Məhkəmə qərarları › İş №2-1(104)-677/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-677/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-677/2024 02.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, “protokolun ləğvi və imtahan nəticələrinin məqbul hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3311/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin təşkil etdiyi orta ümumtəhsil müəssələrinə rus dili bölməsinə qəbulla bağlı keçirilən müsahibədə iştirak etmiş oğlu X2 xx.xx.2024-cü il tarixdə verdiyi imtahan nəticələrinə dair protokolun dəyişdirilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, bu tədris ilinin 1-ci sinif Rus bölməsində təhsil alması üçün keçirilən müsahibə nəticəsinə görə oğlu 1-ci sinif Rus bölməsinə qəbul olunmamış, oğlunun təhsilini təmin etmək üçün Azərbaycan bölməsi üzrə sorğusunun yerləşdirilməsi tövsiyyə olunmuşdur. O, müsahibənin nəticəsindən narazı qaldığı üçün apellyasiya müraciəti etmiş, müraciətinə apellyasiya komissiyası tərəfindən baxılaraq əvvəlki müsahibə nəticəsi qüvvədə saxlanılmışdır. Hesab edir ki, oğlu verilən suallara mahiyyəti üzrə doğru-düzgün cavab vermişdir. Oğlunun həm birinci müsahibədə, həmdə apellyasiya komissiyasında verdiyi cavabların doğru olub-olmamasının müəyyən edilməsi üçün ekspertiza təyin edilib rəy alınmalı, rəyin nəticəsindən asılı olaraq oğlum 1-ci sinif Rus bölməsinə qəbul edilməlidir. Cavabdeh orqanın imtinası onunla əsaslandırılmışdır ki, X3 xx.xx.2024-cü il tarixdə keçirilmiş müsahibədə iştirak etmiş və nəticəsi qeyri-məqbul hesab edilmişdir. İddiaçı ərizə təqdim edərək, onun əsl iddiaçı X3 ilə, habelə cavabdehin əsl Cavabdeh ilə əvəz edilməsini cavabdehin 329-31/3-2-25F nömrəli 02 may tarixli əmri ilə yaradılmış komissiyanın 17 may 2024-cü il tarixli 2 nömrəli protokolun ləğvi və X2 ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçirilmiş müsahibə nəticəsinin məqbul hesab edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3311/2024 saylı qərarı ilə (hakim L.Əliyeva) iddia təmin edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinin məzmununda qeyd edilmişdir ki, Cavabdeh 3-29-31/3-2-25F/2024 nömrəli 02 may 2024cü il tarixli əmrinə əsasən komissiya təşkil olunmuş, komissiya 17 may 2024-cü il tarixli 2 nömrəli protokol tərtib etmişdir. Hansı ki, komissiyanın protokolu inzibati orqanın diskresion səlahiyyətlərinə aiddir. Regional idarə diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirmiş, səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmuş, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmuş, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxmından zəruri və yararlı olmuşdur. Regional idarənin müsahibəsində min nəfərə yaxın uşaq iştirak etmişdir, qərar verərkən ədalətlilik, humanizm, bərabərlik hüquqları nəzərə alınmışdır və uşaqların bilik və bacarıqları komissiyanın ixtisaslı müəllimləri tərəfindən fərdi olaraq obyektiv qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə etmişdir və qərar əsassızdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmiş, iddiaçı isə gəlməmişdir. Məhkəmə kollegiyası işə İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Belə ki, savabdeh Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 02 oktyabr 2024cü il tarixli, 3-29-31/2-1091/2024 nömrəli məktubdan görünür ki, 03 sentyabr 2024-cü il tarixdə Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbdə üzrlü səbəbdən müsahibədə iştirak etməyən uşaqlar üçün tədris digər dillərdə aparılan siniflərə qəbulla bağlı Cavabdeh tərəfindən müsahibə təşkil edilmiş, X3 da müsahibəyə dəvət olunmuşdur. Rəşad Məmmədovun müsahibəsi məqbul hesab edilərək, sorğusu məktəbə yerləşdirilmişdir və hazırda o, Gəncə şəhər 30 nömrəli tam orta məktəbdə təhsil alır. Göründüyü kimi məhkəmə kollegiyası iş üzrə yekun qərar qəbul edənədək cavabdeh tərəfindən iddiaçının tələbinin təmin edilməsi ilə bağlı yeni inzibati akt qəbul edilmiş, nəticədə iddiaçı orta ümumtəhsil müəssisəsinin rus dili bölməsinə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi təmin olunduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3311/2024 saylı qərarı ləğv olunmalı, inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1, 67.3-cü maddələrinə əsasən, q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3311/2024 saylı qərarı ləğv edilsin. İddiaçı X2 qanuni nümayəndəsinin Cavabdehnə qarşı protokolun ləğvi və imtahan nəticələrinin məqbul hesab edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar