Məhkəmə qərarları › İş №2-1(104)-635/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-635/2024

16.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-635/2024 16.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əlilliyin təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “ona xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1814/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abbas Səhhət adına Xəstəxananın xx.xx.2022-xx.xx.2022-ci il xəstəlik tarixindən çıxarışda İddiaçı diaqnozu “Baş beyn silkələnməsi” kimi qeyd edilmişdir.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli xəstəlik tarixindən çıxarışda İddiaçı diaqnozu “F48.0- Nevrastaniya” kimi qeyd edilmişdir.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixiatrik Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli xəstəlik tarixindən çıxarışdan görünür ki, İddiaçı diaqnozu “F43.1-Posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə, özünün intihar fikirləri ilə” kimi qeyd edilmişdir.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixiatrik Xəstəxanasının xx.xx.2022-xx.xx.2023-ci il tarixli xəstəlik tarixindən çıxarışdan görünür ki, İddiaçı diaqnozu “F43.1-Posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə, özünün intihar fikirləri ilə” kimi qeyd edilmişdir.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 14464 saylı qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar fikirləri ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “Tez-tez qıcolma tutmaları və vegetativ damar paroksizmləri ilə təzahür edən idiopatik ensefalopatiya. Hər iki gözün sadə miopik astiqmatizmi Em və 3.0D nəticəsində görmə itiliyinin 0.1-ə qədər azalması, korreksiya ilə 0.8 olmaqla. İİ (ikinci) dərəcəli alimentar-konstitusional piylənmə BÇİ-33.1 kq/m2 " diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixiatrik Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli xəstəlik tarixindən çıxarışdan görünür ki, İddiaçı diaqnozu “Əsas xəstəlik - F07.0-Üzvi mənşəli şəxsiyyət pozğunluğu”, “Yanaşı xəstəlik – F43.1-Posttravmatik stress pozğunluğu” kimi qeyd edilmişdir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixiatrik Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli xəstəlik tarixindən çıxarışdan görünür ki, İddiaçı diaqnozu “Əsas xəstəlik - F07.0-Üzvi mənşəli şəxsiyyət pozğunluğu”, “Yanaşı xəstəlik – F43.1-Posttravmatik stress pozğunluğu” kimi qeyd edilmişdir.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixiatrik Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli xəstəlik tarixindən çıxarışdan görünür ki, İddiaçı diaqnozu “Əsas xəstəlik - F07.0-Üzvi mənşəli şəxsiyyət pozğunluğu”, “Yanaşı xəstəlik – F43.1-Posttravmatik stress pozğunluğu” kimi qeyd edilmişdir.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ-nin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş psixiatrı professor Fuad İsmayılovun xx.xx.2022-ci il tarixli, 11305 nömrəli tibbi rəyi ilə İddiaçı diaqnozu “Posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar fikirləri ilə F43.1” kimi müəyyənləşdirilmişdir (xəstəlik haqqında şəhadətnamədəki qeydə əsasən).

10. İddiaçı əlilliyi xx.xx.2022-ci il tarixdə tibb müəssisəsinin göndərişi əsasında “Nevrastaniya. Üzvi dissosiativ pozuntu. Üzvi emosional-labil pozuntu. Partlayış travması. KBT nəticəsində posttravmatik ensefalopatiya. Qıcolma tutmaları (ayda 9-10 dəfə). Sol yan araxnoidal kista (24 mm)” diaqnozu üzrə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir.

11. İddiaçı həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2022-ci il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2022ci il tarixli, **********4 nömrəli qərar qəbul edilmişdir.

12. İddiaçı əlilliyi növbəti dəfə xx.xx.2023-cü il tarixdə tibb müəssisəsinin göndərişi əsasında “Posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar cəhdləri ilə. Teztez baş verən qıcolma tutmaları (ayda 4-6 dəfə) və vegetativ damar paroksizmləri ilə təzahür edən idiopat ensefalopatiya. Hər iki gözün sadə miopik astiqmatizmi” diaqnozu üzrə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir.

13. İddiaçı həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2023-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2023cü il tarixli 3-17-4/3-3-2389/2023 nömrəli qərar qəbul edilmişdir.

14. İddiaçı əlilliyi sonuncu dəfə xx.xx.2023-cü il tarixdə tibb müəssisəsinin xx.xx.2023-cü il tarixdə imzalanmış göndərişi əsasında “Posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar cəhdləri ilə. Tez-tez baş verən qıcolma tutmaları (ayda 4-6 dəfə) və vegetativ damar paroksizmləri ilə təzahür edən idiopat ensefalopatiya. Hər iki gözün sadə miopik astiqmatizmi” diaqnozu üzrə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir.

15. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2023-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-19101/2023 nömrəli qərar qəbul edilmişdir.

16. ******* nömrəli hərbi biletin surətinən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Cəbrayıl, Qubadlı və Laçın istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. “Cəbrayılın azad olunması” (xx.xx.2020), “Laçının azad olunması” (xx.xx.2020), “Qubadlının azad olunması” (xx.xx.2020), həmçinin “Vətən müharibəsi iştirakçısı” (xx.xx.2022) medalları ilə təltif edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İl Qarabağ müharibəsinin iştirakçısıdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xəsarət almışdır. Lakin həmin zaman ona yalnız ilkin tibbi yardım göstərilmişdir. O, xx.xx.2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Müharibədən qayıtdıqdan sonra onda tez-tez qıcolmalar olmuş, uzunmüddətli stressli hallar yaşamış, intihara meyllilik yaranmışdır. Bununla bağlı dəfələrlə ambulator və stasionar müalicələrdə olmuşdur. O, xx.xx.2022-xx.xx.2022-ci il tarixədək Gəncə şəhər Psixiatriya Xəstəxanasında “Partlayış travması. Çoxsaylı qəlpə yaralanmasından (xx.xx.2020) sonra yaranan ağır depressiya, intihar cəhdi ilə davranış pozuntuları, şəxsiyyətin nəzərə çarpan dəyişikliyı” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixdə təkrar müayinə üçün Psixi Sağlamlıq Mərkəzinə göndərilmiş, Mərkəzin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş psixiatrı tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən ona “Posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar fikirləri ilə F43.1” diaqnozu təyin edilmişdir. O, əliliyin təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ona əlillik təyin edilməsindən imtina edilibdir. O, həmin tarixdə komissiyadan keçməmişdir, həmin tarixdə o, müalicə olunmaq üçün Rusiya Federasiyasında olmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycana qayıtmışdır. Komissiyadan noyabr ayının sonlarında keçmişdir. Ondan sonra komissiyanın rəyini gözləmiş, lakin cavab uzun müddət gəlmədiyindən 2024cü ilin yanvar ayında xəstəxana ilə bu barədə maraqlananda sistemə daxil olaraq ona bildirmişlər ki, xx.xx.2023-cü ildə guya ki, o, müayinədə olmuşdur və ona əlillik verilməsindən imtina edilmişdir.

19. İddiaçı xx.xx.2024-cü il tarixli iclas zamanı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir..

20. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

21. Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) xx.xx.2024-cü il tarixli, 2-1(114)- 1814/2024 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır.

22. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının göndərişdə əks olunmuş diaqnoz üzrə orqanizminin funksiyalarının pozulması 35-60 faiz aralığında olmuşdur və bu da iddiaçıya həmin pozuntu aralığında əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas vermişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

23. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1814/2024 saylı qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarında qeyd edilən halları qəbul etməyərək bildirilmişdir ki, sözügedən işdə birinci instansiya məhkəməsi sübutları araşdırmadan iddiaçının maraqlarına uyğunlaşdırmaqla qərar qəbul edərək inzibati orqanın diskression səlahiyyətlərinə müdaxilə etmişdir. Məhkəmənin qeyd edilən halları ilə razılaşmadıqlarını, məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib-vermədiyini aşkara çıxarmaq şəxsin yenidən əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul edilmədiyi və ekspertiza keçirilmədiyi bildirilmişdir. Yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticənin ondan ibarət olmuşdur ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermədiyini, şəxsdə sözügedən xəstəliyin ağrılaşmalarının mövcud olduğu halda, şəxsə əlillik təyinatının aparılmalı olduğu bildirilmişdir. Göndərişdə qeyd olunan diaqnozun öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətlərinə əsassız müdaxilə etmişdir. Həmçinin əlilliklə əlaqədar sualların həlli Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı qərarı ilə təstiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial ekspertlərinin səlahiyyətlərinə aiddir. Məhkəmənin nəzərinə çatdırılır ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır, lakin hazırkı işdə iddiaçıda nəinki sözügedən ağırlaşmalar, həmçinin diaqnoz belə öz təsdiqini tapmamışdır. Göstərilən hallar baxımından Gəncə İnzibati Məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyi, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmənin qanunsuz olaraq iddianı təmin etməsini, maddi və prosessual hüquq normalarının pozulduğu, bu səbəbdən də Gəncə İnzibati Məhkəməsinin qərarının ləğv edilməli olduğu bildirilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

27. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

28. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bənd 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Bənd 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Bənd 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Bənd 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 7.5.1.1. 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)- orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir.

31. “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” Əsasnamə: Bənd 5.4. TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. Bənd 5.5. TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

33. İPM-in 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

34. İPM-in 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

35. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

36. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

37. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

38. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

39. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

40. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

41. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

42. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qaldırılmış iddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı barəsində qəbul edilmiş inzibati aktın ona hansı tarixdə təqdim olunması iş materialları ilə müəyyən olunmur və bunu təsdiq edən sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir. Həmçinin işin bu halı cavabdeh orqan tərəfindən mübahisələndirilmir.

43. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.2-ci maddəsində nəzərdə tutulan məcburetmə haqqında iddia növünə aiddir.

44. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. İşin faktiki halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 14464 saylı qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar fikirləri ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “Tez-tez qıcolma tutmaları və vegetativ damar paroksizmləri ilə təzahür edən idiopatik ensefalopatiya. Hər iki gözün sadə miopik astiqmatizmi Em və 3.0D nəticəsində görmə itiliyinin 0.1-ə qədər azalması, korreksiya ilə 0.8 olmaqla. İİ (ikinci) dərəcəli alimentar-konstitusional piylənmə BÇİ-33.1 kq/m2” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir.

48. İddiaçı əlilliyi sonuncu dəfə qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar “Posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar cəhdləri ilə. Tez-tez baş verən qıcolma tutmaları (ayda 4-6 dəfə) və vegetativ damar paroksizmləri ilə təzahür edən idiopat ensefalopatiya. Hər iki gözün sadə miopik astiqmatizmi” olmuş və cavabdeh orqan həmin diaqnozlar üzrə qiymətləndirmə apararaq, “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir.

49. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə əyani müayinəsi həyata keçirilərk, xx.xx.2023-cü il tarixli 3-17-4/3- 3-19101/2023 nömrəli qərar əsasında əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyinatının aparılmasından verilmiş imtina əsaslı olmamışdır. Belə ki, iş materiallarında olan tibbi sənədlərlə müəyyən olunur ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abbas Səhhət adına Xəstəxanada, “Baş beyn silkələnməsi” diaqnozu ilə, xx.xx.2022-cü il tarixdən, xx.xx.2022-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında, “F48.0-Nevrastaniya” diaqnozu ilə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixiatrik Xəstəxanasında “Əsas xəstəlik-“F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Yanaşı xəstəlik-F43.1-Posttravmatik stress pozğunluğu” diaqnozu ilə stasionar müalicələrdə olmuşdur.

50. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ-nin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş psixiatrı professor Fuad İsmayılovun xx.xx.2022-ci il tarixli 11305 nömrəli Tibbi rəyi ilə İddiaçı diaqnozu “Posttravmatik stress pozuntusu, depressiv əlamətlər və intihar fikirləri ilə F43.1” kimi müəyyənləşdirilmişdir.

51. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçıya qoyulmuş “F43.1-Posttravmatik stress pozğunluğu” diaqnozu əlilik təyinatına əsas verən həcmdə olmuşdur.

52. Göründüyü kimi, iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, o, şəhadətləndirilən və və hazırda qeyd olunan xəstəlikdən əziyyət çəkir, ona qoyulmuş diaqnozda hər hansı dəyişiklik baş verməmiş və onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 7.5.1.1-ci bəndində qeyd edilmiş meyarlara əsasən orqanizmin funksiyalarının 35-60 faiz olmaqla əlilliyin 2 il müddətinə müəyyən edilməsinə əsas verir.

53. Məhkəmə kollegiyası inzibati orqanın diskresion səlahiyyətə malik olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə inzibati orqan müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, təkzib edilməməlidir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, şəxsin faktiki sağlamlıq vəziyyəti inzibati orqan tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin müəyyən olunması isə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, həmin orqan ona əlillik dərəcəsini təyin etməyə (sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisini müəyyən etməyə) borcludur. Yəni, əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, bu barədə qərar qəbul edilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin diskresion deyil, mütləq (qapalı) səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

54. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

55. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1814/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar