Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-669/2024 16.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: ödənilməmiş pensiyanın ödənilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaranmış pensiya fərqi məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-2130/2024 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M- 24495/2024 nömrəli məktubunda iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İddiaçının əlilliyə görə əmək pensiyası ödənişi xx.xx.2021-ci il tarixindən əlillik müddətinin bitməsi səbəbindən dayandırılmışdır. Əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi vasitəsi ilə həyata keçirilir. Əlillik vəziyyəti yenidən qiymətləndirilərkən iddiaçıya xx.xx.2021-ci il tarixindən təkrar əlillik müəyyən edilmişdir. Qeyd olunan dövr üzrə İddiaçı əlilliyi mövcud olmadığından və təkrar əlillik dərəcəsi (xx.xx.2021-ci il) əlillik müddətinin bitdiyi tarixdən (xx.xx.2021-ci il) sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər yeni əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə iddiaçıya pensiya ödənişinin edilməsi qanunvericiliklə mümkün deyildir.
2. MEİS-in “Əlillik” altsisteminə əsasən İddiaçı əlillik müddətinin xx.xx.2021-ci il tarixdə bitməsi ilə əlaqədar olaraq əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021ci il tarixdə dayandırılmışdır.
3. Alt sistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə “Oynaqların ortopedik implantlarının olması, hər iki bud çanaq oynağının total endoprotezləşməsi /xx.xx.2018/xx.xx.2018/ əməliyyatından sonrakı vəziyyət. Ağırlşama Aşağı ətrafı qısaldan defektlər, Axsama” diaqnozuna əsasən müddətsiz 3cü dərəcə əlillik təyin edilmişdir.
4. MEİS-in “Əlillik” altsistemində olan məlumatlara əsasən xx.xx.2021-ci il tarixindən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə İddiaçı əlilliyi müəyyən edildiyi üçün əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən 259,78 manat məbləğində olmaqla bərpa edilmişdir.
5. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək 01.01 2022-ci il tarixindən 268,62 manata çatdırılmışdır.
6. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır.
7. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 285,28 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 327,21 manata çatdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş əmək pensiyasının ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı ildə Gəncə şəhərində anadan olmuşdur. Uzun illərdir ki, oynaqların ortopedik implantlarının olması, hər iki bud çanaq oynağının total endoprotezləşməsi xəstəliyindən əziyyət çəkir və Zülfiqar Məmmədov adına Gəncə Xəstəxanasının göndərişi əsasında xx.xx.2021-ci il tarixdə ona müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Bundan sonra Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin tabeleyində X9 Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına ərizə ilə müraciət edərək ödənilməmiş əmək pensiyasının ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan təkrar müayinə zamanı ona ödənilməmiş əmək pensiyasının verilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır ki, çünki təkrar müayinənin 6 aydan çox uzanması təqsiri ucbatından olmamışdır. Ona təkrar müayinənin 6 aydan çox uzanmasının səbəbi yalnız işə səhlənkar yanaşılması olmuşdur. Həmçinin ötürülmüş müddət üzrə əmək pensiyasının ödənilməməsi qanunvericiliyin tələblərinə ziddir və bu əsasa görə də, ona sosial ödənişin ödənilməsindən imtina edilməsi vətəndaş olaraq onun sosial təminat hüququ pozulmasıdır.
10. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən İddiaçı xx.xx.2005-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin olunmuş, xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsi tətbiq edilməklə ona əmək pensiyasının ödənişi davam etdirilir. Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə əsasən İddiaçı əlillik müddətinin xx.xx.2021-ci il tarixdə bitməsi ilə əlaqədar olaraq əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. MEİS-in “Əlillik” altsistemində olan məlumatlara əsasən xx.xx.2021-ci il tarixindən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə İddiaçı əlilliyi müəyyən edildiyi üçün əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən 259,78 manat məbləğində olmaqla bərpa edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddəyə əsasən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək 01.01 2022-ci il tarixindən 268,62 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 285,28 manata eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 327,21 manata çatdırılmışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021ci il tarixli №356-VİQD nömrəli fərmanına əsasən). Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixdən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 ava qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən. 6 av keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixdən bərpa edilir. İddiaçı əlillik müddəti bitdiyi tarixdən 6 aydan çox müddət (9 ay 22 gün) keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində bərpa olduğu üçün ona ötürülmüş müddət üzrə (xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək, etiraz və etirazda əlavədə qeyd edilənləri müdafiə etdiyini bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
12. Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) xx.xx.2024-cü tarixli, 2- 1(114)-2130/2024 saylı qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
13. Məhkəmə hesab etmişdir ki, İddiaçı əlillik müddəti bitdiyi tarixdən 6 aydan çox müddət (9 ay 22 gün) keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində bərpa olduğu üçün ona ötürülmüş müddət üzrə (xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) əmək pensiyasının ödənilməsi mümkün olmadığından cavabdeh orqanın bu barədə imtinası qanuni olmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-2130/2024 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən nəzərə almamışdır ki, o, uzun illərdir ki, oynaqların ortopedik implantlarının olması, hər iki bud çanaq oynağının total endoprotezləşməsi xəstəliyindən əziyyət çəkir və Zülfiqar Məmmədov adına Gəncə Xəstəxanasının göndərişi əsasında xx.xx.2021-ci il tarixdə ona müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Bundan sonra Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin tabeliyində X9 Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına ərizə ilə müraciət edərək ödənilməmiş əmək pensiyasının ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan təkrar müayinə zamanı ona ödənilməmiş əmək pensiyasının verilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır ki, çünki təkrar müayinənin 6 aydan çox uzanması onun təqsiri ucbatından olmamışdır. Ona təkrar müayinənin 6 aydan çox uzanmasının səbəbi yalnız işə səhlənkar yanaşılması olmuşdur. Bundan başqa o müayinədə xx.xx.2022-ci ildə və xx.xx.2022-ci ildə olduğunu, 23 iyun 2022-ci ildə qiymətləndirmə olduğunu, lakin həmin nəticə ona bildirilməmiş, sonradan onun cavabdeh orqanla əlaqə qurmağı nəticəsində bilmişdir ki, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli qiymətləndirmə əsasında ona əlillik dərəcəsi verilməməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən sonuncu qiymətləndirmə zamanı onun bütün xəstəlikləri barədə sənədləri təqdim etdiyi halda, diaqnozlar tam qeyd olunmamışdır. Sol gözünün görməməsi elə təkbaşına əlillik dərəcəsinin yaranması üçün əsas olsa da, lakin bu və digər diaqnozlar qeyd olunmadan, yalnız onurğa sütununda olan xəstəlik qərəzli olaraq yüngül formada qeyd edilməklə əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Lakin buna baxmayaraq məhkəmə təkrar müayinənin 6 aydan çox uzanması təqsiri ucbatından olmamısını, ona təkrar müayinəsinin 6 aydan çox uzanmasının səbəbi yalnız işə səhlənkar yanaşılması olmasını nəzərə almamış, yalnız cavabdeh orqanın imtinasına uyğun qərar qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-2130/2024 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-2130/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 20.16.2. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə) müvafiq təminat xərcliyinin-60 faizi, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə-55 faizi, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə-35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavələr müəyyən edilir.
20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir (xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir). Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
23. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
24. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
25. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
26. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
27. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
28. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
29. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
30. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
31. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
32. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
33. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
34. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Göründüyü kimi, iddiaçının tələbi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş pensiyanıın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır.
38. Əlilliyin təyin edilməsi ilə bağlı qanunvericilik normaların məzmunundan göründüyü kimi, əlilliyə görə pensiya əlillik müddətində ödənilir və şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Başqa sözlə, şəxsə əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əmək pensiyası təyin edilir və ödənilir. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
39. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, iddiaçının əlillik müddətinin bitməsi il əlaqədar ona pensiyanın ödənilməsi xx.xx.2021ci il tarixdən dayandırılmış, 6 aydan çox (9 ay 22 gün sonra)-xx.xx.2021-ci il tarixdə əlilliyi yenidən qiymətləndirilmişdir. Belə olan halda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun əlilliyin müəyyən edilməsi başlıqlı 3cü maddəsinin 3.3-1-ci bəndi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, qeyd edilən normanın məzmunundan görünür ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Hazırki iş üzrə isə əlilliyin təkrar qiymətləndirilməsi əlillik müddəti bitdikdən 9 ay 22 gün müddət keçdikdən sonra aparılmışdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yuxarıda qeyd edilən müddətin ötürülməsinə səbəb əlilliyinin qiymətləndirilməsi fəaliyyətini həyata keçirən inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində yaranması müəyyən edildiyi təqdirdə müvafiq orqana qarşı əlilliyin təyin olunduğu tarixin dəyişdirilməsi və ya ziyan tələbinə dair iddia ilə müraciət edilə bilər.
41. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
42. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-2130/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.