququnun X2 verilməsi qət edilmişdir.

4. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2-64 nömrəli qətnaməsi və icra vərəqəsi əsasında X2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Yevlax şossesi, Mexanizasiya idarəsinin qərb tərəfi ünvanda yerləşən **********57-12301 reyestr nömrəli əmlak kompleksinə dair xx.xx.2012-ci il tarixdə 13925 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Texniki pasportda torpağın faktiki ölçüsü 30008,0 kv.m, o cümlədən əsas tikili altındakı torpağın ölçüsü 746,8 kv.m, digər tikili və qurğular altında torpağın ölçüsü 320,7 kv.m göstərilmişdir.

5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Cavabdehnə xx.xx.2007-ci il tarixdə 14/xx-xx/03749 nömrəli məktub ünvanlanaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 və Mülki Müdafiə qoşunlarının hərbi hissəsinin fəaliyyətini təmin etmək məqsədilə, Gəncə şəhəri ərazisində, Gəncə-Bakı şossesinin 700 metrliyində, yolun sağ kənarında yerləşən 37,0 hektar torpaq sahəsinin Fövqəladə Hallar Nazirliyinin daimi istifadəsinə verilməsi məsələsinə baxılması xahiş edilmişdir.

6. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 53 nömrəli sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin X6 tikintisi və Mülki Müdafiə qoşunlarının hərbi hissəsinin fəaliyyətinin təmin edilməsi üçün Gəncə-Bakı avtomobil yolunun sağ tərəfində 37,0 ha torpaq sahəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ayrılmışdır.

7. Gəncə şəhəri, Kəpəz rayonu, Yevlax şossesi, Mexanizasiya idarəsinin qərb tərəfində yerləşən dövlət mülkiyyətində olan 0,0747 ha torpaq sahəsi üzərindəki **********57-12301 reyestr nömrəli 596,6 kv.m ölçüdə əmlak kompleksi üzərində X1 xüsusi mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

8. Gəncə şəhər 6 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-155 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Yevlax şossesi, Mexanizasiya idarəsinin qərb tərəfi ünvanda yerləşən, ümumi sahəsi 596,6 kv.m olan əmlak kompleksi kimi müəssisə və yerləşdiyi istifadədə olan 0,0747 ha torpaq sahəsindən X3 ümumi sahəsi 596,6 kv.m olan əmlak kompleksini İddiaçı satmışdır.

9. Gəncə şəhəri, Kəpəz rayonu – Yevlax şossesi, Mexanizasiya idarəsinin qərb tərəfində yerləşən dövlət mülkiyyətində olan 0,0747 ha torpaq sahəsi üzərindəki **********57-12301 reyestr nömrəli 596,6 kv.m ölçüdə əmlak kompleksi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-5342/2025 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********57-12301 reyestr nömrəli, xx.xx.2023- cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı istifadəsində olan dövlət mülkiyyətinə aid 0.0747 ha torpaq sahəsi üzərində yerləşən xüsusi mülkiyyətində olan 596.6 kv.m tikililər tam hissədə, Elektron kadastr sistemi məlumatlarına istinadən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə qoşunlarının hissəsi olaraq göstərilən torpaq sahəsilə üst-üstə düşdüyü müəyyən edildi. - **********57-12301 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı istifadəsində olan dövlət mülkiyyətinə aid 0.0747 ha torpaq sahəsi, həmin çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 596.6 kv.m olan tikililərdən ibarət əmlak kompleksinin altında yerləşən torpaq sahəsidir ki, həmin 596.6 kv.m tikililər, 0.0747 ha torpaq sahəsi üzərində yerləşir. - **********57-12301 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı istifadəsində olan dövlət mülkiyyətinə aid 0.0747 ha torpaq sahəsi üzərində yerləşən xüsusi mülkiyyətində olan 596.6 kv.m tikililər tam hissədə, Elektron kadastr sistemi məlumatlarına istinadən Fövqəladə Hallar Nazirliyinin Mülkü Müdafiə qoşunlarının hissəsi olaraq göstərilən torpaq sahəsinin hüdudları daxilindədir. Qeyd olunur ki, sözügedən əmlak kompleksinə dair X1 adına qeydə alınmış xx.xx.2012-ci il tarixli texniki pasport sənədində göstərilən D-literli gözətçi otağı (tikili altı sahə 19.5 kv.m) və l-nömrəli artezian quyusunun (34.6 kv.m sahə) yerləşdiyi torpaq sahəsi, faktiki olaraq Fövqəladə Hallar Nazirliyinin Mülkü Müdafiə qoşunlarının hissəsi tərəfindən daş hasarla hasarlanmış sahənin hüdudları daxilində, digər tikililər isə daş hasarın hüdudlarından kənarda, yəni iddiaçının öz faktiki istifadəsində yerləsir. Qeyd olunur ki, iddiaçının naturada təqdim etdiyi faktiki istifadəsində olan torpaq sahəsi 1.0172 ha təşkil edir.

Birinci instansiya məhkəməsində icraat:

11. İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhər İcra Hakimiyyətinin başçısının 18 iyun 2007-ci il tarixli, 53 saylı sərəncamının ləğvi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Yevlax şosesi, Mexanizasiya İdarəsinin qərb tərəfində yerləşən 596.6 kv.m daşınmaz əmlak onun mülkiyyətindədir və həmin əmlakın yerləşdiyi 30008.0 kv.m torpaq sahəsində onun istifadə hüququ qeydə alınmışdır. Belə ki, qeyd olunan əmlak X2 ayrılarkən ümumi sahəsi də 30008.0 kv.m təşkil edirdi. Bununla bağlı həmin torpaq sahəsi və üzərində olan tikiliyə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən reyestr nömrəsi **********57- 12301 olan 29 avqust 2012-ci il tarixli daşınmaz əmlakın texniki pasportu işlənmiş və həmin texniki pasportda da faktiki istifadədə olan torpaq sahəsi 30008.0 kv.m kimi qeydə alınmışdır. Buna baxmayaraq bir neçə ildir ki, həmin torpaq sahəsinin 2.30 ha hissəsi, kompleksin qonşuluğunda dislokasiya olunan və cavabdeh tərəfindən Nazirliyin tabeliyində olan mülki müdafiə qoşunlarının N saylı hərbi hissəsi tərəfindən zəbt edilərək metal setka ilə çəpərlənmişdir. O, dəfələrlə cavabdehdən onlar tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsinin və tikililərin boşaldılmasını xahiş edilsə də, onlar daşınmaz əmlakı və torpaq sahəsini boşaltmaqdan imtina edirlər. Bununla da cavabdeh onun tikililər üzərində olan mülkiyyət hüququnu və torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqularını kobud şəkildə pozur. Cavabdeh müraciətə cavabında bildirir ki, qeyd olunan ərazidə olan torpaq sahəsi Gəncə şəhər İcra Hakimiyyəti başçısının 18 iyun 2007-ci il tarixli, 53 saylı sərəncamı ilə Gəncə-Bakı avtomobil yolunun sağ tərəfində 37.0 ha torpaq sahəsi cavabdeh Fövqəlada Hallar Nazirliyinin fəaliyyətinin təşkili üçün ayrılmış və həmin torpaq sahəsinin hüdudlarında nazirliyin qurumları yerləşdirilmişdir. Qeyd olunanlarla bağlı məhkəmədən kənar qaydada mübahisənin həlli baş tutmadığından məhkəməyə müraciət etmək məcburiyyətindədir.

13. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.

15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-571/2025 nömrəli qərardadı ilə (hakim Z.Quliyev) iddia mümkün sayılmamışdır.

16. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, iddiaçıya məxsus çıxarışda torpaq sahəsinin ölçüsü 0,0747 ha göstərilmişdir. Həmin torpaq sahəsi üzərindəki əmlak kompleksini iddiaçıya satan şəxsin də daşınmaz əmlakın dövlət reyestrindəki qeydində 0,0747 ha torpaq sahəsi qeyd olunmuşdur. Həmin şəxs də, məhz 3 ha deyil, 0,0747 ha torpaq sahəsi üzərində yerləşən əmlak kompleksini iddiaçıya satmışdır. Belə olan halda iddiaçının məhz həmin torpaq sahəsi ilə bağlı hər hansı hüququnun pozulmasından bəhs edilə bilməz. Bu səbəbdən, onun həmin torpaq sahəsi ilə bağlı öz adından məhkəmədə iddia qaldırmaq hüququ istisna olunur. Digər tərəfdən, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-571/2025 nömrəli qərardadının ləğv edilməsinə və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd olunmuşdur ki, iddia müddəti ötürüldüyü halda müddətin bərpası ilə bağlı ərizə təqdim etməsi üçün məhkəmə tərəfindən ona məlumat verilməli idi.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

19. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

22. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan,şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. İşin halları ilə müəyyən edilir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 53 nömrəli sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin X6 tikintisi və Mülki Müdafiə qoşunlarının hərbi hissəsinin fəaliyyətinin təmin edilməsi üçün Gəncə-Bakı avtomobil yolunun sağ tərəfində 37,0 ha torpaq sahəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ayrılmışdır.

25. Gəncə şəhər 6 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-155 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Yevlax şossesi, Mexanizasiya idarəsinin qərb tərəfi ünvanda yerləşən, ümumi sahəsi 596,6 kv.m olan əmlak kompleksi kimi müəssisə və yerləşdiyi istifadədə olan 0,0747 ha torpaq sahəsindən X3 özünə məxsus ümumi sahəsi 596,6 kv.m olan əmlak kompleksini İddiaçı satmış, bununla bağlı sonuncunun adına xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır.

26. Hazırki tələbdə iddiaçı Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 53 nömrəli sərəncamının ləğv edilməsini xahiş etmiş, tələbini mülkiyyətində olan 596.6 kv.m daşınmaz əmlakın yerləşdiyi 3 ha torpaq sahəsində onun istifadə hüququnun qeydə alınması ilə əsaslandırmış, belə ki, həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçi X2 ayrılarkən də ümumi sahəsinin 3 ha olmasına istinad etmişdir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

28. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

29. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.

30. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır

31. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.”

32. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırki işdə iddiaçının ilk növbədə mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən üçüncü şəxsə verilməsi ilə bağlı müvafiq sərəncamı mübahisələndirmək üçün həmin torpaq sahəsinə dair hüququ olmalıdır ki, cavabdeh orqanın hərəkətləri nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.

33. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, Kəpəz rayonu – Yevlax şossesi, Mexanizasiya idarəsinin qərb tərəfində yerləşən, dövlət mülkiyyətində olan və iddiaçının istifadəsində olan 0,0747 ha torpaq sahəsi üzərindəki **********57-12301 reyestr nömrəli 596,6 kv.m ölçüdə əmlak kompleksi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur (səh.18).

34. Göründüyü kimi iddiaçıya məxsus çıxarışda xüsusi mülkiyyətində olan torpaq sahəsinin ölçüsü 0,0747 ha olaraq göstərilmişdir. Həmin torpaq sahəsi üzərində yerləşən əmlak kompleksini iddiaçıya satan X1 da daşınmaz əmlakın dövlət reyestrindəki qeydində xüsusi mülkiyyəti olaraq 0,0747 ha torpaq sahəsi qeyd olunmuşdur. Həmin şəxs də, məhz 3 ha deyil, 0,0747 ha torpaq sahəsi üzərində yerləşən əmlak kompleksini iddiaçıya satmışdır.

35. Belə ki, Gəncə şəhər 6 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-155 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Yevlax şossesi, Mexanizasiya idarəsinin qərb tərəfi ünvanda yerləşən, ümumi sahəsi 596,6 kv.m olan əmlak kompleksi kimi müəssisə və yerləşdiyi istifadədə olan 0,0747 ha torpaq sahəsindən X3 ümumi sahəsi 596,6 kv.m olan əmlak kompleksini İddiaçı satmışdır.

36. Alqı-satqı müqaviləsindən də görünür ki, torpaq sahəsinin əvvəlki mülkiyyətçisi X3 İddiaçı istifadəsində olan 3 ha torpaq sahəsini deyil, yalnız öz xüsusi mülkiyyətindəki ümumi sahəsi 596,6 kv.m olan əmlak kompleksi kimi müəssisə və yerləşdiyi istifadədə olan 0,0747 ha torpaq sahəsini satmışdır.

37. Belə olan halda iddiaçının mübahisəli torpaq sahəsinin əvvəlki mülkiyyətçisi X2 ayrılarkən də ümumi sahəsinin 3 ha olmasına istinad etməklə özünün (iddiaçının) xüsusi mülkiyyətində olan 596.6 kv.m daşınmaz əmlakın yerləşdiyi 3 ha torpaq sahəsində onun istifadə hüququnun qeydə alınmasını bildirməsi və bu əsasla da Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 53 nömrəli sərəncamının ləğv edilməsini tələb etməsi onun həmin torpaq sahəsi ilə bağlı hər hansı subyektiv hüquqa malik olmaması səbəbindən mümkünsüzdür.

38. Beləliklə, hazırkı mübahisəyə münasibətdə iddiaçının ləğv edilməsini tələb etdiyi sərəncamla üçüncü şəxsə verilmiş torpaq sahəsinə hər hansı hüququnun mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur və bu baxımdan hazırkı məzmunda iddia qaldırmağa iddiaçının subyektiv hüququ mövcud deyildir. Belə ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

39. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-571/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar