Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-654/2025 09.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə iddiaçının adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1663/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, ehtiyatda olan minaatan batareyasının tuşlayıcısı kimi Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanına əsasən elan edilmiş qismən səfərbərliklə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə səfərbərliyə çağırılaraq hərbi xidmət keçmək üçün aktiv döyüş əməliyyatlarında iştirak edən N nömrəli hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 27N nömrəli Əmri ilə həmin hərbi hissənin 5-ci taborunun minaatan bataryasının baş tuşlayıcısı təyin edilməklə hərbi hissənin siyahısına və bütün növ təminatlarına daxil edilmişdir. Aktiv döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olduğu üçün o, N nömrəli hərbi hissənin 5ci taborunun minaatan batareyasının baş tuşlayıcısı kimi xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək olan müddətdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Talış və Suqovuşan istiqamətində gedən döyüş və hərbi əməliyyatlarda iştirak etmişdir. Düşmən üzərində tarixi zəfərdən sonra xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək Laçın və Qubadlının müdafiəsində iştirak etmək üçün göndərilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 367 nömrəli Əmri ilə hərbi xidmətdən təxris edilərək, ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli 237N nömrəli Sərəncamı ilə "Laçının azad olunmasına görə" medalı ilə təltifedilmişdir. Ona məxsus SX ******* nömrəli hərbi biletimin 7-ci səhifəsinin 14-cü paraqrafında xüsusi qeydlə yazılmışdır ki: "Vətən müharibəsində iştirak edib. Lakin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən heç bir əsas olmadan ona indiyədək müharibə veteranı adı və müvafiq vəsiqəsi verilmir. Həmin adın və vəsiqəmin verilməsi üçün etdiyi müraciətə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina cavabı verilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1663/2024 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia tələbinin təmin edilməsi, İddiaçı adının müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmin qərardan apellyasiya şikayəti verərək şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(104)-136/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1663/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 1663/2024 nömrəli qərarı icra olunması üçün xx.xx.2025-ci il tarixli məktubla cavabdeh orqana göndərilmişdir. Daha sonra, İddiaçı xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə ərizə ünvanlayaraq, Gəncə İnzibati Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 2-1(114)- 1663/2024 nömrəli qərarı ilə onun adının müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edildiyini, ancaq hələ də bu qərarın icra olunmadığını bildirərək, məcburi icra haqqında göstəriş verilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1663/2024 saylı qərardadı ilə (hakim L.Əliyeva) iş üzrə məcburi icra tədbirlərinin görülməsi barədə iddiaçının ərizəsi təmin edilməmişdir. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1663/2024 nömrəli qərardadının ləğv edilməsi və məcburi icra tədbirlərinin görülməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin 2- 1(114)-1663/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(114)-1663/2024 nömrəli qərarı icra olunması üçün xx.xx.2025-ci il tarixli məktubla cavabdeh orqana göndərilmişdir. Mübahisənin mahiyyəti ondan ibarətdir ki, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1663/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı Müdafiə Nazirliyi tərəfindən icra olunmadığndan ərizə ilə xx.xx.2025-ci il tarixində Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə iddiaçının adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1663/2024 nömrəli qərarının icra edilməsi üçün məcburi icraya yönəldilməsini xahiş etmişdir. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, ərizəyə baxılması ilə bağlı məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə ərizəni, işə əlavə edilən sənədləri nəzərdən keçirərək hesab etmişdir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməməlidir. “Belə ki, cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd edilmişdir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(114)-1663/2024 nömrəli qərarı Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın iclasında baxılmışdır və razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndəriləcək. Göründüyü kimi, cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış məktubda Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1663/2024 nömrəli qərarı ilə üzərinə qoyulmuş müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndəriləcəyi qeyd edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə məcburi icra tədbirlərinin görülməsi barədə iddiaçının ərizəsi təmin edilməməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu habelə qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Ona görə də, hesab edir ki, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1663/2024 nömrəli, xx.xx.2025-cü il tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 129cu maddəsinə ziddir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın sədri polkovnik Teymur Niftaliyev tərəfindən N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış məktub aşağıdakı məzmundadır. “N nömrəli hərbi hissənin tərkibində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam edən döyüş əməliyyatlarında iştirakı ilə bağlı vətəndaş İddiaçı "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsinə dair Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(114)- 1663/2024 nömrəli qərarı Müdafiə Nazirliyinin Aparatı nəzdində "Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya"sı tərəfindən siyahıya daxil edilərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmişdir. Məlumat üçün bildirirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetindən daxil olmuş xx.xx.2025-ci il tarixli müvafiq nömrəli dərkanarı ilə vətəndaş İddiaçı məhkəmə qərarı geri qaytarılmışdır. Səbəb olaraq, göndərilmiş materiallara müvafiq təsdiqedici sənədlərin (hərbi biletin, əmrlərin, o cümlədən döyüş əməliyyatlarına cəlb edilməsi və ya döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə ezam olunması barədə əmrlərin, təltif edildiyi medalın vəsiqəsinin surətləri, şəxsin müharibə dövründəki fəaliyyətinin təsvir olunduğu arayış, onun müvafiq tarixlərdə döyüş əməliyyatları aparılan ərazilərdə olmasını təsdiq edən digər sənədlər) əlavə edilmədiyi göstərilmişdir. Yaranmış zərurətlə əlaqədar, vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin tərkibində iştirak etməsi barədə hərbi hissə komandirinin nizami hissə üzrə əmrdən çıxarışlarını (döyüş əməliyyatlarına cəlb olunması, h/h-ə daxil olma və çıxması), ezamiyyətdə olduqda ezamiyyət vərəqələrinin surətini (ezamiyyətə getməsi və qayıtması barədə əmrdən çıxarışlar), şəxs haqqında arayış-məlumatı, döyüş əməliyyatlarında harda, nə vaxt, hansı döyüş tapşırıqları yerinə yetirməsi haqqında arayışı (qeydiyyata alınsın, möhürlə təsdiqlənsin) qısa müddət ərzində bizim ünvanımıza göndərilməsinə göstəriş verməyinizi Sizdən xahiş edirəm.” Həmin bu məktub sübut edir ki, Müdafiə Nazirliyi Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1663/2024 nömrəli qərarını hələ də məqsədli şəkildə tam icra etməyib. Yəni onun adını müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə müvafiq siyahıya daxil etməyərək yalnız məhkəmə qərarını Nazirlər Kabinetinə göndərib. Cavabdeh Müdafiə Nazirliyi onun məhkəmə qərarı ilə veteran statusu və 80 manat məbləğində Prezident təqaüdünü almaq hüququnu məhdudlaşdırıb. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 1663/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadını ləğv edilməsi və iş üzrə məcburi icra tədbirlərinin görülməsi barədə ərizənin təmin edilməsi xahiş edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayətinə münasibət təqdim edilərək qeyd edilmişdir ki, Əsasnamənin qeyd hissəsinə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adının vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə iddiaçının adının müvafiq siyahıya daxil edilərək cavabdeh tərəfindən razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Gəncə inzibati Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 2-1 (114)-1663/2024 nömrəli qərarı Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən müvafiq siyahıya daxil edilərək 29 iyul 2025-ci il tarixdə razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə gönədrilmişdir. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2025-ci il tarixli müvafiq nömrəli dərkənarı ilə müvafiq təsdiqedici sənədlərin əlavə olunmadığını əsas götürərək məhkəmənin sözügedən qərarını geri qaytarılmışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən üzərinə qoyulmuş öhdəlik yerinə yetirilərək, İddiaçı müharibə veteranı adının vəsiqəsinin verilməsinin razılaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: -Cavabdeh orqan tərəfindən surəti məlumat üçün məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-25-4/2-2037/25 nömrəli məktubda Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1663/2024 nömrəli qərarının icra olunması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəzifələrin verilməsi üzrə komissiyaya göndərildiyi qeyd edilmişdir. -Cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-25- 14/2-2840/2025 məktubda qeyd edilmişdir ki, “vətəndaş İddiaçı “müharibə veteran” statusunun verilməsi barədə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)- 1663/2024 nömrəli qərarına Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”sında baxılmışdır və razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndəriləcək”. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-25-14/2-6281/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, “N nömrəli hərbi hissənin tərkibində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam edən döyüş əməliyyatlarında iştirakı ilə bağlı vətəndaş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)- 1663/2024 nömrəli qərarı Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən siyahıya daxil edilərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmişdir. Məlumat üçün bildirirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetindən daxil olmuş xx.xx.2025-ci il tarixli müvafiq nömrəli dərkanarı ilə vətəndaş İddiaçı məhkəmə qərarı geri qaytarılmışdır. Səbəb olaraq, göndərilmiş materiallara müvafiq təsdiqedici sənədlərin (hərbi biletin, əmrlərin, o cümlədən döyüş əməliyyatlarına cəlb edilməsi və ya döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə ezam olunması barədə əmrlərin, təltif edildiyi medalın vəsiqəsinin surətləri, şəxsin müharibə dövründəki fəaliyyətinin təsvir olunduğu arayış, onun müvafiq tarixlərdə döyüş əməliyyatları aparılan ərazilərdə olmasını təsdiq edən digər sənədlər) əlavə edilmədiyi göstərilmişdir. Yaranmış zərurətlə əlaqədar, vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin tərkibində iştirak etməsi barədə hərbi hissə komandirinin nizami hissə üzrə əmrdən çıxarışlarını (döyüş əməliyyatlarına cəlb olunması, h/h-ə daxil olma və çıxması), ezamiyyətdə olduqda ezamiyyət vərəqələrinin surətini (ezamiyyətə getməsi və qayıtması barədə əmrdən çıxarışlar), şəxs haqqında arayış-məlumatı, döyüş əməliyyatlarında harda, nə vaxt, hansı döyüş tapşırıqları yerinə yetirməsi haqqında arayışı (qeydiyyata alınsın, möhürlə təsdiqlənsin) qısa müddət ərzində bizim ünvanımıza göndərilməsinə göstəriş verməyinizi Sizdən xahiş edirəm.” Məhkəmə kollegiyası əvvəla apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı qeyd edir ki, mövcud prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçı hazırda mübahisələndirdiyi qərardaddan şikayət verilməsi müddətini ötürsə də, bu hal üzürlü hesab edilə bilər. Belə ki, hazırda şikayət verilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1663/2024 nömrəli qərardadı xx.xx.2025-ci il tarixdə iddiaçıya məxsus elektron kabinetə yerləşdirilsə də, onun tərəfindən birinci instansiya məhkəməsinə apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə xx.xx.2025-ci il tarixdə, apellyasiya şikayəti isə xx.xx.2025-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı hüququnun bərpası üçün mümkün olan bütün qanuni vasitələrdən ardıcıl şəkildə istifadə edərək qısa müddət üzrə müddəti ötürmüşdür. Onun prosessual müddətin ötürülməsində qəsdli hərəkəti və ya səhlənkarlığı olmamış, əksinə, subyektiv niyyət və obyektiv cəhdlərlə hüquq müdafiəsinə yönəlmiş aktiv davranış nümayiş etdirmişdir. Həmçinin, onun bu hüququnun məhdudlaşdırılması məhkəmə müdafiəsi hüququnu əlçatmaz edəcəkdir. Bu səbəbdən də kollegiya hesab edir ki, hazırki halda prosessual müddətin ötürülməsi üzürlü hesab edilməlidir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman lazımı qaydada araşdırma aparılmamışdır. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə müvafiq hərbi hissələrdə xidmət keçərək İİ Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Onun müvafiq iddia ərizəsi əsasında, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1663/2024 nömrəli qərarı ilə İddiaçı adının müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Qərar qanuni qüvvəsini aldıqdan sonra, icra olunması üçün xx.xx.2025ci il tarixli məktubla cavabdeh orqana göndərilmişdir. Cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış məktubla Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1663/2024 nömrəli qərarının icra olunması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəzifələrin verilməsi üzrə komissiyaya göndərildiyi qeyd edilmişdir. Həmçinin, İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-1663/2024 nömrəli qərarı Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən siyahıya daxil edilərək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetindən daxil olmuş xx.xx.2025-ci il tarixli müvafiq nömrəli dərkanarı ilə vətəndaş İddiaçı məhkəmə qərarı geri qaytarılmış, səbəb olaraq isə, göndərilmiş materiallara müvafiq təsdiqedici sənədlərin (hərbi biletin, əmrlərin, o cümlədən döyüş əməliyyatlarına cəlb edilməsi və ya döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə ezam olunması barədə əmrlərin, təltif edildiyi medalın vəsiqəsinin surətləri, şəxsin müharibə dövründəki fəaliyyətinin təsvir olunduğu arayış, onun müvafiq tarixlərdə döyüş əməliyyatları aparılan ərazilərdə olmasını təsdiq edən digər sənədlər) əlavə edilmədiyi göstərilmişdir. Göründüyü kimi, nəticə etibarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1663/2024 nömrəli qərarı icra edilməmiş qalmışdır. Birinci instansiya məhkəməsi iddiaçının sözügedən qərar üzrə məcburi icra tədbirlərinin görülməsi barədə ərizəsini rədd edərkən cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış ərizəyə istina edərək hesab etmişdir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-1663/2024 nömrəli qərarı ilə Müdafiə Nazirliyinin üzərinə qoyulmuş müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə iddiaçının adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndəriləcəkdir, buna görə də iddiaçının ərizəsi təmin edilməməlidir. Lakin işin müəyyən edilmiş hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin həmin mövqeyi əsaslı hesab edilə bilməz. Qeyd edilməlidir ki, qanunun aliliyi prinsipinə əsaslanan yaxşı dövlət idarəçiliyi konsepsiyası inzibati orqanların fəaliyyətinə məhkəmə nəzarətini qaçılmaz edir. Məhz inzibati məhkəmələrin fəaliyyəti nəticəsində hakimiyyət səlahiyyətlərini həyata keçirən inzibati orqanların fəaliyyəti hüquqi normalar vasitəsi ilə müəyyən çərçivəyə salınır, qanunsuz inzibati aktlar və faktiki xarakterli hərəkətlər maraqlı şəxslərin iddiası əsasında məhkəmə qaydasında ləğv olunur. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarətinin təmin edilməsi son nəticədə dövlətin Konstitusiya ilə üzərinə götürdüyü qanunun aliliyini təmin edən hüquqi dövlət qurmaq, demokratik quruluşa təminat vermək, eləcə də insan və vətəndaş hüquq və azadlıqlarına əməl etməyə və onları qorumağa dair öhdəliklərin reallaşdırılmasını təmin edir. İnzibati məhkəmələr vasitəsilə hüquqların real təmin edilməsinə nail ola bilmək üçün həmin məhkəmələr tərəfindən çıxarılmış qərarların vaxtında və düzgün icrasının təmin olunması həlledici əhəmiyyət daşıyır. Məhkəmə qərarının icrasının məcburiliyi Azərbaycan Respublikası Konstitusiyasında və digər qanunvericilik aktlarında xüsusilə vurğulanmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu habelə qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə görə, Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İddiaçının İİ Qarabağ müharibəsi iştirakçısı olması və bu əsasla onun adının məhkəmə qərarına əsasən müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması işin mübahisəsiz halıdır. İstinad olunan Əsasnamənin müvafiq normalarının tələblərindən də göründüyü kimi, həmin kateqoriyadan olan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi prosesi bir-biri ilə vəhdət təşkil edən 2 mərhələni əhatə edir. Belə ki, ilkin mərhələdə şəxsin adı vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanı (hazırki halda Müdafiə Nazirliyi) tərəfindən şəxslərə münasibətdə müəyyən etdikləri siyahıya daxil edilir və həmin siyahı razılaşdırılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilir, sonrakı mərhələdə isə həmin siyahı Nazirlər Kabineti tərəfindən razılaşdırılır və yalnız bundan sonra şəxsə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verilir. Hazırki işin faktiki hallarından da göründüyü kimi, iddiaçının adı müvafiq siyahıya daxil edilərək razılaşdırılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmiş, lakin İddiaçı sənəndləri Nazirlər Kabineti tərəfindən geri qaytarılmış, səbəb isə göndərilmiş materiallara müvafiq təsdiqedici sənədlərin (hərbi biletin, əmrlərin, və.s digər sənədlərin) əlavə edilməməsi olmuşdur. Göründüyü kimi, məhkəmə qərarının icra olunmamasının əsasında cavabdehin öz vəzifələrini düzgün icra etməməsi, yəni iddiaçıya dair tələb olunan sənədlərin Nazirlər Kabinetinə göndərilməməsi dayanır. Qeyd olunan hallar Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin N nömrəli hərbi hissənin komandirinə ünvanlanan xx.xx.2025-ci il tarixli, 3-25- 14/2-6281/2025 nömrəli məktubun məzmunu ilə də təsdiq olunur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan halları araşdırılmamış, məhkəmə qərarının icra edilməməməsinin səbəblərinin aydınlaşdırılması üçün cavabdehə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq sorğular verilməmiş, yalnız cavabdehin yuxarıda qeyd olunan məktubuna istinad edərək ərizəni rədd etmişdir. Halbuki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı hər bir halda icra edilməlidir və icraya nəzarət edən məhkəmə bunun üçün qanunvericilkdə nəzərdə tutulan tədbirləri görmək səlahiyyətindədir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatlara hüquqi qiymət verməmiş, bununla bağlı lazımi araşdırma aparmamış və müvafiq sorğular göndərməmiş, dolayısı ilə hazırki ərizə üzrə lazımi dəyərləndirmə aparmamışdır. Azərbaycan Respublikası İPM-nin İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 82, 87-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1663/2024 nömrəli qərardadı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(104)-654/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-654/2025
09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver