Məhkəmə qərarları › İş №2-1(104)-634/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-634/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-634/2024 06.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdeh nümayəndəsi X1 iştirakları ilə, “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-703/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. xx.xx.1989-cu il tarixli əmək kitabçasında İddiaçı 1981-1982-ci və 1982-1983-cü illərdə Ermənistan SSR Vardenis rayonu Göysu kənd 8 illik məktəbində sinif müəllimi işlədiyi, 1983-1984-cü, 1984-1985-ci, 1985-1986-cı, 1986-1987-ci, 1987-1988-ci illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi, 1988-1989-cu dərs ilində Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində noyabr ayının sonunadək müəllim işlədiyi qeyd edilmişdir.

2. İddiaçı öz ərizəsinə əsasən 1983-cü ilin sentyabr ayının 1-dən Göysu kənd orta məktəbindən Bahar kənd orta məktəbinə yerləşdirilmişdir (Vardenis rayon Xalq Təhsil şöbəsinin xx.xx.1983-cü il tarixli 3866 nömrəli əmrindən çıxarış).

3. Vardenis rayon xalq maarif şöbəsinin xx.xx.1983-cü il tarixli arayışında İddiaçı 1982-1983-cü illərdə Ermənistan SSR Vardenis rayonu Göysu kənd 8 illik məktəbində sinif müəllimi işlədiyi, xx.xx.1984-cü il tarixli arayışında onun 1983-1984- cü illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi, xx.xx.1985-cü il tarixli arayışında onun 1984-1985-ci illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi, xx.xx.1986-ci il tarixli arayışında onun 1985-1986-cı illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi, xx.xx.1987-ci il tarixli arayışında onun 1986-1987-cı illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi, xx.xx.1988-ci il tarixli arayışında onun 1987-1988-ci illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi göstərilmişdir.

4. İddiaçı 1988-1989-cu dərs ilində Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işləməklə, 1988-ci ilin noyabr ayının sonunadək (sentyabr, oktyabr, noyabr ayları üzrə 238 manat) əməkhaqqı almışdır. (Vardenis rayon xalq maarif şöbəsinin xx.xx.1988-ci il tarixli 185 nömrəli yoxlama aktı arayışı)

5. İddiaçı xx.xx.2022-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir.

6. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3- 17- 1/1-S-1686/2023 saylı qərara əsasən, İddiaçı müraciəti əsasında xx.xx.2023-cü il tarixdə onun xx.xx.2006-cı il tarixədək 25 il 0 ay sığorta stajı və xx.xx.2006-cı il tarixdən 16 il 3 ay sığorta stajına uyğun olaraq əmək pensiyası yenidən hesablanmış və aylıq pensiya məbləği dəyişməmişdir. Həmin qərarda “Əmək kitabçasında qeyd edilmiş sığorta stajı möhürlə təsdiq edilmədiyindən həmin illər staj kimi qəbul edilməmişdir” qeydi göstərilmişdir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-299819/2023 məktubunda qeyd ediliri ki, Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı həmin tarixdə ilkin yaşa görə əmək pensiyası təyin edilərkən xx.xx.1974-cü il tarixdən xx.xx.1980-ci il tarixədək kolxozda işlədiyi dövr (2 il 3 ay) onun sığorta stajına daxil edilmişdir. Vətəndaşın əmək pensiyası xx.xx.2023-cü il tarixində ümumi əsaslara görə yenidən hesablanmışdır. Onun sosial sığorta stajına xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü və kolxoz stajı dövrü daxil edilmişdir.

8. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-31/2- 410/2024 nömrəli nömrəli məktubunda bildirilir ki, İddiaçı xx.xx.1981-ci i tarixdən xx.xx.1983-cü il tarixədək Ermənistan SSR Vardenis rayonu Göysu kənd orta məktəbində və xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində müəllim işləməsini təsdiq edən hər hansı sənəd Gəncə- Daşkəsən Regional Təhsil İdarəsində mövcud deyildir. İddiaçı xx.xx.1989-cu il tarixli 137 nömrəli əmrlə Gəncə şəhəri 7 nömrəli tam orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə təyin edilmiş, çalışmanın yaş həddinə çatdığı üçün məktəbin xx.xx.2022-ci il tarixli 288 nömrəli əmri ilə onun əmək müqaviləsinə xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun Ermənistan Respublikası Vardenis rayonu Xırda Mərzə sovetliyi Kəsəmən kəndi “Qırmızı Oktyabr” kolxozunda işlədiyi xx.xx.1974xx.xx.1975-ci illərin, xx.xx.1978-xx.xx.1980-ci illərin, Ermənistan SSRİ Vardenis rayonu Göysu kənd 8 illik məktəbində sinif müəllimi işlədiyi 1981-1983-cü illərin, Ermənistan SSRİ Vardenis rayon Bahar kənd orda məktəbində sinif müəllimi işlədiyi 1983-1989-cu illərin onun sığorta stajına hesablanması və həmin illər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci ildə ermənistan respublikasının vardenis rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə 1974-cü ilin dekabr ayından başlamışdır. Belə ki, o, 30 dekabr 1974-cü il tarixdə vardenis rayonu Xırda Məzrə sovetliyinin Kəsəmən kəndində "Qırmızı Oktyabr" kolxozunda kolxozçu kimi işə başlamışdır. Kolxozda işlər mövsümü olduğu üçün o 1975-ci ilin may ayında kolxozdan çıxmışdır. 1975-ci ilin noyabr ayında həqiqi hərbi xidmətə çağırılmış, 1977-ci ilin dekabr ayınadək xidmətdə olmuşdur. 1978-ci ilin may ayında o, yenidən Qırmızı Oktyabr kolxozuna işə girmiş və o vaxtki X3 İnstitutuna daxil olmuşdur. İnstitutda qiyabi oxuduğu üçün kolxozda iləməyə davam etmiş və 1980-ci ilin noyabr ayınadək həmin kolxozda işləmişdir. 1981-1982-ci tədris ilindən etibarən o, emənistan SSR vardenis rayonu Göysu kənd 8 illik məktəbində sinif müəllimi kimi fəaliyyətə başlamışdır. O, 1982-1983-cü dərs ilində yenə Göysu kənd məktəbində işləmişdir. 1983- 1984-cü dərs ilində isə Bahar kənd orta məktəbinə dəyişilərək, 1988-ci ilin dekabr ayında qaçqın düşənədək həmin məktəbdə işləmişdir. Azərbaycana gəldikdən sonra 1989-cu ilin sentyabr ayında Gəncə şəhəri 7 saylı orta məktəbdə fəaliyyətə başlamış və 65 yaşı tamam olduğuna görə əmək pensiyasına çıxmışdır. Lakin əmək pensiyası hesablanarkən onun ermənistan Respublikasında işlədiyi illər sığorta stajıma hesablanmamışdır. Bununla bağlı o, DSMF Gəncə-Daşkəsən regional filialına müraciət etmişdir. Onun müraciətinə baxan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin illərin onun sığorta stajına hesablanmasından imtina etmişdir. O, cavabdehin imtinasl ilə razı deyil. Buna görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.

11. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixinədək Ermənistan SSRİ Vardenis rayon Göysu kənd ora məktəbində və xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci ilədək Ermənistan SSRİ Vardenis rayon Bahar kənd orta məktəbində müəllim işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və həmin tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

12. Cavabdeh inzibati orqan 29 noyabr 2023-cü il tarixli 3-17-1/2-279122/2023 nömrəli etirazını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olaraq İddiaçı xx.xx.2022-ci il tarixdən avtomatlaşdırılmış qaydada 377,86 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 440,40 manata çatdırılmışdır. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim etdiyi sənədlərə əsasən pensiyasının yenidən hesablanması ilə əlaqədar müraciət etmişdir. İddiaçının müraciətilə əlaqədar olaraq bildiririk ki, xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 34.627,68 manat, xx.xx.2022-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 377,32 manat pensiya kapitalı əsasında iddiaçının əmək pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində (440,24 manat) dəyişiklik olmamışdır. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006cı il tarixədək faktiki sığorta stajı 21 il 2 ay 25 gün olduğu halda, iddiaçıya Qanunun 22- 1.1-ci maddəsinin tələblərinə əsasən xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1981-ci il tarixdən xx.xx.1989-cu il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (şahidçilik əsasında qeyd edildiyi, həmçinin işə daxil olma, işdən azad olma əmrləri və möhür olmadığı üçün) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb.

13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-703/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 1981-1982-ci və 1982-1983-cü illərdə Ermənistan SSR Vardenis rayonu Göysu kənd 8 illik məktəbində sinif müəllimi işlədiyi, 1983-1984-cü, 1984-1985-ci, 1985-1986-cı, 1986-1987-ci, 1987-1988-ci illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi dövlər Vardenis rayon xalq maarif şöbəsinin iş materiallarına əlavə edilən arayışlarında öz təsdiqini tapmışdır. İddiaçının hazırda mübahisə predmeti olan iş illəri onun Ermənistan Respublikasından qaçqın düşdüyü 1988-ci il tarixədək olan dövrə təsadüf etdiyindən, onun həmin illərdə işləməsini təsdiq edən digər sübutların mövcudluğunu araşdırmaq mümkün olmamışdır. Bu hal isə sosial təminat hüququnun subyekti olan iddiaçının pensiya almaq hüququnun məhdudlaşdırılması üçün əsas hesab oluna bilməz. Məhkəmə iddianı təmin edərkən o halı da nəzərə alır ki, iddiaçının 1983-1984- cü, 1984-1985-ci, 1985-1986-cı, 1986-1987-ci, 1987-1988-ci illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işləməsi barədə Vardenis rayon xalq maarif şöbəsinin arayışları mövcud olduğuna görə, həmin dövrlərdə iddiaçının işləməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yolu ilə öz hüquqi marağına çatmayacaq. Bununla da, məhkəmə hesab edir ki, iddiaçının 1981-1982-ci və 1982-1983-cü illərdə Ermənistan SSR Vardenis rayonu Göysu kənd 8 illik məktəbində sinif müəllimi işlədiyi, 1983-1984-cü, 1984-1985-ci, 1985-1986-cı, 1986-1987-ci, 1987-1988-ci illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi dövr Vardenis rayon xalq maarif şöbəsinin arayışlarında öz təsdiqini tapdığından, o, həmin dövrün sosial sığorta stajına daxil edilməklə, yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a)apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətinin dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil etmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c)apellyasiya icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, Ermənistan Respublikasından qaçqın düşərkən sənədlərinin hamısını gətirə bilməmiş, yalnız verilən arayışları özü ilə gətirmək imkanı olmuşdur. Ona məxsus əmək kitabçası orada qalmış, hazırda təqdim etdiyi əmək kitabçası arayışlar əsasında doldurulumuşdur.

Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 12. Dövlətin ali məqsədi İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə 38. Sosial təminat hüququ İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İV. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən.

16. İş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

24. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 24 sentyabr 2007-ci il tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları: 2.5. Əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. 3.1. Əmək pensiyası hüququ verən sosial sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir.

25. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

26. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

28. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmiş, bu zaman onun xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixinədək Ermənistan SSRİ Vardenis rayon Göysu kənd ora məktəbində və xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci ilədək Ermənistan SSRİ Vardenis rayon Bahar kənd orta məktəbində müəllim işlədiyi illər pensiya hüququ verən sosial sığorta stajına daxil edilməmişdir. İddiaçı həmin dövrün sosial sığorta stajına daxil edilməklə, əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, sonuncu iddiaçının əmək kitabçasının doldurulma qaydasının pozulması (şahidçilik əsasında qeyd edildiyi üçün) səbəbindən həmin dövrün sığorta stajına daxil edilməsindən və yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir.

29. İddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixinədək Ermənistan SSRİ Vardenis rayon Göysu kənd ora məktəbində və xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci ilədək Ermənistan SSRİ Vardenis rayon Bahar kənd orta məktəbində müəllim işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdır.

30. Cavabdeh inzibati orqanın imtina məktubunda və apellyasiya şikayətində qeyd olunur ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən dövrə aid əmək kitabçasındakı qeydlərin qarşısında Vardenis rayon xalq maarif şöbəsinin müdirinin adı yazılsa da, imzalanmamış və möhürlə təsdiq edilməmişdir.

31. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən də iddiaçının əmək kitabçasında onun 1981-1982-ci və 1982-1983-cü illərdə Ermənistan SSR Vardenis rayonu Göysu kənd 8 illik məktəbində sinif müəllimi, 1983-1984-cü, 1984-1985-ci, 1985- 1986-cı, 1986-1987-ci, 1987-1988-ci illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi, 1988-1989-cu dərs ilində Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində noyabr ayının sonunadək müəllim işlədiyi qeyd edilmiş, lakin qeydlərin qarşısında Vardenis rayon xalq maarif şöbəsinin müdirinin adı yazılsa da, imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Bu hal iddiaçı tərəfindən də təsdiqlənmiş, verdiyi izahatlarda əmək kitabçasının sonradan təqdim etdiyi arayışlar əsasında doldurulmasını qeyd etmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Vardenis rayon xalq maarif şöbəsinin xx.xx.1983-cü il tarixli arayışında İddiaçı 1982-1983-cü illərdə Ermənistan SSR Vardenis rayonu Göysu kənd 8 illik məktəbində sinif müəllimi işlədiyi, xx.xx.1984-cü il tarixli arayışında onun 1983-1984-cü illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi, xx.xx.1985-cü il tarixli arayışında onun 1984-1985-ci illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi, xx.xx.1986-ci il tarixli arayışında onun 1985-1986-cı illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi, xx.xx.1987-ci il tarixli arayışında onun 1986-1987-cı illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi, xx.xx.1988-ci il tarixli arayışında onun 1987-1988-ci illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi göstərilmişdir. Həmçinin Vardenis rayon xalq maarif şöbəsinin xx.xx.1988-ci il tarixli 185 nömrəli yoxlama aktında (arayışında) göstərilmişdir ki, İddiaçı 1988-1989-cu dərs ilində Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işləməklə, 1988-ci ilin noyabr ayının sonunadək (sentyabr, oktyabr, noyabr ayları üzrə 238 manat) əməkhaqqı almışdır.

33. Bundan başqa Vardenis rayon Xalq Təhsil şöbəsinin xx.xx.1983-cü il tarixli 3866 nömrəli əmrindən çıxarışda qeyd olunur ki, İddiaçı öz ərizəsinə əsasən 1983-cü ilin sentyabr ayının 1-dən Göysu kənd orta məktəbindən Bahar kənd orta məktəbinə yerləşdirilmişdir (Əmr erməni dilində tərtib olunmuşdur İş.v 111).

34. Belə olan halda iddiaçının 1981-1982-ci və 1982-1983-cü illərdə Ermənistan SSR Vardenis rayonu Göysu kənd 8 illik məktəbində sinif müəllimi işlədiyi, 1983-1984-cü, 1984-1985-ci, 1985-1986-cı, 1986-1987-ci, 1987-1988-ci illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi dövlər Vardenis rayon xalq maarif şöbəsinin qeyd edilən arayışları ilə öz təsdiqini tapmışdır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 22-ci bəndində qeyd olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı isə qeyd edilən müddətdə işləməsinə dair əmək kitabçasını və arayışlar təqdim etmişdir.

36. İddiaçının hazırda mübahisələndirilən iş stajı da (1981-1988-ci illər) həmin qanun qüvvəyə minənədək olan dövrlə əhatə edilir.

37. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, təqdim olunan arayışlar və həmin arayışlar əsasında tərtib edilən əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.

38. Mötəbərlik prezumpsiyasının tələblərinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsi)

39. Odur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əmək kitabçası olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı əsasında müəyyən edildiyindən iddiaçının həmin illərdə (xx.xx.1981-xx.xx.1983 və xx.xx.1983xx.xx.1988) sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair cavabdehin dəlili əsassız hesab olunur.

40. Bundan başqa təqdim olunmuş X2 (Gəncə-Kəpəz, №134546) pensiya işində də eyni şəxs tərəfindən imzalanan və təsdiqlənən arayışlar təqdim edilmişdir. Bu da hazırki iş üzrə təqdim edilən arayışların həqiqiliyini təsdiq edir.

41. Məhkəmə tərkibi onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının arayışlarda fərqli məktəblərdə işlədiyi qeyd olunan dövrlərin ayrı-ayrılıqda, belə ki, 1981-1982-ci və 1982-1983-cü illərdə Ermənistan SSR Vardenis rayonu Göysu kənd 8 illik məktəbində sinif müəllimi və 1983-1984-cü, 1984-1985-ci, 1985-1986-cı, 1986-1987ci, 1987-1988-ci illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, yaşa görə əmək pensiyasının hesablanması qeyd edilsə də tarixlər dəqiq göstərilməmişdir.

42. Məhkəmə kollegiyası hesab edir ki, təqdim olunan sənədlər şəxsin eyni müəssisədə fasiləsiz işləməsinə dair vahid arayış kimi nəzər alınmalı, iddiaçının Ermənistan SSR Vardenis rayonu Göysu kənd 8 illik məktəbində və Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi illər dəqiq qeyd edilməlidir.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-703/2024 nömrəli qərarı dəyişdirilsin. İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Ermənistan SSR Vardenis rayonu Göysu kənd 8 illik məktəbində sinif müəllimi və xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi illərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar