Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-636/2023 07.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndələri X2 və X4 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-562/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş 163 nömrəli xəstəlik şəhadətnaməsindən görünür ki, iddiaçı diz oynağında yaranmış xəstəliklə bağlı sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmiş, xəstəliyin hərbi xidmət dövründə yaranması qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2019-cu il tarixli məktubunda bildirilir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 5 il müddətinə 3-cü dərəcə əlillik təyin edilmişdir. “Zədələnmə hallarının qeydiyyatı kitabı”ndan, Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan zabiti N.Mustafayevin və hazırda xidmətdə olan zabit E.Rzayevin izahatlarından görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixdə ezamiyyətdə olarkən qonaq evinin hamam otağında yıxılaraq sol diz oynağından xəsarət almışdır. Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli 0305 nömrəli əmri ilə yaradılmış komissiyanın xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, iddiaçıya müvafiq vəsaitin ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 180-24 nömrəli qərarının 2.6-cı bəndinin "e" yarımbəndinin təsir dairəsinə düşməsi (əməkdaş öz səhlənkarlığı nəticəsində şəxsi təhlükəsizlik qaydalarına riayət etmədikdə, habelə xidməti fəaliyyətinə funksional vəzifələrinə və səlahiyyətlərinə bilavasitə aid olmayan hərəkət və ya hərəkətsizlik etdikdə) əsası ilə məqsədəuyğun hesab edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 3 illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 ildən artıq xidmət etmişdir, xx.xx.2019-cu il tarixdə xəstəliklə əlaqədar Dövlət Sərhəd Xidmətindən ehtiyata buraxılmışdır. Xidməti vəzifələrinin icrası zamanı xəsarət almış, diz oynağından əməliyyat olunmuş və hərbi xidməti vəzifələrinin icrası ilə əlaqədar 3-cü dərəcə əlillik təyin edilmişdir. Kəşfiyyat və əks kəşfiyyat subyektidir. Mövcud qanunvericiliyin tələlərinə əsasən ona müvafiq kompensasiya ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də müraciəti cavabsız qalmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-562/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, İddiaçı 3 illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ezamiyyətdə olarkən qonaq evinin hamam otağında yıxılaraq xəsarət alması işin mübahisəsiz halıdır və bu hal cavabdeh tərəfindən də təkzib edilmir. Həmçinin qeyd olunur ki, iddiaçının yuxarıda qeyd olunan şəraitdə xəsarət alması onun səhlənkarlıq və şəxsi təhlükəsizlik qaydalarına riayət etməməsi anlamına gəlməyə əsas vermir. Belə ki, qonaq evinin və yaxud otelin adıçəkilən hissəsində hər-hansı rəftar qaydaları, başqa sözlə istifadə edən şəxsin etməli olduğu və ya qadağanedici rəftar heç bir qanunvericilik aktında nəzərdə tutulmamışdır. Beləliklə, cavabdeh orqan iddiaçıya müvafiq kompensasiya ödəməkdən iddiaçının xəsarət almasını öz səhlənkarlığı nəticəsində şəxsi təhlükəsizlik qaydalarına riayət etməməsi ilə əsaslandırmada haqlı olmamışdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-562/2023 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qərarında qeyd olunur ki, "iddiaçının yuxarıda qeyd olunan şəraitdə xəsarət alması onun səhlənkarlıq və şəxsi təhlükəsizlik qaydalarına riayət etməməsi anlamına gəlməyə əsas vermir. Belə ki, qonaq evinin və yaxud otelin adıçəkilən hissəsində hərhansı rəftar qaydaları, başqa sözlə istifadə edən şəxsin etməli olduğu və ya qadağanedici rəftar heç bir qanunvericilik aktında nəzərdə tutulmamışdır". Bu mövqe ilə də razı deyillər. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2018-ci il tarixli, 274-20 nömrəli məxfi qrifli qərarı ilə Qaydalara dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən, əməkdaş öz səhlənkarlığı nəticəsində şəxsi təhlükəsizlik qaydalarına riayət etmədikdə, habelə xidməti fəaliyyətinə, funksional vəzifələrinə və səlahiyyətlərinə bilavasitə aid olmayan hərəkət və ya hərəkətsizlik etdikdə həmin hal əməkdaşın xidməti vəzifələrinin yerinə yetirilməsi kimi hesab edilmir. Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının "Zədələnmə hallarının qeydiyyatı kitabı"ndan çıxarış, yuxarıda göstərilmiş izahatlardan görünür ki, İddiaçı öz səhlənkarlığı nəticəsində şəxsi təhlükəsizlik qaydalarına riayət etməyərək yuyunma otağında yıxılaraq zədə almışdır. Nəticədə Komissiyanın xx.xx.2023cü il tarixli 5 No-li protokoluna əsasən, İddiaçı tələb etdiyi vəsaitin ona ödənilməsi mümkün olmamışdır. Beləliklə, İddiaçı öz səhlənkarlığı neticəsində şəxsi təhlükəsizlik qaydalarına riayət etməyərək yuyunma otağında yıxılaraq zədə almışdır ki, Qaydaların 2.3-cü bəndinə əsasən, həmin hal xidməti vəzifələrinin icrası ilə bağlı olmayan xəsarət həsab edildiyindən İddiaçı 3 illik pul təminatı məbləğində pul kompensasiyasının hesablanaraq birdəfəlik ödənilməsi tələbi əsassızdır. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndələri X3 və X7 verdiyi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 20.12-ci xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli, 180- 24 nömrəli məxfi qrifli qərarı ilə "Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiyanın verilməsi Qaydaları" Həmin Qaydaların 2.3-cü bəndində qeyd olunur ki, xidməti vəzifələrinin icrası ilə bağlı olmayan xəsarət və ya xəstəlik nəticəsində həlak olmuş (vəfat etmiş) və ya xidmətinin davam etdirilməsi istisna edilmiş əməkdaşa, yaxud onun ailə üzvlərinə kompensasiya ödənilmir. Həmin Qaydaların 2.4-cü bəndində qeyd olunur ki, kompensasiya ödənilməsi üçün vəzifələrinin icrası zamanı xəsarət alma (həlak olma) aşağıdakı halları nəzərdə tutur: a) döyüş əməliyyatlarında iştirak zamanı; b) hərbi nizamnamə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifə borclarının yerinə yetirilməsi zamanı; c) döyüş növbəsinin (döyüş xidmətinin) aparılması zamanı; ç) verilmiş əmr və tapşırıqların yerinə yetirilməsi zamanı; d) xidmət yerində olan zaman; e) xidməti ezamiyyətdə olan zaman; ə) xidmət yerinə, müalicəyə gediş-gəliş zamanı; f) hərbi toplanışlar keçən zaman; g) müvafiq qanunvericiklə müəyyən edilmiş hallar istisna olmaqla, əsir düşmüş və girov götürülmüş zaman; g) vətəndaşın həyatını, sağlamlığını, vicdanın və ləyaqətini müdaifə edən zaman; x) hüquq mühafizə orqanlarına kömək edən zaman. Həmin Qaydaların 2.6-cı bəndində qeyd olunur ki, aşağıdakı hallar əməkdaşın xidməti vəzifələrinin yerinə yetirilməsi kimi hesab edilmir: a) bu Qaydaların 2.4-cü bəndinin "g"-"x" yarımbəndlərində nəzərdə tutulanlar istisna olmaqla, əməkdaş xidmət yerindən (hərbi hissədən) kənarda istirahətdə və ya məzuniyyətdə olduqda; b) bu Qaydaların 2.4-cü bəndinin "g"-"x" yarımbəndlərində nəzərdə tutulanlar istisna olmaqla,əməkdaş xidmət yerini (hərbi hissəni) özbaşına tərk etdikdə; c) könüllü olaraq narkotik və ya toksik sərxoşluq vəziyyətində olduqda; ç) qanunla nəzərdə tutulmuş ictimai təhlükəli hərəkətlər törətdikdə; d) intihar etdikdə və ya intihara cəhd etdikdə (xəstəlik vəziyyəti və ya intihara çatdırılma nəticəsində olduğu hallar istisna edilməkla) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Dövlət Sərhəd Xidmətində hərbi xidmətdə olmaqla, ezamiyyətdə olarkən qonaq evinin hamam otağında yıxılaraq xəsarət almış, həmin xəsarətə görə hərbi xidmətdən ehtiyata buraxılmış və ona müvafiq əlillik dərəcəsi verilmişdir. Cavabdeh orqan iddiaçının xəsarət almasını onun öz səhlənkarlığı nəticəsində şəxsi təhlükəsizlik qaydalarına riayət etməməsi ilə əlaqələndirməklə qanunla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsindən imtina etmişdir. Apellyator şikayətinin əsas dəlili kimi göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2018-ci il tarixli, 274-20 nömrəli məxfi qrifli qərarı ilə Qaydalara dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən, əməkdaş öz səhlənkarlığı nəticəsində şəxsi təhlükəsizlik qaydalarına riayət etmədikdə, habelə xidməti fəaliyyətinə, funksional vəzifələrinə və səlahiyyətlərinə bilavasitə aid olmayan hərəkət və ya hərəkətsizlik etdikdə həmin hal əməkdaşın xidməti vəzifələrinin yerinə yetirilməsi kimi hesab edilmir. Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının "Zədələnmə hallarının qeydiyyatı kitabı"ndan çıxarış, yuxarıda göstərilmiş izahatlardan görünür ki, İddiaçı öz səhlənkarlığı nəticəsində şəxsi təhlükəsizlik qaydalarına riayət etməyərək yuyunma otağında yıxılaraq zədə almışdır. Nəticədə Komissiyanın xx.xx.2023-cü il tarixli 5 №-li protokoluna əsasən, İddiaçı tələb etdiyi vəsaitin ona ödənilməsi mümkün olmamışdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, apellyator özü də şikayətdə qeyd etmişdir ki, Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının "Zədələnmə hallarının qeydiyyatı kitabı"ndan çıxarışdan, həmçinin ehtiyatda olan polkovnik Namiq Mustafayevin və hazırda xidmət edən baş leytenant X1 izahatlarından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə səhər saat 08:30 radələrində ezamiyyətdə olarkən qonaq evində yuyunma otağında yıxılaraq zədə almışdır. Göründüyü kimi iddiaçının ezamiyyətdə olarkən qonaq evində yuyunma otağında yıxılaraq zədə alması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli, 180-24 nömrəli qərarı ilə “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları" təsdiq edilmiş və həmin qaydalarda kompensasiya almalı olan subyektlərin dairəsi, kompensasiyanın ödənilməsi və ödənilməsindən imtina əsasları göstərilmişdir. Həmin Qaydaların 2.4-cü bəndində qeyd olunan kompensasiya ödənilməsi üçün vəzifələrinin icrası zamanı xəsarət alma (həlak olma) hallarından biri də xidməti ezamiyyətdə olan zaman baş verməsi halıdır. Bundan başqa kollegiya apellyatorun İddiaçı öz səhlənkarlığı nəticəsində şəxsi təhlükəsizlik qaydalarına riayət etməyərək yuyunma otağında yıxılaraq zədə alması ilə bağlı dəlili ilə də razılaşmır. Belə ki, iddiaçının yuxarıda qeyd olunan şəraitdə xəsarət alması onun səhlənkarlıq və şəxsi təhlükəsizlik qaydalarına riayət etməməsi anlamına gəlməyə əsas vermir. Çünki, qonaq evinin və yaxud otelin adıçəkilən hissəsində hər-hansı rəftar qaydaları, başqa sözlə istifadə edən şəxsin etməli olduğu və ya qadağanedici rəftar heç bir qanunvericilik aktında nəzərdə tutulmamışdır. Beləliklə, cavabdeh orqan iddiaçıya müvafiq kompensasiya ödəməkdən iddiaçının xəsarət almasını öz səhlənkarlığı nəticəsində şəxsi təhlükəsizlik qaydalarına riayət etməməsi ilə əsaslandırmada haqlı olmamışdır. Göründüyü kimi apellyatorun şikayətində qeyd etdiyi dəlilləri hüquqi əsaslara söykənmir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-562/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-636/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-636/2023
07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver