Məhkəmə qərarları › İş №2-1(104)-644/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-644/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-644/2023 07.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrliyi və məruzəsi ilə), Hüseynzadə Afiq Hüseyn oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçınn etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkilvə cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Göygöl şəhər Bələdiyyəsi) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-235/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.2011-ci il tarixdə 144 nömrə ilə qeydə alınmış “Torpaqların alqı-satqısına dair” aktın və Göygöl Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 05 nömrəli qərarının təsdiqlənmiş surətlərindən də görünür ki, Göygöl Bələdiyyəsinin perspektiv inkişaf fond torpaq sahəsi ərazisindən 0,06 ha torpaq sahəsi İddiaçı satılmışdır. DT və XK-nin Göygöl Rayon şöbəsi tərəfindən hazırlanmış Göygöl Bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, iddiaçı X2 0.06 ha torpaq sahəsi ayrılmışdır. xx.xx.2011-ci il tarixli, 72 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən torpaq alqı satqısı üçün 840.00 manat pul Göygöl Bələdiyyəsinin hesabına köçürülmüşdür. Cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş imtina bildirişindən görünür ki, mübahisə predmeti olan torpaq sahəsi Göygöl Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 05 saylı qərarı ilə iddiaçıya satılmış və torpaq sahəsinin satılmasına dair xx.xx.2011-ci il tarixli “Torpaqların alqı-satqısına dair” akt tərtib edilmişdir. Lakin, torpaq sahəsinin əldə edilməsinə dair notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ərizəyə əlavə edilməmişdir. Həmçinin, Ərazi İdarəsinin elektron xəritə məlumatlarına əsasən torpaq sahəsinin 0.03 ha hissəsinin hüquqlarının qeydiyyata alınmış bələdiyyə torpağından kənarda yerləşdiyi müəyyən edilmişdir. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Göygöl şəhər bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 05 saylı qərarı ilə İddiaçı satılması nəzərdə tutulmuş 0.06 ha torpaq sahəsinə dair tərtib olunmuş plan ölçü sənədində göstərilən koordinatlara və mövcud xəritə materiallarına istinadən, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Qeyd olunan torpaq sahəsi, ehtiyat fond torpaqları kateqoriyasına aid, yaşayış məqsədləri üçün nəzərdə tutulan, perspektiv inkişaf sahəsidir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur. İddiaçı həmin fərdi yaşayış evinin ona məxsus olduğunu bildirmişdir. Göygöl şəhər bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 05 saylı qərarı ilə İddiaçı satılması nəzərdə tutulmuş 0.06 ha (600.0 kv.m) torpaq sahəsinin 0.056 ha (560.0 kv.m) hissəsi, İddiaçı faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin 560.0 kv.m hissəsi ilə üstüstə düşür. Göygöl şəhər bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 05 nömrəli qərarı İddiaçı satılması nəzərdə tutulmuş 0.06 ha torpaq sahəsinin koordinatlarının, digər hər hansı şəxsə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmə halı müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl şəhər Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 05 saylı qərarı ilə Göygöl Bələdiyyəsinin perspektiv inkişaf fond torpağından fərdi yaşayış evi tikmək üçün ona 0.06 ha torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsi hazırda ünvan 1 ünvanında yerləşir. Torpaq sahəsi 11 ildir fasiləsiz olaraq sahibliyində və istifadəsindədir. Qeyd olunan torpaq sahəsində fərdi yaşayış evi tikərək orada yaşayırlar. Bələdiyyənin qərarı və digər müvafiq sənədləri, keçmiş torpaq şöbəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü çəkilmiş və bütün sənədləri tam olaraq qanunidir. O, aidiyyəti üzrə çıxarışın verilməsi üçün DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********25 nömrəli etirazında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı Göygöl Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 05 saylı qərarı ilə iddiaçıya satılmış və torpaq sahəsinin satılmasına dair xx.xx.2011-ci il tarixli “Torpaqların alqı-satqısına dair” akt tərtib edilmişdir. Lakin torpaq sahəsinin əldə edilməsinə dair notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ərizəyə əlavə edilməmişdir. Həmçinin Ərazi İdarəsinin elektron xəritə məlumatlarına əsasən torpaq sahəsinin 0.03 ha hissəsinin hüquqlarının qeydiyyata alınmış bələdiyyə torpağından kənarda yerləşdiyi müəyyən edilmişdir. Plan və ölçüsünün (kadastrının) koordinatları ilə faktiki koordinatlar arasında şimal-şərqə tərəf 2.4 m sürüşmə (fərq) var. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Göygöl şəhər Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-235/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mövcud qanunvericiliyə əsasən fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə torpağının alqı-satqı edilməsi nəzərdə tutulmuşdur. Həmçinin bələdiyyələrə məxsus olan daşınmaz əmlaka dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə cavabdeh orqanın imtinasının “torpaq sahəsinin 0.03 ha hissəsinin hüquqlarının qeydiyyata alınmış bələdiyyə torpağından kənarda yerləşməsi ilə” bağlı qeyd etməyi zəruri hesab edir ki, iş üzrə verilmiş mütəxəssis rəyindən də görünür ki, Göygöl şəhər bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 05 saylı qərarı ilə İddiaçı satılmış 0.06 ha torpaq sahəsi tamamilə bələdiyyənin mülkiyyətindədir. Bundan əlavə, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən satması Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının tam ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırılması zamanı Göygöl Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 05 saylı qərarı ilə İddiaçı satılmış və torpaq sahəsinin satılmasına dair xx.xx.2011-ci il tarixli "Torpaqların alqı-satqısına dair" akt tərtib edilmişdir. Lakin, torpaq sahəsinin əldə edilməsinə dair notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ərizəyə əlavə edilməmişdir. Həmçinin, Ərazi İdarəsinin elektron xəritə məlumatlarına əsasən torpaq sahəsinin 0.03 ha hissəsinin hüquqlarının qeydiyyata alınmış bələdiyyə torpağından kənarda yerləşdiyi müəyyən edilmişdir. Plan və ölçüsünün (kadastrının) koordinatları ilə faktiki koordinatlar arasında şimal-şərqə tərəf 2.4 m sürüşmə (fərq) var. Hesab edirik ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların sübut olunmadığından qərar ləğv olunmalıdır. Aparılan araşdırma zamanı, müəyyən olunmuşdur ki, Ərazi İdarəsinin elektron baza və xəritə məlumatlarına əsasən, torpaq sahəsinin 0.03 ha hissəsi hüquqlarının qeydiyyata alınmış bələdiyyə torpağından kənarda yerləşdiyi müəyyən edilmişdir. Ərazi İdarəsinin elektron xəritə məlumatlarına əsasən plan və ölçüsünün (kadastrının) koordinatları ilə faktiki koordinatlar arasında şimal- şərqə tərəf 2.4 m sürüşmə (fərq) var. Araşdırılması zamanı Göygöl Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 05 saylı qərarı ilə İddiaçı satılmış və torpaq sahəsinin satılmasına dair xx.xx.2011-ci il tarixli "Torpaqların alqı-satqısına dair" akt tərtib edilmişdir. Lakin, torpaq sahəsinin əldə edilməsinə dair notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ərizəyə əlavə edilməmişdir. Apellyasiya icraatı zamanı iddiaçının eitbarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil tərəfindən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edilərək İddiaçı ünvan 2 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasını iş üzrə xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə uyğun təmin edilməsini, iddia tələbinin həcminin azaldılaraq 0.056 (560.0 kv.m) hissədə təmin edilməsini xahiş etmişdir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının tam ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və tərəfindən təqdim edilmiş iddia tələbinin həcminin azaldılmasına dair ərizənin təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxs hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın: 2-ci bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 43.3-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi yerquruluşu işlərinə aid edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. İstinad olunan qanunvericilik normalarından da göründüyü kimi torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İşin halları ilə müəyyən olunur ki, ünvan 2 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi üçün nəzərdə tutulmuş haq iddiaçı tərəfindən bələdiyyənin hesabına ödənilmiş və alqısatqı müqaviləsinə əsasən torpaq sahəsi iddiaçıya satılmışdır. Hazırda iddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqların qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını torpaq sahəsinin 0.03 ha hissəsinin hüquqlarının qeydiyyata alınmış bələdiyyə torpaqğından kənarda yerləşməsinin müəyyən edilməsi təşkil etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia əsaslı hesab edilərək təmin edilmişdir. İş üzrə təqdim olunan mütəxəssis rəyində qeyd edilmişdir ki, Göygöl şəhər bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 05 saylı qərarı ilə İddiaçı satılması nəzərdə tutulmuş 0.06 ha torpaq sahəsinə dair tərtib olunmuş plan ölçü sənədində göstərilən koordinatlara və mövcud xəritə materiallarına istinadən, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Qeyd olunan torpaq sahəsi, ehtiyat fond torpaqları kateqoriyasına aid, yaşayış məqsədləri üçün nəzərdə tutulan, perspektiv inkişaf sahəsidir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur. İddiaçı həmin fərdi yaşayış evinin ona məxsus olduğunu bildirmişdir. Göygöl şəhər bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 05 saylı qərarı ilə İddiaçı satılması nəzərdə tutulmuş 0.06 ha (600.0 kv.m) torpaq sahəsinin 0.056 ha (560.0 kv.m) hissəsi, İddiaçı faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin 560.0 kv.m hissəsi ilə üstüstə düşür. Göygöl şəhər bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 05 nömrəli qərarı İddiaçı satılması nəzərdə tutulmuş 0.06 ha torpaq sahəsinin koordinatlarının, digər hər hansı şəxsə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmə halı müəyyən olunmamışdır. Məhkəmə kollegiyası tərəfindən icraata qəbul edilən iddia tələbinin həcminin azaldılaması barədə ərizədən məlum olur ki, iddiaçının nümayəndəsi (vəkili) ərizə təqdim edərək iddiaçının istifadəsində və mülkiyyətində olan 0,056 ha (560 kv.m.) torpaq sahəsinin qeydə alınaraq dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilinin bir hissəsi üzrə, yəni 30 kv metr hissəsində artıq mübahisə mövcud deyildir. Qalan 560 kv metr hissənin hüquqi və faktiki olaraq İddiaçı mülkiyyətində olması isə mübahisəsiz haldır. İddia tələbinin əsası olaraq qeyd olunan İddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair çıxarışın verilməsi cavabdeh inzibati orqanın yuxarıda qeyd edilən “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na əsasən birbaşa səlahiyyətindədir. Odur ki, vətəndaşın qanuni tələbinin icrasından əsassız və lüzumsuz imtina inzibati orqanın vəzifə səlahiyyətindən sui-istifadədir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan 560 kv metr torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsindən cavabdehin imtina dəlilləri öz təsdiqini tapmadığından əsaslı hesab edilə bilməz. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-235/2023 nömrəli qərarı ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində dəyişdirilsin. ünvan 1 ünvanında yerləşən 0.056 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar