Məhkəmə qərarları › İş №2-1(104)-66/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-66/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-66/2025 02.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2 və digərlərinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1, cavabdehin nümayəndəsi X3 və üçüncü şəxs Quliyeva (Qurbanova) Gülnar Cavid qızının iştirakları ilə, “JN-0071 KOD 50706018 saylı dövlət aktında göstərilən 1.54 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət aktında adları göstərilən mülkiyyətçilərin adına qeydə alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-158/2024 nömrəli qərarından cavabdeh və üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı1 torpağa mülkiyyət hüququna dair JN-0071 KOD 50706018 saylı dövlət aktını təqdim etməklə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək, 1.54 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla müraciəti təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı təqdim edilmiş Torpağa mülkiyyət hüququna dair JN-0071 saylı dövlət aktında hüquq sahiblərinin adları ilə Ərazi İdarəsinin elektron baza məlumatları arasında uyğunsuzluğun olduğu, belə ki, Ərazi İdarəsinin elektron baza məlumatlarında hüquq sahiblərinin “İddiaçı1, X14 və X15” kimi qeyd olunduğu müəyyən edilmişdir. Hüquq sahiblərinin adlarında olan uyğunsuzluğun aradan qaldırılması üçün müvafiq düzəlişin aparılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyi aşkar edilmişdir.

2. Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə 1.54 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş və onların adına xx.xx.1999-cu il tarixdə bu barədə Torpağa mülkiyyət hüququna dair JN- 0071 KOD 50705018 nömrəli dövlət aktı tərtib edilmişdir. Həmin torpaq sahəsi 2 (71C və 71D) konturdan ibarət olmuş, 71C saylı konturda 10262.61 kv.m, 71D saylı konturda isə 5100.00 kv.m torpaq sahəsi yerləşmişdir.

3. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1565/2023 nömrəli məktubuna əlavə edilmiş Samux rayonu Zazalı kənd inzibati ərazi vahidi üzrə pay hüququ olan vətəndaşların siyahısında ailə başçısı X10 ailə üzvləri kimi İddiaçı1, X14 və X7 adları (20-23-cü sırada) və adlarının qarşısında 0.08 ha həyətyanı torpaq sahəsi qeyd edilmiş, həmçinin İddiaçı2 və İddiaçı3 adları bir təsərrüfatda (529-530-cu sırada) qeyd edilmişdir.

4. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-2-2328/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzin arxivində saxlanılan Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli Qərarı ilə təsdiq olunmuş Samux rayonu, Zazalı kəndi üzrə pay torpaq sahəsinə (kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) dair subyektlərin siyahısından İddiaçı2, İddiaçı3 və X6 adları qeyd edilmiş hissədən çıxarışın təsdiq olunmuş surəti xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1565/2023 nömrəli məktubla məhkməyə təqdim edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, arxivdə mövcud olan Samux rayonu, Zazalı kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında yalnız həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Pay torpaq sahəsi göstərilməmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-5/4-13-8305/23 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı1 (İmanovanın) xx.xx.1992-ci ildə Samux rayonunun Zazalı icra nümayəndəliyində tərtib edilmiş doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən atasının 1925-ci il təvəllüdlü X16, anasının isə 1928-ci il təvəllüdlü X11 olduğu müəyyən edilmişdir. İddiaçı1 (İmanova) xx.xx.1992-ci ildə adıçəkilən qurumda xx.xx.1968-ci il təvəllüdlü X21 ilə nikaha daxil olmuş və həmin nikahdan xx.xx.1993-cü ildə İddiaçı2, xx.xx.1995-ci ildə İddiaçı3 doğulmuşdur.

6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-3682/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə, İddiaçı2, İddiaçı3 və İddiaçı1 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 1.54 ha torpaq sahəsi JN-0071 (KƏD-********) nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına, torpaq islahatı əsasında hazırlanmış ərazinin kompleks yerquruluşu layihəsinə, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AZCAD məlumatlarına əsasən, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi birgə mülkiyyətlərinə verilmiş, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, əkin sahəsidir. Həmin torpaq sahəsi naturada ölçülməklə, JN-0071 (KOD-********) nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən sahə ilə uyğunluq təşkil etdiyi müəyyən olundu. Həmin torpaq sahəsinin 0.142 ha hissəsinin, **********61 reyestr nömrəli çıxarış və həmin çıxarışın A-471124 nömrəli plan və ölçü sənədinə əsasən X12 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı aşkarlandı. Lakin torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AZCAD məlumatlarına əsasən JN-0071 (KOD-********) nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsinin X19 və başqa subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı aşkarlanmadı. JN-0071 (KOD- ********) nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsinin hava məkanından elektrik xətti keçdiyi müəyyən olundu. Həmin xəttin hansı gərginliyə malik olması və mühafizə zonası barədə, istifadəmizdə olan elektron baza materiallarında məlumat aşkarlanmadı.

7. Torpağın mülkiyyətə verilməsinə dair JN-169A KOD 50706018 nömrəli Şəhadətnamədən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998ci il tarixli 01 saylı qərarı ilə 0.08 ha torpaq sahəsi X8, X14 və X7 mülkiyyətinə verilmişdir.

8. Samux rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 3-48-39RA/2-İ-84/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, JN 0071 nömrəli, 50706018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktı mühafizə olunmaq üçün Samux rayon Dövlət Arxivinə təhvil verilməmişdir.

9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2005-ci il tarixli, 3-21-3-33/2-3087/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən Samux rayonu, Zazalı kəndində yerləşən 1.54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Samux rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998ci il tarixli qərarına əsasən JN-0071, KOD 50706018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı İddiaçı1, İddiaçı2 və İddiaçı3 adlarına işlənilmişdir. JN-0071, KOD 50706018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının verilməsinə əsas olmuş Samux rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli qərarının nüsxəsi 3 saylı Gəncə Ərazi İdarəsində aşkar edilməmişdir.

10. "xxxx" MMC tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanlanmış xidməti məktubda qeyd edilmişdir ki, Mərkəzin arxivində JN-71 nömrəli Dövlət Aktının arxiv nüsxəsi olmadığından, rayon aqrar islahat komissiyasının hansı qərarı əsasında işlənilməsinə dair məlumatın araşdırılması mümkün olmamışdır.

Birinci instansiya məhkəməsində icraat:

11. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı cavabdehin elektron baza məlumatlarında JN-0071 saylı KOD 50706018 nömrəli dövlət aktında hüquq sahibləri kimi adları qeyd edilmiş X14 və X15 elektron baza məlumatlarından çıxarılaraq düzəliş edilməsini və JN-0071 saylı KOD 50706018 nömrəli dövlət aktı əsasında yazılmış elektron baza məlumatlarına İddiaçı2 və İddiaçı3 adlarının qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar çıxarılmasını xahiş etmişlər.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Samux rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 19 yanvar tarixli 01 nömrəli qərarı ilə 1.54 hektar torpaq sahəsi onlara və anası İddiaçı1 ayrılmış və onlara Torpağa mülkiyyət hüququna dair JN0071 saylı KOD 50705018 nömrəli dövlət aktı verilmişdir. Həmin dövlət aktına əsasən onlar cavabdeh orqandan həmin torpaq sahəsinə dair çıxarış verilməsini xahiş etmiş, cavabdeh orqan tərəfindən onlara JN-0071 saylı dövlət aktında hüquq sahiblərin adları Ərazi İdarəsinin elektron baza məlumatları arasında uyğunsuzluğun olduğu, elektron baza məlumatlarında hüquq sahibləri anası İddiaçı1, X14 və X4 qeyd olunduğu müəyyən edildiyindən hüquq sahiblərinin adlarında olan uyğunsuzluğun aradan qaldırılması müvafiq düzəlişin aparılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyi aşkar edilməsi ilə əlaqədar olaraq ərizəsinin icrası mümkün olmaması barədə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 10 mart 2023-cü il tarixli bildiriş verilmişdir. Halbuki, JN-0071 saylı dövlət aktında həmin torpağın hüquqi sahibləri onlar və anası İddiaçı1 qeyd edilmiş, X14 və X7 həmin torpaq sahəsində adlarının necə qeyd edilməsini başa düşmür. Belə ki, cavabdeh orqanın arxivində saxlanılan JN0071 saylı dövlət aktında da torpağın hüquqi sahibləri məhz onlar və anası İddiaçı1 qeyd edilmişdir. Belə olan halda cavabdeh orqanın səhvi ucbatından elektron baza məlumatlarında onların adlarının qeyd edilməməsi və bu səhvin ucbatından onlara aid torpaq sahəsinin verilməməsi onları mülkiyyətçi kimi hüquqlarını pozur.

13. İddiaçı tərəf tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, torpağa mülkiyyət hüququna dair JN-0071 KOD 50706018 saylı dövlət aktında göstərilən 1.54 ha qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər və ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

14. Cavabdeh orqan tərəfindən iddia tələbinə dair təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-3949/2023 nömrəli etirazın məzmunu xx.xx.2023-cü il tarixli imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.

15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-158/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.

16. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, mütəxəssis rəyi və rəyi vermiş mütəxəssisin iclas zamanı verdiyi izahatı ilə müəyyən olunmuşdur ki, iddiaçıların adlarına qeydə alınmasını tələb etdikləri JN-0071 KOD 50705018 nömrəli dövlət aktında göstərilən 1.54 ha torpaq sahəsi “Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD məlumatlarına əsasən heç bir subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Həm İddiaçı1, həm də üçüncü şəxs X12 izahatları ilə də müəyyən edilir ki, onların arasında torpaq sahəsinin faktiki istifadəsi ilə bağlı heç bir mübahisə olmamışdır, hazırda da yoxdur. Hərə özünə məxsus torpaq sahəsini əkib-becərir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri.

17. Cavabdeh və üçüncü şəxslər qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişlər.

18. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, arxiv sənədlərinə əsasən, Samux rayonu, Zazalı kəndində “Torpağa mülkiyyət hüququna dair” JN0071 nömrəli Dövlət Aktı ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına 1.54 ha torpaq sahəsi verilmişdir. Dövlət Aktına əsasən torpaq sahəsi iki hissədən (konturdan) 10262.61 kv.m və 5100.00 kv.m-dən ibarətdir. Dövlət Aktının qeydiyyatı kitabında torpaq sahəsinin ölçüsü 1.54 ha kimi qeyd olunub. Dövlət aktında qeyd olunmuş 10262.61 kv.m hissə elektron xəritə materiallarına (DWG) əsasən 1.54 ha kimi qeyd olunmuşdur. Digər 5100.00 kv.m hissə ilə bağlı uyğunsuzluq yoxdur. Həmçinin torpaq sahəsi verilməsi nəzərdə tutulmuş subyektlərin adlı siyahısında (DBF-də) 71-ci sırada İddiaçı1, X14, X7 adları yazılmışdır. Torpaq sahəsinin ölçüsü 1.54 ha qeyd edilmişdir. Uyğunsuzluqlar mövcuddur. Vətəndaşın müraciətinin təmin olunması məqsədi ilə hüquqi yardım göstərilərək JN-0071 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının işlənilməsinə əsas olmuş ilkin torpaqqayırma sənədlərinin surətinin Ərazi İdarəsinə göndərilməsi ilə bağlı aidiyyatı üzrə “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi “MMC-yə sorğu verilmiş və alınmış cavabdan JN-71 nömrəli dövlət aktının arxiv nüsxəsi olmadığından, rayon aqrar islahat komissiyasının hansı qərarı əsasında işlənilməsinə dair məlumatın araşdırılmasının mümkün olmadığı qeyd olunaraq, arxivdə mövcud olan Samux rayonu, Zazalı kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyasında İddiaçı1, X14 və X7 adları qeyd olunmuş hissədən çıxarışın surəti Ərazi İdarəsinə göndərilmişdir. Bununla yanaşı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsdən 23 fevral 2022-ci il və 28 fevral 2022-ci il tarixlərində daxil olmuş (daxilolma nömrələri: **********, **********) X10 müraciətinə 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən, X10 adına “Torpağa mülkiyyət hüququna dair” JN-0070 nömrəli Dövlət aktı ilə, Samux rayonu, Zazalı kəndində 0.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-145A saylı şəhadətnamə ilə 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. X2 Samux rayonu, Zazalı kəndində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 10 fevral 2022-ci il tarixli, ********** nömrəli (DƏQKİS) müraciətinə Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı, müraciətə əlavə edilmiş JN-0070 nömrəli Dövlət aktının Ərazi İdarəsinin arxivində saxlanılan nüsxəsi arasında və elektron baza materiallarında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Belə ki, Ərazi İdarəsinin arxivində saxlanılan “Torpağa mülkiyyət hüququna dair” JN-0070 nömrəli Dövlət aktında və elektron baza materiallarında torpaq sahəsinin 0.51 ha olmaqla yalnız X10 adına olduğu, təqdim edimiş JN-0070 nömrəli Dövlət aktında isə torpaq sahəsinin 2.05 ha olmaqla X10, X1, X9 və X7 adına olduğu müəyyən edilmişdir. Qeyd olunan uyğunsuzluq nəzərə alınaraq müraciətin icrasını təmin etmək mümkün olmamış və bu barədə ərizəçiyə 22 fevral 2022-ci il tarixli, **********37 nömrəli məktub göndərilmişdir. Lakin işə baxan məhkəmə yuxarıda göstərilən uyğunsuzluqları tam və hərətərəfli araşdırmamışdır. Məhkəmə göstərlən maddi hüquq normasının tələblərini pozmuş, nəzərə almamışdır ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir. Məkəmə torpaq sahəsi verilməsi nəzərdə tutulmuş subyektlərin adlı siyahısında göstərilən digər şəxslər X9 və X7 inzibati məhkəmə icraatına cəlb etməmiş bu hala qiymət verməyərək, şəxslərin qanunla qorunan maraqlarına toxunduğu halları nəzərə almadan xidməti vəzifəsinə uyğun olaraq həmin şəxsləri üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb etməmişdir.

19. Üçüncü şəxslərin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində iş araşdırılarkən JN-0071 saylı KOD 50706018 nömrəli dövlət aktında adları qeyd edilmiş X14 və X15 iş üzrə üçüncü şəxs qismində cəlb edilməmiş, bununla da onların hüquqları məhdudlaşdırmışdır. Onların ailə üzvlərinə- atası X10, anası X1, Qurbanova (Quliyeva) Gülnar Cavid qızının və Qurbanova (Ağayeva) Nərgiz Cavid qızının adına Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə verilmiş Torpağa mülkiyyət hüququna dair dövlət aktında (JN0070 KOD ********) ailə üzvlərinin hər birinin adları düzgün qeyd edilsə də, elektron baza məlumatlarında yanlışlıqla onların adlarını əmisi arvadı İddiaçı1 adına olan siyahıda qeyd etmişlər. Birinci instansiya məhkəməsi tərəfindən həmin dövlət aktında olan qeydlər araşdırılmamış və hüquqi qiymət verilməmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri.

20. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları.

21. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, arxivdə pay torpaq sahəsinin verilməsinə dair subyektlərin siyahısı yoxdur, yalnız yaşayış sahəsi üzrə verilən 0.08 ha torpaq sahəsinə dair siyahı mövcuddur. Elektron sistemdəki məlumatların hansı sənəd əsasında tərtib edilməsi məlum deyildir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar hər biri ayrı-ayrılıqda iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək apellyasiya şikayətinə etiraz etdiklərini bildirdilər və şikayətin təmin olunmamasını xahiş etdilər.

23. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxslər hər biri ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər, əlavə olaraq bildirdilər ki, iddiaçılar ilə qohumdular və aralarında heç bir narazılıq yoxdur.

24. İş üzrə üçüncü şəxslərə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, bununla bağlı məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

26. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

28. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

15. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. 19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. İşin hallarından müəyyən olunur ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə 1.54 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş və onların adına xx.xx.1999-cu il tarixdə bu barədə Torpağa mülkiyyət hüququna dair JN-0071 KOD 50705018 nömrəli dövlət aktı tərtib edilmişdir.

32. İddiaçılar cavabdeh orqana müraciət edərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istəsələr də, sonuncu xx.xx.2023-cü il tarixli məktubla müraciəti təmin etməkdən imtina edərək, onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı təqdim edilmiş Torpağa mülkiyyət hüququna dair JN-0071 saylı dövlət aktında hüquq sahiblərinin adları ilə Ərazi İdarəsinin elektron baza məlumatları arasında uyğunsuzluğun olduğu, belə ki, Ərazi İdarəsinin elektron baza məlumatlarında hüquq sahiblərinin “İddiaçı1, X14 və X15” kimi qeyd olunduğu müəyyən edilmiş, hüquq sahiblərinin adlarında olan uyğunsuzluğun aradan qaldırılması üçün müvafiq düzəlişin aparılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyi aşkar olunmuşdur.

33. Bundan sonra iddiaçılar hazırki tələblə məhkəməyə müraciət edərək torpağa mülkiyyət hüququna dair JN-0071 KOD 50706018 saylı dövlət aktında göstərilən 1.54 ha qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, tələb birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, cavabdeh orqan imtinasını Ərazi İdarəsinin elektron baza məlumatlarında hüquq sahibləri kimi “İddiaçı1, X14 və X15”nın adlarının qeyd olunması ilə əsaslandırmışdır.

35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-5/4-13-8305/23 nömrəli məktubunda da qeyd edilmişdir ki, İddiaçı1 (İmanova) xx.xx.1992-ci ildə Samux rayonunun Zazalı icra nümayəndəliyində xx.xx.1968-ci il təvəllüdlü X21 ilə nikaha daxil olmuş və həmin nikahdan xx.xx.1993-cü ildə İddiaçı2 və xx.xx.1995-ci ildə İddiaçı3 doğulmuşdur.

36. İşin birinci instansiya məhkəməsində araşdırılması zamanı təqdim edilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə, İddiaçı2, İddiaçı3 və İddiaçı1 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 1.54 ha torpaq sahəsi JN-0071 (KƏD-********) nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına, torpaq islahatı əsasında hazırlanmış ərazinin kompleks yerquruluşu layihəsinə, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AZCAD məlumatlarına əsasən, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi birgə mülkiyyətlərinə verilmiş, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, əkin sahəsidir. Həmin torpaq sahəsi naturada ölçülməklə, JN-0071 (KOD-********) nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən sahə ilə uyğunluq təşkil etdiyi müəyyən olundu. Həmin torpaq sahəsinin 0.142 ha hissəsinin, **********61 reyestr nömrəli çıxarış və həmin çıxarışın A-471124 nömrəli plan və ölçü sənədinə əsasən X12 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı aşkarlandı. Lakin torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AZCAD məlumatlarına əsasən JN-0071 (KOD-********) nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsinin X19 və başqa subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı aşkarlanmadı. JN-0071 (KOD-********) nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsinin hava məkanından elektrik xətti keçdiyi müəyyən olundu. Həmin xəttin hansı gərginliyə malik olması və mühafizə zonası barədə, istifadəmizdə olan elektron baza materiallarında məlumat aşkarlanmadı.

37. Bundan başqa məhkəmə prosesində dinlənilmiş mütəxəssis X22 bildirmişdir ki, hazırda yeni xəritəyə əsasən Torpağa mülkiyyət hüququna dair JN-0071 KOD 50705018 nömrəli dövlət aktında göstərilən torpaq sahəsinin koordinatları ilə üçüncü şəxsə məxsus torpaq sahəsinin koordinatları heç bir hissədə üst-üstə düşmür.

38. Cavabdehin apellyasiya şikayətinin məzmununda qeyd edilmişdir ki, Aqrar İslahat Komissiyasının qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. İddiaçının mübahisələndirdiyi qərar isə xx.xx.1997ci il tarixdə qəbul olunmuş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qanuni qüvvəyə mindiyi günədək həmin inzibati aktın məhkəmə qaydasında mübahisələndirilməsi üçün nəzərdə tutulmuş müddət ötürülmüşdür.

39. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçılar tərəfindən qaldırılmış iddia üçüncü şəxslərin adlarına tərtib edilmiş dövlət aktının verilməsinə əsasən olan aqrar islahat komissiyasının qərarının ləğv edilməsi və ya etibarsız hesab edilməsi ilə əlaqədar deyil, həmin akt əsasında əsasında iddiaçıların adına qeyd aparılması və bu barədə müvafiq çıxarışın verilməsidir. Bu səbəbdən apellyasiya şikayətinin qeyd olunan dəlilləri təkzib olunur.

40. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-2-2328/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzin arxivində saxlanılan Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli Qərarı ilə təsdiq olunmuş Samux rayonu, Zazalı kəndi üzrə pay torpaq sahəsinə (kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) dair subyektlərin siyahısından İddiaçı2, İddiaçı3 və X6 adları qeyd edilmiş hissədən çıxarışın təsdiq olunmuş surəti xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1565/2023 nömrəli məktubla məhkməyə təqdim edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, arxivdə mövcud olan Samux rayonu, Zazalı kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında yalnız həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Pay torpaq sahəsi göstərilməmişdir.

41. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-3087/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən Samux rayonu, Zazalı kəndində yerləşən 1.54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Samux rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998ci il tarixli qərarına əsasən JN-0071, KOD 50706018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı İddiaçı1, İddiaçı2 və İddiaçı3 adlarına işlənilmişdir.

42. Torpağın mülkiyyətə verilməsinə dair JN-169A KOD 50706018 nömrəli Şəhadətnamədən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998ci il tarixli 01 saylı qərarı ilə 0.08 ha torpaq sahəsi X8, X14 və X7 mülkiyyətinə verilmişdir.

43. Göründüyü kimi Torpağın mülkiyyətə verilməsinə dair JN-169A KOD 50706018 nömrəli Şəhadətnaməyə əsasən Samux rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə 0.08 ha torpaq sahəsi X8, X14 və X7 mülkiyyətinə verilmiş, buna baxmayaraq qeyd edilən adlar cavabdehə məxsus elektron baza məlumatlarında JN 0071 nömrəli, 50706018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunan və hazırkı iş üzrə iddiaçıların adlarının əvəzinə yanlışlıqla, belə ki, 0.08 ha həyətyanı torpaq sahəsinə dair məlumatlar 1.54 ha sahəsinə dair məlumatlara daxil edilməklə işlənmişdir.

44. Belə ki, məhkəməyə daxil olan məktubda arxivdə mövcud olan Samux rayonu, Zazalı kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında yalnız həyətyanı torpaq sahəsi qeyd edilməsi, pay torpaq sahəsinə dair məlumatların göstərilməməsi bildirilmişdir.

45. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıların adlarına qeydə alınmasını tələb etdikləri JN-0071 KOD 50705018 nömrəli dövlət aktında göstərilən 1.54 ha torpaq sahəsi üzrində mülkiyyət hüquqlarının qeydə alınmasına dair nəticəyə gəlmişdir.

46. Belə ki, dövlət aktı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində qeyd olunan hüquqi əsaslardan biridir və hazırki iş üzrə Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları mövcud deyildir.

47. Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı).

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

50. Məhkəmə tərkibi həmçinin onu da qeyd edir ki, iddiaçıların adlarına qeydə alınmasını tələb etdikləri JN-0071 KOD 50705018 nömrəli dövlət aktında göstərilən 1.54 ha torpaq sahəsinin “Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD məlumatlarına əsasən heç bir subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyindən, bundan başqa işin birinci instansiya məhkəməsində araşdırılması zamanı məhkəmə prosesində dinlənilmiş mütəxəssis hazırda yeni xəritəyə əsasən Torpağa mülkiyyət hüququna dair JN-0071 KOD 50705018 nömrəli dövlət aktında göstərilən torpaq sahəsinin koordinatları ilə üçüncü şəxsə məxsus torpaq sahəsinin koordinatları heç bir hissədə üst-üstə düşmədiyini bildirdiyindən iddiaçılar tələblərində haqlı olmuşlar.

51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir və apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur.

Nəticəvi hissə:

52. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-158/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar