Məhkəmə qərarları › İş №2-1(104)-645/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-645/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-645/2023 26.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı ailə başçısını itirməyə görə sosial müavinətin əvvəlki illər üçün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1863/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)-873/3031 saylı qətnaməsindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)- 152/2021 saylı qətnaməsi ilə xx.xx.1966-ci il tarixdə Gədəbəy rayonu, Qumlu kəndində anadan olmuş, X1 xx.xx.2015-ci il tarixdən xəbərsiz itkin düşmüş şəxs hesab edilməsi qət edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)-873/3031 saylı qətnaməsi ilə xx.xx.1966-cı il tarixdə doğulmuş X6 ölmüş elan edilmiş və A.Allahverdiyevin ölüm tarixi məhkəmə qətnaməsinin qanuni qüvvəsinin aldığı tarixdən hesablanması qət edilmişdir. İddiaçı onun övladının mərhum atasının 2015-ci ildən itkin düşməsi nəzərə alınaraq ailə başçısını itirməyə görə təyin olunmuş müavinatın 2015-ci ildən ödənilməsi üçün cavabdehə müraciət etsə də, inzibati orqanın xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubu ilə iddiaçının övladına əvvəlki illər üçün sosial müavinətin ödənilməsindən imtina edilmişdir. Ona görə də, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-150/2021 saylı qətnaməsinə əsasən xx.xx.1966-cı il tarixdə Gədəbəy rayonu, Qumlu kəndində anadan olmuş X1 21 iyul 2015-ci il tarixdən xəbərsiz itkin düşməsini nəzərə alıb ailə başçısını itirdiyinə görə təyin olunmuş müavinatın 2015-ci ildən ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı X6 ilə qeyrirəsmi ər-arvad müasibətlərində yaşamış və onların birgə münasibətlərindən bir övladları - xx.xx.2011-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Daha sonra Arzu Allahverdiyev itkin düşmüş, iddiaçı aidiyyəti orqanlara müraciət etmiş və sonda Gədəbəy Rayon Məhkəməsinin 2(042)-873/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.1966-cı il tarixdə doğlumuş X1 ölmüş elan edilməsi qət edilmişdir. Həmçinin, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-873/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.1966-cı il tarixdə doğlumuş X1 ölmüş elan edilmədən öncə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)- 150/2021 saylı qətnaməsinə əsasən xx.xx.1966-cı il tarixdə Gədəbəy rayonu, Qumlu kəndində anadan olmuş X1 21 iyul 2015-ci il tarixdən xəbərsiz itkin düşməsi müəyyən edilmişdir. Bundan sonra cavabdeh orqan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli № -li 2(042)-873/2021 saylı qətnaməsinə əsasən mərhum X7 xx.xx.2021-ci il tarixdən ölmüş elan edildiyi üçün iddiaçının övladı X2 xx.xx.2021-ci il tarixdən ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. İddiaçı isə hesab edir ki, onun mərhum ərinin 2015-ci ildən itkin düşməsi nəzərə alınaraq ailə başçısını itirdiyinə görə təyin olunmuş müavinat 2015-ci ildən ona verilməlidir. Bununla bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1863/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın qismən təmin edilməsi, İddiaçı övladı X2 mərhum atası X1 ölümü ilə əlaqədar təyin edilmiş ailə başçısını itirməyə görə sosial müavinətin əvvəlki müddət üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının övladının mərhum atası X8 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)- 873/2021 saylı qətnaməsinə əsasən ölmüş elan edilmiş və A.Allahverdiyevin ölüm tarixi məhkəmə qətnaməsinin qanuni qüvvəsinin aldığı tarixdən hesablanmışdır. Lakin buna baxmayaraq qeyd edilməlidir ki, sözügedən şəxs xx.xx.2021-ci il tarixdən ölmüş hesab edilsə də, məhkəmənin digər bir qətnaməsi ilə (Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)-150/2021 saylı qətnaməsi) o, xx.xx.2015-ci il tarixdən xəbərsiz itkin düşməsi müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, sözügedən şəxsin ölüm vaxtı müvafiq məhkəmə qətnaməsinin qanuni qüvvəsini alması ilə müəyyən edilsə də, bu hal həmin şəxsin itkin düşdüyü vaxtdan ölməsini istisna etmir. Beləliklə yuxarıda istinad olunan qanunvericiliyin tələblərinin hazırki işin faktiki hallarına tətbiqi onu deməyə əsas verir ki, iddianın qismən təmin edilməsi məqsədəuyğundur. Belə ki, iddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, iddiaçı onun övladının mərhum atasının 2015-ci ildən itkin düşməsi nəzərə alınaraq ailə başçısını itirməyə görə təyin olunmuş müavinatın 2015-ci ildən ödənilməsini tələb etsə də, qüvvədə olan qanunvericilik həmin müavinətin yalnız 3 il geriyə ödənilməsinin mümkünlüyünü təsbit etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, məhkəmə hesab etmişdir ki, X1 ölüm tarixi müvafiq məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, bu hal həmin şəxsin itkin düşdüyü tarixdən ölməsini istisna etmir. Beləliklə məhkəmə "Sosial müavinətlə haqqında" Azərbaycan Bespublikasının Qanununun 9.1-ci maddəsini asas gətirərək, iddiaçının övladının mərhum atasının 2015-ci ildən itkin düşməsini nəzərə alaraq ailə başçısını itirməyə görə təyin edilmiş sosial müavinətin 3 il geriyə ödənilməsinin mümkünlüyünü təsbit etmişdir. İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək ona ailə başçısını itirməyə görə sosial müavinətin xx.xx.2015-ci il tarixdən təyin edilməsini xahis etmişdir. Filialın iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubu onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)-873/2021 saylı qətnaməsinə əsasən mərhum X6 xx.xx.2021-ci il tarixdən ölmüş elan edildiyi üçün övladı X2 xx.xx.2021-ci il tarixindən ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. N.Allahverdiyevaya 2015-ci il tarixdən sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçının təqdim etdiyi Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)-873/2021 saylı qətnaməsinin nəticə hissəsində qeyd edilmişdir ki, xx.xx.1966-cı il tarixdə doğulmuş X6 ölmüş elan edilsin və A.Allahverdiyevin ölüm tarixi məhkəmə qətnaməsinin qanuni qüvvəsinin aldığı tarixdən hesablansın. Belə ki, sözügedən qətnamə xx.xx.2021-ci il tarixdən qanuni qüvvəsini almışdır. Həmin tarixdən X3 ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. Beləliklə, İddiaçı iddia tələbinə əsasən ailə başçısını itirməyə görə sosial müavinətin xx.xx.2015-ci il tarixdən təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X9 apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 9.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. ... 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. - 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. - 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: - 4.0.1.5. ailə başçısını itirməyə görə müavinət; - 7.0.5. ailə başçısını itirməyə görə müavinət: - 7.0.5.1. əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda -7.0.5.2. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə. -9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.4. ailə başçısını itirməyə görə müavinət: 9.1.4.1. vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla); 9.1.4.2. vəfat etmiş şəxsin 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına - əlillik müddətinə; 9.1.4.3. vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək. 10.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: 2.2. Bu Qaydanın 2.1-ci bəndində göstərilən şəxslər istisna olmaqla, əmək pensiyasının təyin edilməsi, Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin bu hüququn yarandığı tarixdən sonra Fondun aidiyyəti struktur bölməsinə və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə bu Qaydanın 1 nömrəli Əlavəsi ilə müəyyən edilmiş formada yazılı, o cümlədən elektron müraciəti əsasında aparılır və bu Qaydanın 2.9-cu bəndi nəzərə alınmaqla aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunur: (-). 2.2.6. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulanlara əlavə olaraq: (-).

3. ailə başçısının ölüm haqqında şəhadətnaməsinin (və ya xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmə qərarının) surəti;

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı onun övladının mərhum atasının 2015-ci ildən itkin düşməsi nəzərə alınaraq ailə başçısını itirməyə görə təyin olunmuş müavinatın 2015-ci ildən ödənilməsi üçün cavabdehə müraciət etsə də, inzibati orqanın xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubu ilə iddiaçının övladına əvvəlki illər üçün sosial müavinətin ödənilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)- 150/3031 saylı qətnaməsi X6 xx.xx.2015-ci il tarixdən xəbərsiz itkin düşməsi müəyyən edilmişdir. Bundan sonra Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(042)- 873/2021 saylı qətnaməsinə əsasən X6 ölmüş elan edilmiş və ölüm tarixi məhkəmə qətnaməsinin qanuni qüvvəsinin aldığı tarixdən hesablanmışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, X1 ölüm tarixi Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-873/2021saylı qətnaməsinin qanuni qüvvəsini aldığı gündən müəyyən edilməsi, A.Allahverdiyevinin itkin düşdüyü xx.xx.2015-ci il tarixdən ölməsini istisna etmir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.2.6-cı bəndinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün ailə başçısının ölüm haqqında şəhadətnaməsinin (və ya xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmə qərarının) surətinin təqdim edilməsi tələb olunur. Göründüyü kimi qeyd olunan Qaydaya əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ailə başçısının xəbərsiz itkin düşmə, yaxud ölmüş elan edilməsi haqqında məhkəmə qərarı əsasında təyin edilir. Qeyd olunanları nəzərə əsasən məhkəmə kollegiyası birinci instasnsiya məhkəməsinn iddiaçının övladı X2 mərhum atası X1 ölümü ilə əlaqədar təyin edilmiş ailə başçısını itirməyə görə sosial müavinətin əvvəlki müddət üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması və iddia qalan hissədə təmin edilməməsi ilə bağlı gəldi mövqeyi əsaslı hesab edirək onunla razılaşır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1863/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar