Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-640/2025 02.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilə kimi "xxxx" ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilərək xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2-1(114)-734/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2002-ci ildən xx.xx.2024- cü ilə kimi "xxxx" ASC-də 7 nömrəli dəmirçi sexində yarı fəhlə işləməsinə dair yeni əmək kitabçasında qeyd olunmamış stajın tanınması və pensiya hüququ verən sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci ildə doğulmuş, uzun illər əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" ASC-də 7 nömrəli dəmirçi sexində y/fəhlə vəzifəsində işləmiş, 84 nömrəli əmrinə əsasən öz xahişı ilə işdən azad edilmişdir. Lakin bu, onun əmək kitabçasında qeyd olunmamışdır. İddiaçı pensiya təyin olunması barədə cavabdehə müraciət etsə də, cavabdeh orqan tərəfindən imtina cavabı verilmişdir. Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) xx.xx.2023-cü il tarixli 2-1(114)- 2141/2023 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(104)-532/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2141/2023 nömrəli qərardadının ləğv edilməsi və işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilərək, iddia tələbi “xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilə kimi "Bakı Elektroştamp ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilərək xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) xx.xx.2025-ci il tarixli, 2-1(114)- 734/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilə kimi "xxxx" ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilərək xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı qərardan apellyasiya şikayəti verərək, ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı həmçinin buraxılmış prosessual müddətin bərpası barədə ərizə verərək, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2-1(114)-734/2025-cü il saylı qərarı ilə onun iddia tələbi təmin edilməmişdir. Məhkəmə qərarı ona gec, sentayabr ayında çatdırılmışdır. O, mütəmadi olaraq ağır xəstəlyi ilə bağlı müalicə alır, Bakı və Sumqayıt şəhərlərinə müayinə və müalicələr üçün müracət etməli olur. Həmin ağır hallarda bütün işləri eyni zamanda icra etmək, həyata keçirmək imkanlarına məhdudiyyətlər yaranır. Ona görə də o, üzürlü səbəbdən qanunda nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti verə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-734/2025 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxımış müddətin bərpa edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verilməsi üçün buraxımış müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsini və apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş müddətin bərpasına dair ərizə təmin edilməməli, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 87.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin İPM-nin 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Ona görə də apellyasiyanın mümkünlüyü məsələsinin həlli, apellyasiya şikayətinin həmin normalar üzrə yoxlanılmasını ehtiva edir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, apellyasiya şikayəti İPM-nin 85.1-ci maddəsində müəyyən olunmuş müddət ötürülməklə verilmişdir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinin tələbinə əsasən, birinci instansiya məhkəməsinin qərarından şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsi ilə verilir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-734/2025 nömrəli qərarı xx.xx.2025-ci il tarixdə məktubla iddiaçının ünvanına göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə imzlanaraq qəbul edilmişdir. Azərbaycan Respublikası İPM-nin 22.1-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından başlanır. Bu halda qərardan şikayət verilməsi üçün müəyyən olunmuş müddətin axımı da qəbul edildiyi xx.xx.2025-ci il tarixdən başlanmışdır. Lakin iddiaçı qərardan şikayəti müddəti ötürməklə vermiş, şikayət Gəncə İnzibati Məhkəməsinə göndərilməsi üçün xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən poçt orqanına təqdim edilmişdir. Bu hal, yəni müddətin ötürülməsi, apellyasiya şikayətinin mümkün sayılmaması və şikayətin qəbul edilməsindən imtina olunması üçün əsasdır. Çünki, Azərbaycan Respublikası İPM-nin 87.3-cü maddəsinin tələbinə görə apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməsindən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir (İnzibati Prosessual Məcəllənin 87.3 və 87.4-cü maddələri). Məhkəmə kollegiyası iddiaçı tərəindən verilmiş apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa olunması barədə ərizənin düzgün həlli üçün müddətlərlə bağlı bəzi məsələlərin daha aydın izah olunması üçün Azərbaycan Respublikası İPM-nin müddəaları ilə yanaşı, ona zidd olmayan hissədə Mülki Prosessual Məcəlləsinin normalarına da istinad edilməsini mümkün və məqsədəuyğun sayır. Çünki, Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İPM-nin 22.2-ci maddəsində deyilir ki, müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası İPM-nin 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-lə müəyyən olunmuş ümumi qaydaya görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (MPM-nin 128.1 və 130.1-ci maddələri). Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinin məzmunundan göründüyü kimi, bu norma ilə müəyyən olunmuş şikayət vermə müddətinin axımı məhkəmə aktının təqdim olunduğu gündən başlanır. Qanunvericilik şikayət verilməsi mümkün olan məhkəmə aktlarının təqdim edilməsi qaydasını da dəqiq müəyyən etmişdir və müddətin axımının başlanmasını müəyyən etmək üçün bu müddəalar da nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası İPM-nin 20.1-ci maddəsinin tələbinə görə müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İPM-nin 75.3-cü maddəsinin tələbinə əsasən məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir (Azərbaycan Respublikası İPM-nin 20.3-cü maddəsi) . Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən verilir. Hüquqi şəxsə ünvanlamış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Belə ki, birinci instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-734/2025 nömrəli qərarı iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə şəxsən imzlanaraq qəbul edilmişdir. Azərbaycan Respublikası İPM-nin 22.1-ci maddəsinə əsasən məhz həmin andan iddiaçının qərardan şikayət vermək üçün müəyyən olunmuş müddətin axımı başlanmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İPM-nin 23.1-ci maddəsində də müddətin axımına aid tələblər müəyyən edilərək göstərilir ki, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Birinci instansiya məhkəməsinin qərarından göründüyü kimi, həmin qərar ondan şikayət verilməsi qaydası, müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı tam və aydın şəkildə göstərilmişdir. Bu halda, iddiaçının qərardan apellyasiya şikayəti verməsi müddətinin axımı xx.xx.2025-ci il tarixdə başlanmış və xx.xx.2025-ci il tarixdə qurtarmışdır. Lakin qanunvericilik, şəxsin ona verilmiş hüquqdan qanunla müəyyən edilmiş müddətdə üzürlü səbəbdən istifadə edə bilmədiyi halda, ona bu hüquqdan yararlanmaq üçün əlavə imkan da yaradır. Bu imkan prosessual müddətin bərpası qaydasında təmin olunur. Göründüyü kimi iddiaçı tərəfindən müddətin ötürülməsinə əsas verəcək mötəbər sübutlar təqdim edilməmiş və dəlilləri formal xarakter daşıyır və ötürülmüş prosessual müddətin bərpası üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, şikayət vermək üçün müəyyən olunmuş müddətdə, şəxsin şikayət verməsinə yönələn hərəkətləri etməsinə mane olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında da göstərmişdir ki, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın”. İddiaçı tərəfindən buraxılmış müddətin üzürlü hesab olunmasının əsasları səhhətindəki problemlərdən dolayı müayinə və müalicələrdə olması ilə əlaqələndirilmişdir. Qeyd edilən əsasları təsdiq edən sübutlar məhkəmə təqdim edilməmiş, eyni zamanda məhkəmə iclası zamanı iddiaçı tərəfindən təqdim edilmiş tibbi sənədə məhkəmə kollegiyası tərəfindən baxış keçirilərək müəyyən edilmişdir ki, həmin sənədin tarixi xx.xx.2025-ci il tarixlidir ki, bu da qərarın qəbul edildiyi tarixdən xeyli əvvələ təsadüf edir. Odur ki, qeyd olunanlar şikayətin verilməsi üçün müddətin üzürsüz səbəbdən ötürüldüyünü deməyə əsas verir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməməli, apellyasiya şikayəti mümkün sayılmamalı və qəbulundan imtina edilməlidir. Yuxarıda şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 81, 85, 87-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-734/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməsin, apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-640/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-640/2025
02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver