Məhkəmə qərarları › İş №2-1(104)-64/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-64/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-64/2025 16.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin 18 yaşdan əvvəlki müddətdə yaranmasının tanınması tələbinə dair QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının nümayəndəsi (qəyyumu) X6 iştirakı ilə, «əlilliyin 18 yaşdan əvvəlki müddətdə yaranmasının tanınması» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-283/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı məxsus, AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1973-cü il tarixdə Qazax rayonu, Çaylı kəndində anadan olmuşdur.

2. xx.xx.2000-ci il tarixli TSEK müayinə qiymətləndirmə nəticəsinə əsasən, İddiaçı "Şizofreniya paranoid qüsur halı" (X1: V Sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-29 – Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 – Şizofreniya => F20.0 Paranoid şizofreniya) diaqnozu ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.

3. xx.xx.2022-ci il tarixli, AZ-İİ 288998 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının atası X11 xx.xx.2022-ci ildə ölmüşdür.

4. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-181/2023 nömrəli qətnaməsi ilə, xx xxxxxx 1973-cü ildə Qazax rayonu Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Qazax rayonu Çaylı kəndində qeydiyyatda olan və yaşayan İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.

5. Qazax rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 9-23/200 nömrəli sərəncamı ilə X10 xx.xx.1973-cü il təvəllüdlü fəaliyyət qabiliyyəti olmayan bacısı İddiaçı qəyyum təyin edilmişdir.

6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı təqdim edilmiş xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubda sonuncuya xx.xx.2000-ci il tarixdən "ümumi xəstəlik" səbəbindən müddətsiz ikinci dərəcə əlillik statusuna malik olması bildirilmiş, digər məsələlərlə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsi tövsiyə olunmuşdur.

7. İddiaçı əlilliyinin ilkin təyinat tarixi ərazi üzrə xidmət göstərən 17 nömrəli Tibbisosial ekspert komissiyasının arxiv sənədləri əsasında xx.xx.1993-cü ilə təsadüf edir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemindən əldə olunan məlumatlara əsasən İddiaçı əlillik vəziyyəti Qazax Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında (Diaqnoz: Şizofreniya, paranoid qüsur halı) təkrar xx.xx.2000-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. İddiaçı əlilliyinin qiymətləndirilməsi ilə əlaqədar müraciəti ilkin olaraq xx.xx.1993-cü il tarixində qeydə alınıb və həmin tarixdən qanunvericiliyə uyğun olaraq əlillik statusuna malikdir.

8. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 179 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı “Paranoid şizofreniya, psixi qüsur əlamətləri ilə” müəyyən edilir. Təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax Rayon Psixiatriya Xəstəxanasının 09 fevral 2023-cü il tarixli 230 nömrəli göndərişindən İddiaçı xx.xx.1996-cı il tarixdən X3 “Şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı - F20.0” diaqnozu ilə qeydiyyatda olması məlum olur. Buna əsasən belə nəticəyə gəlmək olar ki, İddiaçı uşaqlıqdan “Şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı - F20.0” xəstəliyindən əziyyət çəkir. Elmi ədəbiyyatlarda qeyd olunmuşdur ki, xroniki psixi xəstəlik hesab olunan Paranoid şizofreniya diaqnozu qoyulan pasiyentlərin 20-40%-ində ilk psixotik əlamətlər 20 yaşa qədər meydana çıxır.

9. X2 xx.xx.2024-cü il tarixli, 1973 nömrəli arayışına əsasən, İddiaçı xx.xx.1986-cı il tarixdən “F20.0-Şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı”diaqnozu ilə X3 qeydiyyatdadır, çox erkən dövrlərdən xəstədir və kənar şəxsin köməyinə ehtiyacı var.

10. X2 xx.xx.2025-ci il tarixli, 74 nömrəli arayışına əsasən, İddiaçı xx.xx.1986-cı il tarixdən X3 ambulator qeydiyyatdadır və xx.xx.1996-cı il tarixdən dəfələrlə xəstəxanada stasionar müalicədə olmuş, daim xəstəxanadan pulsuz dərmanlar almışdır. İİ qrup əlildir.

11. X2 ******* nömrəli ambulator tibbi kitabçasından görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdən “Şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı - F20.0” diaqnozu ilə dispanser qeydiyyatına alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

12. İddiaçı qanuni nümayəndəsi (qəyyumu) X10 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı İİ dərəcə əlillik statusunun "18 yaşa çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşdan yuxarı əlilliyi olan övladları" kimi (xx.xx.1986-cı ildən etibarən) qiymətləndirilərək müvafiq məlumatların, xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum X9 ölümünədək ödənilmiş "ailə başçısını itirməyə görə" pensiyanın xx.xx.2022-ci il tarixdən etibarən iddiaçının adına keçirilməsi, həmin pensiya məbləğinin indiyə kimi ödənilməli olan, lakin ödənilməmiş bütün müvafiq aylıq pul məbləğlərinin hesablanaraq sonuncuya ödənilməsi məqsədilə, aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X5 1806 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən, xx.xx.1986-cı il tarixdən etibarən “Şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı” diaqnozu üzrə çox erkən dövrlərdən xəstədir və onun kənar şəxslərin köməyinə ehtiyacı vardır. 1 saylı X4 Qazax rayyon Qəbul şöbəsinin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli arayışına əsasən, xx.xx.1993-cü ildən indiyə kimi “Şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı” diaqnozu üzrə ona 2-ci qrup əlillik təyin edilmiş və hər ay 180 manat məbləğində müavinət alır və xx.xx.2000-ci il tarixdən “ümumi xəstəlik” səbəbindən müddətsiz ikinci dərəcə əlillik statusuna malikdir. xx.xx.1993-cü il tarixdən etibarən ikinci dərəcə əlillik statusu tanınsa da, onda həmin xəstəlik çox uşaq vaxtlarından aşkar edilmiş, özünü tanıyandan bəri daim özünü narahat, qeyri-adi hiss etmiş, həmin xəstəliklə əlaqədar Qazax rayon Psixatriya xəstəxanasında dəfələrlə müalicə olunmuşdur. X5 1806 nömrəli, xx.xx.2022-ci il tarixli arayışında da qeyd edilmişdir ki, xx.xx.1986-ci il tarixdən etibarən “Şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı” diaqnozu üzrə çox erkən dövrlərdən xəstədir və onun kənar şəxslərin köməyinə ehtiyacı vardır. Xəstəliyi ilə əlaqədar, Qazax rayonu, Çaylı kənd 1 nömrəli tam orta məktəbinə yaşıdlarından bir il gec getmişdir. Orta təhsilinin ilk illərini, o cümlədən bütün siniflərini, xüsusən də son siniflərini-illərini çətinliklə bitirmişdir. Nəhayət, 9-cu sinifi xəstə vəziyyətdə bitirib məktəbdən 9 illik təhsil barədə şəhadətnamə alımışdır. Bundan sonra xəstə olsa da, təhsilini davam etdirmək istəmiş, bir neçə ay məktəbə 10-cu sinfə getmiş, lakin həmin xəstəliklə əlaqədar tez-tez müayinə və müalicə üçün xəstəxanalara gedib-gəldiyinə görə təhsilini davam etdirə bilməmişdir. Ona görə də, 11 illik tam orta təhsil üçün müvafiq atestat ala bilməmiş, o cümlədən də indiyə kimi həmin xəstəliyi ilə əlaqədar ailə qura bilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 30 dekabr 2022-ci il tarixli, **********1 saylı məktubunun ikinci abzasında qeyd edilmişdir ki, mərhum atası X9 xx.xx.2022-ci il tarixədək həmin filial tərəfindən iddiaçının şəhid qardaşı X7 müvafiq təminat xərcliyinin (703 manat) 80 faizi - 562,40 manat məbləğində “ailə başçısını itirməyə görə” əmək pensiyası ödənilmişdir. Ona görə də, həmin pensiyanın onun adına keçirilməsi məqsədilə, göstərilən məlumatları özündə əks etdirən sənədlərlə birlikdə ərizələri ilə cavabdeh Dövlət TibbiSosial Ekspertiza və Realbilitasiya Xidmətinə müraciət edib əlillik statusunun “Əmək pensiyaları haqqında” Qanunun 14-cü maddəsinə əsasən “18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşdan yuxarı əlilliyi olan övladları” kimi (xx.xx.1986-cı ildən etibarən) qiymətləndirilməsini xahiş etmiş, lakin həmin cavabdehin xx.xx.2022-ci il tarixli, **********6 saylı məktubu ilə onun xahişindən imtina edilmişdir, yəni atası M.Ə.Civişovun aldığı pensiyası, onun əlillik statusunu 18 yaşdan əvvəl deyil, 18 yaşdan sonra aldığına görə atasıın pensiyası onun adına keçirilməmişdir. O, rəsmi sənədlərə əsasən xx.xx.1993-cü ildən indiyə kimi 2-ci qrup əlil kimi tanınsa da, X5 xx.xx.2022-ci il tarixli, 1806 saylı məktubuna əsasən xx.xx.1986-cı il tarixdən etibarən “Şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı” diaqnozu üzrə həmin xəstəxanada xəstə kimi qeydiyyatdadır, erkən dövrlərdən xəstəyədir və onun kənar şəxslərin köməyinə ehtiyacı vardır.

14. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7536/2023 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

15. İddiaçının qanuni nümayəndəsi (qəyyumu) xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının "ikinci dərəcə əlillik statusunun 18 yaşından əvvəlki müddətdə yaranmasının tanınmasına dair" iddia tələbinin təmin edilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul olunmuşdur.

16. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş iddia tələbinə dair xx.xx.2023-cü il tarixli etirazda qeyd olunmuşdur ki, iddiaçı cavabdeh olaraq inzibati orqanı düzgün seçmədiyi üçün iddia mümkünsüz iddiadır. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-283/2024 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilməmişdir.

18. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı əlilliyinin ilkin təyinat tarixi ərazi üzrə xidmət göstərən 17 nömrəli Tibbi-sosial ekspert komissiyasının arxiv sənədləri əsasında xx.xx.1993-cü ilə təsadüf edir. İddiaçının əlillik vəziyyəti Qazax Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında (Diaqnoz: Şizofreniya, paranoid qüsur halı) təkrar xx.xx.2000-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Bununla yanaşı iddiaçı tərəf həm iddia ərizəsində, həm də iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə iddia tələbini yəni, təyin edilmiş əlilliyin iddiaçının 18 yaşından əvvələ aid edilməsini X2 xx.xx.2022-ci il tarixli, 1806 nömrəli məktubuna əsasən, xx.xx.1986-cı il tarixdən etibarən "Şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı" diaqnozu üzrə həmin xəstəxanada xəstə kimi qeydiyyatda olması ilə əsaslandırsa da, buna aid hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, həmin tarixdə iddiaçıya müvafiq diaqnozun qoyulması onun həmin tarixdən əlil hesab edilməsi anlamına gəlmir.

19. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.

b)Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri: Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi (qəyyumu) izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçıda mövcud olan xəstəlik özünü uşaqlıqdan büruzə verməyə başlamış, bu səbəbdən də orta məktəbi bitirə bilməmişdir. Sadəcə qız uşağı olduğundan və adının kənddə xəstə kimi bilinməməsi üçün bu halı uzun müddət gizlətməyə çalışıblar. Lakin iddiaçı illərdir xəstəlikdən əziyyət çəkir, hazırda da onun himayəsində yaşayır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəyə hər hansı məlumat verilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir.

24. İşin hallarından məlum olur ki, cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2000ci il tarixli TSEK müayinə qiymətləndirmə nəticəsinə əsasən, "Şizofreniya paranoid qüsur halı" (X1: V Sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-29 – Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20 – Şizofreniya => F20.0 Paranoid şizofreniya) diaqnozu ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş, əlilliyin 18 yaşdan əvvəlki müddətdə yaranmasının tanınmasına dair müraciətə müsbət cavab verilməmişdir.

25. İddiaçı tərəfin hazırki tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı iddiaçıya təyin edilmiş ikinci dərəcə əlilliyin 18 yaşdan əvvəlki müddətdə yaranmasının tanınmasına nail olmaqdır. Belə ki, cavabdeh orqan iddiaçıya təyin edilmiş diaqnozun əlillik təyinatına əsas olması ilə razılaşsa da, əlilliyin 18 yaşdan əvvəlki tarixdən yaranması ilə razılaşmır və qeyd edir ki, iddiaçıya xx.xx.2000-ci il tarixdən "ümumi xəstəlik" səbəbindən müddətsiz ikinci dərəcə əlillik statusuna malik olması bildirilmiş, digər məsələlərlə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsi tövsiyə olunmuşdur.

26. Cavabdehin imtinasını əsaslı hesab edən birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçının əlilliyinin ilkin təyinat tarixi xx.xx.1993-cü ilə təsadüf edir. Həmçinin, iddiaçı tərəf təyin edilmiş əlilliyin iddiaçının 18 yaşından əvvələ aid edilməsini X2 xx.xx.2022-ci il tarixli, 1806 nömrəli məktubuna əsasən, xx.xx.1986-cı il tarixdən etibarən "Şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı" diaqnozu üzrə həmin xəstəxanada xəstə kimi qeydiyyatda olması ilə əsaslandırsa da, buna aid hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, işdə olan sənədlərlə iddiaçının əllik vəziyyətinin 18 yaşdan əvvəl müəyyən edilməsi öz təsdiqini tapır.

28. Belə ki, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 179 nömrəli ekspert rəyində qeyd olunur ki, iddiaçıda “Paranoid şizofreniya, psixi qüsur əlamətləri ilə” müəyyən edilir. Təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax Rayon Psixiatriya Xəstəxanasının 09 fevral 2023-cü il tarixli 230 nömrəli göndərişindən İddiaçı xx.xx.1986-cı il tarixdən X3 “Şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı - F20.0” diaqnozu ilə qeydiyyatda olması məlum olur. Buna əsasən belə nəticəyə gəlmək olar ki, İddiaçı uşaqlıqdan “Şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı - F20.0” xəstəliyindən əziyyət çəkir. Elmi ədəbiyyatlarda qeyd olunmuşdur ki, xroniki psixi xəstəlik hesab olunan Paranoid şizofreniya diaqnozu qoyulan pasiyentlərin 20-40%-ində ilk psixotik əlamətlər 20 yaşa qədər meydana çıxır.

29. İşdə olan X2 xx.xx.2024-cü il tarixli, 1973 nömrəli arayışına əsasən, İddiaçı xx.xx.1986-cı il tarixdən “F20.0-Şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı”diaqnozu ilə X3 qeydiyyatdadır, çox erkən dövrlərdən xəstədir və kənar şəxsin köməyinə ehtiyacı var.

30. X2 xx.xx.2025-ci il tarixli, 74 nömrəli arayışına əsasən, İddiaçı xx.xx.1986-cı il tarixdən X3 ambulator qeydiyyatdadır və xx.xx.1996-cı il tarixdən dəfələrlə xəstəxanada stasionar müalicədə olmuş, daim xəstəxanadan pulsuz dərmanlar almışdır. İİ qrup əlildir.

31. Məhkəmə kollegiyasının müvafiq sorğusu əsasında təqdim olunmuş X2 ******* nömrəli ambulator tibbi kitabçasından görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdən “Şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı - F20.0” diaqnozu ilə dispanser qeydiyyatına alınmışdır.

32. Göründüyü kimi, iddiaçıda 18 yaşından əvvəl “Şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı - F20.0” xəstəliyinin mövcud olması və onun həmin diaqnozla X3 ambulator qeydiyyatı iş materialları ilə öz təsdiqini tapır. Odur ki, iddiaçı tərəf tələbində haqlıdır və İddiaçı xx.xx.1986-cı il tarixdən “Şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı - F20.0” diaqnozu ilə ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.

Nəticəvi hissə:

33. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-283/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilsin. İddiaçı “Şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı - F20.0” diaqnozu ilə ikinci dərəcə əlillik statusunun 18 yaşından əvvəlki müddətdə yaranmasının tanınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar