Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-660/2023 16.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-666/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən Azərbaycan Respublikasının vətəndaşıdır. Goranboy Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(045)-546/2020 saylı qətnaməsinə əsasən İddiaçı ölkədən getmək hüququ müvvəqəti məhdudlaşdırılmışdır. İddiaçı "xxxx" MMC-nin icra orqanının dəyişməsi, yəni iddiaçının həmin hüquqi şəxsin artıq icra orqanının rəhbəri olmaması əsası ilə ölkədən getməsinə qoyulmuş məhdudiyyətin götürülməsi üçün cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Cavabdeh orqanın İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçının "xxxx" MMC-nin rəhbəri vəzifəsindən azad olunduğu üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi haqqında cavabdehə etdiyi müraciətinin təmin edilməsindən imtina edilmişdir, imtinanın əsası kimi Goranboy Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(045)-546/2020 nömrəli qətnaməsinin çıxarılmasına əsas olmuş "xxxx" MMC-nin dövlət büdcəsinə olan borcunun ödənilməsinin təmin edilməməsi göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumunun dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən "xxxx" MMC-nin qanuni təmsilçisi Müslüm Qasanov adlı şəxs göstərilmişdir. Beləliklə, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə inzibati akt qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "Emerald Construction MMC-nin dövlət büdcəsinə vergi borcu olduğu üçün Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə vergi orqanının ərizəsi təmin edilərək, həmin MMC-nin direktoru olaraq İddiaçı ölkədən getmək hüququ müvvəqəti olaraq məhdudlaşdırılmışdır. Hazırda həmin MMC ilə əlaqəsi yoxdur. Hazırda həmin cəmiyyətin qanuni təmsilçisi Müslüm Qasanov adlı şəxsdir. Cavabdeh orqana müraciət etsə də müraciəti təmin edilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-666/2023 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə inzibati akt qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının icra orqanı olduğu hüquqi şəxslər "xxxx" MMC-nin dövlət büdcəsinə vergi borcu olduğu üçün qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının ölkədən getmək hüququ məhdudlaşdırılmışdır, sonradan cəmiyyətin icra orqanı isə dəyişmişdir, yəni iddiaçı artıq "xxxx" MMC-nin icra orqanı deyildir. Belə olan halda iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsas hazırda aradan qalxmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-666/2023 saylı qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-666/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının giriş, təsviri və nəticə hissəsində cavabdeh “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi” kimi oxunması qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın təmin edilmə əsası kimi qeyd etmişdir ki, hazırda İddiaçı MMC-nin icra orqanının rəhbəri olmadığından onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsas aradan qalxmışdır. Məhkəmənin qeyd olunan dəlili ilə razılaşmayaraq bildirirlər ki, məhkəmə tərəfindən maddi hüquq norması yanlış tətbiq edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 24.1.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Qeyd olunan normalardan göründüyü kimi, vergi orqanı vergi borcunun ödənilməsinin təmin edilmə üsulu kimi qanunla verilmiş hüququndan istifadə etməklə hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən ərizə təmin edilmişdir. Lakin hazırda ölkədən getmə hüququ məhdudlaşdıran şəxsin rəhbəri olduğu MMC tərəfindən dövlət büdcəsinə olan vergi borcu ödənilmədiyi üçün ölkədən getmək hüququnun müvqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır. İddiaçı MMC-nin vergi öhdəliyindən, habelə məsuliyyətdən yayınmaq üçün məqsədli şəkildə icra orqanının rəhbəri vəzifəsindən azad olunması heç də əsasların aradan qalxması demək deyildir. Məlum olduğu kimi, MMC-nin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasında məqsəd MMC-nin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etməkdir. Qeyd olunan məqsədə nail olunması həmin şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxması anlamına gəlir. Lakin MMC-nin şəxsi hesab vərəqəsindən aydın olduğu kimi belə bir hal baş verməmişdir. Digər tərəfdən qeyd edir ki, məhz İddiaçı "xxxx" MMC-nin icra orqanının rəhbəri olduğu dövrdə külli miqdarda, 210.359,33 manat məbləğində vergilər, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının ödənilməkdən yayındırılması faktı baş vermiş və bununla bağlı xx.xx.2021-ci il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ile cinayət işi başlanılaraq istintaq aparılır. Sözsüz ki, istintaqın nəticələrinə əsasən MMC-nin vergilərdən yayınma faktı öz təsdiqini tapdığı halda icra orqanının rəhbəri İddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunacaq. İddiaçı barəsində tətbiq olunmuş məhdudlaşdırmanın aradan qaldırılması onun cinayət məsuliyyətindən yayınmaq üçün ölkəni tərk etməsi ilə nəticələnəcək ki, bu da yolverilməzdir. Qeyd olunanlardan göründüyü kimi, İddiaçı müvəqqəti ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır. Buna əsasən hesab edirlər ki, məhkəmə tərəfindən Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsi məhdudlaşdırıcı şəkildə təfsir olunmuş və yanlış tətbiq edilmişdir. Məhkəmə tərəfindən qanunsuz və əsassız qərarın qəbul edilməsi son nəticədə İddiaçı törətdiyi əməllərə görə məsuliyyətdən yayınmasına şərait yaratmışdır. Beləliklə hesab edirlər ki, məhkəmə qərarı işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun gəlmir və məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi də qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-666/2023 saylı qərarından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün sayılmaması və şikayətin qəbulundan imtina edilməsi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-666/2023 saylı qərarından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi vəkil Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; Maddə 24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: 24.0.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 12. Bərabərlik prinsipi: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı "xxxx" MMC-nin icra orqanının rəhbəri olduğu dövrdə dövlət büdcəsinə yaranmış olan borcuna əsasən Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İş materiallarında olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, hazırda "xxxx" MMC-nin icra orqanının rəhbəri İddiaçı deyil, Müslüm Qasanov adlı şəxsdir. Kollegiya qeyd edir ki, Vergi Məcəlləsinin yuxarıda istinad edilən 23.1.15-3-cü maddəsinin məzmunundan göründüyü kimi qanunverici həmin normada təsbit olunan məhdudiyyət tədbirinin vergi ödəyicisi olan fiziki şəxsə və ya hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiqini nəzərdə tutur. Odur ki, iddiaçı barəsində məhdudiyyətin tətbiqi istinad edilən normanın digər dispozisiya şərtləri ilə yanaşı, iddiaçının vergi öhdəliyi olan hüquqi şəxsin icra orqanının rəhbəri olması şərtindən irəli gəlmişdir. İşdən göründüyü kimi həmin şərt sonradan aradan qalxmışdır. Lakin cavabdeh inzibati orqan Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsindən irəli gələn “vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək” vəzifəsini icra etməkdən imtina etmişdir və imtinanın əsası kimi iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlmasına səbəb olan halın aradan qalxmadığına, cəmiyyət tərəfindən dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilmədiyinə əsaslanmışdır. Odur ki, cəmiyyətin icra orqanının rəhbəri dəyişmişdir, iddiaçı artıq "xxxx" MMC-nin icra orqanının rəhbəri deyildir. Beləliklə, iddiaçının ölkədən getmək hüquqununun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslardan biri, “hüquqi şəxsə münasibətdə məhdudiyyət tətbiq ediləcək şəxsin hüquqi şəxsin icra orqanının rəhbəri olması” şərti aradan qalxmışdır. Bununla da, İddiaçı konstitusion hüququ olan sərbəst hərəkət etmək azadlığının məhdudlaşdırılması üçün qanunda nəzərdə tutulan şərtlər mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-666/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-660/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-660/2023
16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver