Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-676/2023 28.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeyanlov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3349/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona qoyulmuş "keçirilmiş beyin silkələnməsi nəticəsində emosional pozuntu F06.6" diaqnozunun hərbi xidmət vəzifələrini icra edərkən alınması kimi qeyd edilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3349/2023 saylı qərardadı ilə (hakim G.Əliyeva) iddia tələbi mümkün sayılmamışdır. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası şikayətin mahiyyəti üzrə həlli üçün hüquqi məsələlərə giriş olaraq göstərir ki, baxılan şikayət eyni zamanda şəxsin məhkəmə müdafiəsi üçün müraciət etmək hüququ ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiyada təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. (Konstitusiya Məhkəməsi Plenumunun “Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 aprel 2011-ci il tarixli Qərarı). Məhkəməyə müraciət etmək hüququ bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq hüquqi dövlət prinsipləri baxımından təfsir olunmalı, iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Məhkəməyə müraciət etmək hüququ həmçinin “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinin məzmunundan irəli gəlir. BMT-nin İnsan Hüquqları Komitəsinin həmin maddəyə dair 2007-ci ildə qəbul etdiyi 32 saylı X2 göstərilmişdir ki, məhkəməyə müraciət etmək hüququnun iştirakçı dövlət tərəfindən məhdudlaşdırılması qanunvericiliklə əsaslandırılmazsa, ədalət mühakiməsinin həyata keçirilməsi kimi legitim məqsədləri güdməzsə və ya şəxsin müraciət etmək imkanları bu hüququn mahiyyətinə ciddi xələl yetirəcək həddə məhdudlaşdırılarsa, 14-cü maddənin pozulmasına səbəb olar. Ədalətli məhkəmə araşdırması hüququ, eyni zamanda, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyrimütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X1rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar). Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddia tələbini mümkünsüz sayan birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, işin müəyyən edilmiş hallarına görə, xx.xx.2022-ci il tarixli 11659 saylı şəhadətnaməyə əsasən xx.xx.1992-ci il təvəllüdlü İddiaçı MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətnamələndirilmiş və Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, özünü kəsmələrlə. Vegetativ damar davamsızlığı, nevrotik təzahürlərlə. Sol çiyin, sol saidin ön səthinin kəsilmiş yaralarından sonrakı bərkimiş dəri çapıqları. Çoxsaylı kariyes” diaqnozu “Ümumi xəstəlikdir” səbəb əlaqəsi ilə müəyyən edilmiş və “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı qəbul edilmişdir. Hazırda iddiaçı həmin qərarı mübahisələndirərək, bu barədə xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırmaqla, travmanın səbəb əlaqəsinin dəyişdirilməsini xahiş edir. Bu halda iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İddiaçının sözügedən qərardan 2023-cü ilin əvvəllərində (yanvar-fevral ayları) məlumatlı olması, lakin onu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır. Belə ki, İddiaçı müddətin bərpasına dair ərizəsində Hərbi Həkim Komissiyasına etdiyi müraciətinə müsbət cavab ala bilmədiyini, bir aylıq müddəti ötürdüyünü, dəfələrlə cavabdeh orqana müraciət etdiyindən hər dəfə də mübahisənin məhkəməyədək həllinə ümid etdiyini bildirmiş, iclas zamanı sədrlik edənin suallarına cavab olaraq isə bildirmişdir ki, xx.xx.2022-ci il tarixli 11659 saylı şəhadətnaməni təxminən 4-5 ay əvvəl almış və orada xəstəliyin səbəbinin “Hərbi xidmət dövründə yaranmışdır” kimi qeyd edilmədiyini bilmişdir. Həmin qərarı qanunda nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsinin səbəbi isə onun özünün və atasının xəstəliyi ilə bağlı olmuşdur. O, xəstəliyi ilə bağlı xəstəxanalarda müalicə olunduğundan vaxtında iddia qaldıra bilməmişdir. Xəstəliyi ilə bağlı onda olan bütün sənədləri iddia ərizəsinə əlavə etmişdir. O, savadsız olduğundan 30 gün ərzində iddia qaldırmalı olduğunu bilməmişdir. Göründüyü kimi, iddiaçı iddia müddətini ötürməsinin səbəbi kimi ərizəsində dəfələrlə cavabdeh orqana müraciət etdiyindən hər dəfə də mübahisənin məhkəməyədək həllinə ümid etdiyini bildirsə də, iclas zamanı bunu özünün və atasının xəstəliyi ilə əlaqələndirmiş, xəstəliyi ilə bağlı xəstəxanalarda müalicə olunduğundan vaxtında iddia qaldıra bilmədiyini göstərmişdir. Lakin iş materiallarına əlavə edilmiş tibbi sənədlərlə müəyyən edilir ki, İddiaçı xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Gəncə Şəhər Psixiatriya Xəstəxanasında stasionar, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında ambulator, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Gəncə Şəhər Psixiatriya Xəstəxanasında ambulator müalicələr almış, xx.xx.2022-ci il tarixdə “Psixi Sağlamlıq Mərkəzi PHŞ-də müayinədə olmuşdur. Məhkəmə tərəfindən iddiaçıya mübahisələndirdiyi qərardan məlumatlı olduğu vaxtdan sonrakı müalicələri barədə tibbi sənədləri, yəni qərarı əldə etdikdən sonra onun iddia qaldırmasına maneə törətmiş və ya məhdudiyyət yaratmış halları təsdiq edən sənədlər təqdim etmək təklif olunmuş, iddiaçı xəstəliyi ilə bağlı onda olan bütün sənədləri iddia ərizəsinə əlavə etdiyini bildirmişdir. Məhkəmə iddiaçının dəlillərini müddətin buraxılmasının üzrlü səbəbi kimi qəbul etmir və qeyd edir ki, müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər, onların mövcudluğu şəxsin iradəsindən asılı olmasın, onların yaranması və dəf edilməsi şəxsin imkanı xaricində olsun və bu səbəblər şəxsin müddəti ötürmədən iddia qaldırmasına maneə törətsin və ya məhdudiyyət yaratmış olsun. Lakin hazırkı işdə iddiaçının gətirdiyi arqumentlər sadalanan üzrlülük meyarlarına cavab vermir. Belə ki, xx.xx.2022-ci il tarixli qərarın iddiaçıya təqdim olunması barədə məlumat olmadığından onun deməsinə görə, 2023-cü ilin fevral ayından məlumatlı olmasını nəzərə alaraq, həmin vaxtdan 30 gün müddətində iddia qaldırmalı olduğu halda, bunu etməmiş və həmin tarixdən etibarən iddia müddətinin ötürülməsini üzürlü hesab edəcək əsasları məhkəməyə təqdim etməmişdir. İddiaçının savadsız olduğundan 30 gün ərzində iddia qaldırmalı olduğunu bilməməsinə dair dəlili də müddətin ötürülməsinin səbəbinin üzrlü sayılmasına əsas ola bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə əsaslı olmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı iddia tələbində ona qoyulmuş "keçirilmiş beyin silkələnməsi nəticəsində emosional pozuntu F06.6" diaqnozunun hərbi xidmət vəzifələrini icra edərkən alınması kimi qeyd edilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli qərarında travmanın səbəb əlaqəsinin dəyişdirilərək "Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır" kimi qeyd olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli xəstəlik haqqında şəhadətnaməsi inzibati akt deyil. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir inzibati akt hesab edilir. Göründüyü kimi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli xəstəlik haqqında şəhadətnaməsi inzibati akt hesab edilmədiyindən iddiaçının tələbi mübahisələndirmə iddia növünə aid deyildir. Birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirmə iddia növünə aid etməklə iddia tələbini mümkünsüz hesab etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası sadalananları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqla iddiaçının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmışdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.7.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi, geniş həcmdə sübutların araşdırılması tələb olunduqda və məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu halda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 13, 48, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3349/2023 saylı qərardadı ləğv edilsin. İş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(104)-676/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-676/2023
28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver