Məhkəmə qərarları › İş №2-1(104)-665/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-665/2025

22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-665/2025 22.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı “qərarın ləğvi və əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2498/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli, 3738 nömrəli travma haqqında arayışa əsasən, MAHHXHQ əsgər X4 xx.xx.2020-ci il tarixdə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə “Sağ çiyin qurşağının və sol bel nahiyəsinin kor qəlpə yaralanması” xəsarətini almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 546 nömrəli məktubuna əsasən, Həkim Psixiatriya Komissiyasının xx.xx.2024-cü il tarixli, 122 nömrəli rəyinə əsasən İddiaçı barəsində “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra X2, tez-tez baş verən dekompensasiyalar, intihar fikirləri, depressiv daxilolmalarla F62.0” diaqnozu qoyulmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlutın verilməsinə əsasən, xx.xx.2024-cü il tarixli qiymətləndirməyə əsasən İddiaçı barəsində “diaqnoz əlillik əlaməti təyin etməməsi, ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlilliyin təyinatından imtina edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli vəsatətə qoşma şəklində əlavə edilmiş qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus “**********” mobil telefon nömrəsinə göndərilmiş sms-bildirişə əsasən, xx.xx.2024-cü il tarixli göndərişə “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyinatından imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi, ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 1713 saylı rəyinə əsasən, yoxlanılan şəxs İddiaçı “X5 X2, Depressiv Daxilolmalarla” (F 62.0) müəyyən edilir. Bunu inzibati iş materialları, anamnestik məlumatlar (döyüşlərdə iştirak etməsi, stress keçirməsi, bundan sonra psixi vəziyyətinin dəyişməsi, əsəbi olması, baş ağrılarından şikayət etməsi, xarici qıcıqlara qarşı həssas olması, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsində “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra X2. Tez-tez baş verən dekompensasiyalar. İntihar fikirləri. Depressiv daxilolmalarla F62.0” diaqnozu təyin olunmuşdur.) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhvali ruhiyyəsinin dəyişkən olması, xarici qıcıqlara qarşı həssas olması, emosional sferasının qeyri-stabil olması və s.) sübut edir. İnzibati işi materiallarını və ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: - Yoxlanılan şəxs İddiaçı “X5 X2, depressiv daxilolmalarla” (F62.0) aşkar olunur. İddiaçı (FİN: xxxxxxx) canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün X3 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tibbi göndərişdə İddiaçı təyin olunmuş diaqnoz (X5 şəxsiyyətin davamlı dəyişikliyi) keçirdikdən sonra ağır dərəcədə ifadə olunmuş X2, tez-tez baş verən dekompensasiyalar, depressiv epizodlarla, beynəlxalq təsnifat kodu (F62.0) düzgün qeyd edilmişdir. - Yoxlanılan şəxs İddiaçı “X5 X2, depressiv daxilolmalarla” (F62.0) aşkar olunur. İddiaçı (FİN: xxxxxxx) canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün X3 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tibbi göndərişdə aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavadbeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, xxxxxxx0002 nömrəli qərarının ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən orqanizm funksiyasının 35-60 faiz pozulmasına görə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi” səbəbli əlaqəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2015-ci ilin iyun ayında Gəncə şəhər Nizami rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, DSX-nın N saylı hərbi hissəsində xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, DSXnın N saylı hərbi hissəsində isə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək müddətli həqiqi hərbi xidmət keçmiş, həqiqi hərbi xidmətini bitirdikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək MAHHXHQ hərbi qulluqçu kimi hərbi xidmət keçmişdir. İddiaçı qeyd edir ki, 2-ci Qarabağ Müharibəsi zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək Qubadlı-Laçın istiqamətində gedən döyüşlər zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində “mexanik” vəzifəsində iştirak etmiş, xx.xx.2020-ci il tarixdə Laçın rayonu, Səfyan kəndi ərazisində yaxınlığında erməni işğalçıları tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində çiyin nahiyəsindən çoxsaylı qəlpə yarası xəsarəti almış, aldığı xəsarətə görə Yevlax RMX-də stasionar müalicə almış və N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 569 nömrəli sərəncamı ilə xx.xx.2020-ci il tarixdə N saylı hərbi hissənin Qarnizon hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Həmin şəhadətnamə əsasında 2022-ci il tarixdə iddiaçıya 3-cü qrup əlillik təyin edilməklə pensiya təyin edilmiş, 3-cü qrup əlillik pensiyasını 2024-cü ilin noyabr ayı daxil olmaqla almışdır. İddiaçı bildirir ki, cavabdeh orqanın ona göndərdiyi imtina məktubunu o, 18 dekabr 2024-cü ildə almış, həmin məktubu aldıqdan sonra aydın olmuşdur ki, cavabdeh orqan onun iştirakı ilə keçirdiyi yoxlamadan sonra 3-cü qrup əlilliyimin ləğv edilməsinə dair xx.xx.2024-cü ildə qərar etmiş, 2024-cü ilin noyabr ayından bu günə kimi ona pensiya ödənilmir. İddiaçı bildirir ki, xəstəliyi ilə əlaqədar heç bir saxta sənəd təqdim etməmişdir. O işləmir, maddi vəziyyəti aşağı səviyyədədir. Lakin ona pensiyanın verilməməsi maddi vəziyyətini çətinləşdirir, səhhətində olan problemləri aradan qaldırılmaq üçün çoxlu sayda tibbi ləvazimatları əldə edə bilmir. İddiaçı cavabdeh orqanın imtinasını əsassız və qanunsuz hesab edir və imtina onun qanuni hüquqlarını pozur. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020- ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan saxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında apanılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, V mərhələ onkoloji xəstəliklərin, V mərhələ aeroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2498/2025 saylı qərarı ilə (hakim N.Hüseynov) iddianın təmin edilməsi, “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, xxxxxxx0002 nömrəli nömrəli qərarının ləğv edilməsi, İddiaçı orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müdafiəsi ilə əlaqədar” səbəbli əlaqəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Hazırkı iş üzrə iddiaçıya tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə - “Forma 88”də qeyd olunan diaqnozun (F62.0 “X5 şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra X2, tez-tez baş verən dekompensasiyalar, intihar fikirləri, deprssiv daxilolmalarla”) həqiqətən də, iddiaçıda mövcud olması və həmin diaqnozun ona əlillik təyininə əsas olması məhkəmə tərəfindən araşdırılması zamanı (iş materiallarında olan xəstəxana tərəfindən verilmiş arayışlar, məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 1713 saylı rəyi və “Əlilliyin müəyyən olunması meyarlarına”na Əlavə) öz təsdiqi tapmışdır. Belə ki, qeyd edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 7.7.1-ci bəndinə əsasən, X5 şəxsiyyətin davamlı dəyişikliyi orqanizmin funksiyalarının 35-60 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyinatı üçün əsasdır. Digər tərəfdən, İddiaçı barəsində yuxarı bəndlərdə də qeyd edildiyi kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsi tərəfindən “Fəlakətdən sonrakı şəxsiyyət dəyişikliyi, depressiv əlamətlər və intihar fikirləri ilə, F62.1” və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən Həkim Psixiatriya Komissiyasının xx.xx.2024-cü il tarixli, 122 nömrəli rəyinə əsasən İddiaçı barəsində “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra X2, tez-tez baş verən dekompensasiyalar, intihar fikirləri, depressiv daxilolmalarla F62.0” diaqnozları qoyulmuşdur. Həmçinin, məhkəmənin müvafiq tarixli qərardadı ilə keçirilmiş əyani müayinəyə əsasən, ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 1713 saylı rəyi rəyinə ilə İddiaçı “X5 X2, Depressivv Daxilolmalarla” (F 62.0) aşkar olunmuşdur. Məhkəmə onu da qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 11319 nömrəli qərarı ilə iddiaçının “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş fəlakətdən sonrakı şəxsiyyət dəyişikliyi, depressiv əlamətlər, intihar fikirləri ilə. Partlayış travması (xx.xx.2020). Sağ çiyin kələfinin posttravmatik pleksopatiyası nəticəsində ətraf funkiyasının mülayim dərəcədə pozulması. Sağ çiyin qurşağının, sol bel nahiyəsinin, sol baldırın orta 1/3-nin arxa səthinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Sağ bazu sümüyünün başının yumuşaq toxmalarında bir ədəd metal qəlpə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edildiyindən və qeyd edilən hərbi həkim komissiyasının xx.xx.2022-ci il tarixli 11319 nömrəli qərarında əks olunan diaqnoz X3 tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli L00229285KUT nömrəli Forma 88-də əks olunan əsas diaqnoz eyni olduğundan onun əlilliyinin səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yüzlərlə bu formada analoji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Qeyd edir ki, məhkəmənin istinad edərək iddia tələbini təmin etdiyi Məhkəmə Psixiatrik Ekspertiza X7 Şəxsinin xx.xx.2025-ci il tarixli 1713 saylı rəyində qeyd edilmişdir ki, “Yoxlanılan şəxsin obyektiv müayinəsi. Yoxlanılan şəxsin obyektiv müayinəsi onun vəziyyətinin somatik, nevroloji və psixi cəhətdən qiymətləndirilməsindən ibarətdir. Şikayətləri: Yoxlanılan şəxs əsəbilikdən, xarici qıcıqlara qarşı həssas olmasından, baş ağrılarından şikayət edir. Somatik statusu: Yoxlanılan şəxs düzgün bədən quruluşludur. Dəri və gözə görünən selikli qişalar adi rəngdədir. Daxili orqanlar tərəfindən kobud patologiya aşkar olunmur. Nevroloji statusu: Mərkəzi sinir sistemi tərəfindən kobud üzvi dəyişiklik qeyd edilmir. Psixi statusu: Zahirən narahat və gərgindir. Düşüncəsi kobud pozulmayıb. Bələdliyi öz şəxsiyyətinə, zamana və məkana görə saxlanılıb. Söz ünsiyyətinə sərbəst daxil olur. Verilən sualları mahiyyətinə uyğun şəkildə kövrələrək cavablandırır. Nitqi və təfəkkürü ardıcıldır. Mühakimələri kifayət qədər məntiqlidir. Müayinə zamanı hər hansı psixopatoloji simptomatika (sayıqlama fikirləri, qavrama pozuntuları və s.) aşkar olunmur. Əhvaliruhiyyə fonu dəyişkəndir, enməyə meyllidir. Emosional sferası qeyri-stabildir. İntellektualmnestik pozuntular aşkar edilmir. Əsəbilikdən, xarici qıcıqlara qarşı həssas olmasından, başağrılarından şikayət edir. Təsəvvür ehtiyatı yaşayış tərzinə uyğundur.” Göründüyü kimi ekspert rəyi diaqnozun mövcudluğunu təsdiq etsə belə patologiyanın olmadığını qeyd edir. Odur ki, bu rəyə istinad edərək iddia tələbini təmin edilməsi tam əsassızdır. Göndərişdə qeyd olunan diaqnoz barədə məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Odur ki, Gəncə İnzibati Məhkəməsi iddiaçının maraqlarına uyğunlaşdırmaqla iddia tələbini təmin etmişdir. b) apellyasiya şikayətinə dair etirazın dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasan işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə:

7. Psixi və davranış pozuntuları 7.7. Spesifik şəxsiyyət pozuntuları 7.7.1. X5 şəxsiyyətin davamlı dəyişikliyi - F62.0 Qiymətləndirmə: 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski - 35-60% - 2 il

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iddiaçının tələbi cavabdeh orqanın xx.xx.2024-cü il tarixli, xxxxxxx0002 nömrəli qərarının ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən orqanizm funksiyasının 35- 60% pozulmasına görə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi” səbəbli əlaqəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İş materiallarından görünür ki, iddiaçının əlilliyi ilkin xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 2 (iki) il müddətinə orqanizm funksiyasının 35% pozulmasına görə əlillik təyin edilmişdir. Sonuncu dəfə X1 xx.xx.2024cü il tarixli göndərişi əsasında “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra X2, teztez baş verən dekompensasiyalar, intihar fikirləri, depressiv daxilolmalarla. Qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod. Posttravmatik stress pozuntusu” diaqnozu ilə iddiaçının əlilliyi qiymətləndirilmiş və xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində diaqnoz əlillik təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür ki, iddiaçıya TSEK-ə göndəriş zamanı qoyulan diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – F62.0 - “X5 şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra X2, tez-tez baş verən dekompensasiyalar, intihar fikirləri, depressiv daxilolmalarla”; Yanaşı xəstəlik – F33.3 - “Qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod, Qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod.”; Yanaşı xəstəlik – H52.0 - “Hipermetropiya, Hər iki gözün miopiyası.”; Yanaşı xəstəlik - F43.1 - “Posttravmatik stress pozuntusu, Posttravmatik stress pozuntusu.” Həmçinin birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi, ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 1713 saylı rəyinə əsasən, yoxlanılan şəxs İddiaçı “X5 X2, Depressiv Daxilolmalarla” (F62.0) müəyyən edilir. Bunu inzibati iş materialları, anamnestik məlumatlar (döyüşlərdə iştirak etməsi, stress keçirməsi, bundan sonra psixi vəziyyətinin dəyişməsi, əsəbi olması, baş ağrılarından şikayət etməsi, xarici qıcıqlara qarşı həssas olması, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsində “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra X2. Tez-tez baş verən dekompensasiyalar. İntihar fikirləri. Depressiv daxilolmalarla F62.0” diaqnozu təyin olunmuşdur.) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhvali ruhiyyəsinin dəyişkən olması, xarici qıcıqlara qarşı həssas olması, emosional sferasının qeyri-stabil olması və s.) sübut edir. İnzibati işi materiallarını və ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: - Yoxlanılan şəxs İddiaçı “X5 X2, depressiv daxilolmalarla” (F62.0) aşkar olunur. İddiaçı (FİN: xxxxxxx) canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün X3 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tibbi göndərişdə İddiaçı təyin olunmuş diaqnoz (X5 şəxsiyyətin davamlı dəyişikliyi) keçirdikdən sonra ağır dərəcədə ifadə olunmuş X2, tez-tez baş verən dekompensasiyalar, depressiv epizodlarla, beynəlxalq təsnifat kodu (F62.0) düzgün qeyd edilmişdir. - Yoxlanılan şəxs İddiaçı “X5 X2, depressiv daxilolmalarla” (F62.0) aşkar olunur. İddiaçı (FİN: xxxxxxx) canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün X3 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tibbi göndərişdə aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır. Bundan əlavə “Respublika Psixiatrik Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 122 nömrəli rəyində İddiaçı barəsində “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra X2, tez-tez baş verən dekompensasiyalar, intihar fikirləri, depressiv daxilolmalarla F62.0” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 7.7.1. bəndinə əsasən xəstəliyin xüsusiyyəti kimi “X5 şəxsiyyətin davamlı dəyişikliyi” XBT-10 kodu “F62.0” kimi təsbit olunmuş və həmin Əlavənin 7.7.1. bəndinin 7.7.1.1. yarımbəndinə əsasən “fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski” ilə orqanizminin funksiyalarının pozulması faizi 35-60 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətə təyin olunmalı olduğu göstərilmişdir. İş materiallarında olan sənədlərdən və yuxarıda qeyd olunan normanın məzmunundan göründüyü kimi iddiaçıya qoyulmuş diaqnozun, ekspertiza rəyi də nəzərə alınmaqla əlilliyin müəyyən olunması meyarlarının müvafiq bəndində öz əksini tapması təsdiq olunmuşdur. Bundan başqa iddiaçıda olan xəstəliyin səbəb əlaqəsinə gəldikdə isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 11319 nömrəli qərarı ilə iddiaçının “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş fəlakətdən sonrakı şəxsiyyət dəyişikliyi, depressiv əlamətlər, intihar fikirləri ilə. Partlayış travması (xx.xx.2020). Sağ çiyin kələfinin posttravmatik pleksopatiyası nəticəsində ətraf funkiyasının mülayim dərəcədə pozulması. Sağ çiyin qurşağının, sol bel nahiyəsinin, sol baldırın orta 1/3-nin arxa səthinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Sağ bazu sümüyünün başının yumuşaq toxmalarında bir ədəd metal qəlpə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Həmçinin iş üzrə mövcud tibbi sənədlərdən görünür ki, iddiaçıya eyni xarakterli (XBT 10 kodu - F62.0) xəstəliyə görə xx.xx.2022-ci il tarixdə də 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyasının 35% pozulmasına görə əlillik təyin edilmişdir. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır. Bundan başqa cavabdeh apellyasiya şikayətinin dəlilində qeyd etmişdir ki, “diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın.” Bu dəlilə münasibətdə kollegiya qeyd edir ki, təyin edilmiş diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarında təsbit edildiyi və diaqnozun özü meyarlara uyğun gəldiyi təqdirdə əlavə olaraq ağırlaşmaların tələb olunmasının hüquqi əsası yoxdur. Qiymətləndirmə nəticəsində diaqnozda qeyd olunan xəstəlik şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh əlillik dərəcəsini təyin etməyə borcludur. Cavabdeh isə apellyasiya şikayətinin dəlilində bildirmişdir ki, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Belə ki, İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ona əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2498/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar