Məhkəmə qərarları › İş №2-1(104)-675/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-675/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-675/2025 29.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), X6 və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “adın, ata adının və soyadın əvvəlkinə dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4005/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları xx.xx.1981-ci il tarixli, Vİİİ-ЖГ 276340 №li doğum haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.1981-ci il tarixdə doğulmuşdur. “Atası” qrafasında X2, “anası” qrafasında X9 yazılmışdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1981-ci ildə 157nömrə ilə qeyd edilmişdir. xx.xx.2018-ci il tarixli AZ-İİ 211393 №-li nikah haqqında şəhadətnaməyə əsasən, X5 ilə X1 xx.xx.2018-ci il tarixdə nikahı bağlanılmış, ərə Əliyev, arvada Moskalenko - Əliyeva soyadı verilmişdir. xx.xx.2019-cu il tarixli, 1800 6 0006 13112019 nömrəli soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydindən görünür ki, xx.xx.1981-ci ildə doğulmuş X7 öz istəyi ilə soyadını, adını, ata adını İddiaçı dəyişdirmişdir. xx.xx.2019-cu il tarixli AZ-İV 358964 №li doğum haqqında şəhadətnaməyə əsasən, İddiaçı xx.xx.1981-ci il tarixdə doğulmuşdur. “Atası” qrafasında X4, “anası” qrafasında X9 yazılmışdır. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdehnə ünvanlanmış adın və soyadın əvvəlki ad və soyada qaytarılması barədə ərizəyə baxılmış və müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixdə Cavabdehndə 06 saylı akt qeydi ilə adı “Nicat”dan “Əli”yə, soyadı “Əliyev”dən “Hüseynov”a düzəliş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın İ bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Lakin İddiaçı yenidən əvvəlki adına, soyadına qayıtması üçün qanunvericiliklə müəyyən olunmuş əsasların olmaması səbəbindən Cavabdeh tərəfindən xahişin təmin edilməsinin icrası imkan xaricindədir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun “Hüseynov” soyadının əvvəlki soyadı olan “Əliyev” soyadına, “Əli” adının əvvəlki adı olan “Nicat” adına və “Firdusi” ata adının əvvəlki ata adı olan “Firdusi”yə dəyişdirilərək ona yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.1981-ci ildə Daşkəsən rayonunda doğulmuşdur. Soyadı “Əliyev”, adı “Nicat”, ata adı “Firdovsi” olmuşdur. 2003-cü ildə o, işləmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. İddiaçı vaxtaşırı Azərbaycana gəlmişdir. 2017-ci ildə o, Rusiya Federasiyasından deportasiya olunmuşdur. xx.xx.2018-ci ildə o, yaşadığı Daşkəsən rayonunda Rusiya Federasiyası vətəndaşı X3 ilə nikaha daxil olmuşdur. Təxminən 1 il Daşkəsəndə yaşadıqdan sonra Rusiya Federasiyasına qayıtmaq və yenidən orada işləmək qərarına gəlmişdir. Lakin eyni ad və soyadla Rusiyaya qayıtmağı mümkün olmamışdır. Buna görə də, o, ad, soyad və ata adının dəyişdirilməsi üçün xx.xx.2019-cu ildə Cavabdehnə müraciət etmiş və soyadını “Əliyev”dən “Hüseynov”a, adını “Nicat”dan “Əli”yə, ata adını “Firdovsi”dən “Firdusi”yə dəyişdirmişdir. Lakin ad, soyadını dəyişdikdən sonra o, müxtəlif problemlərlə üzləşməyə başlamışdır. Belə ki, 28 avqust 2023-cü ildə RF-nın Moskva şəhərində onun qız övladı dünyaya gəlmişdir. Onun adı və soyadı dəyişdirildikdən sonra aldığı nikah şəhadətnaməsi Azərbaycanda qaldığına görə, həyat yoldaşı uşağa doğum haqqında şəhadətnamə alan zaman Qeydiyyat şöbəsinə əvvəlki nikah şəhadətnaməsini təqdim etmişdir. Beləliklə, uşağın soyadı “Əliyeva”, ata adı “Nicat” yazılmışdır. Uşaq Rusiyada doğulduğuna görə o, onun doğum şəhadətnaməsini dəyişdirə bilmir. Bundan başqa qonşular və qohumlar onu Nicat kimi tanıyır, iddiaçı özü də əvvəlki ad və soyadına öyrəşmişdir. Buna görə də, əvvəlki ad və soyadına qayıtmaq istəyir. 2025-ci ilin may ayında o, Cavabdehnə müraciət edərək, soyad, ad və ata adının dəyişdirilərək, əvvəlki soyad, ad və ata adının qaytarılmasını xahiş etmiş, lakin cavabdeh bundan imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh bundan əsassız olaraq imtina etmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4005/2025 saylı qərarı ilə (hakim R.Tağıyeva) iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, işin hallarından göründüyü kimi iddiaçı artıq bir dəfə ad, soyad, ata adını dəyişdirmişdir. Hazırda isə iddiaçının vəziyyətində onun adının, ata adının və soyadının növbəti dəfə dəyişdirilməsinə yol verən qanunvericilikdə qeyd olunan hallardan hər hansı biri mövcud deyil. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı tərəf həmin qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun əvvəlki ad-soyadına qayıtmağı növbəti dəfə” hesab oluna bilməz. Hesab edir ki, ad-soyadın növbəti dəfə dəyişdirilməsi şəxsin yenidən tamamilə başqa ad, soyad və ya ata adı götürməsidir. O isə qeyd etdiyi kimi, doğulan zaman ona verilmiş və ad-soyadı dəyişdirilənədək daşıdığı ad-soyada qayıtmaq istəyir. Məhkəmənin istinad etdiyi Qaydalarda isə bunu birbaşa qadağan edən hər hansı müddəa yoxdur. Əksinə daha yüksək hüquqi qüvvəyə malik olan qanunvericilik aktları şəxsə öz istəyinə görə ad, soyad və ata adının dəyişdirilməsi hüququ verir və bunu sayla məhdudlaşdırmır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Repsublikası Ailə Məcəlləsi: Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması: Maddə 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Maddə 163.3. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Maddə 189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 190.1. Ərizə əsasında adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşın seçdiyi, məhkəmə qətnaməsi əsasında dəyişdirilməsi isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 190.2. Adın, ata adının və soyadın dəyişdirilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”

23. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

25. Bərpa və ya təkrar tərtib edilmiş qeyd, həmçinin ilk qeydi aşkara çıxarmış qeydiyyat şöbələrinin və konsulluq idarələrinin təşəbbüsü ilə ləğv oluna bilər.

26. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Qeydiyyat şöbələri və konsulluq idarələri lazım gəldikdə ərizə verən şəxsdən və müvafiq orqanlardan əlavə sənədlər və məlumatlar (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) tələb edə bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” 7.1. Adın, ata adının və soyadın dəyişdirilməsi bu Qaydaya və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir. 7.2. Ad, ata adı və soyad dəyişdirildikdə, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən bu barədə akt qeydi tərtib edilməklə qeydiyyat aparılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli, 1016-İİİQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli, 294 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri (bundan sonra - qeydiyyat şöbəsi) və ya rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra - icra hakimiyyətinin nümayəndəliyi), xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra – konsulluq idarəsi) tərəfindən adların, ata adlarının və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir. 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, xx.xx.1981-ci il tarixli, Vİİİ-ЖГ 276340 №-li doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.1981-ci il təvəllüdlü X5 doğulmuş, doğum haqqında akt qeydləri kitabında xx.xx.1981-ci ildə 157 nömrə ilə qeyd edilmiş, atası X2, anası X9 göstərilmişdir. xx.xx.2019-cu il tarixli, 1800 6 0006 13112019 nömrəli akt qeydinə əsasən isə o, öz istəyi ilə soyadını, adını və ata adını dəyişdirərək İddiaçı olmuş, xx.xx.2019-cu il tarixli AZ-İV 358964 №-li doğum haqqında şəhadətnamə ilə həmin şəxsə dair məlumatlar (atası X4, anası X9) eyni qaydada göstərilmişdir. Hazırda iddiaçının hüquqi marağı soyadının, adının və ata adının əvvəlki olan “Əliyev” soyadına, “Nicat” adına və ata adının isə “Firdovsi” adına yenidən dəyişdirilməsinə nail olmaqdan ibarətdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının ilkin doğum haqqında akt qeydində onun soyad, ad və ata adı “X5” qeyd edilmiş, daha sonra özünün müraciəti əsasında xx.xx.2019-cu il tarixli, 1800 6 0006 13112019 nömrəli “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” akt qeydinə əsasən onun soyad, ad və ata adı “İddiaçı”na dəyişdirilmişdir. Hazırda iddiaçı “ilkin” doğum haqqında akt qeydində qeyd olunmuş ad, soyad və ata adının bərpa olunmasını istəyir. Qeyd olunmalıdır ki, iddiaçının hazırda əvvəlki ad, soyad və ata adına qayıtmaq istəməsi mahiyyət etibarilə ad, soyad və ata adının yenidən (əvvəlki ad, soyad və ata adı belə olsa) dəyişdirilməsidir. Qanunvericilik adın, ata adının və soyadın təkrar dəyişdirilməsi üçün ilk dəfə dəyişdirilmədən fərqli, bir qədər məhdudlaşdırıcı qayda müəyyən etmişdir. Qeyd olunmalıdır ki, iddiaçı ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı qanunvericiliyin ona verdiyi hüquqdan artıq bir dəfə istifadə etmişdir. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsi isə yalnız qanunvericiliyə əsasən konkret hallarda yolveriləndir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, ad və soyadın dəyişdirilməsi ilə bağlı məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququ prizmasından qiymətləndirilməli olan konstitusion hüquq kimi baxılmalıdır. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, tətbiq olunan məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. Qeyd olunanların hazırkı mübahisəyə münasibətdə tətbiqi ilə bağlı olaraq aşağıdakılar nəzərə alınmalıdır. Qanunvericiliyin istinad olunan müddəalarından göründüyü kimi, Mülki Məcəllənin 26-cı maddəsi ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsini təsbit edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarında nəzərdə tutulmuşdur. Sözügedən Qaydalarda ad və soyadın birinci dəfə dəyişdirilməsi ilə növbəti (ikinci, üçüncü və s.) dəfə dəyişdirilməsinə münasibətdə müxtəlif tələblər müəyyən edilir. Başqa sözlə, ad və soyadın növbəti dəfə dəyişdirilməsi yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.24-6.28-ci maddələrində nəzərdə tutulmuş hallarda mümkündür. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə məhz sözügedən Qaydaların 6.24-6.28-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı birinin müəyyən edilmədiyinə istinadla iddiaçının tələbi haqlı olaraq təmin olunmamışdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4005/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar