Məhkəmə qərarları › İş №2-1(104)-670/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-670/2023

17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-670/2023 17.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1320/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Xocalı rayon Polis şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Xankəndi şəhərindən məcburi köçkün düşdüyü üçün onun, arvadı X1, övladları xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü X4 ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia “X1 ünvan 1 ünvana qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1320/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) İddiaçı cavabdeh Xocalı Rayon Polis şöbəsinə qarşı pasport qeydiyyatına alınma tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə ərizə verərək, birinci instansiya məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinin qəbul edilməsi üçün müəyyən edilmiş 30 günlük müddətin buraxılmasının səbibinin üzrlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçıya şəxsi elektron kabineti vasitəsilə 5 aprel 2023-cü il tarixli bildiriş göndərərək məhkəmə baxış iclasını 24 aprel 2023-cü il saat 15:00a təyin edildiyini bildirmişdir. Daha sonra iclasın vaxtını 1 may 2023-cü ilə dəyişməyi barədə məktub almışdır. O vaxt maddi çətinlik və ailə problemləri səbəbindən Gəncəyə gələ bilməyəcəyini bildiyim üçün iclası iştirakı olmadan keçirilməsi barədə birinci instansiya məhkəməsinə ərizə göndərmişdir. Eyni zamanda ona dövlət hesabına vəkil təyin edilməsi barədə də ərizə vermişdir. Lakin həmin gün, mayın 1-də iş üzrə Qərar qəbul edildiyi barədə məlumat almış. Qərarın poçtla ona göndəriləndən sonra münasibət bildirməsini gözləmiş. Lakin, post vasitəsilə bu günədək ona qərarın surəti təqdim edilməmişdir. Mayın sonlarından iyulun əvvəllərinə kimi Bakıda olmamış, qardaşının evinin təmirinə kömək üçün Siyəzən rayonunun Məşrif kəndində olmuşdur. Bakıya qayıtdıqdan sonra isə 6 iyul 2023-cü ildə elektron şəxsi kabinetində qərarı oxumuşdur. Hesab edir ki, müddətin axınını qərarla tanış olduğu, onu oxuduğu vaxtdan başlayırsa, apellyasiya şikayətini prosessual müddəti ötürmədən 28 iyul 2023-cü il tarixdə təqdim etmişdir. Ola bilər ki, məhkəmə qərarı poçtla göndərmiş, müəyyən obyektiv, yaxud subyektiv səbəbdən ailəsinə çatmayıb, yanlış ünvana yonəldilib, yaxud geri qaytarılıb. Hər halda o, ailə üzvləri poçtdan dəfələrlə soruşsalar da onlara belə bir məktubun olmadığı cavabını almışlar. İddiaçı məhkə kollegiyasının iclasın prosessual müddətinin bərpasına dair ərizənin dəlillərinə uyğun izahat verərək ərizənin təmin edilərək apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təminn etməmiş və səbəbləri barədə məlumat verməməşdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının izahatını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1320/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməməli, apelyasiya şikayəti mümkün sayılmamalı və apelyasiya şikayətinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 87.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin İPM-nin 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Ona görə də apelyasiyanın mümkünlüyü məsələsinin həlli, apellyasiya şikayətinin həmin normalar üzrə yoxlanılmasını ehtiva edir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, apelyasiya şikayəti İPM-nin 85.1-ci maddəsində müəyyən olunmuş müddət ötürülməklə verilmişdir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinin tələbinə əsasən, birinci instansiya məhkəməsinin qərarından şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsi ilə verilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qərarının surəti İsmayılov soyadlı şəxsə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Azərbaycan Respublikası İPM-nin 22.1-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından başlanır. Bu halda qərardan şikayət verilməsi üçün müəyyən olunmuş müddətin axımı da təqdim edildiyi xx.xx.2023-cü il tarixdən başlanmışdır. Lakin İddiaçı qərardan şikayəti müddət ötürməklə vermiş, şikayəti birinci instansiya məhkəməsinə xx.xx.2023-cü il tarixdə vermişdir. Bu hal, yəni müddətin ötürülməsi, apelyasiya şikayətinin mümkün sayılmaması və şikayətin qəbul edilməsindən imtina olunması üçün əsasdır. Çünki Azərbaycan Respublikası İPM-nin 87.3-cü maddəsinin tələbinə görə apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməsindən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir (İnzibati Prosessual Məcəllənin 87.3 və 87.4-cü maddələri). Məhkəmə kollegiyası müddətin bərpa olunması barədə ərizənin düzgün həlli üçün müddətlərlə bağlı bəzi məsələlərin daha aydın izah olunması üçün Azərbaycan Respublikası İPM-nin müddəaları ilə yanaşı ona zidd olmayan hissədə Mülki Prosessual Məcəlləsinin normalarına da istinad edilməsini mümkün və məqsədəuyğun sayır. Çünki Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İPM-nin 22.2-ci maddəsində deyilir ki, müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası İPM-nin 81.1-ci maddəsinə görə İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-lə müəyyən olunmuş ümumi qaydaya görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (MPM-nin 128.1 və 130.1-ci maddələri). Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinin məzmunundan göründüyü kimi, bu norma ilə müəyyən olunmuş şikayət vermə müddətinin axımı məhkəmə qərarının tam formada təqdim olunduğu gündən başlanır. Qanunvericilik şikayət verilməsi mümkün olan məhkəmə aktlarının təqdim edilməsi qaydasını da dəqiq müəyyən etmişdir və müddətin axımının başlanmasını müəyyən etmək üçün bu müddəalar da nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası İPM-nin 20.1-ci maddəsinin tələbinə görə müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İPM-nin 75.3-cü maddəsinin tələbinə əsasən məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir (Azərbaycan Respublikası İPM-nin 20.3-cü maddəsi) . Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsində isə göstərilir ki, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinin tələbinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi qanunvericilik rəsmi sənədlərin verilməsinin iki qaydasını, poçt vasitəsi ilə çatdırılma və təqdim olunmaqla verilmə qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qərarının surəti İsmayılov soyadlı şəxsə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Azərbaycan Respublikası İPM-nin 22.1-ci maddəsinə əsasən məhz həmin andan iddiaçının qərardaddan şikayət vermək üçün müəyyən olunmuş müddətin axımı başlanmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İPM-nin 23.1-ci maddəsində də müddətin axımına aid tələblər müəyyən edilərək göstərilir ki, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Birinci instansiya məhkəməsinin qərarından göründüyü kimi, həmin qərarda ondan şikayət verilməsi qaydası, müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı tam və aydın şəkildə göstərilmişdir. Bu halda, iddiaçının qərardan apellyasiya şikayəti verməsi müddətinin axımı xx.xx.2023-cü il tarixdə başlanmış və xx.xx.2023-cü il tarixdə qurtarmışdır. Lakin qanunvericilik, şəxsin ona verilmiş hüquqdan qanunla müəyyən edilmiş müddətdə üzrlü səbəbdən istifadə edə bilmədiyi halda, ona bu hüquqdan yararlanmaq üçün əlavə imkan da yaradır. Bu imkan prosessual müddətin bərpası qaydasında təmin olunur. Belə ki, Azərbaycan Respublikası İPM-nin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Müddətin bərpa edilməsi üçün üzrlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, şikayət vermək üçün müəyyən olunmuş müddətdə, şəxsin şikayət verməsinə yönələn hərəkətləri etməsinə mane olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08.05.08 tarixli qərarında da göstərmişdir ki, «qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın». Lakin iddiaçı tərəf buraxılmış müddətin üzürlü hesab olunmasına əsas verən hər hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Yalnız formal mülahizələrə əsaslanmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qərardan apelyasiya şikayəti vermək üçün müddətin bərpasından imtina olunmalı, apelyasiya şikayəti mümkün sayılmamalı və şikayəti qəbul etməkdən imtina olunmalıdır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano vədigərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları vəşikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81, 85, 87-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1320/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə ərizə təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1320/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmasın və şikayəti qəbul etməkdən imtina olunsun. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar