Məhkəmə qərarları › İş №2-1(104)-639/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-639/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-639/2023 30.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 110/2023 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 241C nömrəli rəyə əsasən 14 nəfər vətəndaşa satılması nəzərdə tutulan torpaq sahəsi 0,84 hektar olmaqla, Quşqara bələdiyyəsinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi İ keyfiyyət qrupu olmaqla satılması qanuna müvafiqdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin mütəxəssisi O.Məmmədov, Xanlar rayonu Quşqara bələdiyyəsinin üzvü Ş.İbrahimov və iddiaçının iştirakı ilə xx.xx.2007-ci il tarixdə akt tərtib edilərək bələdiyyənin Perspektiv inkişaf fond torpağından 0,84 hektar ayrılıb 14 nəfər vətəndaşa hər birinə 0,06 hektar olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması məqsədə uyğun hesab edilmişdir. Üçüncü şəxsin xx.xx.2007-ci il tarixli 44 nömrəli qərarı ilə 14 nəfər vətəndaşa bələdiyyənin Perspektiv inkişaf fond torpağından 0,84 hektar ayrılıb hər birinə 0,06 hektar olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılmışdır. İddiaçı tərəfindən xx.xx.2007-ci il tarixdə üçüncü şəxsin hesabına 51,84 manat ödənilmiş, bundan sonra torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt xx.xx.2007-ci il tarixdə 1206 nömrə ilə Xanlar rayon torpaq şöbəsində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı xx.xx.2008-ci il tarixdə A seriyalı 052181 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və 782 nömrə ilə X9 kitabında uçota alınmışdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi X6 “Göygöl rayonu, Quşqara kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət etmiş, ərizə xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Cavabdehin əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, 0,06 ha torpaq sahəsinin yol və qonşu torpaq sahələri ilə sərhəddir, icazəsiz tikililər yoxdur, istifadəyə yararlıdır, torpaq sahəsi elektron baza və DWG məlumatlarında başqa mülkiyyətçiyə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Yeni uçot xəritəsində torpaq sahəsi yaşayış məntəqələri torpaq sahəsinə düşür. DWG məlumatlarında torpaq sahəsinin bir hissəsi KPİ-na, bir hissəsi kənd təsərrüfatlı torpaqlara düşür. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********67 nömrəli məktubla bildirmişdir ki, aparılan araşdırma zamanı faktiki torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü, həmçinin, torpaq sahəsinin bir hissəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq ərizənin icrasından imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İmtina ilə razılaşmayan iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Xanlar rayon Quşqara bələdiyyəsinin xx.xx.2007ci il tarixli, 44 nömrəli qərarına əsasən Xanlar (indiki Göygöl) rayonu, Quşqara kəndi ərazisində bələdiyyənin perspektiv inkişaf fond torpağından iddiaçıya fərdi yaşayış evi tikmək üçün 0,06 hektar həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması qərara alınmışdır. Bununla bağlı Xanlar rayon Quşqara bələdiyyəsi ilə aralarında torpaqların alqısatqısına dair akt tərtib edilmiş və iddiaçı tərəfindən həmin torpaq sahəsinin dəyəri Xanlar rayon Quşqara bələdiyyəsinin bank hesabına ödənilmişdir. Daha sonra sözügedən 0,06 hektar həyətyanı torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A 052181 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərək X8 kitabında xx.xx.2008-ci il tarixdə 782 nömrə ilə uçota alınmışdır. İddiaçı sözügedən 0,06 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququmun dövlət qeydiyyatına alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli məktubla elektron baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünü, həmçinin torpaq sahəsinin bir hissəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşdiyini əsas gətirərək sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququmun qeydə alınmasından imtina etmişdir. İddiaçı cavabdeh inzibati orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, Xanlar rayon Quşqara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 44 nömrəli qərarı qəbul edilməzdən əvvəl Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin mütəxəssisinin də iştirakı ilə yaradılmış bələdiyyə komissiyası tərəfindən sözügedən torpaq sahəsinə yerində baxış keçirilərək akt tərtib edilmiş, həmçinin həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid alqı- satqı predmeti olan torpaq sahəsi olmasına və həmin torpaq sahəsinin satılmasının qanunamüvafiq olmasına dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəs mitəsinin Xanlar rayon şöbəsi tərəfindən rəy verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, **********91 nömrəli məktubunda bildirmişdir ki, İdarənin arxiv sənədlərinin və elektron baza məlumatlarının (DWG) araşdırılması zamanı, xx.xx.2008-ci il tarixli, 782 nömrəli (A 052181) "Torpaq sahəsinin planı və ölçüsü"də göstərilən 600 kv.m torpaq sahəsinin bir hissəsinin bələdiyyəyə məxsus yaşayış məntəqələrinin pespektiv inkişafı üçün cəlb olunan torpaq sahəsi, bir hissəsinin isə X7 və onun ailə üzvlərinin mülkiyyətində olan JN-187 nömrəli Dövlət Aktında qeyd olunmuş kənd təsərrüfatı təyinatı torpaq sahəsi olduğu müyyən edilmişdir. Torpaq sahəsinin planı və ölçüsündə göstərilən 600 kv.m torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatların Ərazi İdarəsinin baza və xəritə məlumatlarına əsasən X3 mülkiyyətində olan (xx.xx.2008-ci il tarixli, **********40 reyestr nömrəli çıxarışa əsasən) torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixli, **********37 nömrəli etirazını təqdim etmişdir. Həmin etirazda imtina əsasları yenidən təkrarlanmış və əlavə olaraq bildirilmişdir ki, faktiki torpaq sahəsi X5 məxsus xx.xx.2012-ci il tarixli, **********740 reyestr nömrəli çıxarışla üst-üstə düşür. Həmçinin, yeni uçot xəritəsində torpaq sahəsi yaşayış məntəqələri torpağına düşür, torpaq sahəsinin bir hissəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(114)-110/2023 saylı qərarı ilə (hakim Z.Quliyev) iddianın təmin edilməsi, Göygöl rayonu Quşqara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 44 nömrəli qərarı ilə İddiaçı satılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə üzrə cavabdeh orqan faktiki torpaq sahəsinin X5 məxsus xx.xx.2012-ci il tarixli, **********740 reyestr nömrəli çıxarışla üst-üstə düşməsi həmçinin, torpaq sahəsinin bir hissəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşməsinə, bununla yanaşı, yeni uçot xəritəsində torpaq sahəsi yaşayış məntəqələri torpağına düşməsinə istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən həmin halları təsdiq edən sənədlər, sübutlar məhkəməyə təqdim edilməmiş, cavabdeh nə imtinasında, nə də məhkəməyə təqdim etdiyi etirazında və məktublarında mübahisəli torpaq sahəsinin hansı ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması, başqa şəxsin torpaq sahəsi ilə üstüstə düşən hissənin ölçüsü, koordinatları barədə məlumat verməmişdir. Həmçinin, işdəki mütəxəssis rəyinə əsasən iddiaçıya verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədində qeyd edilən torpaq sahəsinin hazırda, bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı məqsədlər üçün nəzərdə tutulmuş sahə olması, həmin torpaq sahəsi üzərində başqa şəxsin, şəxslərin və ya orqanların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığı, torpaq sahəsi üzərində qaz kəməri və elektrik xətti müşahidə olunmadığı müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh imtina əsasları məhkəmə araşdırması zamanı müəyyən edilmir. Məhkəmə mövqeyini Torpaq Məcəlləsi; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunu; Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu; «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun müvafiq maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın tam ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ərazi İdarəsinin elektron baza və xəritə məlumatlarına (DWG) əsasən, xx.xx.2008-ci il tarixli, 782 nömrəli (A 052181) "Torpaq sahəsinin planı və ölçüsü"-də göstərilən 600 kv.m torpaq sahəsinin bir hissəsinin bələdiyyəyə məxsus yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahəsi, bir hissəsininisə X7 və onun ailə üzvlərinin mülkiyyətində olan JN-187 nömrəli Dövlət Aktında qeyd olunmuş kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin planı və ölçüsündə göstərilən 600 kv.m - torpaq sahəsinin Əsas döngə nöqtələrinin koordinatları Ərazi İdarəsinin baza və xəritə məlumatlarına əsasən X3 mülkiyyətində olan (xx.xx.2008-ci il tarixli, **********40 reyestr nömrəli çıxarışa əsasən) torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Həmçinin, yeni uçot xəritəsində torpaq sahəsi yaşayış məntəqələri torpağına düşür. Torpaq sahəsinin bir hissəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Nəzərə alsaq ki, sözügedən sənədin icra edilərək çıxarışın verilməsi AR Konustitusiyasının 13-cü maddəsinin tələblərinin pozulması həmçinin, digər şəxslərə məxsus mülkiyyət hüquqlarının pozulması ilə də ehtiva oluncaqdır. İddiaçı Göygöl şəhərində 5 (beş) ildən artıq qeydiyyatda olması barədə sənəd təqdim etməmişdir. Bununla da, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələbləri pozulmuşdur. Lakin məhkəmə bu hallara qiymət verməmişdir. Ümumiyyətlə qeyd olunmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı İdarəsi qanunvericilikdə müəyyən edilmiş sənədlər, o cümlədən ödənişlər əsasında vətəndaşlara xidmət göstərir. İlk növbədə iddiaçının sənədləri və həmin sənədlər əsasında hüquqların dövlət qeydiyyatının mümkünlüyü araşdırılmalıdır. Belə olan halda, Mülki Məcəllənin 139cu və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrinin tələbləri pozulur. İşə baxan məhkəmə iş üzrə təqdim olunmuş mütəxəssis rəyi ilə razılaşmamışdır. Lakin buna baxmayaraq məhkəmə öz qərarında bu hallara münasibət bildirməmiş və qərarda bu halları əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qətnamədə qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmişdir, gəldiyi nəticələrin təsdiq edilməsi üçün məhkəmə işə ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh və üçüncü şəxs isə məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları:

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.

2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin müvəqqəti istifadəsinə və icarəsinə verilə bilər.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmin qanunun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar. 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib olunur (23 oktyabr 2007-ci il tarixə qədər olan redaksiya).

Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə Həmin Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 6-cı bəndinə əsasan bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Əsasnamənin 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).

Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Göygöl rayonu Quşqara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 44 saylı qərarı ilə bələdiyyənin Perspektiv inkişaf fond torpağından fərdi yaşayış evi tikmək məqsədilə iddiaçıya 0,06 ha torpaq sahəsi satılmışdır. Bunun müqabilində iddiaçı tərəfindən Kapital bankın Xanlar Filialında olan hesabına 10 sentyabr 2007-ci tarixli, 9 nömrəli ödəniş qəbzi ilə 51 manat torpaq üçün nəzərdə tutulmuş haqq ödənilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair keçmiş DT və XK-nin Xanlar rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin planı və sənədi ölçüsü tərtib edilmişdir. Tərəflər arasında “Torpaqların alqı-satqısına dair akt” bağlanmış. Qeyd olunan alqı-satqı aktı keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsində xx.xx.2007-ci il tarixdə 1206 sıra nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçının nümayəndəsi həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, ərizənin icrasından imtina edilmişdir. Cavabehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, faktiki torpaq sahəsi X5 məxsus xx.xx.2012-ci il tarixli, **********740 reyestr nömrəli çıxarışla üst-üstə düşür. Həmçinin, yeni uçot xəritəsində torpaq sahəsi yaşayış məntəqələri torpağına düşür. Torpaq sahəsinin bir hissəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrasından imtina olunaraq iddiaçıya imtina bildirişi ünvannanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan olan mütəxəssis rəyindən görünür ki, naturada təqdim edilən 600.0 kv.m torpaq sahəsinin 492.0 kv.m hissəsi, A seriyalı 052181 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədində qeyd edilən torpaq sahəsi ilə üst-üstə düşür. Xanlar rayonu Quşqara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 44 saylı qərarı ilə X1, A seriyalı 052181 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədində qeyd edilən torpaq sahəsi halhazırda, bələdiyyə mülkiyyətində olan yaşayış məntəqərinin torpaqları kateqoriyasına aid, həyətyanı məqsədlər üçün nəzərdə tutulmuş sahədir. Həmin torpaq sahəsi üzərində başqa şəxsin, şəxslərin və ya orqanların adına, hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüququnu təsdiq edən sənəd mövcud deyildir. Torpaq sahəsi üzərində qaz kəməri və elektrik xətti müşahidə olunmamışdır. Həmçinin işin birinci instansiya məhkəməsi icraatı zamanı məhkəmə iclasında dinlənilən Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi Sevindik Həsənov rəylə bağlı bildirmişdir ki, iddiaçının faktiki istifadə etdiyi 6 sot torpaq sahəsinin 492 kv.m hissəsi plan və ölçü sənədi ilə üst-üstə düşür. Plan və ölçü sənədində qeyd edilən qalıq torpaq sahəsi qonşu tərəfindən çəpərlənmiş olsa da, onun çıxarışında qeyd edilən torpaq sahəsinə aid deyildir. Başqa sözlə, qonşu iddiaçının texniki sənədində qeyd edilən torpaq sahəsinin bir hissəsini zəbt etmişdir. İddiaçının faktiki istifadə etdiyi və texniki sənəddə göstərilən 6 sot torpaq sahələri bələdiyyə torpaqları olmaqla, onların üzərində başqa şəxsin, şəxslərin və ya orqanların hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan başqa məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixlə məktuba qoşma kimi əlavə edilmiş sənədlərdən görünür ki, Xanlar rayon Quşqara Bələdiyyəsinin 45 saylı, xx.xx.2007-ci il tarixli qərarına əsasən X5 0.06 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib edilmiş. Həmçinin Xanlar rayon Quşqara Bələdiyyəsinin 44 saylı, xx.xx.2007ci il tarixli qərarına əsasən İddiaçı 0.06 ha torpaq sahəsi verilmiş və torpaq sahəsinə dair müvafiq plan və ölçü sənədi tərtib edilmişdir. Beləliklə kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı cavavdeh orqanın dəlillərinə münasibətdə araşdırmalar aparılmış və həmin dəlillərin mövcudluğu öz təsdiqini tapmamışdır. Bundan başqa cavabdeh orqan şikayətin dəlillərini təsdiq edəcək sənədləri, habelə mötəbər sübutları məhkəməyə təqdim edilməmişdir. Həmçinin cavabdeh mübahisə predmeti olan torpaq sahəsinin bir hissəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşdiyini, digər bir hissəsinin isə başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsini bildirməsinə baxmayaraq buna dair heç bir dəqiq məlumatı məhkəməyə təqdim etməmişdir. Belə, qeyd olunan torpaq sahəsinin hansı ölçülərdə kənd təsərrüfatı təyinatlı sahəyə aid olması və (və ya) həmin torpaq sahəsinin hansı ölçülərdə başqa şəxsə məxsus torpaq sahəsilə üst-üstə düşdüməsini təsdiq edəcək müvafiq ölçüləri, koordinatlarına dair məlumatları verməmişdir. Göründüyü kimi işin halları ilə bağlı cavabdehin dəlillərinin həqiqətə uyğun olmasını təsdiq edilmir. Bu səbəbdəndə kollegiya cavabdehin şikayətinin dəlilləri mötəbər hesab etməyərək birinci instansiya məhkəməsinin iş üzrə əsaslı və düzgün nəticəyə gəldiyini qeyd edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-110/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar