Məhkəmə qərarları › İş №2-1(104)-664/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-664/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-664/2023 02.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3259/2023 saylı qərardadından iş üzrə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, "Elektrik xətlərinin daşınması və bütövlüyünü təmin etmək üçün zəruri mal-materialların alınmasına dair" açıq tender üzrə (55685 saylı) nəticələrin ləğv edilməsi və həmin tender üzrə onların tender qalibi hesab edilməklə "xxxx" ASC-nin üzərinə onlarla müqavilə bağlanması öhdəliyinin qoyulması və həmin tender üzrə bağlanmış digər müqavilənin etibarsız hesab edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC tender prosedurunda 4 iddiaçı arasında ən aşağı məbləğ təklif etsə də, buna baxmayaraq satınalan tǝrǝf, yəni "Azərişıq” ASC onlara qarşı əsassız tələblər irəli sürərək Şirkəti tenderdən kənarlaşdırmaq istəyir. Həmin tarixdə Şirkətdən tələb olunan sənədlər və təkliflər zərfi satınalan təşkilata təqdim edilmiş, iddiaçı kimi satınalan təşkilat tərəfindən qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə zərflər paketi açılmış və Şirkətin təklif etdiyi qiymət digər iştirakçıların təklif etdiyi qiymətdən sərfəli olmaqla ən aşağı olmuşdur. Sonradan tenderin təkliflərinin qiymətləndirilməsi və müqayisəsi üçün əlavə vaxt tələb olunması nəzərə alınaraq tender uzadılması barədə Şirkətə təklif göndərilmiş, həmin təklif Şirkət tərəfindən müsbət qarşılanaraq tender təkliflərinin qüvvədə olma müddəti və tender təklifinin təminat müddətinin uzadılması ilə bağlı cavab məktubları portal vasitəsilə təqdim edilmişdir. Məhz həmin tarixdən, yəni tender təklifləri zərfi açıldıqdan sonra satınalan təşkilat tərəfindın Qanunda və X3 nəzərdə tutulmayan tələblər və sənədlər tələb edilməyə başlanılmış, bunun qadağan olunmasına baxmayaraq həmin sənədlər onlar tərəfindən təqdim edilsə də, əsassız olaraq qanunvericilikdə nəzərdə tutulmayan əsaslarla xx.xx.2023-cü il tarixli cavabla təklifin tender komissiyasını qane etmədiyi kimi cavab verilmişdir. Hesab edirlər ki, tender prosedurları satın alan təşkilat tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilmiş, haqsız rəqabətə şərait yaratmaqla onları tenderdən kənarlaşdıraraq digər iddiaçıların təkliflərinin üstünlüyünün təmin edilməsinə yönəlmişdir. Gəncə İnzibati Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3259/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3259/2023 nömrəli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı elektrik xətlərinin daşınması və bütövlüyünü təmin etmək üçün zəruri mal-materialların satin alınması üzrə 55685 saylı açıq tender nəticələrinin ləğv edilməsi və həmin tender üzrə onların tenderin qalibi hesab edilməklə "xxxx" ASC-nin üzərinə müqavilə bağlanması öhdəliyinin qoyulması və həmin tender üzrə bağlanmış digər müqavilənin etibarsız hesab edilməsi tələbi barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. İddiaçı "xxxx" MMC qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC "Azərişıq” ASC tərəfindən "Elektrik xətlərinin daşınması və bütövlüyünü təmin etmək üçün zəruri malmaterialların satın alınması üzrə" 06 fevral 2023-cü il tarixdə 55685 nömrəli müsabiqə elan edilmiş, tələb olunan sənədlərin təqdim olunmasının son tarixi 27 fevral 2023-cü il, təkliflərin son təqdim olunma tarixi 07 mart 2023-cü il, zərflərin açılış tarixi isə 09 mart 2023-cü il tarixi kimi müəyyən edilmişdir. Həmin tarixdə onlardan tələb olunan sənədlər və təkliflər zərfi satın alan təşkilata təqdim edilmiş, iddiaçı kimi satın alan təşkilat tərəfindən qeydiyyata alınmış, 09 mart 2023-cü il tarixdə zərflər paketi açılmış, onların təklif etdiyi qiymət digər iştirakçıların təklif etdiyi qiymətdən sərfəli olmaqla ən aşağı olmuşdur. Sonradan, tenderin təkliflərinin qiymətləndirilməsi və müqayisəsi üçün əlavə vaxt tələb olunması nəzərə alınaraq tender təklifinin qüvvədə olma müddətinin və tender təklifi təminatının qüvvədə olma müddətinin uzadılması barədə onlara təklif göndərilmiş, həmin təklif onların tərəfindən müsbət qarşılanaraq tender təkliflərinin qüvvədə olma müddəti və tender təklifinin təminat müddətinin uzadılması ilə bağlı cavab məktubları portal vasitəsilə təqdim edilmişdir. Məhz bu tarixdən, yəni tender təklifləri zərfinin açıldıqdan sonra satın alan təşkilat tərəfindən onlara qanunda və X3 (ƏŞT) nəzərdə tutulmayan tələblər və sənədlər tələb edilməyə başlanılmışdır. Qanunvericilikdə tələb və təqdim olunması qadağan edilsə də, tələb etdikləri həmin sənədlər onların tərəfindən təqdim edilmiş, lakin buna baxmayaraq, əsassız olaraq qanunvericilkdə nəzərdə tutulmayan əsaslarla xx.xx.2023-cü il tarixli cavabla “bizim təklifimizin tender komissiyasını qane etmədiyi və müvafiq icra hakimiyyəti orqanına müraciət etdiyiniz, müvafiq icra hakimiyyəti orqanının qərarından sonra tenderin nəticəsini portal üzərində izləyə bilərsiniz" kimi cavab yazılmışdır. Hesab edirlər ki, tender prosedurları satın alan təşkilat tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilmiş, haqsız rəqabətə şərait yaratmaqla onları tenderdən kənarlaşdıraraq digər iddiaçıların təkliflərinin üstünlüyünün təmin edilməsinə yönəlmişdir. Məhkəmənin mövqeyi ilə bağlı bildirmişdir ki, cavabdeh orqan tərəfindən kənarlaşdırma onlara təqdim edilməmişdir. Məhkəmə Sərəncamında kənarlaşdırılmanın təqdim edilməsi göstərilsə də, həmin dövrdə kənarlaşdırma rəsmi təqdim edilmədiyi üçün məhkəməyə təqdim etmək imkanları olmamışdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi isə iclasda iştirak etməmiş səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, prosess iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İş materiallarına əsasən "xxxx" ASC “Elektrik xətlərinin daşınması və bütövlüyünü təmin etmək üçün zəruri mal-materialların alınmasına dair” açıq tender elan etmişdir. Həmin tenderdə İddiaçı MMC də daxil olmaqla 4 ədəd şirkət həmin tenderdə iştirak etmiş, həmin açıq tender prosedurunda təklif zərfləri xx.xx.2023-cü il tarixdə açılmış və müəyyən edilmişdir ki, müsabiqədə 4 iddiaçı iştirak edir və onlardan "xxxx" MMC 2208698.04 manat, "xxxx" MMC 2264759.01 manat, "xxxx" MMC 2299757.32 manat, İddiaçı MMC 1681278.70 manat qiymət təklif edir. İddiaçı MMC-nin təqdim etdikləri mal-materialların qiymətləri ilə ehtimal olunan qiymət arasında kəskin fərqlər olduğundan xx.xx.2023-cü il tarixində texniki rəylərin verilməsi və qiymətləndirilmə aparılması üçün mal-materialların nümunələrinin təqdim olunması üçün satınalan təşkilat tərəfindən şirkətə sorğu göndərilmiş, sorğuya cavab olaraq nümunələrin təqdim olunmayacağı bildirilmişdir. "xxxx" ASC-nin Tender Komissiyası tərəfindən bu barədə şirkətə göndərilmiş məktubda Şirkətin Tenderin Əsas Şərtlər Toplusunun formal tələblərində təqdim etdiyi sənədlərdə (iddiaçının son 3 illik və ya fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatlar – arayış formasında imzalanıb möhürlənərək skan formasında PDF formatında təqdim olunmalıdır) Şirkətin bu sahədə təcrübəsinin olmadığı, oxşar layihələrin onun tərəfindən həyata keçirilmədiyi bildirilmiş və "xxxx" ASC-nin Tender Komissiyasının xx.xx.2023-cü il tarixli iclasının 04 nömrəli protokolu ilə İddiaçı MMC-nin təklifinin Qanunun 27.4-cü və 36.5.3-cü maddəsinə əsasən tender prosedurundan kənarlaşdırılması qərara alınaraq, Qanunun 27.5-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilmiş və həmin Xidmətin xx.xx.2023-cü il tarixli məktubu ilə elektron satınalma vasitəsilə keçirilmiş açıq tender prosedurlarından İddiaçı MMC tərəfindən verilən tender təkliflərinin ehtimal olunan qiymət ilə müqayisədə 20 faiz və daha aşağı olması səbəbindən kənarlaşdırılması barədə tender komissiyasının qərarlarına “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.5-ci madddəsinə uyğun olaraq etiraz edilmədiyi bildirilmişdir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü maddəsinə əsasən, hər hansı təklifin qiyməti müvafiq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətindən yüksək olarsa, satınalan təşkilat həmin təklifi satınalma prosedurlarından kənarlaşdırır. Satınalan təşkilat satınalma müqaviləsini yerinə yetirmək üçün hər hansı malgöndərənin (podratçının) təqdim etdiyi təklifin qiymətinin ehtimal olunan qiymət ilə müqayisədə 20 faiz və daha artıq aşağı olmasını müəyyən etdiyi hallarda, aşağıda göstərilən şərtlərə əməl etdikdən sonra belə təklifləri rədd edə bilər Həmin Qanununun 27.5-ci maddəsinə əsasən, satınalan təşkilatın bu maddəyə əsasən malgöndərənin (podratçının) təklifini kənarlaşdırmaq qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilməlidir. Bu maddəyə uyğun olaraq təkliflərin kənarlaşdırılması barədə qərar, həmin qərarın səbəbləri və bununla əlaqədar bütün yazışmalar satınalma prosedurları haqqında hesabata daxil edilir. Satınalan təşkilatın bu maddəyə əsasən qəbul etdiyi qərar və onun səbəbləri barədə dərhal müvafiq malgöndərənə (podratçıya) məlumat verilir. Həmin Qanununun 36-cı maddəsinə əsasən, tender təkliflərinə baxılması, onların qiymətləndirilməsi və müqayisəsi: Maddə 36.1. Tender təkliflərinə baxılmasını, onların qiymətləndirilməsini və müqayisəsini asanlaşdırmaq məqsədi ilə satınalan təşkilat malgöndərənlərdən (podratçılardan) öz tender təkliflərinə dair izahat verməsi üçün sorğu edə bilər. Qiymətlərin dəyişdirilməsi və formal tələblərə uyğun gəlməyən tender təklifinin həmin tələblərə uyğunlaşdırılmasına yönəldilmiş dəyişikliklər də daxil olmaqla, tender təklifinin mahiyyətini dəyişdirmək məqsədi daşıyan heç bir sorğuya, təklifə və ya icazəyə yol verilmir. Maddə 36.2. Bu Qanunun 36.1-ci maddəsindən asılı olmayaraq satınalan təşkilat tender təkliflərinə baxılması gedişində aşkar edilmiş sırf hesab səhvlərini düzəldir. Satınalan təşkilat hər hansı belə düzəliş barəsində tender təklifini vermiş malgöndərənə (podratçıya) ləngimədən məlumat verir. Maddə 36.3. Bu Qanunun 36.2-ci maddəsini nəzərə almaqla, satınalan təşkilat tender təklifini yalnız o halda formal tələblərə uyğun hesab edə bilər ki, bu təklif tenderin X3 göstərilmiş bütün tələblərə cavab versin. Maddə 36.5. Satınalan təşkilat aşağıdakı hallarda tender təklifinin kənarlaşdırılması barədə əsaslandırılmış qərar qəbul edir: 36.5.3. tender təklifi formal tələblərə uyğun gəlmirsə; Maddə 36.6. Bu Qanunun 36.7-ci maddəsinə uyğun qalib gəlmiş tender təklifini müəyyənləşdirmək üçün satınalan təşkilat qəbul edilmiş tender təkliflərini tenderin X3 göstərilmiş prosedurlara və meyarlara müvafiq surətdə qiymətləndirir və müqayisə edir. Tenderin X3 göstərilməyən meyarlardan istifadə edilmir. İş materiallarınan görünür ki, iddiaçı onun tender prosedurlarından kənarlaşdırılması barədə inzibati orqan tərəfindən qəbul edilmiş qərarı mübahisələndirmədən iştirak etmədiyi tenderin nəticələrinin ləğv edilməsi və həmin tender üzrə onların tender qalibi hesab edilməklə cavabdehin üzərinə onlarla bağlanması öhdəliyinin qoyulmasını və həmin tender üzrə bağlanmış müqavilənin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, inzibati orqanın iddiaçının tenderdən kənarlarşdırmasına dair mübahisələndirilməmiş, qüvvədə olan qərarı mövcuddur, bu hal artıq iddiaçının həmin tenderə dair subyektiv hüququnun olmamasını təsdiq edir. İş materiallarında görünür ki, İPM-nin 13-cü maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya sərəncam göndərilmiş, cavabdeh orqanın qərarı ilə tenderdən kənarlaşdırıldığı və iştirak etmədiyi halda, hüquqi marağına uyğun olaraq iddia ərizəsində göstərdiyi tələblərlə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmaq üçün əvvəlcə tenderdən kənarlaşdırılma barədə qərarı mübahisələndirməli olduğu bildirilmiş və tələbin düzgün ifadə edildiyi dəqiqləşdirilmiş iddia ərizəsinin iclas tarixinədək təqdim edilməsi təklif edilmilməsinə baxmayaraq iddiaçı tərəfindən tələb dəqiqləşdirilməmiş və işdə olan sübutlar əsasında işə baxılması xahiş edilmişdir. Nəzərə alınmalıdır ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə də, yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququnu istisna edir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3259/2023 saylı qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar