Məhkəmə qərarları › İş №2-1(104)-656/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-656/2023

16.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-656/2023 16.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1841/2021 saylı qərarından iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri X4 tərəfindən verilmiş apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 noyabr 2003-cü il tarixə qədər yaranmış və silinməli olan borcun silinməsi öhdəliyinin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir . xx.xx.2021-ci il tarixdə iddiaçının nümayəndəsi X4 dəqiqləşmə barədə ərizə verərək, iş üzrə cavabdehin əsl cavabdeh olan 12 saylı Ərazi Vergilər Baş İdarəsi ilə əvəz olunmasını və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı Regional Ərazi Filialını üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraata qəbul olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1841/2021 saylı qərarı ilə (hakim U.Osmanov) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 18 saylı Regional Ərazi Filialı) qarşı 01 noyabr 2003-cü il tarixə qədər yaranmış və silinməli olan borcun silinməsi öhdəliyinin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiasının rədd edilməsi qərara alınmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri X4 qərarın dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri X4 apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə ərizə verərək, apelyasiya şikayətinin verilməsi üçün müddətinin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı qaldırdığı iddia üzrə məhkəmənin qərarını xx.xx.2023-cü ildə almışdır. Ona görə də ötürülmüş prosessual müddəti üzrlü hesab edilərək müddətin bərpa edilib şikayəti üzrə məhkəmə baxışını mümkün hesab edilməsini xahiş edir. İddiaçının nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında prosessual müddətinin bərpasına dair ərizənin təmin edilməsini xahiş edərək bildirmişdir ki, məhkəmənin qərarı ona şəxsən xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Bu zamanadək onun məhkəmənin iş üzrə yekun qərar qəbul etməsi barədə məlumatı olmamışdır. Bu səbəbdən də, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməmiş hesab edilməli olduğu bildirdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında müddətin bərpasına dair ərizənin təmin edilməməsini xahiş edərək bildirmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Gəncə İnzibati Məhkəməsinə qərarın qanuni qüvvəsini alıb-almaması barədə müraciət olunmuş və məhkəmənin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli qərar xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Ona görə də, ərizə təmin edilməməlidir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri X4 tərəfindən verilmiş ərizə təmin edilməməli, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 87.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin İPM-nin 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Ona görə də apellyasiyanın mümkünlüyü məsələsinin həlli, apellyasiya şikayətinin həmin normalar üzrə yoxlanılmasını ehtiva edir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, apellyasiya şikayəti İPM-nin 85.1-ci maddəsində müəyyən olunmuş müddət ötürülməklə verilmişdir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinin tələbinə əsasən, birinci instansiya məhkəməsinin qərarından şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsi ilə verilir. İş materiallarında olan poçt göndərişinin göndərilməsi haqqında xəbərnamədən görünür ki, birinci instansiya məhkəməsinin qərarının surəti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı olan, həmçinin iddia ərizəsində qeyd olunan Gəncə şəhəri, Gəncə-Şəmkir şossesi 19 ünvanına göndərilmiş və xx.xx.2021-ci il tarixdə ASC-nin nəzarətçisi R. Abbasov tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Azərbaycan Respublikası İPM-nin 22.1-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından başlanır. Bu halda qərardan şikayət verilməsi üçün müəyyən olunmuş müddətin axımı da təqdim edildiyi xx.xx.2021-ci il tarixdən başlanmışdır. Lakin iddiaçı qərardan şikayəti müddət ötürməklə vermiş, şikayəti rabitə orqanına xx.xx.2023-cü il tarixdə vermişdir. Bu hal, yəni müddətin ötürülməsi, apellyasiya şikayətinin mümkün sayılmaması və şikayətin qəbul edilməsindən imtina olunması üçün əsasdır. Çünki, Azərbaycan Respublikası İPM-nin 87.3-cü maddəsinin tələbinə görə apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməsindən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir (İnzibati Prosessual Məcəllənin 87.3 və 87.4-cü maddələri). Məhkəmə kollegiyası müddətin bərpa olunması barədə ərizənin düzgün həlli üçün müddətlərlə bağlı bəzi məsələlərin daha aydın izah olunması üçün Azərbaycan Respublikası İPM-nin müddəaları ilə yanaşı ona zidd olmayan hissədə Mülki Prosessual Məcəlləsinin normalarına da istinad edilməsini mümkün və məqsədəuyğun sayır. Çünki, Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İPM-nin 22.2-ci maddəsində deyilir ki, müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası İPM-nin 81.1-ci maddəsinə görə İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-lə müəyyən olunmuş ümumi qaydaya görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (MPM-nin 128.1 və 130.1-ci maddələri). Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinin məzmunundan göründüyü kimi, bu norma ilə müəyyən olunmuş şikayət vermə müddətinin axımı məhkəmə qərarının tam formada təqdim olunduğu gündən başlanır. Qanunvericilik şikayət verilməsi mümkün olan məhkəmə aktlarının təqdim edilməsi qaydasını da dəqiq müəyyən etmişdir və müddətin axımının başlanmasını müəyyən etmək üçün bu müddəalar da nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası İPM-nin 20.1-ci maddəsinin tələbinə görə müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İPM-nin 75.3-cü maddəsinin tələbinə əsasən məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir (Azərbaycan Respublikası İPM-nin 20.3-cü maddəsi) . Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsində isə göstərilir ki, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinin tələbinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi qanunvericilik rəsmi sənədlərin verilməsinin iki qaydasını, poçt vasitəsi ilə çatdırılma və təqdim olunmaqla verilmə qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qərarının surəti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı olan, həmçinin iddia ərizəsində qeyd olunan Gəncə şəhəri, Gəncə-Şəmkir şossesi 19 ünvanına göndərilmiş və ASC-nin nəzarətçisi R. Abbasova xx.xx.2021-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Azərbaycan Respublikası İPM-nin 22.1-ci maddəsinə əsasən məhz həmin andan iddiaçının qərardan şikayət vermək üçün müəyyən olunmuş müddətin axımı başlanmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İPM-nin 23.1-ci maddəsində də müddətin axımına aid tələblər müəyyən edilərək göstərilir ki, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Birinci instansiya məhkəməsinin qərarından göründüyü kimi, həmin qərarda ondan şikayət verilməsi qaydası, müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı tam və aydın şəkildə göstərilmişdir. Bu halda, iddiaçının qərardan apellyasiya şikayəti verməsi müddətinin axımı xx.xx.2021-ci il tarixdə başlanmış və xx.xx.2022-ci il tarixdə qurtarmışdır. Lakin qanunvericilik, şəxsin ona verilmiş hüquqdan qanunla müəyyən edilmiş müddətdə üzrlü səbəbdən istifadə edə bilmədiyi halda, ona bu hüquqdan yararlanmaq üçün əlavə imkan da yaradır. Bu imkan prosessual müddətin bərpası qaydasında təmin olunur. Bundan başqa "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 izahatına münasibətdə qeyd edir ki, məhkəmənin qərarı ona şəxsən xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Bu zamanadək onun məhkəmənin iş üzrə yekun qərar qəbul etməsi barədə məlumatı olmamışdır. Bununla bağlı kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(115)-435/2021 saylı qərardadı ilə, vəsatət təmin edilmiş, iddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh "xxxx" ASC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair kommersiya işinin icraatı iddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı borcun silinməsi öhdəliyinin icra edilməməsi tələbinə dair Gəncə İnzibati Məhkəməsinin icraatında olan inzibati mübahisə həll edilənədək dayandırılması qərara alınmışdır. Həmçinin qeyd olunnan qərardad qəbul edillərkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 həmin məhkəmə iclasında iştirak etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-35/2022 saylı qərardadından görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı borcun silinməsi öhdəliyinin icra edilməməsi tələbinə dair Gəncə İnzibati Məhkəməsinin icraatında olan iş üzrə yekun məhkəmə aktı qüvvəyə mindiyindən iddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh "xxxx" ASC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası üzrə işin icraatı təzələnmiş və iş üzrə məhkəmə baxışı 30 mart 2022-ci il tarixə saat 15:00-a təyin edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-35/2022 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixə dövlət sosial müdafiə fonduna ödənilməmiş 27039 manat 15 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə ona məxsus qiyməti 40000 manat olan 1 ədəd “Toyota Camry” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin açıq hərracda satılması, 171 manat 12 qəpik məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilişdir. Həmin qətnamədən narazı qalan cavabdehin nümayəndəsi apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-35/2022 saylı qərardadı ilə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)- 35/2022 saylı qətnaməsindən cavabdehin nümayəndəsi X4 tərəfindən ötürülmüş prosessual müddətin bərpa edilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-153/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)- 35/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Daha sonra cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş şikayətə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(104)-153/2023 saylı qərardadı ilə, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(104)-153/2023 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Yuxarıda sadalanan məhkəmə aktlarından və həmin aktlardan verilmiş şikayətlərdən də görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-35/2022 saylı qətnaməsindən şikayət verdikdə artıq işin dayandırılmasına əsas olmuş halın aradan qalxmasından məlumatlı olmuşdur. Başqa sözlə iddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı borcun silinməsi öhdəliyinin icra edilməməsi tələbinə dair Gəncə İnzibati Məhkəməsinin icraatında olan iş üzrə yekun məhkəmə aktının qəbul edilməsindən dolaylısı ilə məlumatlı olmuşdur. Göründüyü kimi iddiaçının nümayəndəsinin dəlilləri formal xarakter daşıyır və ötürülmüş prosessual müddətin bərpası üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Müddətin bərpa edilməsi üçün üzrlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, şikayət vermək üçün müəyyən olunmuş müddətdə, şəxsin şikayət verməsinə yönələn hərəkətləri etməsinə mane olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08.05.08 tarixli qərarında da göstərmişdir ki, «qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın». Lakin iddiaçı tərəf buraxılmış müddətin üzürlü hesab olunmasına əsas verən hər hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Yalnız formal mülahizələrə əsaslanmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qərardan apelyasiya şikayəti vermək üçün müddətin bərpasından imtina olunmalı, apelyasiya şikayəti mümkün sayılmamalı və şikayəti qəbul etməkdən imtina olunmalıdır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano vədigərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81, 85, 87-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1841/2021 saylı qərarından iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri X4 tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə ərizə təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1841/2021 saylı qərarından iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri X4 tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmasın və şikayəti qəbul etməkdən imtina olunsun. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar