Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-672/2024 01.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun qeydə alınması Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı, cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X18 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs Gədəbəy rayonu Slavyanka Bələdiyyəsi) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atasına məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 256/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gədəbəy rayonu Slavyanka Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 nömrəli qərarı ilə Slavyanka kəndində Slavyanka-Ağamalı şose yolunun sağ tərəf, üst hissəsində olan ərazidən X19 0.10 ha həyətyanı torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur.
2. DT və XK-nin Gədəbəy rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə xx.xx.2006-cı il tarixdə rəy vermişdir. Həmin rəydə satılması nəzərdə tutulan torpaq sahəsinin kənd təsərrüfatına “yarar “ olmaqla, həmin məqsəd üçün satılmasının qanunamüvafiqliyi bildirilmişdir.
3. Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.
4. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 70 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2006-cı il tarixdə 08 nömrə ilə qeydiyyata alınmışdır.
5. Gədəbəy RİHB Memarlıq və Tikinti şöbəsi xx.xx.2021-ci il tarixdə iddiaçının atasına ayrılmış torpaq sahəsinə yerinə baxış keçirmiş və baxış zamanı ayrılmış 0.10 ha torpaq sahəsinin vətəndaşın faktiki istifadəsində olduğu, həmin ərazinin məqsədli təyinatının ərazinin yerquruluşu, təsərrüfat planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilmədiyi və sürüşmə zonasında yerləşmədiyi müəyyən edilmış, eyni zamanda verilmiş rəydə daşınmaz əmlak obyektinin döngə nöqtələrinin koordinatları da müəyyən edilmişdir.
6. Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 367 nömrəli arxiv arayışında qeyd edilir ki, Slavyanka kəndində Slavyanka-Ağamalı şose yolunun sağ tərəf, üst hissəsində olan ərazidən mərhum X13 adına 0.10 ha həyətyanı məqsədlə torpaq sahəsinin ayrılması barədə Slavyanka Bələdiyyəsinin xx.xx.2006-cı il tarixl, 03 nömrəli iclas protokolunun qərarı və ona əlavə edilmiş sənədlər arxivdə mühafizə olunur.
7. Ölüm haqqında xx.xx.2021-ci il tarixli AZ-İİ 136101 nömrəli şəhadətnaməyə əsasən X25 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
8. Gədəbəy rayon notariat ofisinin xx.xx.2021-ci il tarixli 296 nömrəli məktubundan məlum olur ki, İddiaçı mərhum atası X13 qanun üzrə vərəsəsidir.
9. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.10 ha torpaq sahəsi üzərində mərhum atasının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, 0.10 ha həyətyanı torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş sahəsinə aid torpaqlardan ayrılmışdır.
10. Gədəbəy rayonu Slavyanka Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 149 nömrəli məkutubunda göstərilmişdir ki, Slavyanka kənd sakini X19 0.10 ha həyətyanı torpaq sahəsi ayrılması barədə bələdiyyənin 28 fevral 2006-cı il tarixli 03 saylı qərarı və 02 mart 2006-cı il tarixli 08 saylı alğı-satqı aktı qüvvədədir, ləğv edilməmişdir.
11. xx.xx.2023-cü il tarixli, 2-1(114)-3046/2023 nömrəli məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Elektron məlumat bazasına əsasən Gədəbəy rayonu Slavyanka Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 nömrəli qərarı ilə Gədəbəy rayonu Slavyanka kəndi ərazisindən X1 nəzərdə tutulmuş 0.10 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. 2) Həmin torpaq sahəsinin faktiki döngə nöqtələri və koordinatları Slavyanka kəndinin kompleks yerquruluşu layihəsindən çıxarışda və Gədəbəy RİHB Memarlıq və Tikinti şöbəsinin xx.xx.2021-ci il tarixli rəyində göstərilən koordinatlarla eynilik təşkil edir (Faktiki istifadədə olan torpaq sahəsinin sərhədləri daxilindədir). 3) Həmin torpaq sahəsinin hər hansısa subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşmə halı mövcud deyildir. 4) Həmin torpaq sahəsi qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə müdafiə və digər təyinatlı öbyektlərin mühafizə zonalarına düşmür. 5) Elektron məlumat bazasına əsasən Gədəbəy rayonu Slavyanka kəndində X22 (0.12 ha), X29 (025 ha), X14 (0.06 ha) və X3 (0.12 ha) adına qeydə alınmış torpaq sahələri yaşayış məntəqələrinin torpaqları olmaqla, həyətyanı məqsədli, xüsusi mülkiyyətdə olan torpaq sahəsinə aiddir və eyni zamanda iddiaçıya ayrılmış torpaq sahəsi ilə qonşuluqda yerləşmişdir
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis tərəfindən tərtib edilmiş arayışda göstərilmişdir ki, Gədəbəy rayonu Slavyanka təsərrüfatının torpq islahatı ilə bağlı təsdiq edilmiş kompeks yerquruluşu layihəsinə əsasən Gədəbəy rayonu Slavyanka Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 nömrəli qərarı ilə Gədəbəy rayonu, Slavyanka kəndi ərazisindən X19 həyətyanı məqsədilə satılması nəzərdə tutulmuş 0.10 ha torpaq sahəsinin yerləşdiyi ərazi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla örüş təyinatlı bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir.
13. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən təqdim edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərində X20, X7 və X10 ümumi birgə, xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.12 ha torpaq sahəsi üzərində X3, xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.12 ha torpaq sahəsi üzərində X11 və xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.06 ha torpaq sahəsi üzərində X6 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan çıxarışlarda torpaq sahələrinin kateqoriyası “yaşayış məntəqələrinin torpaqları” kimi qeyd edilmişdir.
14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusu əsasında təqdim edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində X5, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində X21 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan çıxarışlarda torpaq sahələrinin kateqoriyası “yaşayış məntəqələrinin torpaqları” kimi qeyd edilmişdir.
15. Gədəbəy rayonu Slavyanka Bələdiyyəsinin məhkəmə sorğusuna xx.xx.2023-ü il tarixli, 187 nömrəli cavab məktubunda bildirmişdir ki, qeyd edilən torpaq sahəsi əkinə yararlı olsaydı alğı-satqı predmeti ola bilməzdi. Odur ki, həmin torpaq sahəsinə dair rəydə kənd təsərrüfatına yararsız olması qeyd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəməaktı Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gədəbəy rayonu Slavyanka Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 nömrəli qərarı və xx.xx.2006-cı il tarixli torpaqların alğı-satqısına dair akt əsasında Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində İddiaçı satılmış 0.10 ha torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb həyətyanı yaşayış məntəqələrinin torpaqları kimi çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
17. Tələb onunla əsaslandırılmışdır ki, Gədəbəy rayonu Slavyanka Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 nömrəli qərarı əsasında Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində 0.10 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Bununla bağlı xx.xx.2006cı il tarixdə torpaqların alğı-satqısına dair akt tərtib edilmiş və xx.xx.2006-cı il tarixdə 08 nömrə ilə qeydiyyata alınmış və bununla bağlı yerquruluşu layihəsindən çıxarışda torpaq sahəsi koordinatlarla göstərilmişdir. Alğı-satqı ilə bağlı banka müvafiq dövlət rüsumu ödənilmişdir. Aradan keçən müddət ərzində qeyd edilən torpaq sahəsinə dair çıxarış alınmamışdır. X25 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Qeyd edilən torpaq sahəsi ilə bağlı mərhum P.Rəhimovun birinci növbə vərəsəsi İddiaçı Gədəbəy rayon notariat ofisinə müraciət edilmişdir. Qeyd edilən torpaq sahəsinə mərhum X13 adına çıxarış alınması ilə bağlı İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edilmiş və xx.xx.2023-cü il tarixdə imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinə əsasən, əhalinin malqarası üçün istifadə olunan örüş sahələrinin torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Belə ki, eyni yerdə yerləşən və ətrafdakı qonşulara bələdiyyə tərəfindən satılan torpaqlara həyətyanı yaşayış məntəqələrinin torpaqları kimi çıxarış verilmişdir. Belə ki, X15 verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il tarixli çıxarış, X23 verilmiş ********** qeydiyyat nömrəli, 17.092015ci il tarixli çıxarış, X8 verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli çıxarış, X4 verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış qeyd edilən çıxarışlardan bəziləridir. Bununla da cavabdeh inzibati orqan vətəndaşlara qarşı ayrı seçkilik qoyaraq bəzilərinə çıxarış vermiş digər vətəndaşlara çıxarış verməmişdir. Hesab edir ki, inzibati orqan olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi ərizəsinin icrasından əsassız olaraq imtina etmişdir.
18. İddiaçının nümayəndəsi (vəkil) Vəkil xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq, Gədəbəy rayon Slavyanka Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 nömrəli qərarı və xx.xx.2006-cı il tarixli torpaqların alğı-satqısına dair akt əsasında Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində X2 0.10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum X19 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və xx.xx.2023-cü il tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
19. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Gədəbəy rayonu Slavyanka Bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
20. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır.
21. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi (vəkil) Vəkil oğlu iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
22. Cavabdeh orqanın nümayəndəsi X26 məhkəmə iclasında iddiaya etiraz edərək, orqanın iddiaçının müraciətini ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlilə istinadla iddianın rədd olunmasını xahiş etmişdir.
23. Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) xx.xx.2024-cü il tarixli, 2-1(114)- 256/2024 saylı qərarı ilə iddianın təmin edilməsi, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X19 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
24. Məhkəmə hesab etmişdir ki, Gədəbəy rayonu, Slavyanka Bələdiyyəsinin xx.xx.2006cı il tarixli, 03 nömrəli qərarı əsasında alınmış Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X19 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
25. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2-1(114)-256/2024 saylı qərarının ləğv edilməsini və iddianının təmin edilməməsini xahiş etmişdir.
26. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunun tələblərini pozmuşdur. Aparılan araşdırma zamanı Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə yerini, ölçülərini göstərən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Ərazi İdarəsinin elektron xəritə (DWJ və TEKUİS) məlumatlarında faktiki torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş ərazisində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların sübut olunmadığından qərar ləğv olunmalıdır. Birinci instansiya məhkəməsi qərarında müvafiq maddi hüquq normalarının tələblərini nəzərə almamışdır. Belə ki, örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Lakin məhkəmə öz qərarında bu hala da münasibət bildirməmişdir. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaq sahələri alğı-satqı predmeti ola bilməz.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X30 apellyasiya şikayətinin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-256/2024 saylı qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdi.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-256/2024 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Həmçinin bildirdi ki, hazırda mübahisələndirilən torpaq sahəsi 2006-cı ildən onların istifadəsindədir və həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmiş, həmin evdə ailəsi ilə birlikdə yaşayır.
30. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
31. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 25. Bənd 5. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Maddə 13. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 33.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatıüçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 34.“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
35. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: Bənd 7. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.
36. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azrəbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 696 nömrəli Fərmanı: Bənd 2. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər.
37. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: Bənd 17. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Bənd 18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Bənd 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.
38. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 696 nömrəli Fərmanının 2-ci bəndinə əsasən həmin Əsasnamənin 17-ci, 18-ci və 19-cu bəndlərində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti” orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirirlər.
39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
40. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
41. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
42. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
43. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
44. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
45. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
46. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir
47. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
48. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
49. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
50. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
51. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apelyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
54. İşin məhkəmələr tərəfindən araşdırılan hallarından bəlli olur ki, Gədəbəy rayonu Slavyanka Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 nömrəli qərarı ilə Slavyanka kəndində Slavyanka-Ağamalı şose yolunun sağ tərəf, üst hissəsində olan ərazidən X19 0.10 ha həyətyanı torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Eyni zamanda DT və XK-nin Gədəbəy rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 70 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2006-cı il tarixdə 08 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda, Gədəbəy RİHB Memarlıq və Tikinti şöbəsi xx.xx.2021-ci il tarixdə iddiaçıya ayrılmış torpaq sahəsinə yerinə baxış keçirmiş və baxış zamanı ayrılmış 0.10 ha torpaq sahəsinin vətəndaşın faktiki istifadəsində olduğu, həmin ərazinin məqsədli təyinatının ərazinin yerquruluşu, təsərrüfat planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilmədiyi və sürüşmə zonasında yerləşmədiyi müəyyən edilmış, eyni zamanda verilmiş rəydə daşınmaz əmlak obyektinin döngə nöqtələrinin koordinatları da müəyyən edilmişdir. X25 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və İddiaçı onun qanun üzrə vərəsəsi kimi tanınmışdır.
55. Cavabdehin imtinasının dəlili ondan ibarət olmuşdur ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar xüsusi mülkiyyətə verilə bilməz.
56. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. Bu cür imtinanın konkret əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmişdir ki, hazırda baxılan işdə hüquqların dövlət qeydiyyatından imtina edilməsi üçün bu əsaslar yoxdur.
57. İş materiallarından göründüyü kimi, Gədəbəy rayonu Slavyanka Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 nömrəli qərarı əsasında X19 Gədəbəy rayonu Slavyanka Bələdiyyəsinin ərazisində 0.10 hektar fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alğı-satqı yolu ilə satılması qərara alınmışdır. Bu barədə xx.xx.2006-cı ildə “Torpaqların alğı-satqısına dair” Akt tərtib edilmişdir. Alğı-satqı ilə bağlı banka müvafiq rüsum ödənilmişdir. Qeyd olunan torpaq sahəsi 2021-ci il tarixə qədər torpağın alıcısı olmuş mərhum X13 istifadəsində, 2021-ci ildə Pənah Rəhimovun vəfatından sonra isə onun birinci növbədə vərəsəsi İddiaçı istifadəsində və sahibliyindədir. Bu səbəbdən bələdiyyə torpaqları torpaq ayrılan zaman qanunvericiliyin tələblərinə riayət edilmişdirsə həmin torpaq sahələri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb, çıxarış verilməsindən imtina edə bilməz. Digər tərəfdən, həmin əmlaka dair üçüncü şəxslərin pretenziyasının olmadığı, müvafiq bələdiyyənin isə həmin torpaq sahəsinin iddiaçıya aid olmasına dair iddia tələbinin təmin edilməsinə etirazının olmadığı müəyyən edilmişdir.
58. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanını dəlilinə, yəni torpaq sahəsinin örüş təyinatlı torpaq sahəsi olmasına münasibətdə qeyd edir ki, balans sahibi müvafiq bələdiyyə tərəfindən mübahisələndirilən torpaq sahəsi iddiaçıya bələdiyyənin yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahəsi kimi qeyd edilməklə satılmışdır. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış, torpaqların alğı-satqısına dair akt, Gədəbəy RİHB Memarlıq və Tikinti şöbəsi xx.xx.2021-ci il tarixli 38 nömrəli rəyi ilə də təsdiq edilir.
59. Mübahisəli torpaq sahəsi iddiaçıya Gədəbəy rayonu Slavyanka Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı və Torpaqların alğı-satqısına dair xx.xx.2006-cı il tarixli akta satılmış və həmin torpaq sahəsinin iddiaçıya fərdi yaşayış evinin tikintisi məqsədlə satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsinin rəyi ilə də etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi Gədəbəy rayonu Slavyanka Bələdiyyəsinin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır.
60. Məhkəmə cavabdehin inzibati orqanın dəlilinə münasibətdə qeyd edir ki, torpaq sahəsi iddiaçının mərhum atasına ayrılan zaman DT və XK-nin Gədəbəy rayon şöbəsi ayrılmış torpaq sahəsinə verdiyi rəyində satılması nəzərdə tutulan torpaq sahəsinin kənd təsərrüfatına yararlı, yaxud yararsız olması barədə qeydi oxunmaz halda olmuş (rəydə “yarar ” olmaqla kimi qeyd edilmişdir), lakin həyətyanı məqsəd üçün satılmasının qanunamüvafiqliyi bildirilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin həmin zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.
61. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
62. Odur ki, 2006-2007-ci illərdə torpaq sahəsinin satılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinin örüş sahəsi olması barədə verilən mütəxəssis rəyi əsaslı hesab edilə bilməz.
63. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarını müəyyən etmişdir. Hazırki işdə belə əsaslar mövcud deyildir.
64. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh inzibati orqanın dəlili həmçinin digər xüsusa görə də əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı iş materiallarına X22, X29, X14, X3 adına verilmiş çıxarışları əlavə edərək, bildirmişdir ki, həmin çıxarışlarla vətəndaşların xüsusi mülkiyyəti kimi qeyd alınmış torpaq sahələrinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları kimi qeyd edilmişdir, hansı ki, həmin torpaq sahələri iddiaçıya ayrılmış torpaq sahəsinin qonşuluğunda (cərgə ilə) yerləşir. Bununla bağlı mütəxəssis qarşısında sual qoyulmuş və verilmiş rəydə bildirilmişdir ki, elektron məlumat bazasına əsasən Gədəbəy rayonu Slavyanka kəndində X22 (0.12 ha), X29 (025 ha), X14 (0.06 ha) və X3 (0.12 ha) adına qeydə alınmış torpaq sahələri yaşayış məntəqələrinin torpaqları olmaqla, həyətyanı məqsədli, xüsusi mülkiyyətdə olan torpaq sahəsinə aiddir və eyni zamanda iddiaçıya ayrılmış torpaq sahəsi ilə qonşuluqda yerləşmişdir.
65. Digər tərəfdən, eyni bələdiyyə qərarı ilə iddiaçının atası ilə yanaşı torpaq sahəsi ayrılmış şəxslər - X16 (0,03 ha), X27 (0,10 ha), X31 (0,12 ha) və X9 olmuş və məhkəmənin sorğusuna cavab məktubu ilə müəyyən edilmişdir ki, həmin şəxslərdən X16 və X17 adına daşınmaz əmlak qeydiyyatdan keçməsə də, X9 və X21 Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları (müvafiq olaraq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışlara əsasən) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan çıxarışlarda torpaq sahələrinin kateqoriyası “yaşayış məntəqələrinin torpaqları” kimi qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının torpaq sahəsi ilə qonşuluqda yerləşən, müvafiq bələdiyyədən torpaq sahəsi almış şəxslərdən bir neçəsinin mülkiyyət hüquqlarını qeydə alaraq, torpaq sahəsinin təyinatını yaşayış məntəqələrinin torpaqları kimi göstərdiyi halda, iddiaçıya münasibətdə hüquqlarının qeydə alınmasından imtina etməsi “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinin tələblərinə uyğun olmamışıdr. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.
66. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir halın xüsusi halları da göz önünə alınmaqla bərabərlik və etimad hüququnun qorunması prinsiplərinə inzibati orqanların praktikasında əməl olunmalıdır.
67. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.
68. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır
69. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atasına məxsus olması barədə müvafiq arayışın verilməsini istisna edən hallar mövcud deyil. Odur ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi yuxarıda şərh edilənlərə hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib edildiyindən təmin edilməməli və bu iş üzrə qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır.
70. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-256/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.