Məhkəmə qərarları › İş №2-1(104)-665/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-665/2024

23.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-665/2024 23.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı QƏRARİ Açar sözlər: Məcburi köçkün vəsiqəsinin verilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı və qanuni nümayəndəsi Qanuni nümayəndə, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin etibarnamə üzrə nümayəndəsi X1 ştirakı ilə, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu təsdiq edən vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2615/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AZEMİS-dən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə Gəncə şəhəri anadan olmuş və Kəlbəcər rayonu, S.Vurğun küçəsində daimi yaşayış yeri üzrə qeydiyyatdadır.

2. xx.xx.2016-cı il qeydiyyat tarixli, AA 351511 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, iddiaçının anası Qanuni nümayəndə 1993-cü ildə daimi yaşayış yerini (Kəlbəcər rayonu) tərk etmiş və hazırda Göygöl rayonunda müvəqqəti məskunlaşmışdır.

3. AZ-İ 912320 nömrəli xx.xx.2007-ci il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə anadan olmuş, ata qrafasında “X8”, ana qrafasında “Qanuni nümayəndə” qeyd edilmişdir.

4. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının anası Abbasova X3 rayonu, S.Vurğun küçəsi, ev 50 ünvanında qeydiyyatdadır.

5. xx.xx.2015-ci il tarixli, AZ-İ 200841 nömrəli “Nikahın pozulması haqqında” Şəhadətnamədən görünür ki, vətəndaş X8 və vətəndaş Qanuni nümayəndə ilə olan nikah ləğv edilmişdir.

6. Goranboy Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(045)- 230/2013 nömrəli qətnaməsinə əsasən iddiaçı Qanuni nümayəndə ilə cavabdeh X9 arasında 09 fevral 2007ci ildə Goranboy rayonu Quşçular kənd inzibati nümayəndəliyində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 09 fevral 2007-ci il tarixli 01 № ilə qeydə alınmış nikahın pozulması, xx xxxxxx 2007-ci il təvəllüdlü X12, 09 avqust 2012-ci il təvəllüdlü X11 anaları Qanuni nümayəndə yanında qalması və himayəsinə verilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı və X7 məcburi köçkün statusunu təsdiq edən sənədin vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1977-ci il tarixdə Kəlbəcər şəhərində anadan olmuş, 1993-cü ildə Kəlbəcər şəhərindən köçkün düşmüşdür. 25 aprel 2006-cı il tarixdə ailə qurduğu və 09 fevral 2007-ci ildə rəsmi nikaha daxil olduğu Goranboy rayonu qeydiyyatında olan X8 ilə aralarında bağlanmış nikaha xx.xx.2013-cü il tarixli, 2(045)- 230/2013 saylı iş üzrə Goranboy Rayon Məhkəməsinin qətnaməsi əsasında xitam verilmişdir. Birgə nikahdan 2 övladları var - xx.xx.2007-ci il təvəllüdlü İddiaçı və xx.xx.2012-ci il təvəllüdlü X11. Həmin qətnamə əsasında birgə nikahdan doğulmuş övladları onun himayəsində saxlanılmışdır. O, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə təkrar olaraq, İddiaçı və X7 məcburi köçkün statusunun verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Ərizələrin çatması barədə xəbərnamələr gəlmişdir. Cavabdeh heç bir rəsmi cavab verilməmişdir. Bunula da cavbdeh qeyd olunan qanunun tələblərinə əməl etməmişdir.

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2615/2024 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı və X4 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunu təsdiq edən vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair 2-1(114)-2615/2024 nömrəli iş üzrə X4 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunu təsdiq edən vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ayrıca icraata ayrılmışdır.

10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə qız iddianı müdafiə etmiş və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2615/2023 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqəinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə həvalə edilməsi qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.1-ci bəndinə müvafiq olaraq iddiaçıya “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün əsaslar vardır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(114)-2615/2024 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X10 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlərin Komitənin aidiyyəti struktur bölməsində araşıdırılan zaman iddiaçının atası X14 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmaması, X2 ünvan 2i ünvanında yaşayış yeri üzrə qeydiyyatda olması, iddiaçının anası Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olması, Qanuni nümayəndə ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmasının müəyyən edildiyi qeyd edilmişdir. Məhkəmənin diqqətinə çatdırılmışdır ki, şəxsin məcburi köçkün statusunu ona Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş məcburi köçkün vəsiqəsi təsdiq edir. İddiaçının atası X8 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmadığından və yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından-“Goranboy rayonu” olduğundan “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. İddiaçının hesab etdiyi kimi olsa, belə nəticəyə gəlmək olar ki, mövcud qanunvericiliyin tələblərinə əməl etmədən, atası məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmayan, bütün nikahda olmayan və ya nikahı pozulmuş qadınların övladlarına məcburi köçkün statusu verilməlidir. Bu hal mövcud qanunvericiliyin, həmçinin “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları”nın tələblərinə zidd və əsassızdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin etibarnamə üzrə nümayəndəsi X5 apellyasiya şikayətinin təmin olunmasını, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2615/2024 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirdi və şikayətin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(114)-2615/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, 13 ildir ki, həyat yoldaşından rəsmi qaydada boşanmışdır. İki övladının olduğunu, oğlunun hal-hazırda ali təhsil aldığını, təhsil haqqını ödəməyə maddi imkanının çatmadığını, iki uşaq üçün 300 manat aliment aldığını, evlərinin olmadığını, bacısının himayəsində yaşadığını, özünün səhhətində ciddi problemlərin olduğunu bildirdi.

Tətbiq edilən hüquq normaları

19. “Qaçqınların və Məcburi Köçkünlərin statusu haqqında” 29 sentyabr 1992-ci il tarixli Qanunu: Maddə 1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir.

20. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydalar: Əsas anlayışlar: Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Bənd 4.1. “Məcburi köçkün” statusu və onu təsdiqedən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdəolan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonu (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

22. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

23. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

24. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

25. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

26. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

27. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

28. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

29. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

30. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

31. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

32. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

33. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə xx.xx.1977-ci il tarixdə Kəlbəcər şəhərində anadan olmuş, 1993-cü ildə Kəlbəcər şəhərindən məcburi köçkün düşmüşdür. 09 fevral 2007-ci il tarixdə Goranboy rayonunda qeydiyyatında olan X8 ilə rəsmi nikaha daxil olmuşdur. Goranboy Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(045)-230/2013 saylı qətnaməsi əsasında nikahları polzulmuş, birgə nikahdan olan övladları - xx.xx.2007-ci il təvəllüdlü İddiaçı və xx.xx.2012-ci il təvəllüdlü X11 onun himayəsində saxlanılmışdır. O, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə övladı İddiaçı məcburi köçkün statusunun verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə müraciət etmiş, lakin müraciətinə rəsmi cavab verilməmişdir.

37. Məhkəmə kollegiyası iddianı təmin etmiş birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, işdə olan sübutlara əsasən iddiaçının məcburi köçkün statuslu anasının himayəsində və ünvan 5 ünvanında qeydiyyatında olması işin mübahisəsiz halıdır.

38. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydaların əsas anlayışlar adlanan hissəsindən görünür ki, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən “məcburi köçkün” statusu və onu təsdiqedən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbixidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdəolan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonu (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə.

39. Cavabdeh orqanın imtina və apellyasiya şikayətinin əsası kimi yalnız “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndinə istinad edilmişdir. Qeyd olunan maddi hüquq nomasına əsasən “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir.

40. Qaydaların istinad edilən bəndinə görə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə- 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olan şəxslərə verilir.

41. Məhkəmə kollegiyası cavabdehin mövqeyini əsassız hesab edərək bildirir ki, iddiaçıya məcburi köçkün statusunun verilməsindən imtina edilərkən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir. Belə ki, sözügedən Qaydaların 4.1.6-ci bəndində əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlarla məhdudlaşdırılmışdır. Başqa sözlə, ataları məcburi köçkün olan uşaqların “məcburi köçkün” statusuna malik olma hüququ olsa da, anaları məcburi köçkün olan uşaqların bu hüquqları məhdudlaşdırılmışdır.

42. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.

43. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.

44. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi, belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərarı).

45. Məhkəmə kollegiyası hesab edir ki, eyni statusda olan məcburi köçkün şəxslərə (kişilərlə qadınlara) cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır.

46. İkinci şərtə münasibətdə (hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan) məhkəmə kollegiyası qeyd edir ki, hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair sözügedən Qaydalarda təsbit edilmiş tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamışdır. Başqa sözlə, Qaydalar “məcburi köçkün” statusunun verilməsi üçün Qanunla nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır.

47. Beləliklə, iddiaçının anası Kəlbəcər rayonundan məcburi köçkün olduğundan iddiaçının anasının malik olduğu “məcburi köçkün” statusunun iddiaçıya da şamil olunmaması iddiaçının konstitusion hüquqlarının pozulmasına səbəb olur ki, bu da onun məcburi köçkünlərə verilən imtiyazlardan əsassız olaraq məhrum edilməsi ilə nəticələnir.

48. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2615/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar