Məhkəmə qərarları › İş №2-1(104)-668/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-668/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-668/2023 21.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı vaxtan təyin edilməsi və ilkin müraciət tarixindən əvvəlki üç il üçün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1360/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən halhazıradək (xx.xx.2021) ayrı-ayrı müəssisələrdə işləmişdir. H3 ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli, Q-638/25 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1976-cı il tarixində 2 nömrəli Bakı Texniki Peşə Məktəbinin "Elektrovozun maşinist köməkçisi" ixtisasına qəbul olmuş və xx.xx.1979cu il tarixində həmin ixtisası əyani formada bitirmişdir. Onun adına yazılmış B N 049648 nömrəli diplom Elm və Təhsil Nazirliyi tərəfindən təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının “X2" Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq, hüququnun yarandığı 28 fevral 2017-ci il tarixindən- 57 yaşdan təyin edilməsi və ilk müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 57 yaşının tamam olduğu 28 fevral 2017ci il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi «X2» Azərbaycan Respublikasının Qanununun 9cu maddəsinin 1-ci bəndinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasına əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdehə rəsmən müraciət etmişdir. Lakin cavabdeh iddiaçıya sözügedən Qanununun 9cu maddəsinin 1-ci bəndinin 29 iyun 2022-ci il tarixindən qüvvəyə minmiş redaksiyasına uyğun olaraq pensiya təyin etmişdir. İddiaçı təkrarən cavabdehə müraciət edərək, əmək pensiyasını 57 yaşı tamam olan tarixə kimi topladığı əmək stajına uyğun yenidən təyin etməsini xahiş etmiş, cavabdeh isə 14 noyabr 2022-ci il tarixli, **********9 nömrəli məktubu ilə bunu etməkdən imtina edərək, 57 yaşı tamam olana qədər tələb olunan 25 illik ümumi iş stajının olmamasını" bəhanə gətirərək, xahişini yerinə yetirməkdən imtina etmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək 2 nömrəli Bakı Texniki Peşə məktəbində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 28 fevral 2017-ci il tarixindən, 57 yaşdan əmək pensiyasının "X2" Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və ilk müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1360/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək 2 nömrəli Bakı Texniki Peşə məktəbində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, "X2" Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 28 fevral 2017-ci il tarixindən - 57 yaşdan təyin edilməsi və ilk müraciət tarixindən əvvəlki son üç il üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə əlavə edilmiş müvafiq arayışla təsdiq olunur ki, iddiaçı xx.xx.1976- cı il tarixdən xx.xx.1979-cu il tarixədək əyani formada təhsil almışdır. Lakin cavabdehin məhkəməyə təqdim etdiyi etiraz ərizəsi ilə müəyyən olunur ki, həmin müddətlər onun sosial sığorta stajı kimi qəbul edilməmişdir. İddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək texniki peşə məktəbində təhsil aldığı zaman qüvvədə olmuş qanunvericilik normalarına əsasən təhsil alma müddəti iş stajına aid edilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı ümumilikdə 23 il 8 ay 8 gündür. İddiaçının təhsil illlər də (xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək -2 il 10 ay 24 gün) nəzərə alınmaqla onun xx.xx.2017-ci il tarixədək ümumilikdə 26 il 7 ay 2 gün sığorta stajı yaranmış olur. Yəni iddiaçının qeyd etdiyi dövrdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Göründüyü kimi qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiyanın yenidən hesablanması baxımından onun maraqlarına uyğundur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, sığorta stajına daxil edilən iş müddətləri “X2” Qanunun 21-ci maddəsində nəzərdə tutulmuşdur. Qanunun qeyd olunan maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. "X2" Qanunda ali təhsil müddətinin hazırda qüvvədə olan qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının 57 yaşının tamam olduğu 27 fevral 2017-ci il tarixədək tələb olunan ümumi iş stajı yoxdur. İddiaçının cavabdeh orqana təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun 57 yaşının tamam olduğu 27 fevral 2017-ci il tarixədək ümumi iş staji 25 ildən az (23 il 6 ay 8 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1997-ci il, xx.xx.2007-xx.xx.2008-ci il və xx.xx.2011-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, "X2" Qanunun 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 39600,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24345,65 manat təşkil edirdi. Sözügedən Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edirik ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan "57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən əvvəlki üç il üçün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə İddiaçı iddiası təmin olunmamalıdır. İddiaçı məhkəməyə apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya şikayətinin rədd edilməsini və birincin instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh öz şikayətində iddiaçının ümumi iş stajının 57 yaşı tamam olan tarixə qədər 25 illik ümumi iş stajının olmaması - 23 il 6 ay 8 gün olmasını bildirmişdir. Hansı səbəblə əyani təhsil müddətini ümumi iş stajına daxil etməməsini bu qaydanın X2 Qanunda nəzərdə tutulmaması ilə əlaqələndirmişdir. Bildirilir ki, "Əmək stajı" və "pensiya hüququ" biri-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında əyani təhsil müddətinin əmək stajına daxil edilməməsi pensiya hüququ yaranmış şəxsə deyil, hazırda əyani təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də "əyani təhsil müddətinin əmək stajına daxil edilməsi" məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. Beləliklə, "əmək stajı" və "pensiya hüququ" müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan təhsil, müddətin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. İddiaçı əyani təhsilini keçmiş SSRİ dövründə aldığı üçün həmin dövrdə təhsil dövrünün ümumi əmək stajına daxil edilməsi qaydaları ilə ümumi əmək stajına daxil edilməlidir. Cavabdehin hazırki inzibati praktikasında keçmiş SSRİ dövründə əyani təhsil müddəti pensiyaçıların ümumi iş stajına daxil edilərək onların pensiya məbləğlərinin yenidən hesablanması həyata keçirilir. İddiaçıya münasibətdə isə, cavabdeh ayrı-seçkilik nümayiş etdirmiş, həmin əyani təhsil dövrünü ümumi iş stajına daxil etməmişdir. Bununla da iddiaçının istər pensiya kapitalı məsələsində, istərsə də əyani təhsil müddətinin ümumi iş stajına daxil edilməsi məsələsində konstitusion hüqunu pozmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanun: Maddə 1. ... v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdir ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. “X2” Azərbaycan Respublikası Qanununu 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa vəstaja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1- 1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçıya 29 iyun 2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının “X2" Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq, hüququnun yarandığı 28 fevral 2017-ci il tarixindən - 57 yaşdan təyin edilməsi və ilk müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh isə xx.xx.2022-ci il tarixli, **********9 saylı imtina məktubu ilə iddiaçının 57 yaşının tamam olduğu 27 fevral 2017-ci il tarixədək ümumi iş stajının 25 ildən az təşkil etməsi, eyni zamanda "X2" Qanunun 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi səbəbindən müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, “X2” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Bu normanın yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə pensiyanın təyin edilməsi ilə bağlı müddəaları həm də iş stajına sayılan dövrlərə və ya müddətlərə münasibətdə də şamil olunmalıdır. Kollegiya qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə həll olunarkən iddiaçının hüququ yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları və yuxarıda qeyd olunan normaların müddəlarına istinad edilməlidir. İddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək əyani formada təhsil aldığı dövrdə qüvvədə olan və “X2” Qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixədək qüvvədə olan qanunvericilikdə orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətinin ümumi iş stajına daxil edilməsi birmənalı olaraq öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallardan aydın olur ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək 2 nömrəli Bakı Texniki Peşə məktəbində əyani təhsil almışdır. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən sığorta stajı ümumilikdə 23 il 8 ay 8 gündür. İddiaçının təhsil illlər də (xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək -2 il 10 ay 24 gün) nəzərə alınmaqla onun xx.xx.2017-ci il tarixədək ümumilikdə 26 il 7 ay 2 gün sığorta stajı yaranmış olur ki, bu da iddiaçının qeyd olunan dövrlərdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmasını təsdiq edir. Beləliklə də, həmin müddətlərin iddiaçının sosial sığorta stajına daxil edilməsi onun pensiyasının yenindən hesablanmasına əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Buna görə də, hazırda qüvvədə olan pensiya qanunvericiliyinə əsasən iddiaçının təhsil müddətinin sosial sığorta stajına daxil edilməsindən cavabdehin imtinası haqlı olmamışdır. Kollegiya iddiaçının iddiasının keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, “X2” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Odur ki, iddia tələbinin həmin hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.isə birinci instasniya məhkəməsinin gəldiyi mövqeyi əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1360/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar