Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-67/2025 26.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16414/2023 nömrəli qərarın ləğv edilməsi və ona ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2-1(114)-1278/2024 saylı qərarından cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1278/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16414/2023 nömrəli qərarının ləğv edilməsi, İddiaçı Hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin nümayəndəsi apellyasiya şikayəti verərək Gəncə inzibati Məhkəməsinin 2-1 (114)-1278/2024. saylı, 04 iyul 2024-cü il tarixli qərarını ləğv edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Komissiyasına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona 2-ci dərəcə əlilliyin və cavabdehin təqsiri üzündən ödənilməmiş müddətlərin - xx.xx.2021ci il tarixdən başlayaraq müəyyən edilən əlillik dərəcəsinə görə pensiyanın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 1966-cı ildə anadan olmaqla uzun müddət X4 xidmət etmişdir. Səhətində problemlər 2004-cü ildən başlamışdır. Dəfələrlə “L4-L5 fəqərəarası disk yırtığı, L3-L4 fəqərəarası diskin protruziyası, sol gözdə şüşəvari cismin bulanması” diaqnozu ilə müalicə olunmuşdur. xx.xx.2005-ci ildə cərrahi əməliyyat “L4-L5 fəqərəarası disk yırtığı, L3-L4 fəqərəarası diskin protruziyasının çıxarılması” edilmişdir. 19 iyun 2006-cı il tarixdə “L3-L4 fəqərəarası disk protruziyasından sonrakı vəziyyət. L4-L5 fəqərəarası disk yırtığı, nəzərə çarpan dərəcədə kökcük ağrı sindromu ilə. Sağ aşağı ətrafın hipotrofiyası. Sol gözdə şüşəvari cismin bulanması. Asteno-nevrotik hal” diaqnozu ilə ona İİ qrup əlillik dərəcəsi verilmişdir. Həmin müddətdən etibarən daima eyni diaqnozlarla ona İİ dərəcəli əlillik təkrar verilmişdir. Göstərilən xəstəliklərdən əlavə o, 2012-ci ildə yenidən onurğa beynində yaranmış böyük ölçülü yırtıqdan əməliyyat olunmuşdur. Hazırda bu xəstəliklərdən əlavə şəkərli diabet xəstəliyindən, zob xəstəliyindən əziyyət çəkir. Sol gözü ümumiyyətlə görmür. Sonuncu dəfə ikinci dərəcəli əlillik dərəcəsi 06 iyun 2016-cı ildə 5 il müddətində 04 iyun 2021-ci il tarixədək verilmişdir. 04 iyun 2021-ci il tarixdə yenidən sənədləri əlillik dərəcəsinin verilməsi üçün göndərilmişdir. Lakin 6 aya yaxın müddətə Gəncə şəhəri Səhiyyə İdarəsi sənədləri cavabdehə göndərməmiş, cavabdeh orqan da öz növbəsində heç bir üzürlü səbəb olmadan 9 ay sənədlərini saxlamış, nəticədə ona əlilik dərəcəsinin verilməsindən imtina edilmişdir. O, müayinədə xx.xx.2022-ci ildə və xx.xx.2022-ci ildə olmuşdur. 23 iyun 2022-ci ildə qiymətləndirmə olmuş, lakin həmin nəticə ona bildirilməmişdir. Sonradan onun cavabdeh orqanla əlaqə qurmağı nəticəsində bilmişdir ki, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli qiymətləndirmə əsasında ona əlillik dərəcəsi verilməməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən sonuncu qiymətləndirmə zamanı o bütün xəstəlikləri barədə sənədləri təqdim etsə də, diaqnozlar tam qeyd olunmamışdır. Sol gözünün görməməsi elə təkbaşına əlillik dərəcəsinin yaranması üçün əsas olsa da, lakin bu və digər diaqnozlar qeyd olunmadan, yalnız onurğa sütununda olan xəstəlik qərəzli olaraq yüngül formada qeyd edilməklə əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Bu isə təsdiq edir ki, cavabdeh orqan ona qarşı qərəzli mövqedə olmuş və əlilllik dərəcəsi verməkdən qeyri-obyektiv səbəblərdən imtina etmişdir. Hesab edirə ki, bütün sənədlərinə yenidən qiymət verilərək ona İİ dərəcəli əlillik dərəcəsi təyin edilməli və cavabdehin qanunsuz hərəkətləri nəticəsində təyin edilməmiş müddətdə də ikinci əlillik dərəcəsinə görə pensiya ödənilməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-196/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin iş üzrə qərarının ləğv edilib iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(104)-625/2023 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi A.Bayramov) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(114)-196/2023 nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin adının Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyi kimi qeyd olunmasını və xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddət daxil olmaqla əlilliyi olan şəxs hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbini “ona müddətsiz orqanizmin funksiyalaraının 50 faiz pozulması barədə cavabdeh orqanın 19 iyul 2023-cü il tarixli, 3-17- 4/3-3-16414/2023 saylı qərarının ləğv edilməsi və ona xx.xx.2021-ci il tarixdən müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbinə dəyişdirilməsinə xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə ekspertiza keçirilməsinə və ekspert rəyinin iddiaçının əleyhinə olmasına baxmayaraq ekspert rəyinin ziddinə olaraq əsassız qərar qəbul etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli müayinə qərarlarını mübahisələndirmədiyi halda fasiləsizlik itmişdir. İddiaçının mübahisələndirilən qərarın dəyişdirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmədiyi, hazırkı iddianı irəli sürmək üçün iddia müddətini ötürməsi müəyyən edilmişdir. Odur ki, iddia müddəti buraxıldıqına qörə iddia mümkün sayılmamalıdır. Həmçinin əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Göstərilənlərə əsasən Gəncə İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Apellyasiya şikayəti üzrə izahatlar: Tərəflərin məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası işin halları barədə sədrlik edən hakimin məruzəsini və iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1278/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşə əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən olunur: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının xx.xx.2006-cı il tarixli 256 nömrəli xəstəlik haqqında şəhadətnaməsində İddiaçı “L4-L5 fəqərəarası disk yırtığı, nəzərəçarpan dərəcədə kökcük-ağrı sindromu ilə. L4-L5 fəqərəarası disk yırtığının, L3-L4 fəqərəarası disk protruziyasının çıxarılmasından sonrakı hal (2005). Sol gözün şüşəvari cisminin posttravmatik bulanması” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Xəstəlik DİO-da xidmətkeçmə dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. - İddiaçı Hərbi xidmət dövrü ilə əlaqədar ilkin olaraq xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixdək hər dəfə 1 il müddətə ikinci dərəcə əlillik, xx.xx.2016-cı il tarixədə isə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. - İddiaçı xx.xx.2021-ci il tarixdə əyani müayinəsi keçirilərək göndərişin natamam doldurulması səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. - İddiaçı xx.xx.2022-ci il tarixdə əyani müayinəsi keçirilərək diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyinayından imtina edilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. - Növbəti dəfə İddiaçı xx.xx.2023-cü il və tarixdə əyani müayinəsi keçirilərək göndərişin natamam doldurulması səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. - Daha sonra İddiaçı xx.xx.2023-cü il tarixdə əyani müayinəsi keçirilərək, ona “Astiqmatizm, OS-Mürəkkəb miopik astiqmatizm M8.0 və 7,0. Monokulyar orta ağır görmə pozğunluğu, Vis OD-0.8 k/e (onda səkkiz) Vis Os-0,05 k/e (yüzdə beş)” diaqnozu üzrə Hərbi xidmət dövrü ilə əlaqədar gözdən əlilliyi olan şəxs kimi orqanizmin funksiyalarının 50% pozulması barədə müddətsiz İİİ dərəcə əlillik təyin edilməsinə dair xx.xx.2023-ü il tarixli 3-17-4/3-3-16414/2023 nömrəli qərar qəbul edilmişdir. - Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişində iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – H52.2 – Astiqmatizm, OS-Mürəkkəb miopik astiqmatizm M 8.0 və 7,0; Yanakı xəstəliklər – H53.0 – Anopsiya nəticəsində ambliopiya, Ambliopiya; Ağırlaşma – H54.6 – Monokulyar orta ağır görmə pozğunluğu, Vis OD-0.8 k/e (ond səkkiz) Vis OS-0.05 k/e (yüzdə beş). - Daxli İşlər Nazirliyi A.N.Heydərov adına Respublika Hospitalının 3422 nömrəli xəstəlik tarixindən çıxarış epikrizində diaqnoz “Sağ tərəfli vertrebroqen lumbioşalqiya, orta ağrı sindromu ilə. (XBT-10-M54.4) L3-L4 f/a disk yırtığının təkrari cərrahi əməliyyatından sonrakı qalıq əlamətləri. ÜİX.Aterosklerotik kardioskleroz. Hipertoniya xəstəliyi İİ. Şəkərli diabet tip 2. Yüngül forma. Xroniki hepatoxolesistikt. İki tərəfli mikroliotaz. Xroniki piyelonefrit. Prostat vəzin hiperplaziyası” kimi qeyd edilmişdir. - Daxili İşlər Nazirliyi A.N.Heydərov adına Respublika Hospitalının 3422 nömrəli xəstəlik tarixindən çıxarış epikrizində diaqnoz “Sağ tərəfli vertrebroqen lumbioşalqiya, orta ağrı sindromu ilə. (XBT-10-M54.4). ÜİX. Aterosklerotik kardioskleroz. Hipertoniya xəstəliyi İİ. mərhələ.Prostat vəzin hiperplaziyası” kimi qeyd edilmişdir. - 2 nömrəli Şəhər Xəstəxanasının Nevrologioya şöbəsinin Stasionar xəstənin kartından 0345397/137 nömrəli çıxarış epikrizində diaqnoz “L4-L5 fəqərəarası disk yırtığı, təkrar cərrəhi əməliyyatdan sonrakı vəziyyət, davamlı sağ tərəfli kökcük ağrı sindromu ilə. Sağ pəncənin parezi. L3-L4 və L4-L5 sekvestrləşmiş ektruziyası” kimi qeyd edilmişdir. - Daxili İşlər Nazirliyi A.N.Heydərov adına Respublika Hospitalı Maqnit Rezonans dsy Tomoqrafiya Bölməsində İddiaçı adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli lumbosakral MRT müayinəsində qeyd edilmişdir: Lumbal lordoz düzlənmişdir. Müayinə sahəsində görünən vertebraların cisminin hündürlüyü Pol normal olub, degenerativ dəyişikliklər müşahidə edilmişdir. Aşağı torakal və Jumbal vertebraların ön qonşu künclərində osteofitlər qeyd olunmuşdur. L3 - L4 fəqərəarası məsafə daralmış, bu vertebraların biribirinə qonşu qapayıcı səthlərində (end plate) Tl və T2 sekanslarında hiperintens görünüşlü İİ tip degenerasiya zolağı izlənmişdir. Kəsiklərə girən digər fəqərəarası məsafələr normal olub, L2 - L3, L3 - L4 və L4 - L5 aralığına aid disklərin siqnal intensivliyi degenerasiya lehinə azalmış faset-oynaq və sarı bağlar hipertrofikdir, L2-L3 aralığına aid diskdə annulyar qabarma (bulging) ilə müşayiət olunan genis əsaslı sağ paramedian protruziya (3mm) mövcuddur. Buna bağlı sağ sinir kökü və dural kisənin sağön yarısı minimal sıxılmış, sol sinir kökünə təmas izlənmişdir. L3-L4 aralığına aid diskdə diffuz annulyar qabarma ilə müşayiət olunan geniş əsaslı posterosentral protruziya (3mm) və sekvestrəolunmuş sağ posterolateral ekstruziya (8mm), hər iki tərəfdə faset oynaq və sarı bağların kobud hipertrofiyası mövcuddur. Sekvestr sağ nevral resessi doldurmuşdur. Buna və zəif stenoza bağlı sağ sinir kökü kəskin sıxılmış, dural kisə önünə (xüsusən sağön yarısına) bir qədər və sol sinir kökünə minimal kompressiya izlənmişdir. L4-L5 aralığına aid diskdə diffuz annulyar qabarma ilə müşayiət olunan geniş əsaslı sol paramedian ekstruziya (4mm) və sekvestrə olunmuş sağ posterolateral ekstruziya (15 mm), hər iki tərəfdə faset oynaq və sarı bağların kobud hipertrofiyası mövcuddur. Sekvestr sağ nevral resessi dolduraraq L5 vertebra korpusunun sağ arxa-yuxarı yarısı səviyyəsinə qədər miqrasiya etmişdir. Buna və zəif stenoza bağlı sağ sinir kökü kəskin sıxılmış, dural kisə önünə (xüsusən sağ ön yarısına) və sol sinir kökünə bir qədər kompressiya izlənmişdir. Görüş sahəsinə girən digər intervertebral disklərin konfiqurasiyası normaldır. Medulla spinalis Thl2-Ll səviyyəsində conus medullaris şəklində sonlamr. Kəsiklər daxilində spinal kanal diametri L3-L5 səviyyəsində bir qədər stenotik olub, qeyd edilən disk patologiyaları səviyyələrində lokal daralmalar müşahidə edilmişdir. L4-L5 intervertebral diski səviyyəsində sağ tərəfli parsial hemilaminektomiya deffekti izlənmişdir. Abbas Səhhət adına 1 №-li şəhər xəstəxanasında İddiaçı adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli bel fəqərələrinin MRT protokolunda qeyd edilmişdir: "bel lordozu bir qədər artmışdır. Fəqərəarası disklərdə dehidratasiya və degenerasiya əlamətləri qeyd olunur. L4 fəqərənin üst tamamlayıcı lövhəsində Smorl yırtığı təyin olunur. Modik 2. Spondilolistez təyin olunmur. L1-L2,L5-S1- fəqərə arası diskdə qabarmalar (bulginq). L2-L3-fəqərəarası diskdə geniş əsaslı arxa mərkəzi sağ sol paramedian ölçüsü 4.87mm ekstruziya. Ön epidural sahə, hər iki sinir kökcüyü kompressiyası, L3-L4- fəqərəarası diskdə geniş əsaslı arxa mərkəzi sağ-sol paramedian, sağ-sol subartikulyar ölçüsü 8.63 mmx 4.89 mm ekstruziya. On epidural sahə kompressiyası. Liq.flava mülayim hipertrofiyalıdır. Spinal kanal mülayim daralmışdır. L4-L5 sağ hemiparsial laminektomiyasından sonrakı vəziyyət, fəqərəarası diskdə geniş əsaslı sol subartikulyar (5mm) sağ subartiklar geniş əsaslı sekvestrasiya olunmuş yırtıqları (15mm) təyin olunur. Sağ və sol sinir kökcüklərinin kompressiyası. Disk degenerasiyalıdır. Paravertebral yumşaq toxumalar intaktdır. Spinal kord lumbar fraqmentində, konus medullarisdə, internal filum terminaledə patoloji forma və struktur dəyişiklikləri izlənilmədi. - X5 adına Milli Oftalmologiya Mərkəzində İddiaçı adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 5738 saylı tibbi rəydə qeyd edilmişdir: Diaqnoz: “OS-mürəkkəb miopik astiqmatizm, M8,0 və 7,0, ambliopiya”. - “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin endokrinoloji şöbəsinin müdiri Sevda Əsgərovanın tərtib etdiyi xx.xx.2022-ci il tarixli, 88 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən də xx.xx.2018-ci ildən Gəncə şəhər Z.Məmmədov adına Birləşmiş xəstəxananın endokrinoloji şöbəsində qeydiyyatdadır. Yanaşı gedən E04.2-qeyri-toksiki çox düyünlüdur. Diaqnoz: “şəkərli diabet 2-ci tip” (tibbi karta 6127). - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli **********0 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhər sakini İddiaçı əlillik vəziyyəti barədə 02 avqust 2022-ci il tarixli 2-1(114)-2552/2022 nömrəli sorğunuza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2006-cı ildə “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə ilkin təyin edilmiş ikinci dərəcə əlillik sonuncu dəfə xx.xx.2016-cı ildə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı sorğu ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Növbəti dəfə İddiaçı əlilik vəziyyəti Akademik Z.Məmmədov adına Gəncə Şəhər Xəstəxanasının 0495003AAMXC nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və əsas xəstəliyin ağırlamaşlarını təsdiqləyən müayinələr ətraflı qeyd edilmədiyindən göndərişin natamam doldurulması səbəbindən dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sonrakı dövrdə eyni göndəriş əsasında xx.xx.2022-ci ildə Agentlikdə əyani müayinə olunmuşdır. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, müayinə zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “İşiasla gedən lümbaqo, L4-L5 f/a disk yırtığın təkrar cərrahi əməliyyatdan sonrakı vəziyyət davamlı sağ tərəfli kökcük ağrı sindromu ilə. Sağ pəncənin parezi.” diaqnozu obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X2” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli T544/2022 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəy ilə belə nəticəyə gəlinmişdir ki, vətəndaş A.Q.Ağabalayevin əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün X3 adına Gəncə Şəhər Xəstəxanasının 0495003AAMXC nömrəli göndərişdə (088 nömrəli Formada) qeyd edilən “İşiasla gedən lümbaqo, L3-L4 f/a diskdə 15mm sekvestə olunmuş ekstruziya. Digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L3-L4 f/a disk yırtığına təkrar cərrahi əməliyyatdan sonrakı vəziyyət, davamlı sağfərəfli kökcük ağrı sindromu ilə. Digər paralitik sindromlar, sağ pəncənin parezi.” diaqnoz onun stasionarda müayinə və müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental və diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edildiyindən xəstəliyin proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Həmin diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlilliyin təyini zamanı ona Nazirlər Kabinetinin istər xx.xx.2015-ci 11 tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci 11 tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricilərinin və müddətinin təyini”ndə meyarların hər hansı birini aid etmək mümkün olmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X2” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T113/2023 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəy ilə belə nəticəyə gəlinmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı X3 adına Gəncə şəhər Xəstəxana, 0495003AAMXC nömrəli göndərişində qeyd olunan “Əsas diaqnoz: M54.4 - işiasla gedən lümbaqo L3-L4 f/a diskdə 15 mm sekvestə olunmuş ekstruziya, b) Ağırlaşma: Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər L4-L5 f/a disk yırtığın təkrar cərrahi əməliyyatdan sonrakı vəziyyət davamlı sağ tərəfli kökcük ağrı sindromu ilə, E11.4 - insulindən asılı olmayan, şəkərli diabet, nevroloji ağırlaşmalarla, şəkərli diabet İİ tip, insulinə ehtiyacı olan xəstə, diabetik neyropatiya. R26-hərəkətin və yerişin pozulmaları, yeriş dayaq hərəkət funksiyasının pozulması, G83-digər paralitik sindromlar, sağ pəncənin parezi. c)Yanaşı xəstəliklər: İ25.1-ürəyin aterosklerotik xəstəliyi, ÜİX, aorta və tac damarlarının aterosklerozu, E04.2-qeyri-toksik çox düyünlü ur, N40-prostat vəzinin hiperplaziyası, İ10essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ mərhələ, H26.2-ağırlaşmış katarakta, sol gözdə ağırlaşmış katarakta, E11-insulindən asılı olmayan şəkərli diabet İİ tip insulinə ehtiyacı olan xəstə” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Onun halhazırkı sağlamlıq durumu bərpaedici müalicə tələb etmir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 3-17-1/2-22087/24 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2006-cı il tarixində əlilliyə görə əmək pensiyası təyin edilib. Əlavə olaraq bildirilir ki, adıçəkilən şəxsin əlillik müddətinin bitməsi ilə əlaqədar ona pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılıb. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçı 1966-cı ildə anadan olmaqla uzun müddət X4 xidmət etmişdir. Səhətində problemlər 2004-cü ildən başlamışdır. Dəfələrlə “L4-L5 fəqərəarası disk yırtığı, L3-L4 fəqərəarası diskin protruziyası, sol gözdə şüşəvari cismin bulanması” diaqnozu ilə müalicə olunmuşdur. xx.xx.2005-ci ildə cərrahi əməliyyat “L4-L5 fəqərəarası disk yırtığı, L3-L4 fəqərəarası diskin protruziyasının çıxarılması” edilmişdir. 19 iyun 2006-cı il tarixdə “L3-L4 fəqərəarası disk protruziyasından sonrakı vəziyyət. L4-L5 fəqərəarası disk yırtığı, nəzərə çarpan dərəcədə kökcük ağrı sindromu ilə. Sağ aşağı ətrafın hipotrofiyası. Sol gözdə şüşəvari cismin bulanması. Asteno-nevrotik hal” diaqnozu ilə ona İİ qrup əlillik dərəcəsi verilmiş, xx.xx.2016-cı il tarixədək həmin müddət hər dəfə 1 il müddətinə artırılmış, sonuncu dəfə xx.xx.2016-cı il tarixdə ona 5 il müddətinə ikinci qrup dərəcəsi ilə əlillik təyin edimişdir. Göstərilən xəstəliklərdən əlavə o 2012-ci ildə yenidən onurğa beynində yaranmış böyük ölçülü yırtıqdan əməliyyat olunmuşdur. Hazırda bu xəstəliklərdən əlavə şəkərli diabet xəstəliyindən, zob xəstəliyindən əziyyət çəkir. Sol gözü ümumiyyətlə görmür. Sonuncu dəfə ikinci dərəcəli əlillik dərəcəsi 06 iyun 2016-cı ildə 5 il müddətində 04 iyun 2021-ci il tarixədək verilmişdir. 04 iyun 2021-ci il tarixdə yenidən sənədlərin əlillik dərəcəsinin verilməsi üçün göndərilmiş, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli qiymətləndirmə əsasında ona əlillik dərəcəsi verilməməsi barədə qərar qəbul edilmişdir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi qərarı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının xx.xx.2006-cı il tarixli 256 nömrəli xəstəlik haqqında şəhadətnaməsində İddiaçı “L4-L5 fəqərəarası disk yırtığı, nəzərəçarpan dərəcədə kökcük-ağrı sindromu ilə. L4-L5 fəqərəarası disk yırtığının, L3-L4 fəqərəarası disk protruziyasının çıxarılmasından sonrakı hal (2005). Sol gözün şüşəvari cisminin posttravmatik bulanması” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Xəstəlik DİO-da xidmətkeçmə dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçı xx.xx.2006-cı ildə “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə ilkin təyin edilmiş ikinci dərəcə əlillik sonuncu dəfə xx.xx.2016-cı ildə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Bütün təyinatlar zamanı iddiaçının diaqnozu eyni (L4-L5 fəqərəarası disk yırtığı, nəzərəçarpan dərəcədə kökcük-ağrı sindromu ilə. L4-L5 fəqərəarası disk yırtığının, L3-L4 fəqərəarası disk protruziyasının çıxarılmasından sonrakı hal (2005). Sol gözün şüşəvari cisminin posttravmatik bulanması) olmuş və həmin xəstəliklə əlaqədar iddiaçıya 15 il davamlı və fasiləsiz olaraq Hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. Bundan sonra məhkəmə icraatı gedişində İddiaçı əlillik vəziyyətinə Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə yenidən baxılmış və ona “Astiqmatizm, OS-Mürəkkəb miopik astiqmatizm M8.0 və 7,0. Monokulyar orta ağır görmə pozğunluğu, Vis OD-0.8 k/e (onda səkkiz) Vis Os-0,05 k/e (yüzdə beş)” diaqnozu üzrə Hərbi xidmət dövrü ilə əlaqədar gözdən əlilliyi olan şəxs kimi orqanizmin funksiyalarının 50% pozulması barədə müddətsiz İİİ dərəcə əlillik təyin edilməsinə dair xx.xx.2023-ü il tarixli 3-17-4/3-3-16414/2023 nömrəli qərar qəbul edilmişdir. Hansı ki, sonuncu göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar əvvəllər ona İİ dərəcə əlillik təyinatı zamanı mövcud olmuş və əlillik təyininə əsas olmuş diaqnozlar olmuş, hətta əlavə olaraq yanakı xəstəlik H53.0 – Anopsiya nəticəsində ambliopiya, Ambliopiya və Xəstəliyin ağırlaşması – H54.6 – Monokulyar orta ağır görmə pozğunluğu, Vis OD-0.8 k/e (ond səkkiz) Vis OS-0.05 k/e (yüzdə beş)) da olmuşdur. Buna baxmayaraq, İddiaçı “Astiqmatizm, OS-Mürəkkəb miopik astiqmatizm M8.0 və 7,0. Monokulyar orta ağır görmə pozğunluğu, Vis OD-0.8 k/e (onda səkkiz) Vis Os-0,05 k/e (yüzdə beş)” diaqnozu üzrə Hərbi xidmət dövrü ilə əlaqədar gözdən əlilliyi olan şəxs kimi orqanizmin funksiyalarının 50% pozulması barədə müddətsiz İİİ dərəcə əlillik təyin edilməsinə dair xx.xx.2023-ü il tarixli 3-17-4/3-3-16414/2023 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə iddiaçıya 9 il müddətinə ikinci dərəcə əlilliyin təyin olunduğu müəyyən edilsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-22087/24 nömrəli məktubunda da İddiaçı xx.xx.2006-cı il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edildiyi, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumata əsasən adıçəkilən şəxsin əlillik müddəti bitdiyi və yenidən əlilliyi müəyyən olunmadığına görə xx.xx.2021-ci il tarixdən əmək pensiyasının ödənişi dayandırıldığı bildirilmişdir. Göründüyü kimi, iddiaçıya əlilliyə görə əmək pensiyası ödənişinin həyata keçirildiyi müddət xx.xx.2006-xx.xx.2021-ci il tarixləri əhatə etmiş və bu müddət davamlı və fasiləsiz olmuşdur ki, bununla da iddiaçının İİ dərəcə əlilliyinin fasiləsiz 10 ildən artıq olması (15 il) təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələbləri pozulmaqla, iddiaçıya sonuncu dəfə təyin edilmiş ikinci dərəcə əlilliyin müddəti bitdikdən sonra (xx.xx.2021-ci il) göndəriş rəsmiləşdirilmədən müddətsiz İİ dərəcə əlillik təyin edilməli olduğu halda, edilməmişdir. Əksinə olaraq, xx.xx.2023-cü il tarixli göndəriş əsasında iddiaçının əliliyinin müayinəsi xx.xx.2023-cü il tarixdə həyata keçirilmiş və ona “Astiqmatizm, OS-Mürəkkəb miopik astiqmatizm M8.0 və 7,0. Monokulyar orta ağır görmə pozğunluğu, Vis OD-0.8 k/e (onda səkkiz) Vis Os-0,05 k/e (yüzdə beş)” diaqnozu üzrə Hərbi xidmət dövrü ilə əlaqədar gözdən əlilliyi olan şəxs kimi orqanizmin funksiyalarının 50% pozulması barədə müddətsiz İİİ dərəcə əlillik təyin edilməsinə dair xx.xx.2023-ü il tarixli 3-17-4/3-3-16414/2023 nömrəli qərar qəbul edilmişdir. Göründüyü kimi, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən edilməsi üçün yenidən göndərişin tərtib edilərək əlilliyi müəyyən edən orqana göndərilməsi nəzərdə tutulmamışdır. İkinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır, bu şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İddiaçının əlilliyinin müddətinin bitdiyi həmin dövrdə (xx.xx.2021-ci il) “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə qüvvədə olduğundan hazırkı mübahisənin həlli zamanı həmin Əsasnamənin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə görə: Bənd 2.2. ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Bənd 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdehdən müddətsiz İİ qrup əlilliyin təyin edilməsini xahiş etmiş, ancaq cavabeh orqan bundan imtina etmişdir. Məhkəmə araşdırması zaman İddiaçı 19 iyun 2006-cı il tarixdə “L3-L4 fəqərəarası disk protruziyasından sonrakı vəziyyət. L4-L5 fəqərəarası disk yırtığı, nəzərə çarpan dərəcədə kökcük ağrı sindromu ilə. Sağ aşağı ətrafın hipotrofiyası. Sol gözdə şüşəvari cismin bulanması. Asteno-nevrotik hal” diaqnozu ilə ona İİ qrup əlillik dərəcəsi verilməsi, həmin müddətdən etibarən daima eyni diaqnozlarla ona İİ dərəcəli əlilliyin verilməsi, sonuncu dəfə ikinci dərəcəli əlillik dərəcəsi 06 iyun 2016-cı ildə 5 il müddətində 04 iyun 2021-ci il tarixədək verilməsi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçıya ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda cavabdeh orqan tərəfindən qanunvericiliyə zidd olaraq əlilliyin müddətsiz müəyyən edilməsi üçün yenidən göndərişin tərtib edilərək əlilliyi müəyyən edən orqana göndərilmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddanı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, birinci instansiya məhkəməsi iş üzrə ekspertiza keçirilməsinə və ekspert rəyinin iddiaçının əleyhinə olmasına baxmayaraq ekspert rəyinin ziddinə olaraq əsassız qərar qəbul etmişdir. Kollegiya şikayətin həmin dəlili ilə razılaşmır. Ona görə ki, iddiaçıda əlilliyin müəyyən edildiyi xx.xx.2006-cı il tarixdə müəyyən edilmiş xəstəliklər sonradan aradan qalxmamışdır, əksinə həmin xəstəliklərə digər xəstəliklər də əlavə olunmuşdur. İddiaçının xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli müayinə qərarlarını mübahisələndirmədiyi halda fasiləsizliyin itməsinə dair cavabdehin dəlili də əsassızdır. Ona görə ki, fasiləsizlik 2022-ci ildə yox, xx.xx.2006-cı ildən xx.xx.2021-ci il tarixədək fasiləsiz olaraq ikinci dərəcə əlil kikmi pensiya alması ilə müəyyən olunur. Kollegiya şikayətin hazırkı iddianı irəli sürmək üçün iddia müddətini ötürməsi dəlili ilə də razılaşmır. Ona görə ki, iddiaçı iddia tələbi ilə ilk dəfə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarı isə məhkəmə icraatı zamanı qəbul edilmişdir. Beləliklə də kollegiya hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən, cavabdehin imtina qanunsuz olmuşdur. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1278/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar ondan kassasiya şikayəti verilməzsə, tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-67/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-67/2025
26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver