Məhkəmə qərarları › İş №2-1(104)-661/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-661/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-661/2023 29.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2290/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.2012-ci il tarixdə “Sağ alın payının meningeomasının çıxarılması əməliyyatından sonrakı vəziyyət. Sağ alın təpə nahiyəsində irihəcmli sümük deffekti” diaqnozu ilə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 486 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin avqust ayında aldığı yaralanmanın diaqnozu: “Odlu silah mərmi partalamsından sonrakı başın alın nahiyəsinin sağ yarısında iki ədəd, başın alın nahiyəsinin sol yarısında iki ədəd, burun belində bir ədəd, çənəaltı nahiyədə bir ədəd, hər iki baldırın orta 1/3-nin ön səthində yeddi köhnə çapıq toxumalar” kimi müəyyən edilmiş və travmanın səbəbli əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" qeyd edilmişdir. İddiaçının əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi üçün tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli göndərişi rəsmiləşdirilmiş və “Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnoz və ağırlaşmaları təsdiq edən köməkçi diaqnostik müayinələrin nəticələri qeyd edilməyib” səbəbi ilə imtina verilmişdir. Eyni məqsədlə xx.xx.2022-ci il tarixdə təkrar göndəriş rəsmiləşdirilmiş və “Göndərişin natamam doldurulması - Səbəb: 1998-2022-ci ilə qədər ambulator və stasionar müalicələrdən məlumat yoxdur” səbəbi ilə imtina verilmişdir. Həmin qərardan iddiaçının verdiyi şikayət əsasında xx.xx.2022-ci il tarixdə əyani müayinəyə cəlb olunmuş və Agentliyin TSEK-in xx.xx.2022-ci il tarixli qərarı ilə Hərbi səbəbdən diaqnoz əlillik əlaməti təyin etmir, Ümumi xəstəlik ilə əlaqədar xx.xx.2012-ci il tarixli müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2-ci dərəcə müddətsiz əlilliyin səbəbinin “ümumi xəstəliklə əlaqədar əlillik” ifadəsinin dəyişdirilərək 2-ci dərəcə müddətsiz “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” ifadəsi ilə əvəz olunması və xx.xx.2020-ci il tarixdən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.1970-ci il tarixində Qazax rayonunda anadan olmuşdur. İki il sovet ordusunda və 1992-ci ildən 1995-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi xidmətdə aldığı xəsarətlə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona 2020-ci ildə ‘Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. Aldığı xəsarətlərlə bağlı sağ alın nahiyyəsində cərrahiyə edilərək ölçüləri 37X35X45 mm olan plastik örtük qoyulmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəlik qərarını 2020-ci ilədək ala bilmədiyi üçün ona xx.xx.1997-ci ildən xx.xx.2012-ci ilədək müddətli, xx.xx.2012-ci ildən etibarən 2-ci dərəcə “ümumi xəstəliklə əlaqədar” müddətsiz əlillik təyin edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəlik qərarı ilə təmin edildikdən, yəni xx.xx.2020-ci ildən sonra dəfələrlə cavabdehə müraciət etmişdir ki, onun 2-ci dərəcə “ümumi xəstəliklə əlaqədar” müddətsiz əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilsin, lakin cvabdeh tərəfindən müraciəti müsbət həll edilməmişdir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə "yə müvafiq olaraq Səhiyyə müəssisəsinin dəfələrlə göndərişi (88 nömrəli forma) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə göndərilib ki, əlilliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin edilsin. Lakin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.4-cü maddəsinə əsasən əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Xidmətə təqdim olunur. Xidmət daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Qanuna müvafiq olaraq onun qanunsuz olaraq əlilliyinin səbəb əlaqəsi dəyişdirilməmişdir. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq Səhiyyə müəssisəsinin dəfələrlə göndərişi (88 nömrəli forma) əsasında ona ümumi xəstəliklə əlaqədar deyil, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarını nəzərə almaqla ikinci dərəcə müddətsiz Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik təyin etməli idi. Hansı ki, ona təyin edilmiş əlilliklə bağlı xəstəlik diaqnozu hərbi xidmət zamanı qazanılmış və ağırlaşmış olması Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında öz təsdiqini tapmışdır, belə olan halda ona qarşı düzgün olmayan səbəb əlaqəsi ilə əlillik təyin edilmişdir. Cavabdehə tibbi sənədlərinin birlikdə dəfələrlə yazılı şəkildə müraciət etsə də, bu günə kimi müraciətinə cavab verilməmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia qaldırılması üçün nəzərdə tutulmuş müddətin bərpası barədə ərizə təqdim etmiş, Gəncə İnziabati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək, müddət bərpa edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixdən əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Qazax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və səbəbi: Ümumi xəstəlik X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T93 -Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 – Başın Diaqnozun mətni: Sağ alın payının meningeomasının çıxarılması əməliyyatından sonrakı vəziyyət. Sağ alın təpə nahiyəsində irihəcmli sümük deffekti...; Meyar: 2 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sağ alın payının meningeomasının çıxarılması əməliyyatından sonrakı vəziyyət. Sağ alın təpə nahiyəsində irihəcmli sümük deffekti.... səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə Qazax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Əsas diaqnoz Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri. Ağırlaşma L90.5 Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, Odlu silah mərmi partlamasından sonrakı başın alın nahiyəsinin sağ yarısında iki ədəd, başın alın nahiyəsinin sol yarısında iki ədəd, burun belində bir ədəd, çənəaltı nahiyədə bir ədəd, hər iki baldırın orta 1/3-nin ön səthində yeddi ədəd köhnə çapıq toxumalar. Ağırlaşma F07.2 Postkontuzion sindrom, Postravmatik ensefalopatiya, Kəllədaxili hipertenziya, daimi baş ağrıları ilə. Ağırlaşma G81.1 Spastik hemiplegiya, Sağ tərəfli hemiparez. Ağırlaşma F48.0 Nevrasteniya, Asteno nevrotik hal. Psixoorqanik sindrom. Yanaşı xəstəliklər D32.1 Onurğa beyni qişalarının xoşxassəli yenitörəməsi, Sağ alın nahiyəsinin komveksital meningioması. Cərrahi əməliyyatından sonrakı vəziyyət. Yanaşı xəstəliklər E11 İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet, tip 2..; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnoz və ağırlaşmaları təsdiq edən köməkçi diaqnostik müayinələrin nəticələri qeyd edilməyib”. səbəbi ilə imtina verilmişdir. İddiaçının əlillik vəziyyətinə Qazax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri. Ağırlaşma Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, Odlu silah mərmi partlamasından sonrakı başın alın nahiyəsinin sağ yarısında iki ədəd, başın alın nahiyəsinin sol yarısında iki ədəd, burun belində bir ədəd, çənəaltı nahiyədə bir ədəd, hər iki baldırın orta 1/3-nin ön səthində yeddi ədəd köhnə çapıq toxumalar.; Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: 1998-2022 ilə qədər ambulator və stasionar müalicələrdən məlumat yoxdur.” səbəbi ilə imtina verilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonraKomissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 40 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və müayinə zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş "Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Keçirilmiş qapalı kəllə bəyin travmasının qalıq əlamətləri. Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu. Odlu silah mərmi partlamasından sonrakı başın alın nahiyəsinin sağ yarısında iki ədəd; başın alın nahiyəsinin sol yarısında iki ədəd, burun belində bir ədəd, çənəaltı nahiyədə bir ədəd, hər iki baldırın orta 1/3-nin ön səthində yeddi ədəd köhnə çapıq toxumalar” diaqnozu araşdırılmışdır. Obyektiv baxış zamanı sol gözündə görmənin olmamasından şikayətlənmiş, qəbul etdiyi medikamentoz dərman preparatlarından Sikladol qəbul etdiyini ifadə etmişdir. Əyani müayinə zamanı başın sağ təpə nahiyəsində sümük defekti izlənilmiş, nevroloji ocaqlı patologiya aşkar edilməmiş, əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti aşkar edilməmişdir. Təqdim edilmiş Neyrocərrahlıq xəstəxanası xx.xx.1997-xx.xx.1997-ci il tarixli çıxarışda xəstənin xx.xx.1997-ci ildə xəstənin cərrahi əməliyyat olunduğu, sağ alın nahiyəsində sümük dekompressi trepanasiya aparıldığı və həmin nahiyədən ekstroserebıal şişin (meningiomanın) çıxarıldığı, əməliyyatdan sonrakı dövrün fəsadsız keçdiyi qeyd olunmuşdur. Təqdim edilmiş General Hospital xx.xx.2022-ci il tarixli Kranial MRT nəticəsi “Hissəvi boş tük yəhəri sindromu qeyd olunur. Sol beyin yarımkürəsində 0,5-1.0 mm ölçülü gliotik ocaqlar aşkar olunur. Sağ temporal pay ön kistoz görüntü qeyd edilir. Mikroangiopatik ocaqlar aşkar olunur. Kəllədaxili hipertenziya qeyd edilir. Sol hemisferin orta frontal qrius səviyyəsində, periventrikulvar acı maddəsində və sol insulanın subkortikal zonada yerləşən fokal gliotik sahələr izlənilir. Sağ transvers sinusun trombozu sonrakı vəziyyəti, yetərli rekanalizasivası qeyd olunur, qan axını sola nisbətən zəifdir. Hər iki haymor boşluqlarında mukozal qalınlaşmalar qeyd olunur, sol haymor boşluğunun dibində retension kista izlənilir' kimi qeyd olunmuşdur. Təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax Rayon Mərkəzi Xəstəxanası xx.xx.2022- xx.xx.2022ci il tarixli diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Postravmatik ensefalopativa. Kəllədaxili hipertenziya. Sagtərəfli hemiparez. Astenonevrotik sindrom. Şəkərli diabet’ kimi qeyd olunsa da, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Şikayətlərinə uyğun olaraq, ƏƏSMN Tabeliyində DTSERA xx.xx.2022-ci il tarixdə Oftalmoloq müayinəsindən keçirilmiş, nəticədə “VİS QD=0,2 k/etmir; VİS OS=işıq duyğusu. OU-yetisməmiş fəsadlı katarakta, OS-görmə sinirinin atrofiyası? Xəstənin ixtisaslaşmış tibb müəssisəsində müayinə olunmağı məsləhətdir” kimi müəyyən edilmişdir. Anamnestik məlumat və təqdim edilmiş epikrizlərə istinadən əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən Hərbi səbəbdən diaqnoz əlillik əlaməti təyin etmir, Ümumi xəstəlik ilə əlaqədar xx.xx.2012-ci il tarixli müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2290/2023 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı təyin edilmiş əlilliyin səbəbli əlaqəsinin dəyişdirilərək, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, cavabdeh orqan iddiaçının əlilliyin səbəbinin dəyişdirilməsindən imtina edərkən “Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Postravmatik ensefalopativa. Kəllədaxili hipertenziya. Sagtərəfli hemiparez. Asteno-nevrotik sindrom. Şəkərli diabet” xəstəliyinin əyani müayinə zamanı öz təsdiqini tapmadığını əsas götürmüşdür. Məhkəmə bununla bağlı qeyd edir ki, hazırkı mübahisə əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlıdır. İddiaçının cavabdehə müraciəti ona əlilliyin təyinatı ilə bağlı deyil, əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı olmuşdur. İddiaçının əlilliyi isə mübahisə predmeti deyildir və cavabdeh orqan tərəfindən 2012-ci il tarixdə ona ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. İddiaçının əlillik təyinatına əsas verən xəstəlik isə onun Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma ilə bağlı olmuşdur. İş materiallarından da göründüyü kimi, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli **********6 nömrəli qərarına əsasən iddiaçının hazırda əlilliyinə əsas verən xəstəliklərinin səbəbi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Bu halda adıçəkilən Təlimata görə iddiaçının hərbi xidmətlə əlaqədar əlillik səbəbləri ştatlı HHK tərəfindən tərtib edilmiş qərar əsasında təyin edildiyindən cavabdeh iddiaçının xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsini müəyyən etməyə borclu olmuş, bu barədə hər hansı əlavə tibbi sənədlərin tələb edilməsinə zərurət qalmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı təyin edilmiş əlilliyin səbəbli əlaqəsinin dəyişdirilərək, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazır ki iş üzrə iddia mübahisələndirmə haqqında iddiadır. Qüvvədə olmuş qanunvericilik inzibati aktların mübahisələndirilməsi (ləğv edilməsi və ya dəyişdirilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən istifadə etməmiş, əksinə əlilliyin beş il müddətinə təyin olunması barədə inzibati aktın mövcudluğundan xəbərdar olduğu vaxtdan 1 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir ki, bu hazırki mübahisə üzrə onun müddətin bərpası barədə ərizə ilə müraciət etmək hüququnun olmadığını göstərir. İddiaçı apellyasiya şikayətinə qarşı məhkəməyə öz etirazını göndərərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdehin əsassız, qanunsuz, formal xarakterli apellyasiya şikayətinin ləğv edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1970-ci il tarixində Qazax rayonunda anadan olmuşdur. İki il sovet ordusunda və 1992-ci ildən 1995-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikasının müdafiəsi zamanı iddiaçının hərbi xidmətdə aldığı xəsarətlə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, iddiaçıya 2020-ci ildə "Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" xəstəlik qərarı verilmişdir. İddiaçının aldığı xəsarətlərlə bağlı sağ alın nahiyyəsində cərahiyyə edilərək ölçüləri 37X35X45 mm olan plastik örtük qoyulmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəlik qərarını 2020-ci ilədək ala bilmədiyi üçün iddiaçıya xx.xx.1997-ci ildən xx.xx.2012-ci ilədək müddətli, xx.xx.2012-ci ildən etibarən 2ci dərəcə "ümumi xəstəliklə əlaqədar" müddətsiz əlillik təyin edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəlik qərarı ilə təmin edildikdən, yəni xx.xx.2020-ci ildən sonra dəfələrlə cavabdehə müraciət etmişdir ki, iddiaçının 2-ci dərəcə "ümumi xəstəliklə əlaqədar" müddətsiz əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilsin, lakin cvabdeh tərəfindən iddiaçının müraciəti müsbət həll edilməmişdir. "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq Səhiyyə müəssisəsinin dəfələrlə göndərişi (88 nömrəli forma) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə göndərilib ki, iddiaçının əlilliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyin edilsin. Lakin "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 2.4-cü maddəsinə əsasən əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Xidmətə təqdim olunur. Xidmət daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir" qanuna müvafiq olaraq iddiaçının qanunsuz olaraq əlilliyinin səbəb əlaqəsi dəyişdirilməmişdir. Hesab edilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq Səhiyyə müəssisəsinin dəfələrlə göndərişi (88 nömrəli forma) əsasında iddiaçıya ümumi xəstəliklə əlaqədar deyil, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarını nəzərə almaqla ikinci dərəcə müddətsiz Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik təyin etməli idi. Hansı ki, iddiaçıya təyin edilmiş əlilliklə bağlı xəstəlik diaqnozu hərbi xidmət zamanı qazanılmış və ağırlaşmış olması Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında öz təsdiqini tapmışdır, belə olan halda iddiaçıya qarşı düzgün olmayan səbəb əlaqəsi ilə əlillik təyin edilmişdir. İddiaçı cavabdehə tibbi sənədlərilə birlikdə dəfələrlə yazılı şəkildə müraciət etsə də, bu günə kimi müraciətinə cavab verilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olsalar da iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a görə: Bənd 2.2. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu; 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə görə: Bənd 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Bənd 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır». a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa … Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar... Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. Bənd 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Bənd 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Bənd 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a görə: Bənd 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. Bənd 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2012-ci il tarixdə ““ViS OD=0,2 k/etmir VİS OS=işıq duyğusu. OUyetişməmiş fəsadı katarakta, OS-görmə sinirinin atrofiyası” diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı əlilliyin təyinatına əsas verən xəstəliklərinin Mərkəzi Hərbi Həkim Komissiyasının **********6 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə hərbi travmanın Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmasına istinad edərək, ona təyin olunmuş əlilliyin səbəbinin "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi qeyd edilməsini cavabdeh orqandan tələb etmiş, bununla əlaqədar iddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli göndərişlər əsasında qiymətləndirilmiş və göndərişin natamam doldurulması əsası ilə imtina edilmişdir. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə əyani müayinəyə cəlb olunmuş və Agentliyin TSEK-in xx.xx.2022-ci il tarixli qərarı ilə Hərbi səbəbdən diaqnoz əlillik əlaməti təyin etmir, Ümumi xəstəlik ilə əlaqədar xx.xx.2012-ci il tarixli müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisə əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlıdır. İddiaçının cavabdehə müraciəti ona əlilliyin təyinatı ilə bağlı deyil, əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı olmuşdur. İddiaçının əlilliyi isə mübahisə predmeti deyildir və cavabdeh orqan tərəfindən 2012-ci il tarixdə ona ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. İddiaçının əlillik təyinatına əsas verən xəstəlik isə onun Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma ilə bağlı olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının **********6 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının xəstəliyinin səbəbi "Odlu silah mərmi partalamsından sonrakı başın alın nahiyəsinin sağ yarısında iki ədəd, başın alın nahiyəsinin sol yarısında iki ədəd, burun belində bir ədəd, çənəaltı nahiyədə bir ədəd, hər iki baldırın orta 1/3-nin ön səthində yeddi köhnə çapıq toxumalar” (Azərbaycan Respublikası SHXÇDX-nin Qazax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 19 nömrəli göndərişi, xx.xx.2020-ci il tarixli 484 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2020-ci il tarixli 137 nömrəli aktı, keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a görə: Bənd 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. Bənd 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. Göründüyü kimi, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli **********6 nömrəli qərarına əsasən iddiaçının hazırda əlilliyinə əsas verən xəstəliklərinin səbəbi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Bu halda adıçəkilən Təlimata görə iddiaçının hərbi xidmətlə əlaqədar əlillik səbəbləri ştatlı HHK tərəfindən tərtib edilmiş qərar əsasında təyin edildiyindən cavabdeh iddiaçının xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsini müəyyən etməyə borclu olmuş, bu barədə hər hansı əlavə tibbi sənədlərin tələb edilməsinə zərurət qalmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2290/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar