Məhkəmə qərarları › İş №2-1(104)-63/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-63/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-63/2024 12.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs X6) qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X1, üçüncü şəxs X2 iştirakları ilə, “fərdi yaşayış evinə dövlət reyestrindən verilmiş çıxarışda düzəliş edilərək yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-291/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Ağdam Rayon Məhkəməsinin 2-660/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən mərhum X3 miras qalmış Ağdam rayon Evoğlu kəndində yerləşən 0.20 ha torpaq sahəsi və 1985-ci ildə tikilmiş ümumi sahəsi 24 kv.m, yaşayış sahəsi 24 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə X2 mülkiyyət hüququ tanınmışdır.

2. 9530 inventar nömrəli, xx.xx.2010-cu il tarixli Texniki pasportdan görünür ki, Ağdam rayon Evoğlu kəndində yerləşən X4 məxsus fərdi yaşayış evinin ümumi sahəsi 134.0 kv.m qeyd olunmuşdur.

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, MA sriyalı ******* nömrəli çıxarışa əsasən Ağdam rayonu, Evoğlu kəndində 0.24 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 24 kv.m olan fərdi yaşayış evi X2 xüsusi mülkiyyət, 0,24 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla istifadə hüququ qeydiyyata alınmışdır.

4. Ağdam Rayon Məhkəməsinin 2(13)-1635/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, Ağdam rayonu, Evoğlu kəndində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 1 mətbəx və hamam-taletdən ibarət olan kürsülü yaşayış evi X6 və İddiaçı arasında bərabər şəkildə bölünmüşdür.

5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 mart 2017-ci il tarixli, 2(104)-681/2017 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin 2(13)-1635/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, Ağdam rayonu Evoğlu kəndində yerləşən ümumi sahəsi 24 kv metr olan 2 otaqlı fərdi yaşayış evinin ½ hissəsinə İddiaçı payı müəyyən edilmişdir.

6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********29-10301 reyestr nömrəli çıxarışa əsasən Ağdam rayonu, Evoğlu kəndində 0.24 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 24 kv.m olan fərdi yaşayış evi X6 və İddiaçı hər birinin ½ -hissə payı müəyyən edilməklə xüsusi mülkiyyətlərindədir.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin:

8. xx.xx.2022-ci il tarixli, **********91 nömərli məktubundan görünür ki, Ağdam rayonu Evoğlu kəndində yerləşən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış paylı mülkiyətdə olan fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədlərə əsasən qeydiyyata alınmış sənəd üzrə olan hissəsi 24.0 kvm, faktiki olaraq ümumi sahəsi isə 134.0 kvm-dir.

9. xx.xx.2022-ci il tarixli, **********34 nömərli məktubundan görünür ki, Ağdam rayonu Evoğlu kəndində yerləşən fərdi yaşayış evinə dövlət reyestrindən verilmiş çıxarışda düzəliş edilərək yeni çıxarışın verilməsi barədə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İmtina məktubunda qeyd olunmuşdur ki, Ağdam rayonu Evoğlu kəndində yerləşən ümumi sahəsi 24 kv metr olan, yaşayış sahəsi 24 kv metr olan fərdi yaşayış evi üzərində X2 mülkiyyət hüquqları tam olaraq 29 dekabr 2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Ağdam Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2- 660/2010 nömrəli, 14 oktyabr 2010-cu il tarixli qətnaməsi əsasında qeydiyyata alınmışdır. Sözügedən qətnamədə fərdi yaşayış evinin ümumi sahəsi 24 kv metr olan, yaşayış sahəsi 24 kv metr kimi qeyd olunmuşdur. Hüquqların dövlət qeydiyyatı zamanı torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd əsas təqdim edilmədiyi üçün torpaq sahəsi faktiki olaraq mülkiyyət hüququnu təsdiq edən sənəd əsas təqdim edilmədiyi üçün torpaq sahəsi faktiki olaraq 0,24 ha göstərilməklə bələdiyyə istifadə kimi qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evi üzərində iddiaçının və X2 mülkiyyət hüquqları Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-681/2017 nömrəli 30 mart 2017-ci il tarixli qətnaməsi əsasında ½ hissə ilə xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydiyyata alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-681/2017 nömrəli 30 mart 2017-ci il tarixli qətnaməsində də Ağdam rayonu Evoğlu kəndində yerləşən ümumi sahəsi 24 kv metr olan iki otaqlı fərdi yaşayış evinin ½ hissəsinə X5 payı müəyyən edilmişdir.

10. 18 sentyabr 2023-cü il tarixli, 3-21-3-46/2-4032/2023 nömrəli məktubu ilə təqdim edilən ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi zamanı tərtib olunan texniki pasportdan görünür ki, Ağdam rayonu Evoğlu kəndində hüquq subyekti X4 məxsus fərdi yaşayış evinin ümumi sahəsi 134 kv.metrdir.

11. 09 mart 2024 nömrəli, 3-21-3-46/2-1454/2024 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunur ki, inventar nömrəsi 9530, xx.xx.2010-cu ildə tərtib edilən Texniki pasportda qeyd olunan ümumi sahəsi 134.0 kv.m ( tikinti altı sahəsi 158.8 kv.m ) olan fərdi yaşayış evi xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********50- 10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X6 və İddiaçı paylı mülkiyyəti kimi qeydə alınan Ağdam rayonu, Evoğlu kəndində yerləşən faktiki tikinti altı sahəsi 158.8 kv.m olan fərdi yaşayış evi 0.20 ha torpaq sahəsinin üzərində yerləşir. Yuxarıda qeyd edilənlər rəyə əlavə edilmiş sxemdə öz əksini tapmışdır. İnventar nömrəsi 9530, xx.xx.2010-cu ildə tərtib edilən Texniki pasportda qeyd olunan ümumi sahəsi 134.0 kv.m olan fərdi yaşayış evi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. 23.11,2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********50-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X6 və İddiaçı paylı mülkiyyəti kimi qeydə alınan Ağdam rayonu, Evoğlu kəndində yerləşən 0.20 ha torpaq sahəsinin üzərində tikinti altı sahəsi 50.1 kv.m olan açıq eyvan, tikinti altı sahəsi 103.2 kv.m (təsərrüfat damı), 38.5 kv.m( təsərrüfat damı),68.8 kv.m( Talvar) və 3.6 kv.m ( ayaqyolu ) olan köməkçi tikililər mövcuddur. Yuxarıda qeyd edilənlər rəyə əlavə edilmiş sxemdə öz əksini tapmışdır.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/657 nömrəli, 09 aprel 2024-cü il tarixli ekspert rəyində qeyd olunur ki, 3-16- 16/2-10/657 nömrəli, 09 aprel 2024-cü il tarixli ekspert rəyinə əsasən inventar nömrəsi 9530, xx.xx.2010-cu ildə tərtib edilən texniki pasportda qeyd olunan ümumi sahəsi 134.0 kv.m plan fərdi yaşayış evi texniki pasportun məlumatlarına uyğun gəldiyi müəyyən edilir. Lakin tədqiq olunan yaşayış evinin xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı təqdim olunmadığından və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinin rəyi təqdim olmadığından X6 və X5 paylı mülkiyyəti kimi qeydə alınan Ağdam rayonu Evoğlu kəndiridə yerləşən 0.2 ha torpaq sahəsinin üzərində yerləşib-yerləşməməsini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Ağdam rayonu, Evoğlu kəndində yerləşən yaşayış evinin texniki pasportun məlumatları ilə yaşayış evinin faktiki mövcud vəziyyəti ilə müqayisə aparıldığı zaman tikililərin sahələrinin və təyinatlarının texniki pasportun məlumatlarına uyğun gəldiyini nəzərə alaraq həmin tikilinin yuxarıda göstərilən inşaat və tikinti normalarına uyğun inşa olunduğu müəyyən edilir. Yuxarıda göstəriləndən nəzərə alaraq, inventar nömrəsi 9530, xx.xx.2010-cu ildə tərtib edilən texniki pasportda qeyd olunan ümumi sahəsi 134.0 kv.m olan fərdi yaşayış evinin tikinti norma və qaydalarına uyğun inşa olunduğu müəyyən edilir. Ağdam rayonu, Evoğlu kəndində yerləşən mübahisəli torpaq sahəsinin daxilində texniki pasportun məlumatlarında öz əksini tapmayan eni 5,30 m uzunluğu 7,30 m hündürlüyü isə 3,20 m olan ümümi sahəsi 38,7 m2 (5,30x7,30) m təşkil edən mişar daşından inşa olunmuş tikilinin yerləşdiyi müəyyən edilir. Lakin tədqiq olunan yaşayış evinin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********50-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı təqdim olunmadığından və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinin rəyi təqdim olmadığından X6 və X5 paylı mülkiyyəti kimi qeydə alınan Ağdam rayonu Evoğlu kəndində yerləşən 0.2 ha torpaq sahəsinin daxilində əlavə tikililərin inşa olunub-olunmamasını dəqiqliklə müəyyən etmək mümkün olmadı. Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********29-10301 reyestr nömrəli çıxarışda düzəliş edilərək Ağdam rayonu, Evoğlu kəndində yerləşən fərdi yaşayış evinin çıxarışında daşınmaz əmlakın ümumi sahəsi “134 kv.m” qeyd olunmaqla Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ağdam Rayon Məhkəməsinə müraciət edərək birgə nikah dövründə əldə etdiyi əmlakların bölgüsünü tələb etmiş, Ağdam rayonu, Evoğlu kəndində yerləşən ümumi sahəsi 24.0 kv.m olan 2 otaqlı fərdi yaşayış evi Ağdam Rayon Məhkəməsinin 2(13)-1635/2016 saylı qətnaməsi ilə aralarında bölünmüşdür. Hazırda həmin mənzilin ½ pay hüququ ona məxsusdur. Ağdam Rayon Məhkəməsinin 2(13)-1635/2016 saylı qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(104)-681/2017 saylı qətnaməsi ilə evə münasibətdə dəyişdirilməmişdir. ½ pay hüququ iddiaçıya məxsus Ağdam rayonu, Evoğlu kəndində yerləşən ümumi sahəsi 24.0 kv.m olan 2 otaqlı fərdi yaşayış evi faktiki olaraq çıxarışda göstərilən evlə eynilik təşkil etmir. Belə ki, ev birgə nikah dövründə inşa edilmişdir və heç vaxt 24 kv.m olmamışdır. Həmin evin naturada bölgüsü ilə bağlı mülki işə baxılarkən ona məlum olmuşdur ki, ev texniki posportda və çıxarışda düzgün qeyd edilməmişdir. Bu səbəbdən iddiaçı cavabdehə çıxarışındakı yanlışlıqların düzəldilməsini xahiş etsə də ona yalnız evin real vəziyyəti barədə cavab verilmiş, yanlışlıqlar aradan qaldırılmamışdır. AR ƏMDK DƏDKRX 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli 9530 inventar nömrəli sübutdan da göründüyü kimi sənəd üzrə torpaq sahəsi 0.24 ha, açıq eyvan 8.2 kv.m, giriş otağı 24, yaşayış otağı 29.6, yaşayış otağı 30.3 hamam 5.8 mətbəx 14.5 giriş otağı 21.6 kv.metrdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş imtinadan da göründüyü kimi paylı mülkiyyətdə olan ev faktiki olaraq 134 kv.m-dir. Bundan əlavə evi əldə etməmişdən qabaqkı mülkiyyətçinin sənədlərindən də göründüyü kimi heç vaxt 24 kv.m olmamışdır. Lakin cavabdeh heç bir əsas olmadan çıxarışda bunları düzgün qeydiyyata alınmamış, həmin çıxarışda daşınmaz əmlakın ümumi sahəsi “24 kv.m”, torpaq sahəsinin mülkiyyət növü- “bələdiyyə”, torpaq sahəsi üzərində hüququn növü "istifadə", torpaq sahəsinin ölçüsü (hektarla) isə 0.24 göstərilmişdir. Bütün bu uyğunsuzluqların aradan qaldırılması üçün DƏDRX-in Yevlax şəhər Ərazi İdarəsinə müraciət etsə də, uyğunsuzluğu aradan qaldırmaqdan imtina etmişdir.

15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-291/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilməmişdir.

16. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(102)-7891/2017 nömrəli qərarının məzmunundan görünür ki, iddiaçı Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Ağdam rayonu Evoğlu kəndində yerləşən ev ilkin qeydiyyat olaraq üçüncü şəxsin mülkiyyətinə Ağdam Rayon Məhkəməsinin qətnaməsi əsasında xx.xx.2010-cu il tarixdə verilmiş və qətnamədə həcmi 24 kv.m göstərilmişdir. Çıxarış verilərkən tərtib edilmiş xx.xx.2010-cu il tarixli Texniki pasportda evin ümumi sahəsi 134 kv.m göstərilsə də, evin həcmi qətnaməyə uyğun olaraq 24 kv.m qeydə alınmışdır. Odur ki, hazırda əlavə tikililər barədə müvafiq icazə və layihə sənədləri mövcud olmadığı halda evin sahəsinin daşınmaz əmlakın dövlət reyestrində 134 kv.m göstərilməsi ilə bağlı iddiaçının tələbi hüquqi nəticə etibarilə qanunsuz tikilinin rəsmiləşdirilməsinə xidmət edir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-291/2023 nömrəli tarixli qərarının ləğv olunmasını, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

19. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, mübahisəli evi üçüncü şəxslə birgə nigah dövründə inşa etmişlər. Hazırda üçüncü şəxs həmin evə onu buraxmır. Mübahisəli evin sahəsi düzgün qeydə alınmamışdır. Belə ki, çıxarışda evin sahəsi 24 kv.m olsada, faktiki 135 kv.m-dir. Tələbi çıxarışın faktiki istifadəyə uyğun dəyişdirilməsidir.

21. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, apellyasiya şikayətinə etiraz edir, belə ki, hüquqlar qətnamə əsasında qeydə alınmışdır. Hazırda isə tikilinin lahiyə sənədləri təqdim olunmadığından fərdi yaşayış evininin faktiki sahəyə uyğun qeydə alınması mümkün deyildir. Ona görə də birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir.

22. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X6 izahat verərək qeyd etdi ki, o, evi iddiaçı ilə nikah dövründə Sahibdən notarius qaydasında alqı-satqı ilə almışdır. Hazırda evdə oğlu ilə birlikdə yaşayır və fərdi yaşayış evinin 134 kv.m olaraq qeydiyyata alınmasına etiraz etmir.

Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

24. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.

26. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

27. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməlidir.

29. İşin hallarından görünür ki, İddiaçı və üçüncü şəxs X6 nikahda olmuşlar və Ağdam Rayon Məhkəməsinin 2-660/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə mərhum X3 miras qalmış Ağdam rayon Evoğlu kəndində yerləşən 0.20 ha torpaq sahəsi və 1985-ci ildə tikilmiş ümumi sahəsi 24 kv.m, yaşayış sahəsi 24 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə X2 mülkiyyət hüququ tanınmış, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, MA sriyalı ******* nömrəli çıxarışa əsasən 0.24 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 24 kv.m olan fərdi yaşayış evi X2 xüsusi mülkiyyəti, 0,24 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla istifadə hüququ qeydiyyata alınmışdır. Həmçinin 9530 inventar nömrəli, xx.xx.2010-cu il tarixli Texniki pasporta əsasən Ağdam rayon Evoğlu kəndində yerləşən X4 məxsus fərdi yaşayış evinin ümumi sahəsi 134.0 kv.m qeyd olunmuşdur. Daha sonra Ağdam Rayon Məhkəməsinin 2(13)-1635/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Ağdam rayonu, Evoğlu kəndində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 1 mətbəx və hamam-taletdən ibarət olan kürsülü yaşayış evi X6 və İddiaçı arasında bərabər şəkildə bölünmüş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 mart 2017-ci il tarixli, 2(104)-681/2017 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin 2(13)-1635/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, Ağdam rayonu Evoğlu kəndində yerləşən ümumi sahəsi 24 kv metr olan 2 otaqlı fərdi yaşayış evinin ½ hissəsinə İddiaçı payı müəyyən edilmişdir.

30. Bundan sonra hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********29-10301 reyestr nömrəli çıxarışla Ağdam rayonu, Evoğlu kəndində 0.24 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 24 kv.m olan fərdi yaşayış evi X6 və İddiaçı hər birinin ½-hissə payı müəyyən edilməklə xüsusi mülkiyyətləri kimi qeydə alınmışdır.

31. Hazırki tələb ilə İddiaçı qeyd edilən çıxarışı mübahisələndirərək birgə mülkiyyətlərində olan fərdi yaşayış evinin 24 kv.m deyil, 134 kv.m olmasını iddia etmiş, çıxarış üzrə fərdi yaşayış evinə dair aparılmış qeydiyyatın dəyişdirilməsi xahiş etmişdir.

32. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Döclət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********34 nömərli məktubundan görünür ki, Ağdam rayonu Evoğlu kəndində yerləşən fərdi yaşayış evinə dövlət reyestrindən verilmiş çıxarışda düzəliş edilərək yeni çıxarışın verilməsi barədə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, Ağdam rayonu Evoğlu kəndində yerləşən ümumi sahəsi 24 kv metr olan, yaşayış sahəsi 24 kv metr olan fərdi yaşayış evi üzərində X2 mülkiyyət hüquqları tam olaraq 29 dekabr 2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Ağdam Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2- 660/2010 nömrəli, 14 oktyabr 2010-cu il tarixli qətnaməsi əsasında qeydiyyata alınmışdır. Sözügedən qətnamədə fərdi yaşayış evinin ümumi sahəsi 24 kv metr olan, yaşayış sahəsi 24 kv metr kimi qeyd olunmuşdur. Hüquqların dövlət qeydiyyatı zamanı torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd əsas təqdim edilmədiyi üçün torpaq sahəsi faktiki olaraq mülkiyyət hüququnu təsdiq edən sənəd əsas təqdim edilmədiyi üçün torpaq sahəsi faktiki olaraq 0,24 ha göstərilməklə bələdiyyə istifadə kimi qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evi üzərində iddiaçının və X2 mülkiyyət hüquqları Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-681/2017 nömrəli 30 mart 2017-ci il tarixli qətnaməsi əsasında ½ hissə ilə xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydiyyata alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-681/2017 nömrəli 30 mart 2017-ci il tarixli qətnaməsində də Ağdam rayonu Evoğlu kəndində yerləşən ümumi sahəsi 24 kv metr olan iki otaqlı fərdi yaşayış evinin ½ hissəsinə X5 payı müəyyən edilmişdir.

33. Birinci instansiya məhkəməsi inzibati orqanın imtina dəlillərini əsaslı hesab edərək iddia tələbini rədd etmişdir.

34. Məhkəmə tərkibi iş materiallarında olan sənədləri və hazırda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçı və üçüncü şəxsin xüsusi mülkiyyətinin qeydə alınmasına əsaslanaraq hesab edir ki, iddia tələbinə məhkəmə tərəfindən düzgün qiymət verilməmiş, İPM-in 12-ci maddəsinə əsasən işin faktiki halları kifayət qədər araşdırılmamışdır.

35. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin;

36. xx.xx.2022-ci il tarixli, **********91 nömərli məktubundan görünür ki, Ağdam rayonu Evoğlu kəndində yerləşən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış paylı mülkiyətdə olan fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədlərə əsasən qeydiyyata alınmış sənəd üzrə olan hissəsi 24.0 kvm, faktiki olaraq ümumi sahəsi isə 134.0 kvm-dir.

37. 18 sentyabr 2023-cü il tarixli, 3-21-3-46/2-4032/2023 nömrəli məktubu ilə təqdim edilən ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi zamanı tərtib olunan texniki pasportdan görünür ki, Ağdam rayonu Evoğlu kəndində hüquq subyekti X4 məxsus fərdi yaşayış evinin ümumi sahəsi 134 kv.metrdir.

38. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Ağdam rayonu, Evoğlu kəndində yerləşən ümumi sahəsi 24 kv.m olan fərdi yaşayış evi və 0,2 ha torpaq sahəsi üzərində ½ X6 və ½ İddiaçı xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır.

39. Göründüyü kimi məhkəmə araşdırılması zamanı inzibati orqan tərəfindən Ağdam Rayon Məhkəməsinin 2-660/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi tam icra olunaraq həm fərdi yaşayış evi, həm də 0,2 ha torpaq sahəsi üzərində iddiaçı və üçüncü şəxsin mülkiyyət hüququ qeydiyyata alınmışdır.

40. Belə ki, işdə olan sənədlərdən məlum olur ki, məhz inzibati orqan tərəfindən 2010-ci il üzrə hüquqlar qeydə alınarkən səhvə yol verilmiş və adıçəkilən qətnamə üzrə hüquqlar düzgün qeydə alınmamışdır. Hazırda qeyd olunan halla aradan qalxmışdır.

41. Məhkəmə kollegiyasına təqdim olunan 09 mart 2024 nömrəli, 3-21-3-46/2- 1454/2024 nömrəli mütəxəssis rəyində qeyd edilir ki, inventar nömrəsi 9530, xx.xx.2010cu ildə tərtib edilən Texniki pasportda qeyd olunan ümumi sahəsi 134.0 kv.m ( tikinti altı sahəsi 158.8 kv.m ) olan fərdi yaşayış evi xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********50- 10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X6 və İddiaçı paylı mülkiyyəti kimi qeydə alınan Ağdam rayonu, Evoğlu kəndində yerləşən faktiki tikinti altı sahəsi 158.8 kv.m olan fərdi yaşayış evi 0.20 ha torpaq sahəsinin üzərində yerləşir. Yuxarıda qeyd edilənlər rəyə əlavə edilmiş sxemdə öz əksini tapmışdır. İnventar nömrəsi 9530, xx.xx.2010-cu ildə tərtib edilən Texniki pasportda qeyd olunan ümumi sahəsi 134.0 kv.m olan fərdi yaşayış evi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. 23.11,2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********50-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X6 və İddiaçı paylı mülkiyyəti kimi qeydə alınan Ağdam rayonu, Evoğlu kəndində yerləşən 0.20 ha torpaq sahəsinin üzərində tikinti altı sahəsi 50.1 kv.m olan açıq eyvan, tikinti altı sahəsi 103.2 kv.m (təsərrüfat damı), 38.5 kv.m( təsərrüfat damı), 68.8 kv.m( Talvar) və 3.6 kv.m (ayaqyolu) olan köməkçi tikililər mövcuddur. Yuxarıda qeyd edilənlər rəyə əlavə edilmiş sxemdə öz əksini tapmışdır.

42. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/657 nömrəli, 09 aprel 2024-cü il tarixli ekspert rəyində qeyd olunur ki, inventar nömrəsi 9530, xx.xx.2010-cu ildə tərtib edilən texniki pasportda qeyd olunan ümumi sahəsi 134.0 kv.m plan fərdi yaşayış evi texniki pasportun məlumatlarına uyğun gəldiyi müəyyən edilir. Lakin tədqiq olunan yaşayış evinin xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı təqdim olunmadığından və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinin rəyi təqdim olmadığından X6 və X5 paylı mülkiyyəti kimi qeydə alınan Ağdam rayonu Evoğlu kəndiridə yerləşən 0.2 ha torpaq sahəsinin üzərində yerləşib- yerləşməməsini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Ağdam rayonu, Evoğlu kəndində yerləşən yaşayış evinin texniki pasportun məlumatları ilə yaşayış evinin faktiki mövcud vəziyyəti ilə müqayisə aparıldığı zaman tikililərin sahələrinin və təyinatlarının texniki pasportun məlumatlarına uyğun gəldiyini nəzərə alaraq həmin tikilinin yuxarıda göstərilən inşaat və tikinti normalarına uyğun inşa olunduğu müəyyən edilir. Yuxarıda göstəriləndən nəzərə alaraq, inventar nömrəsi 9530, xx.xx.2010-cu ildə tərtib edilən texniki pasportda qeyd olunan ümumi sahəsi 134.0 kv.m olan fərdi yaşayış evinin tikinti norma və qaydalarına uyğun inşa olunduğu müəyyən edilir. Ağdam rayonu, Evoğlu kəndində yerləşən mübahisəli torpaq sahəsinin daxilində texniki pasportun məlumatlarında öz əksini tapmayan eni 5,30m uzunluğu 7,30 m hündürlüyü isə 3,20m olan ümümi sahəsi 38,7m2 (5,30x7,30)m təşkil edən mişar daşından inşa olunmuş tikilinin yerləşdiyi müəyyən edilir. Lakin tədqiq olunan yaşayış evinin 23.11,2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********50-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı təqdim olunmadığından və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinin rəyi təqdim olmadığından X6 və X5 paylı mülkiyyəti kimi qeydə alınan Ağdam rayonu Evoğlu kəndində yerləşən 0.2 ha torpaq sahəsinin daxilində əlavə tikililərin inşa olunub-olunmamasını dəqiqliklə müəyyən etmək mümkün olmadı.

43. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunur ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış 24 kvm fərdi yaşayış evinin əlavə aparılmış tikililərinin qeydiyyat alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş sənədlər- əsaslar təqdim olunmalıdır. Fərdi yaşayış evi üzərində torpaq sahəsi ilə birlikdə hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1-ci maddəsinə əsasən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı (Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək inşa edilmiş tikililərə dair:); “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci madəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənədlər (Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən sonra inşa edilən tikililərə dair) tələb olunur. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, sənədlər əsaslar olmadan 24 kvm-dən əlavə tikilmiş (ümumi sahəsi 134 kvm) faktiki yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınması mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir.

44. Məhkəmə tərkibi qeyd edir ki, mübahisəli fərdi yaşayış evinin inşa olunması 2010-cu ildə həyata keçirilmişdir və bu iş materiallarında olan texniki pasportla da təsdiq edilir.

45. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.9. maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair.

46. 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə:

47. 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd hyqüqların qeydə alınması üçün əsasdır.

48. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Ağdam rayonu, Evoğlu kəndində ümumi sahəsi 24 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,2 ha torpaq sahəsi üzərində ½ X6 və ½ İddiaçı xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır.

49. Belə olan halda Ağdam rayonu Evoğlu kəndində 0,20 ha mülkiyyət hüququ tanınmış torpaq sahəsi üzərində yerləşən faktiki ölçüləri 134 kv metr olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.9.1.2-ci maddəsinə əsasən aparılmalıdır.

50. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).

51. Məhkəmə kollegiyası onu da qeyd edir ki, tələbində iddiaçı cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********29-10301 reyestr nömrəli çıxarışda düzəliş edilməsini xahiş etmiş, məhkəmə araşdırılması zamanı cavabdeh orqan tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış üzrə yeni qeydiyyat aparılmış, lakin fərdi yaşayış evinin sahəsi əvvəlki çıxarış üzrə aparılmış 24 kv.m kimi qeyd edilmişdir.

52. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

53. Məhkəmə kollegiyası hesab edir ki, hazırda torpaq sahəsi üzrə qeydiyyat aparıldığından sonuncu çıxarış üzrə fərdi yaşayı evi üzrə qeydiyyatda düzəliş edilməlidir və bu iddiaçının hüquqi marağına uyğundur.

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın hərəkəti hazırki tələb üzrə iddiaçının hüquqi marağının təmininə əsassız maneə kimi xarakterizə edilir. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməklə yeni qərar çıxarılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-291/2023 nömrəli qərarı ləğv edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda düzəliş edilərək Ağdam rayonu, Evoğlu kəndində yerləşən fərdi yaşayış evinin ümumi sahəsi “134 kv.m” qeyd olunmaqla yeni çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar