Məhkəmə qərarları › İş №2-1(104)-650/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-650/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-650/2023 14.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Məhəmməd qızının cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi filialına qarşı “xx.xx.2007-ci il tarixdən Ukrayna Respublikasının Kiyev şəhərində məktəblərdə işlədiyi illərin sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-140/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Məhəmməd qızına xx.xx.1978-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Bərdə şəhəri 7 nömrəli məktəbdə, xx.xx.2007-ci il tarixdən Ukraynada Ukrayna azərbaycanlıları X4 Təşkilatının nəzdində yaradılan kurslarda, xx.xx.2011-ci il tarixdən yenə də Kiyev şəhərindəki 37,135,188, 209 və 247 saylı məktəblərdə işləmişdir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən İddiaçı Məhəmməd qızına D0001975 nömrəli diplomatik pasport verilmişdir. İddiaçı Məhəmməd qızı xx.xx.2022-ci il tarixli ərizə ilə DSMF Bərdə rayon şöbəsinə müraciət edərək xx.xx.2007-ci il tarixdən Ukrayna Respublikasının Kiyev şəhərində məktəblərdə işlədiyi illərin və 1975-1978-ci illərdə X3 təhsil aldığı illərin sığorta stajına daxil edilməsi və təyin edilmiş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərarına əsasən iddiaçının pensiyası yenidən hesablanaraq təhsil illəri nəzərə alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı məhkəməyə müraciət edərək “xx.xx.2007-ci il tarixdən Ukrayna Respublikasının Kiyev şəhərində məktəblərdə işlədiyi illərin və 1975-1978-ci illərdə X3 təhsil aldığı illərin sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanması barədə qərar çıxarılması”nı xahiş etmişdir. İddiaçı daha sonra ərizə təqdim edərək məhkəmədən “cavabdehin Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilməsi”ni xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2009-cu ilin mart ayından 3 uşağa görə pensiya təyin edilmişdir. İddiaçı 2022-ci ilin aprelində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tabeliyində Dövlət - Sosial Müdafiə Fondunun Xüsusi Şərnlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2007 -ci il tarixdən X2 şəhərində işlədiyi müddətlərin və 1975-1978-ci illərdə X3 təhsil aldığı müddətlərin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması haqqında ərizə ilə müraciət etmişdir. Lakin sonuncu ərizəyə hərəkətsizlik edərək cavab verməmişdir. İddiaçı xx.xx.2007-ci il tarixdən Ukraynada Ukrayna azərbaycanlıları X4 Təşkilatının nəzdində yaradılan kurslarda Azərbaycan dili müəllimi, xx.xx.2009-cu il tarixdən yenə də Kiyev şəhərindəki 37,135,188, 209 və 247 saylı məktəblərdə Azərbaycan dili müəllimi təyin edilmiş, Kiyev şəhərində yaşayan 300 nəfərə yaxın azərbaycanlı uşaqlarına Azərbaycanın mədəniyyət tarixıini, adət- ənənələrini, milli bayramlarını, xaricdə yaşayan azərbaycanlıların Azərbaycan tarixini və Azərbaycan mədəni irsini öyrənmələrinə dərindən yardım etmiş, Azərbaycanın məşhur elm xadimlərini, məşhur musiqiçilərini, siyasətçilərini, sairlərini və s. azərbaycanlı uşaqlara təlqin etməklə yanaşı, Ukraynada yaşayan digər millətlərin uşaqlarının da nəzərlərinə çatdırmışdır. Bundan başqa, iddiaçının həyat yoldaşı X6 2002-2006-cı illərdə Ukrayna Respublikasındakı Azərbaycan Səfirliyinə işləməyə ezam edilmiş və iddiaçı da onun həyat yoldaşı kimi həmin vaxtdan digər ailə üzvləri ilə birlikdə Kiyev şəhərində yaşamışdır. İddiaçı Rusiyanın Ukraynada apardığı işğalçılıq müharibəsi nəticəsində Ukraynadan qayıdaraq müvəqqəti olaraq Bərdə şəhərində məskunlaşmışdır. İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Ukrayna Respublikasında isə daimi yaşayış hüququna malikdir. Ona mart 2009-cu il tarixdən pensiya təyin edilərkən 1975 və 1978-ci illərdə X3 təhsil aldığı müddətlər də sosial sığorta stajına daxil edilməmişdir. Təhsil müddətinin sığorta stajına daxi edilməsil birbaşa qanunvericilikdə nəzərdə tutulur. Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixli, **********3 nömrəli etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçıya xx.xx.2009-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına əyani təhsil illərinin və əmək kitabçasında geyd olunan dövrlərin sığorta stajına əlavə olunaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbilə müraciət etmişdir. Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı cavab məktubunda iddiaçının əyani təhsil illəri (xx.xx.1975xx.xx.1978) nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 30 il 2 ay siğorta stajına uyğun olaraq 274,18 manat pensiya təyin edilməsi və keçmiş dövr üzrə yaranmış fərq məbləği iddiaçının cari pensiyasına əlavə edilərək ödəniləcəyi qeyd olunmuşdur. İddiaçının fərdi hesabının sığorta hissəsində 2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmamışdır. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri siğorta stajına daxil edilir. Hər iki normanın məzmunundan da göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında" Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Göründüyü kimi, xx.xx.2006-cı il tarixdən etibarən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Yəni qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş Qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi sərt kimi nəzərdə tutulmuşdur. İddiaçının 2006-cı il tarixdən əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları ödənilmədiyindən, həmçinin islədiyi dövr üzrə məcburi dövlət sosial sığorta ödəmələri barədə məlumat pensiya alt sistemində (PAS) əks olunmadığından, eləcə də "X1 Sistemi"nin Sığorta Alt Sisteminin X5 Statistika keçidinin Sığortaolunanların fərdi şəxsi hesabına baxış bölməsindən əldə edilmiş məlumatlara əsasən vətəndaş sığortaolunan kimi aşkarlanmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələblərinə uyğun deyil. Qanunun 27-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək siğortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların ferdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixə qeydə alınır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinə venidən baxıldıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınır. Sözügedən Qanunun 29.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi (o cümlədən bu Qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH. Həmin Qanununun 10.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin (BH) məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (xx.xx.2016-cı il tarixə 110 manat müəyyən edilmişdir.) Həmin Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği SH = PSK/T düsturu ilə müəyyən edilir. T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı= 144 ay Sözügedən Qanunun 10.3- cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq YH=PYK/T düsturu ilə müəyyən edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"na əsasən: 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının baza və sığorta hissələrinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi hesab edilir. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixdən 2017-ci il 1 iyul tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.4-cü maddəsinə əsasən borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd olunanları nəzərə alaraq iddiaçının yaşa görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-140/2023 saylı qərarı ilə (hakim Z.Quliyev) iddianın qismən təmin edilməsi, İddiaçı Məhəmməd qızının 2011-ci ilin sentyabr ayından 2022-ci ilin noyabr ayınadək Ukrayna Respublikasında işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı hazırda xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Ukrayna azərbaycanlıları X4 Təşkilatının nəzdində yaradılan kurslarda işləməsi ilə bağlı yalnız əmək kitabçasını təqdim etmişdir. Əmək kitabçasındakı həmin qeydlər azərbaycan dilində tərtib edilməklə Ukrayna dilində tərtib olunmuş möhür ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş əmək haqqı cədvəllərində isə onun 2011-ci ilin sentyabr ayından etibarən əmək haqqı alması əks olunmuşdur. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, iddia “xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi” hissəsində təmin oluna bilməz. Digər tərəfdən, iddiaçının 2011-ci ilin sentyabr ayından etibarən Ukrayna Respublikasında işləyərkən aldığı əmək haqqından Ukrayna Respublikasının dövlət orqanlarına müvafiq ödənişlər edildiyindən Sazişə əsasən o, Ukrayna Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta kapitalının əmək pensiyasının hesablanmasında nəzərə alınmasını tələb edə bilər. İddiaçının həmin dövrdə qazandığı əmək haqqından məhz Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun hesabına məcburi sosial sığorta ayırmalarını ödəməməsi vəziyyəti dəyişmir. Çünki Sazişin istinad olunan müddəalarına, eləcə də «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə uyğun olaraq iddiaçının halı ümumi qaydadan istisnanı təşkil edir. Buna görə iddiaçı Ukraynada sosial sığorta haqqı ödəməklə işlədiyi dövrün ona Azərbaycanda pensiya təyin edilərkən nəzərə alınmasını tələb edə bilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçıya xx.xx.2009-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edulmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına əyani təhsil illərinin və əmək kitabçasında qeyd olunan dövrlərin sığorta stajına əlavə olunaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbilə müraciət etmişdir. Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı cavab məktubunda iddiaçının əyani təhsil illəri (xx.xx.1975xx.xx.1978) nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 30 il 2 ay sığorta stajına uyğun olaraq 274,18 manat pensiya təyin edilməsi və keçmiş dövr üzrə yaranmış fərq məbləği iddiaçının cari pensiyasına əlavə edilərək ödəniləcəyi qeyd olunmuşdur. İddiaçının fərdi hesabının sığorta hissəsində 2006-cı il tarixdən sonra pensiya kapitalı qeydə alınmamışdır. xx.xx.2006-cı il tarixdən etibarən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Yəni qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş Qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. İddiaçı 2006-cı il tarixdən əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları ödənilmədiyindən, həmçinin işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta ödəmələri barədə məlumat pensiya alt sistemində (PAS) əks olunmadığından, eləcə də "X1 Sistemi"nin Sığorta Alt Sisteminin X5 Statistika keçidinin Sığortaolunanların fərdi şəxsi hesabına baxış bölməsindən əldə edilmiş məlumatlara əsasən vətəndaş sığortaolunan kimi aşkarlanmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələblərinə uyğun deyil. Hesab edilir ki, Gəncə İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2-1(114)-140/2023 nömrəli faktiki cəhətdən əsassız, hüquqi baxımdan qanunsuz olduğundan ləğv edilməli və İddiaçı Məhəmməd qızının “xx.xx.2007-ci il tarixdən Ukrayna Respublikasının Kiyev şəhərində məktəblərdə işlədiyi illərin sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası təmin olunmamalıdır. Apellyasiya şikayəti qarşı etiraz təqdim olunmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan baxılmasını və iddia tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. ... 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.1. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. “Azərbaycan Respublikasının Hökuməti ilə Ukrayna Hökuməti arasında təqaüd təminatı sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikasının Hökuməti ilə Ukrayna Hökuməti arasında təqaüd təminatı sahəsində əməkdaşlıq haqqında 1995-ci il iyulun 28-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

“Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Ukrayna vətəndaşlarının və Ukrayna ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında Saziş: Maddə 3. Təqaüd hüququnun, o cümlədən güzəştli şərtlərlə və xidmət illərinə görə, müəyyən edilməsi üçün Azərbaycan Respublikası və ya Ukrayna ərazisində qazanılmış iş stajı, həmçinin 01 dekabr 1992-ci ilə qədər keçmiş SSRİ tərkibinə daxil olan digər dövlətlərin ərazisində qazanılmış iş stajı nəzərə alınır. Maddə 5. Təqaüdlərin hesablanması əmək stajına daxil edilən iş dövrünün əmək haqqından (gəlirindən) aparılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: ... 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı DSMF Qaradağ Regional filialına müraciət edərək onun xx.xx.2007-ci il tarixdən Ukrayna Respublikasının Kiyev şəhərində işlədiyi müddətin və 1975-1978-ci illərdə X3 təhsil aldığım müddətlərin onun sosial sığorta stajına daxil edilməsini və təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını tələb etmiş və cavabdehin xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərarına əsasən iddiaçının pensiyası yenidən hesablanaraq təhsil illəri nəzərə alınmışdır. Daha sonra iddiaçı məhkəməyə müraciət edərək “xx.xx.2007-ci il tarixdən Ukrayna Respublikasının Kiyev şəhərində məktəblərdə işlədiyi illərin və 1975-1978-ci illərdə X3 təhsil aldığı illərin sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanması barədə qərar çıxarılması”nı xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia “1975-1978-ci illərdə X3 təhsil aldığı illərin sosial sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması” hissəsində mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti iddiaçının 2007-ci il dən sonra Ukrayna dövlətində işlədiyi illərin sığorta stajına daxil edilərək ona pensiyanın yenidən hesablanması ilə bağlı olduğundan məhz elə həmin illər araşdırılaraq qiymətləndirilməlidir. İş materaialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi Ukrayna azərbaycanlıları X4 Təşkilatının nəzdində yaradılan kurslarda işləməsi yalnız onun tərəfindən təqdim əmək kitabçası ilə öz əksini tapır. Lakin iddiaçı tərəfindən təqdim edilmiş əmək haqqı cədvəllərində isə iddiaçının 2011-ci ilin sentyabr ayından etibarən əmək haqqı alması müəyyən edilir. Belə olan halda kollegiyası birinci instansiya məhkəməsinin iddianın “xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi” hissəsində təmin oluna bilməməsilə bağlı nəticəni əsaslı hesab edir. İddianın qalan hissəsinə münasibətdə isə kollegiya qeyd edir ki, iş materiallarında olan əmək haqqı cədvəllərindən müəyyən olduğu kimi İddiaçı 2011-ci ilin sentyabr ayından 2022-ci ilə kimi əmək haqqı almışdır. Bu dövr ərzində iddiaçının aldığı əmək haqqından Ukrayna Respublikasının dövlət orqanlarına müvafiq ödənişlər edildiyindən “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Ukrayna vətəndaşlarının və Ukrayna ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında Sazişə əsasən iddiaçının, Ukrayna Respublikasında fərdi hesabına ödənilmiş sosial sığorta kapitalının ona əmək pensiyasının hesablanmasında nəzərə alınması qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, İddiaçı həmin dövrdə qazandığı əmək haqqından məcburi sosial sığorta ayırmalarını məhz Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun hesabına yox Ukranya dövlətinə ödəməsi yuxarıda qeyd olunan Sazişin göstərilən müddəalarına və “Əmək pensiyaları haqqında” AR Qanununun 2-ci maddəsinə əsasən onun ziyanına şərh edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin qismən olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-140/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar