Məhkəmə qərarları › İş №2-1(104)-638/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-638/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-638/2023 07.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1380/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xx.xx.2022-ci tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı hərbi qulluqçunu döyməsi faktı ilə bağlı Azərbaycan Respublikası CM-in 329.2.1-ci maddəsi ilə istintaq olunan hissəsinə əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPMin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilmiş, İddiaçı X4 təhqir etməsi xüsusatına Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Müdafiə Nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 29 mart 2018-ci il tarixli 081gm nömrəli əmrindən görünür ki, İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Republikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ilin may ayında gizir rütbəsində xidmətdə olarkən hazırda "Tərtər işi" kimi tanınan iş çərçivəsində dövlətə xəyanət ittihamları ilə əlaqədar qanunsuz azadlıqdan məhrum edilmiş, özünün və digər hərbi qulluqçuların əleyhinə yalan ifadə verməsi üçün ağır işgəncələrə məruz qalmışdır. 21 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamlar elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 25 sentyabr 2017-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, Tərtər Hərbi Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında cərimə və 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti təyin olunmaqla şərti tətbiq edilmişdir. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 4-cü taborunda tağım komandiri müavini vəzifəsində, gizir rütbəsində olarkən 02 aprel 2018-ci il tarixli əmrlə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndi (xidməti uyğunsuzluğa görə) əsasında hərbi xidmətdən ehtiyata buraxılmışdır. 17 dekabr 2021-ci il tarixdə qeyd edilən cinayət əməllərinin və qanunsuzluqların yenidən araşdırılmasına başlanılmış, bu məqsədlə Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşər Nazirliyinin müstəntiqlərindən ibarət birgə İstintaqı Qrupu yaradılmışdır. İstintaq Qrupu yaradıldıqdan sonra iddiaçı istintaq orqanına ifadə vermiş, ona məlum olan bütün hallar, üzləşdiyi qanunsuzluqlar, eləcə də əsassız olaraq hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı məlumat vermişdir. Nəticədə cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 05 oktyabr 2017-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 28 mart 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə hərbi prokuroruna qaytarılmışdır. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında" xx.xx.2020-ci il tarixli Qanunun 1.73-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 331-ci maddəsi ləğv edildiyindən və 1.72-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 329-cu maddəsi yeni redaksiyada verilərək qüvvədən düşmüş CM-nin 331.3-cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan CM-nin 329-cu maddəsi ilə əhatə olunduğu üçün 29 aprel 2022-ci il tarixli qərarla cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinə tövsif edilmişdir. İstintaqın nəticəsində 30 iyun 2022-ci il tarixdə iddiaçının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar çıxarılmışdır. Beləliklə, iddiaçıya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü (329.2.1-ci maddəsinə tövsif edilməklə) maddələri ilə irəli sürülmüş ittihamlara bəraətverici əsaslarla xitam verilmişdir. Bununla da iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün əmrə səbəb olmuş əsaslar aradan qalxmışdır. Qeyd edilən xitam qərarı iddiaçıya 2022-ci ilin oktyabr ayında təqdim edildikdən dərhal sonra 10 oktyabr 2022-ci il tarixdə Müdafiə Nazirliyinə müraciət edərək onun ehtiyata buraxılması barədə əmrin ləğy edilməsi, əvvəlki vəzifəyə bərpa olunması, eyni zamanda əmrin verildiyi tarixdən, yəni 02 aprel 2018-ci ildən həmin dövrdə imzaladığı müqavilənin sonuna, yəni 2021-ci ilin oktyabrına qədər olan dövr üçün, yəni məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanmaqla ödənilməsini xahiş etmişdir, cavabdeh isə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1380/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğvi, işə bərpa və.s tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xx.xx.2022-ci tarixli qərarından görünür ki, istintaq zamanı müəyyən edilmişdir ki, “İddiaçı 17 aprel 2017-ci il tarixdə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi ərazisində yerləşən həmin hərbi hissənin ərazisində təlim keçirilən zaman saat N radələrində həmin hərbi hissənin komendant tağımının komendant manqa komandiri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən X1 bir şillə zərbəsi vuraraq və onun ünvanına nalayiq sözlər deyərək sonuncunu təhqir etmişdir.” Göründüyü kimi İddiaçı bu hərəkətləri hərbi qulluqçunu təhqir etmə cınayətinin tərkibini yaratmış, bununla da İddiaçı Azərbaycan Respublikası CM-in 331.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İddiaçı tərəfindən yuxarıda qeyd olunan əməllərin törədilməsi işin mübahisəsiz halıdır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı barəsində başlamış cinayət işi üzrə icraata qismən bəraətverici əsaslarla xitam verilsə də, digər xüsusat üzrə CPM-in 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Bundan əlavə iddiaçının xidmət dövrünə nəzər yetirdikdə müəyyən olunur ki, xidmətində yol verdiyi nöqsanlara görə (verilən tapşırıqlara səhlənkar yanaşdığına, hərbi hissəni özbaşına tərk etdiyinə, məzuniyyətdən, hospitaldan, gecikdiyinə və xidmət yerinə vaxtında gəlmədiyinə və.s görə) dəfələrlə intizam cəzalarına məruz qalmışdır. Beləliklə məhkəmə qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilmiş olsa da qeyd olunan hal iddiaçının müvafiq Nizamnamənin tələbərini pozmadığına dəlalət etmir, əksinə mübahisələndirilən əmrin məzmununda qeyd edilmiş əsasla ehtiyata buraxılmasına əsas verir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1380/2023 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, mübahisə predmeti olan xx.xx.2018-ci il tarixli, 081gm nömrəli əmrin qanuniliyi məsələsi ilə bağlı birinci instansiya məhkəməsinin istinad etdiyi digər əsas İddiaçı xidməti dövründə xidmətində yol verdiyi nöqsanlara görə dəfələrlə intizam cəzalarına məruz qalmasıdır. Bununla əlaqədar qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin bu qənaətə gəlməsi üçün iş materiallarında kifayət qədər sübut və dəlillər mövcud olmamışdır. Məhkəmə iddiaçıya verilmiş intizam cəzaları ilə bağlı sənədləri, konkret olaraq iddiaçının xidməti vərəqəsini əldə etməyib. Birinci instansiya məhkəməsi yalnız cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etiraza məktuba və həmin məktubda əks edilmiş məlumatlara istinad edərək iddianın təmin olunmaması qənaətinə gəlmişdir. Cavabdeh bu işin nəticəsində maraqlı tərəfdir, onun təqdim etdiyi məlumat zəruri məlumatlar əldə edilmədən və müqayisə aparılmadan sübut kimi qəbul edilmişdir. Eyni zamanda iddiaçı cavabdehin təqdim etdiyi məlumatda əks olunmuş nöqsanlardan və tətbiq edilmiş intizam cəzalarından məlumatsız olduğunu, ona həmin cəzaların elan edilmədiyini, həmin cəzaların verilməsi ilə bağlı sənədlərin hamısının yalnız 2018-ci ildə, onun şərti olaraq "Tərtər işi" adlandırılan qanunsuz dindirmə və işgəncə prosesinə cəlb edilməsindən sonra hazırlandığını bildirmişdir. İddiaçı qanunsuz dindirməyə məruz qalması, bu proses zamanı ağır fiziki və mənəvi işgəncə görməsi iş materiallarında olan Baş Prokurorluğun xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiq olunur. Eyni zamanda o da vurğulanmalıdır ki, cavabdeh tərəfindən təqdim edilmiş məlumatın özündə də ziddiyyətlər olmuşdur. Belə ki, təqdim edilmiş iddia ərizəsinə etirazda qeyd olunur ki, İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması üçün 2018-ci ilin fevralında raport verilmişdir. Digər tərəfdən isə elə həmin eitrazda iddiaçıya güya 2018-ci ilin mart ayında, yəni raport verildikdən sonra intizam cəzaları verilməsi ilə əlaqədar onun xidmətə uyğun olmadığı əlaqələndirilmişdir. Yuxarıda qeyd edilən digər sənədlərlə yanaşı qeyd edilən raport da məhkəmə tərəfindən əldə edilməmişdir. Birinci instansiya məhkəməsi həm də iddaçı İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə məsələnin hansı səbəb(lər)dən intizam cəzalarının tətbiq edildiyi 2016 və 2017-ci illərdə deyil, məhz 2018-ci ilin fevralında qaldırıldığını da araşdırmamışdır. Bu kontekstdə, yəni iddiaçı ilə cavabdeh tərəfindən təqdim edilmiş məlumatlar bir-birini təkzib edən şəraitdə, cavabdehin etirazda qeyd edilən məlumatların əsaslandığı intizam cəzaları ilə bağlı sənədləri tələb edərək tədqiq etməməsi məhkəmənin iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparamamasına dəlalət edir. Birinci instansiya məhkəməsi həm də müvafiq qanunvericilik aktlarının normalarına istinad etsə də, zəruri xüsusatları araşdırmadan həmin normalara istinad edərək onları faktiki olaraq düzgün tətbiq etməmişdir. Məhkəmə iclasında İddiaçı verdiyi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X2:- - 1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. - 2-ci maddəsinə əsasən hərbi intizam hər bir qulluqçunun hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır. - 3-cü maddəsinə əsasən hərbi intizam hər bir hərbi qulluqçunu: Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa, hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinəmətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə; hərbi və dövlət sirlərini möhkəm saxlamağa; namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa; komandirlərə (rəislərə) və böyüklərə hörmət etməyə, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyə; hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: - 1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. - 2-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. - 156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. - 165-ci bəndinə əsasən xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. - 168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - - 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. - 41.0.6-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Müdafiə Nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 29 mart 2018-ci il tarixli 081gm nömrəli əmrinə əsasən iddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. İddiaçı hesab edir ki, qeyd olunan əmr qanunsuz olduğundan ləğv edilməli, o əvvəlki işə bərpa edilməli, itirilmiş illəri əmək stajına hesablanmalı və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqı hesablanıb ödənilmədir. Apellyator şikayətinin əsas dəlili kimi göstərmişdir ki, məhkəmə iddiaçıya verilmiş intizam cəzaları ilə bağlı sənədləri, konkret olaraq iddiaçının xidməti vərəqəsini əldə etməyib. Birinci instansiya məhkəməsi yalnız cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etiraza məktuba və həmin məktubda əks edilmiş məlumatlara istinad edərək iddianın təmin olunmaması qənaətinə gəlmişdir. Cavabdeh bu işin nəticəsində maraqlı tərəfdir, onun təqdim etdiyi məlumat zəruri məlumatlar əldə edilmədən və müqayisə aparılmadan sübut kimi qəbul edilmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xx.xx.2022-ci tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı hərbi qulluqçunu döyməsi faktı ilə bağlı Azərbaycan Respublikası CM-in 329.2.1-ci maddəsi ilə istintaq olunan hissəsinə əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilmiş, İddiaçı X4 təhqir etməsi xüsusatına Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Göründüyü kimi İddiaçı bu hərəkətləri hərbi qulluqçunu təhqir etmə cinayətinin tərkibini yaratmış, bununla da İddiaçı Azərbaycan Respublikası CM-in 331.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı barəsində başlamış cinayət işi üzrə icraata qismən bəraətverici əsaslarla xitam verilsə də, digər xüsusat üzrə CPM-in 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Bundan əlavə iddiaçının xidmət dövrünə nəzər yetirdikdə müəyyən olunur ki, xidmətində yol verdiyi nöqsanlara görə (verilən tapşırıqlara səhlənkar yanaşdığına, hərbi hissəni özbaşına tərk etdiyinə, məzuniyyətdən, hospitaldan, gecikdiyinə və xidmət yerinə vaxtında gəlmədiyinə və.s görə) dəfələrlə intizam cəzalarına məruz qalmışdır. İddiaçı tərəfindən yuxarıda qeyd olunan əməllərin törədilməsi işin mübahisəsiz halıdır. Göründüyü kimi apellyatorun şikayətində qeyd etdiyi dəlilləri hüquqi əsaslara söykənmir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1380/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar