Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-65/2025 20.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı “iddiaçını və övladları İddiaçı2, İddiaçı3 və İddiaçı4 2006-cı il tarixdən yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə qəbul edilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-422/2024 nömrəli qərarından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-422/2024 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddianın qismən təmin olunması, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması barədə qərarın qəbul olunması öhdəliyi cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçılardan İddiaçı1 həmin qərardan apellyasiya şikayəti verərək qərarın iddianın təmin olunmamış hissəsində tam ləğv edilməsinə və həmin hissədə yəni iddiaçını və övladlarının 2006-ci il tarixdən yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə qəbul edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı1 cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı onun və övladları İddiaçı2 və İddiaçı3 2004-cü il tarixindən mənzil növbəsinə qəbul edilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mərhum həyat yoldaşı polkovnik X5 uzun müddət Müdafiə Nazirliyinin tərkibində olan 230 saylı Hərbi Qospitalda travmatologiya şöbəsinin rəisi olmuşdur. Hərbi xidmət vəzifəsinin icrası zamanı 2004-cü il avqust ayında rəhmətə getmişdir. Hərbi qulluqçu ailəsi kimi mənzil növbəsinə götürülmələri barədə Gəncə şəhər İcra Hakimiyyətinə müraciət etmiş, lakin həmin orqandan imtina cavabı verilmişdir. Müraciətin təmin olunmasından imtina edilməsinə dair cavabdehin arqumenti onun hüquqlarının pozulması ilə nəticələnmişdir. O, 2004-cü il tarixindən yaşayış sahəsi ilə təmin olunmaları üçün mənzil növbəsinə qəbul edilməsi barədə kifayət qədər əsasların mövcud olduğu halda, cavabdehin əsassız imtinası nəticəsində hüquqları pozulmuşdur. Belə ki, hal-hazırda o, övladları ilə mərhumun bacısı X4 mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatdadırlar. Mənzilləri olmadığı üçün məcbur olaraq müvəqqəti oraya qeydiyyata düşmüşlər. Mənzil uçotunda olmadığı üçün bu illərə qədər və hal-hazırda nə mənzil, nə də kirayə ödənişi ala bilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-320/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan İddiaçı1 xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(104)-303/2023 nömrəli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-320/2023 nömrəli qərarının ləğv edilməsi, iş materiallarının yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 “iddianın dəyişdirilməsi barədə” ərizə təqdim edərək onların 2006-cı il tarixdən yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə qəbul edilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar iddianın təmin edilməmiş hissəsində qanunsuzdur. Belə ki, hərbi qanunvericilik aktları ilə hərbi qulluqçuların konstitusion hüquq, azadlıq və vəzifələri konkretləşdirilmiş və mühüm dərəcədə inkişaf etdirilmişdir. Belə ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin güzəştləri sosial iqtisadi və mədəni həyat fəaliyyətinin müxtəlif sahələrinə aiddir və onlardan asılı olaraq həmin güzəştlər əmək üzrə, təhsil sahəsində, sosial sığorta sahəsində, maliyyə, mənzil və səhiyyə sahəsində güzəştlərə bölünürlər. Həmin güzəştlər sırasında hərbi qulluqçuların həmçinin mənzillə təmin olunmaq hüququnun da qanunvericiliklə tənzimlənməsi vacib məsələlərdəndir. Qanunverici, hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun digər növlərindən üstünlüyünü nəzərə alaraq nəinki həqiqi hərbi xidmətdə olan, hətta həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin də mənzil şəraitinin yaxşılaşdırılması, bu zaman güzəşt və kompensasiyalarla təmin edilməsini nəzərdə tutmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində qanunverici konkret iradəsini ifadə etmiş və müəyyən güzəştlərin bütün hərbi qulluqçulara deyil, onların müəyyən kateqoriyalarına münasibətdə tətbiqinin mümkünlüyünü vurğulamışdır. Göründüyü kimi, qanunverici yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların mənzillə və ya pulsuz torpaq sahəsi ilə ilk növbədə təmin olunmaq hüququnu nəzərdə tutmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd edilənləri nəzərə almamışdır. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçılardan İddiaçı2, İddiaçı3, İddiaçı4 və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən, işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, mənzil növbəsinə götürülməsi üçün cavabdehə 2006-cı ildə müraciət etmiş, ona mənzil növbəsinə götürüldüyü bildirilmiş olsa da, o barədə ona hər hansı sənəd təqdim edilməmişdir. Eyni zamanda torpaq sahəsi almaq üçün bələdiyyəyə də müraciət edilməsi ona tövsiyyə edildiyindən o, müvafiq ərizə ilə Gəncə şəhəri Kəpəz Bələdiyyəsinə müraciət etmişdir. Kəpəz Bələdiyyəsi tərəfindən ona fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi təklif edilmiş, lakin təklif olunan torpaq sahəsi əlverişli yerdə olmadığına görə həmin təklifi qəbul etməmişdir. 2022-ci ildə mənzil məsələsi ilə bağlı cavabdehə müraciət edərkən ona mənzil növbəsində olmadığı bildirilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 apellyasiya şikayəti ilə razılaşdığını bildirərək şikayətin təmin edilməsini və qərarın iddianın təmin qeilməmiş hissəsində ləğv edilib tam təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi. Hüququi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi və məhkəmə iclasında iştirak edən iddiaçıların izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-422/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü ilə bağlı qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. Azərbaycan Respublikası İPM-in 82-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Belə ki, iş materiallarında olan AZ-İ 099078 nömrəli "ölüm haqqında" şəhadətnamədən görünür ki, X5 xx.xx.2004-cü il tarixdə şəkərli diabet, diabetik nefropatiya xəstəliyindən ölmüşdür. İş materiallarından görünür ki, X5 xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək N nömrəli hərbi hissənin travmatologiya bölməsinin rəisi vəzifəsində xidmət etmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli müvafiq əmrinə əsasən xidməti vəzifəsini yerinə yetirərkən şəkərli diabet-diabetik nefropatiyadan xx.xx.2004-cü il tarixdə vəfat etdiyinə görə Azərbaycan Ordusunun zabit heyətinin siyahısından çıxarılmışdır. İş materiallarında olan Müdafıə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2020-ci il tarixli, 1239 nömrəli arayışından görünür ki, X5 xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət keçmişdir. İş materiallarında olan Müdafıə Nazirliyinin Mənzil İstismar İdarəsinin xx.xx.2022-ci il tarixli, 3001 nömrəli arayışından görünür ki, mərhum polkovnik X5 Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Müdafıə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən arayışlardan görünür ki, İddiaçı1, İddiaçı2 və X2 adına Respublika ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Gəncə şəhər Kəpəz Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, N- 599 nömrəli arayışdan görünür ki, İddiaçı1 Gəncə şəhəri Kəpəz Bələdiyyəsi tərəfındə həyətyanı torpaq sahəsi ayrılmamışdır. İş materiallarında olan Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli N-39/3-068/2-f/l nömrəli məktubundan görünür ki, iddiaçı hərbi qulluqçu ailəsi kimi mənzil növbəsinə götürülmələri ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etmiş, cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, N- 39/3-068/2-1/1 nömrəli məktubunda bildirmişdir ki, mərhum əriniz X5 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin baş qərargah rəisinin xx.xx.1993-cü il tarixli 062 №-li əmrinə əsasən N nömrəli hərbi hissə üzrə travmatologiya şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2004-cü il tarixli 1498 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”yə əsasən M.Nəsirovun xəstəliyinin hərbi xidmət dövründə alınması müəyyən olunmuşdur. Mustafa Nəsirov xx.xx.2004-cü ildə ölmüş və ölümün səbəbi kimi “şəkərli diabet, diabetik nefropatiya” göstərildiyi məlum olmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən edilmiş məbləğlərdə kompensasiya ödənilir. Bununla yanaşı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.3-cü maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Mərhum əriniz Gəncə Şəhər lcra Hakimiyyətində mənzil uçotunda dayanmadığı üçün mənzil uçotunun onun ailə üzvlərinin adına dəyişdirilməsi, habelə Sizə və ailə üzvlərinizə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən edilmiş məbləğdə kompensasiyanın ödənilməsi mümkün deyildir. Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-1/2-03/1135/2023 nömrəli məktubunda bildirmişdir ki, vətəndaşların 2006-cı ilə dair müraciətləri saxlanılmadığından, iddiaçıların 2006-cı ildə müraciət edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. İş materialalrında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının xx.xx.2024-cü il tarixli, 3-48-DS-4F/2-722//8/2024 nömrəli məktubundan görünür ki, Gəncə Şəhər İcra Hakimiyyəti arxiv fondunun 2004-2006-cı illər üzrə sərəncamları yoxlanılmış, İddiaçı1 mənzil uçotuna götürülməsi ilə bağlı heç bir sərəncam aşkar olunmamışdır. Məhkəmə kollegiyasının sorğusuna əsasən Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı1 Gəncə İcra Hakimiyyətinə qarşı “onun və övladının 2004-cü il tarixindən mənzil növbəsinə qəbul edilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş ilə əlaqədar olaraq bildirilir ki, tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinə təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, müraciət müəllifinin mərhum əri X5 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin baş qərargah rəisinin xx.xx.1993-cü il tarixli 062 №-li əmrinə əsasən N nömrəli hərbi hissə üzrə travmatologiya şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2004-cü il tarixli 1498 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”yə əsasən M.Nəsirovun xəstəliyinin hərbi xidmət dövründə alınması müəyyən olunmuşdur. Mustafa Nəsirov xx.xx.2004-cü ildə ölmüş və ölümün səbəbi kimi “şəkərli diabet, diabetik nefropatiya” göstərilmişdir. Müraciət müəllifinin əri X5 və İddiaçı1 2006-cı ilədək Gəncə Şəhər İcra Hakimiyyətində mənzil uçotuna durmaq üçün müraciət etməmiş və bu səbəbdən də onlar Gəncə Şəhər İcra Hakimiyyətində yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmamışdırlar. Məlumat üçün bildirilir ki, Gəncə Şəhər İcra Hakimiyyətində yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış şəxslər barəsində İcra hakimiyyətinin başçısı tərəfindən müvafiq sərəncam verilir. 2006-cı ildə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən hərbi qulluqçu olmuş şəxslər kateqoriyasından olan şəxslər barəsində iki sərəncam verilmişdir (hərbi qulluqçular X1, X6 barədə). 2006-cı ildə Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etmiş şəxslərin qeydiyyat kitabı Gəncə Şəhər İcra Hakimiyyətində saxlanılmır. Nəzərə almağı xahiş etmişlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı1 mərhum həyat yoldaşı polkovnik X5 uzun müddət Müdafiə Nazirliyinin tərkibində olan 230 saylı Hərbi Qospitalda travmatologiya şöbəsinin rəisi olmuşdur. Hərbi xidmət vəzifəsinin icrası zamanı 2004-cü il avqust ayında ölmüşdür. Hərbi qulluqçu ailəsi kimi mənzil növbəsinə götürülməyi barədə ərizə ilə Gəncə Şəhər lcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixdə müraciət etmiş, lakin həmin orqandan imtina cavabı verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, işin faktiki hallarından müəyyən edilmişdir ki, iddiaçı hərbi qulluqçunun ailəsi kimi mənzillə təmin olunma barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti isə iddiaçının müraciətinə imtina cavabı vermişdir. İddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Əksinə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir. Ona görə də, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmuş və iddiaçıların hüquqlarını pozmuşdur. Digər tərəfdən, iddiaçılar 2006-cı ildən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasını tələb edirlər ki, məhkəmə iddianı həmin hissədə əsaslı hesab etmir. Hazırkı iş üzrə, iddiaçılar tərəfindən 2006-cı ildə, ümumiyyətlə, xx.xx.2022-ci ildən əvvəl müraciət etmələrini təsdiq edən heç bir sübut təqdim etməmişdir. “Əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edilib, oradan bələdiyyəyə göndərilmələri” barədə arqumentinə gəldikdə isə, buna dair də iddiaçılar heç bir sübut təqdim etməmişlər. İddiaçı1 Gəncə şəhəri Kəpəz Bələdiyyəsinə ünvanladığı ərizənin məzmununda da bu barədə heç bir qeyd edilməmiş, ümumiyyətlə, həmin ərizədə hərbi qulluqçunun ailə üzvü olması göstərilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Həmin Qanununun 28-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) kündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən edilmiş məbləğlərdə kompensasiya ödənilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, hazırki halda iddiaçı hərbi qulluqçunun ailəsi kimi mənzillə təmin olunma barədə ərizə ilə cavabdehə müraciət etmiş cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti isə iddiaçının müraciətinə imtina cavabı vermiş, bununla da “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin tələblərini pozmuşdur. Ona görə də birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. İddiaçılar 2006-cı ildə hərbi qulluqçunun ailəsi kimi mənzillə təmin olunma barədə ərizə ilə cavabdehə müraciət etdiklərini ərizədə və apellyasiya şikayətində göstərsələr də bu barədə hərnası sübutu təqdim etməmişlər, eyni zamanda məhkəmə kollegiyası tərəfindən iddiaçıların 2006-cı ildə cavabdehə müraciətlərinin olub-olmaması barədə araşdırma aparılmış ancaq həmin dövrə aid sənədlərin saxlanılmadığı müəyyən olunmuşdur. Bundan başqa iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iddiaçı övladları ilə birlikdə 2004-cü ildən mənzil uçotuna götürülməsini xahiş etmiş olsa da, ərizəsində mənzil növbəsinə ondan əvvəl, yəni 2006-cı ildə müraciət etdiyini qeyd etməmişdir. Əksinə ərizəsində (8-ci vərəqdə sonuncu cümlə) qeyd etmişdir ki, “Mənzil uçotunda olmadığımız üçün bu illərə qədər və hal-hazırda nə mənzil nə də kirayə ödənişi ala bilməmişik”. Odur ki, kollegiya kesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməməkdə haqlı olmuşdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən etmiş, məhkəmənin qərarında göstərdiyi nəticələr işin hallarına uyğun olmaqla, iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-422/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-422/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilməzsə və ya o geri götürülməzsə, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-65/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-65/2025
20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver