Məhkəmə qərarları › İş №2-1(104)-673/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-673/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-673/2024 17.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), X6 və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı Musa oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Musa oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hüquqların dövlət qeydiyyatına alınması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-96/2024 saylı qərarından iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Göygöl rayon Şəhriyar bələdiyyəsinin ərazisində yerləşməklə, onun mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən xx.xx.2011-ci il tarixdə keçirilmiş açıq torpaq hərracının qalibi olmuş və ona bu barədə xx.xx.2011-ci il tarixdə 27 nömrə ilə qeydiyyata alınmaqla ********* nömrəli şəhadətnamə verilmişdir. Ayrılmış torpaq sahəsi ilə bağlı yerquruluşu-təsərrüfat (situasiya) planından çıxarış tərtib olunmuşdur. İddiaçı xx.xx.2011-ci il tarixdə torpağın dəyəri olan 500 manat məbləğində pulu bələdiyyənin hesabına keçirmiş və İddiaçı ilə Göygöl rayon Şəhriyar bələdiyyəsi arasında həmin tarixdə 0002 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış və bundan sonra Göygöl rayon Şəhriyar bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarı ilə bələdiyyənin perspektiv inkişaf fondu torpağından fərdi yaşayış evinin tikintisi üçün İddiaçı 0.06 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı torpaq sahəsinin əldə edilməsinə dair notariat qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsinin ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu, Şəhriyar kəndində yerləşən ona məxsus olan 0,006 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Göygöl rayonu Şəhriyar bələdiyyəsinin 06 iyun 2011-ci il tarixli qərarı ilə Göygöl rayonu Şəhriyar bələdiyyəsinin perspektivli inkişaf fondu torpaq sahəsindən 0,06 ha ayrılıb hərrac yolu ilə ona satılması qərara alınmışdır. Bununla bağlı onunla Daşınmaz əmlakın 0002 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Torpaq sahəsi yerquluşu layihəsi tərətib edilməklə ona təhvil verilmişdir. Bildirir ki, o, bütün sənədlərini götürüb 3 saylı ərazi idarəsinə müraciət edib əmlakının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Ancaq cavabdeh onun ərizəsindən imtina edib bunu onunla əsaslandırmışdır ki, guya bu müqavilə notariat qaydasında təsdiqlənməlidir. Notariat kontoru da vaxtın keçməsini əsas tutub notarial müqavilə bağlanmaqdan imtina etmişdir. Hesab edir ki, o, torpaq sahəsinin hərrac vasitəsi ilə almışdır. Aralarında da alqısatqı müqaviləsi də vardır. Ona görə də cavabdehin üzərinə ona məxsus Göygöl rayonu Şəhriyar kəndində yerləşən 0,06 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması vəzifəsi qoyulmalıdır. İddiaçının vəkil olan nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 3 saylı Ərazi İdarəsinin iddia ərizəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi kimi dəyişdirilməsini, iddia ərizəsində torpaq sahəsinin səhvən 0,06 ha kimi göstərilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçının vəkil olan nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Göygöl rayonu Şəhriyar kəndində yerləşən 585,02 kv.m torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-96/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Hazırkı işdə isə İddiaçı ilə Göygöl rayon Şəhriyar bələdiyyəsi arasında xx.xx.2011-ci tarixdə bağlanmış 002 nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsi notarial qaydada təsdiqlənməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin sənəd hüquqların dövlət qeydiyyatına alınması üçün əsas hesab edilə bilməz. Məhkəmə mövqeyini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144-cü maddəsinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçının nümayəndəsi Vəkil qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın tam ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işdə olan sübutları düzgün qiymətlədirmədən iddianı rədd etmiş bununla da İPM-nin 12.1,15.1-ci maddəsinin tələbini pozmuşdur. Bildirilir ki, məhkəmə qərarında göstərilir ki, guya iddiaçı ilə Göygöl rayon Şəhriyar bələdiyyəsi arasında xx.xx.2011-ci tarixdə 002 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi notariat qaydasında təsdiqlənməmişdir. Belə olan halda həmin sənəd hüquqlarını dövlət qeydiyyatına alınması üçün əsas hesab edilə bilməz. Qeyd edirlir ki, iddiaçı bu torpaq sahəsini bələdiyyə ilə alqı-satqı bağlamaqla almışdır. Torpaq bələdiyyə mülkiyyətindədir. 2011-ci ildən də iddiaçının istifadəsindədir. Alqı-satqı notariat kontorunda bağlanmasına görə iddianın təmin edilməməsi nümayəndəsi olduğum şəxsin torpaq üzərində gözlənilən mülkiyyət hüququnu pozmuşdur. Bildirirlir ki, iddiaçı torpaq sahəsini 2011-ci ildə keçirilmiş açıq torpaq hərracının qalibi olmaqla almışdır. Ayrılmış torpaq sahəsinə yerquruluşu təsərrüfat planından çıxarış tərtib olunmuş Göygöl rayon Şəhriyar bələdiyyəsi ilə həmin tarixdə 2002 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmışdır. Torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Bələdiyyənin xx.xx.2011-ci il tarixli 06 saylı qərarı qüvvədədir. Sözü gedən torpaq sahəsi digər şəxslərə satılmışdır. Göründüyü kimi məhkəmə özünün qərarının işin halları hissəsinin 5-ci bəndində torpağın nümayəndəsi olduğum şəxsin mülkiyyətində olmasını bildirsə də yekunda iddianı təmin etmədən saxlamışdır. Bu onu sübut edir ki, qərarın nəticə hissəsi işin əsaslandırıcı hissəsinə uyğun deyildir. İddiaçı torpağın pulunu vermiş, torpağa dair bələdiyyə ilə alqısatqı etmiş, torpaqda onun istifadəsindədir. Belə olan halda torpağa dair notariat kontorunda alqı satqı olmaması adı ilə iddianın rədd edilməsinin hüquqi əsası yoxdur. İddiaçı torpağı hərracın qalibi olmaqla almışdır. Belə olan halda məhkəmənin iddianı təmin etməməsi bir daha onu sübut edir ki, məhkəmənin iddianı rədd edərkən iddiaçı hüququnu pozmuşdur. Ona görə də məlum əsassız olan qərar ləğv edilməli və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edəsiniz. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs isə məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə Həmin Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Əsasnamənin 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı Göygöl rayon Şəhriyar bələdiyyəsinin ərazisində yerləşməklə, onun mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən xx.xx.2011-ci il tarixdə keçirilmiş açıq torpaq hərracının qalibi olmuş və ona bu barədə xx.xx.2011-ci il tarixdə 27 nömrə ilə qeydiyyata alınmaqla ********* nömrəli şəhadətnamə verilmişdir. Ayrılmış torpaq sahəsi ilə bağlı yerquruluşu-təsərrüfat (situasiya) planından çıxarış tərtib olunmuşdur. İddiaçı xx.xx.2011-ci il tarixdə torpağın dəyəri olan 500 manat məbləğində pulu bələdiyyənin hesabına keçirmiş və Göygöl rayon Şəhriyar bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarı ilə İddiaçı bələdiyyənin perspektiv inkişaf fondu torpaq sahəsindən 0.06 ha torpaq sahəsinin ayrılıb təhvil verilməsi (fərdi yaşayış evinin tikintisi üçün) qərara alınmış və İddiaçı ilə Göygöl rayon Şəhriyar bələdiyyəsi arasında həmin tarixdə 0002 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, cavabdeh orpaq sahəsinin əldə edilməsinə dair notariat qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsinin ərizəyə əlavə edilmədiyi əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın qeyd olunan səbəbdən imtinası əsassız olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İdarənin arxiv sənədlərində mövcud olan, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin Torpaq hərracı və müsabiqə komissiyasının xx.xx.2011-ci il il tarixli 27 nömrə ilə qeydiyyata alınmış ********* nömrəli qərarı və həmin tarixli 0002 nömrəli alqı-satqı müqaviləsi ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı satılmış 0.06 ha torpaq sahəsinə dair, Şəhriyar bələdiyyəsi tərəfindən təsdiqlənmiş planda göstərilən 0.06 ha (600.0 kv.m) torpaq sahəsinin, 585.02 kv.m hissəsi Göygöl (Xanlar) rayonu Şəhriyar bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə (KOD ********) istinadən, bələdiyyə mülkiyyətində olan, ehtiyat fond torpaqları kateqoriyasına aid, kəndin prespektiv inkişaf sahəsidir. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu (TEKUİS) və AzCad məlumatlarına istinadən, sözügedən torpaq sahəsinin 585.02 kv.m hissəsi, bələdiyyə mülkiyyəti olmaqla, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı torpaqlar altında olan sahəsir. Həmin 0.06 ha (600.0 kv.m) torpaq sahəsinin 14.98 kv.m hissəsi isə, elektron baza materiallartına əsasən, digər şəxslərin xüsusi mülkiyyətlərində olan torpaq sahəsidir. Həmin torpaq sahəsi naturada ölçülərək, sərhədləri və koordinatları müəyyən olundu. Elektron baza materiallarına istinadən, həmin 0.06 ha (600.0 kv.m) torpaq sahəsinin 12.26 kv.m hissəsinin, **********86 reyestr nömrəli Çıxarışa əsasən X2 xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə, 2.72 kv.m hissəsinin isə, **********57 reyestr nömrəli Çıxarışa əsasən X3 xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı aşkarlandı. Həmin torpaq sahəsi üzərindən yüksək təyziqli qaz kəməri, hava məkanından isə, yüksək gərginlikli elektrik xəttinin keçmədiyi müşahidə olundu. Həmin torpaq sahəsinin, qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə müdafiə və digər təyinatlı öbyektlərin mühafizə zonalarına düşməsi barədə, idarənin elektron baza materiallarında məlumat aşkarlanmadı. İşin faktiki hallarından da müəyyən edilir ki, keçirilmiş hərrac nəticəsində iddiaçı hərrəcın qalibi olmuş və Şəhriyyar bələdiyyəsi ilə alqı-satqı müqaviləri bağlamışdır. Bundan sonra mübahisə predmeti olan torpaq sahəsi bələdiyyənin müvafiq iclasının qərarı ilə ayrılıb iddiaçıya təhvil verilmişdir. Yəni sözügedən torpaq sahəsi alqı-satqı qaydasında iddiaçıya verilmiş və sonuncu tərəfindən həmin torpaq sahəsi istifadə edilir. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləyir. Yuxarıda həmin qanunun müvafiq maddələri sadalanmışdır. Kollegiya hesab edir ki, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (hazırki halda alqı-satqı müqaviləsini notariat qaydada təsdiq edilməməsi) satması Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırkı iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinin ikinci cümləsinə əsasən bələdiyyələr qərar qəbul etdiyi andan 15 gündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası ədliyyə nazirinin 16 mart 2007-ci il tarixli 9-T №-li əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi haqqında Əsasnamə»nin 7.5-ci bəndinə əsasən Mərkəz öz vəzifələrini həyata keçirmək üçün bələdiyyə aktının Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd olması barədə kifayət qədər əsas olduqda aktın qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə müraciət etmək və bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. Göründüyü kimi cavabdeh orqan bələdiyyə aktının Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd olması barədə kifayət qədər əsas olduqda aktın qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə müraciət etmək və bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəmə qarşısında iddia qaldırmaq hüququna malik deyil. Bunda başqa məhkəmə kollegiyası mütəxəssis rəyində Şəhriyar bələdiyyəsi tərəfindən təsdiqlənmiş planda göstərilən 0.06 ha (600.0 kv.m) torpaq sahəsinin 14.98 kv.m hissəsi isə, elektron baza materiallartına əsasən, digər şəxslərin xüsusi mülkiyyətlərində olan torpaq sahəsil üst-üstə düşməsinə münasibət isə qeyd edir ki, iddiaçının nümayəndəsi tərəfindən birinci insrtansiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Göygöl rayonu Şəhriyar kəndində yerləşən 585,02 kv.m torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Göründüyü kimi Şəhriyar bələdiyyəsi tərəfindən təsdiqlənmiş planda göstərilən torpaq sahəsini ölçüsü 0.06 ha (600 kv.m) təşkil edir və onun da 14.98 kv.m hissəsi digər şəxlərin mülkiyyətində olan torpaq sahəsilə üst-üstə düşür, lakin iddiaçı 0.06 (600 kv.m) ha ölçüdə deyil 585,02 kv.m ölçüdə torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasını tələb edir. Belə olan halda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinin imtinası əsassız olmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-96/2024 saylı qərarı ləğv edilməli, yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-96/2024 saylı qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Göygöl rayon Şəhriyar bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 06 nömrəli qərarı ilə ayrılmış Göygöl rayonu Şəhriyar kəndində yerləşən 585,02 kv.m torpaq sahəsi üzərində İddiaçı Musa oğlunun mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar