Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-682/2023 21.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(114)-1025/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xx.xx.2022-ci tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 329.2.1-ci maddəsi ilə İddiaçı barəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Müdafiə nazirinin birinci müavininin 03 mart 2018-ci il tarixli 058gm nömrəli əmrindən görünür ki, İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 158-ci maddəsinin "a" bəndinə (həqiqi hərbi xidmətdə törətdiyi cinayətə görə azadlıqdan məhrum olunan) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 28 aprel 2023-cü il tarixli 057 gm nömrəli əmri ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 3 mart 2018-ci il tarixli 058gm nömrəli şəxsi heyət üzrə əmrinin 4-cü paraqrafının 4-cü bəndi (1-ci Ordu korpusu (051 nömrəli hərbi hissə) komandirinin sərəncamında (703-cü Motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 7031-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqım komandirinin sabiq müavini) olan gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə (həqiqi hərbi xidmətə görə törətdiyi cinayətə görə azadlıqdan məhrum olunan) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə) ləğv edilmişdir. Həmçinin, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29 dekabr 1998-ci il tarixli 610-İQ nömrəli Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin birinci abzasına əsasən həbsdə olma, cəza çəkmə müddətləri və vəzifədən kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət ixtisas üzrə fasiləsiz staja daxil edilməklə “Hərbi vəzifə ҹə hərbi xidmət haqqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə müvafiq olaraq, 1-ci Ordu Korpusu (051 nömrəli hərbi hissə) komandirinin sərəncamında (703-cü Motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 7031-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqım komandirinin sabiq müavini) olan gizir İddiaçı xidmət müddəti başa çatdığına görə 30 iyun 2022-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması, müvafiq müddətin iş stajına daxil edilməsi və məcburi iş buraxma müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsini tələb etsə də, cavabdeh xx.xx.2022-ci il tarixli, 1/M-9891 saylı məktubla iddiaçının müraciətinin icrasından imtina etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində tağım komandirinin müavini vəzifəsində xidmətdə olarkən hazırda "Tərtər işi" kimi tanınan iş çərçivəsində dövlətə xəyanət ittihamları ilə əlaqədar qanunsuz azadlıqdan məhrum edilmiş, sorğu-suala cəlb olunmuş və bu zaman özünün və digər hərbi qulluqçuların əleyhinə yalan ifadə verməsi üçün ağır işgəncələrə məruz qalmışdır. 20 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 28 sentyabr 2017-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, Tərtər Hərbi Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, təyin edilmiş cəzanın 2 ildən artıq hissəsini çəkdikdən sonra Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə həmin tarixdən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 17 dekabr 2021-ci il tarixdə qeyd edilən cinayət əməllərinin və qanunsuzluqların yenidən araşdırılmasına başlanılmış, bu məqsədlə Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşər Nazirliyinin müstəntiqlərindən ibarət birgə İstintaqı Qrupu yaradılmışdır. İstintaq Qrupu yaradıldıqdan sonra iddiaçı istintaq orqanına ifadə vermiş, ona məlum olan bütün hallar, üzləşdiyi qanunsuzluqlar, eləcə də əsassız olaraq hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı məlumat vermişdir. Nəticədə cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 09 oktyabr 2017-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında" xx.xx.2020ci il tarixli Qanunun 1.73-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 331-ci maddəsi ləğv edildiyindən və 1.72-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 329-cu maddəsi yeni redaksiyada verilərək qüvvədən düşmüş CM-nin 331.3-cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan CM-nin 329-cu maddəsi ilə əhatə olunduğu üçün 29 aprel 2022-ci il tarixli qərarla cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinə tövsif edilmişdir. İstintaqın nəticəsində 30 iyun 2022-ci il tarixdə iddiaçının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar çıxarılmışdır. Beləliklə, iddiaçıya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü (329.2.1-ci maddəsinə tövsif edilməklə) maddələri ilə irəli sürülmüş ittihamlara bəraətverici əsaslarla xitam verilmişdir. Bununla da iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün əmrə səbəb olmuş əsaslar aradan qalxmışdır. Qeyd edilən xitam qərarı iddiaçıya 2022-ci ilin oktyabr ayında təqdim edildikdən dərhal sonra 17 oktyabr 2022-ci il tarixdə Müdafiə Nazirliyinə müraciət edərək onun ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa olunması, itirilmiş vaxtın iş stajına daxil edilməsi, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanmaqla ödənilməsini xahiş etmişdir, cavabdeh isə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə tələbin “Azərbaycan Republikası Müdafiə Nazirliyinin xx.xx.2018-ci il tarixli, 058gm nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və itirilmiş illərin əmək stajına hesablanması hissəsinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1025/2023 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, 03 mart 2018-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək olan müddət üzrə İddiaçı ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məcburi işburaxma, işçinin işəgötürənin təqsiri ucbatından öz əmək funksiyalarının icrasını müəyyən dövr üçün icra edə bilməməsidir. Qanunsuz olaraq işdən çıxarılmış işçilərin müdafiəsinin mühüm təminatlarından biri də qanunsuz olaraq işdən çıxarılmış və əvvəlki işinə bərpa olunmuş işçiyə məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsidir. Onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçulara işə bərpa edildikdən sonra işləmədikləri müddətə görə əmək haqqı ödənilməsi müvafiq qanunvericiliyin tələbidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının ehtiyata buraxılması ilə bağlı əmr ləğv edildiyindən və o, 03 mart 2018-ci il tarixdən həqiqi hərbi xidmətə bərpa olunduğundan məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqı hesablanıb ona ödənilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1025/2023 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, İddiaçı 03 mart 2018-ci il tarixli 058 gm əmrlə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 158-ci maddəsinin "a" bəndinə əsasən (həqiqi hərbi xidmətdə törətdiyi cinayətə görə azadlıqdan məhrum olunan) ehtiyata buraxılmışdır. Bununla əlaqədar qeyd etmək zəruridir ki, İddiaçı barəsində istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsinə dair 30 iyun 2022ci il tarixli qərar qəbul edilmişdir. Bununla əlaqədar olaraq, inzibati işin məhkəmə araşdırılması zamanı, Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 28 aprel 2023-cü il tarixli 057 gm nömrəli əmri ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 3 mart 2018-ci il tarixli 058gm nömrəli şəxsi heyət üzrə əmrinin 4-cü paraqrafının 4-cü bəndi (1-ci Ordu korpusu (051 nömrəli hərbi hissə) komandirinin sərəncamında (703-cü Motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 7031-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqım komandirinin sabiq müavini) olan gizir İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 158-ci maddəsinin "a" bəndinə (həqiqi hərbi xidmətə görə törətdiyi cinayətə görə azadlıqdan məhrum olunan) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə) ləğv edilmişdir (iddia tələbinin həmin hissələrdə xitam edilməsinə dair məhkəməyə tərəfimizdən vəsatət təqdim edilmişdir). "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" 29 dekabr 1998-ci il tarixli 610 - Q nömrəli Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin birinci abzasına əsasən həbsdə olma, cəza çəkmə müddətləri və vəzifədən kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət ixtisas üzrə fasiləsiz staja daxil edilməklə "Hərbi vəzifə və hərbi xidmət haqqqında" Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə müvafiq olaraq, 1-ci Ordu Korpusu (051 nömrəli hərbi hissə) komandirinin sərəncamında (703-cü Motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 7031-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqım komandirinin sabiq müavini) olan gizir İddiaçı xidmət müddəti başa çatdığına görə 30 iyun 2022-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir. Beləliklə də, xüsusilə qeyd edilir ki, iddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 158-ci maddəsinin "a" bəndinə yəni cinayət törətdiyinə görə 03 mart 2018-ci il tarixli əmrlə ehtiyata buraxılmış, daha sonra iddiaçı barəsində aparılan araşdırma və barəsində qəbul edilmiş cinayət təqibinə xitam vermə haqqında qərar əsasında inzibati iş üzrə məhkəmə araşdırması zamanı 28 aprel 2023-cü il tarixli 057 gm nömrəli əmri ilə iddiaçının ehtiyata buraxılmasına dair 03 mart 2018-ci il tarixli əmr ləğv edilmiş, "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" 29 dekabr 1998-ci il tarixli 610-İQ nömrəli Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin birinci abzasına əsasən həbsdə olma, cəza çəkmə müddətləri və vəzifədən kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət ixtisas üzrə fasiləsiz staja daxil edilmişdir. İddiaçıya işləmədiyi dövrlər üçün yəni 03 mart 2018-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək əmək haqqının ödənilməsi isə cavabdehin qanunsuz hərəkətləri ilə bağlı olmadığından bununla əlaqədar kompensasiyanın ödənilməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması inzibati işin yuxarıda qeyd olunan faktiki hallarına və qanunvericilik normalarının imperativ şərtlərinə zidd olduğundan hesab edilir ki, Gəncə İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli 2-1(114)-1025/2023 nömrəli qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birincin instansiya məhkəməsinin qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”: Maddə 158. Törətdikləri cinayətlərə görə məhkum (hərbi rütbəsindən məhrum olunmadan) edilmiş hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar: ... a) həqiqi hərbi xidmətdə törətdikləri cinayətə görə azadlıqdan məhrum olunanlar. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu:- Maddə 1. Hərbi qulluqçuların hüquqi statusu:
1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Maddə 26. Hərbi qulluqçuların statusunu təmin etmək sahəsində dövlət orqanlarının, müəssisələrinin, idarələrinin, təşkilatlarının və vəzifəli şəxslərin vəzifəsi və məsuliyyəti:
1. Dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar.
2. Onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Həqiqi hərbi xidmətdən qanunsuz buraxılmaq günündən hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət qulluqçularının isə xidmət hərbi xidmət müddətinə daxil edilir.
3. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində hərbi qulluqçulara vurulmuş ziyan qanunvericiliyə müvafiq olaraq ödənilir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:- Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.6. Sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 158-ci maddəsinin "a" bəndinə əsasən 03 mart 2018-ci il tarixli, 057 gm nömrəli əmri ilə ehtiyata buraxılmışdır. Sonradan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xx.xx.2022-ci tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 329.2.1-ci maddəsi ilə İddiaçı barəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması, müvafiq müddətin iş stajına daxil edilməsi və məcburi iş buraxma müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Buna görə də, iddiaçı hazırda müvafiq tələblə məhkəməyə müraciət etmişdir. İş birinci instansiya məhkəməsinin icraatında olan zaman iddiaçının barəsində aparılan araşdırma, həmiçinin yuxarıda qeyd olunan cinayət təqibinə xitam vermə haqqında qərar əsasında Müdafiə Nazirinin birinci müavini Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 28 aprel 2023-cü il tarixli 057 gm nömrəli əmri ilə iddiaçının ehtiyata buraxılmasına dair 03 mart 2018-ci il tarixli, 058gm nömrəli əmr ləğv edilmiş, "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" 29 dekabr 1998-ci il tarixli 610-İQ nömrəli Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin birinci abzasına əsasən həbsdə olma, cəza çəkmə müddətləri və vəzifədən kənarlaşdırılması ilə əlaqədar iddiaçının işləmədiyi müddət ixtisas üzrə fasiləsiz staja daxil edilmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə tələbin “Azərbaycan Republikası Müdafiə Nazirliyinin xx.xx.2018-ci il tarixli, 058gm nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və itirilmiş illərin əmək stajına hesablanması hissəsinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilmişdir. Hazırda iddia tələbinin həmin hissəsi üzrə icraata xitam verildiyinindən qiymət verilməli olan məsələ iddiaçının məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsidir. Apellyator şikayətinin əsas dəlili kimi göstərmişdir ki, iddiaçıya işləmədiyi dövrlər üçün yəni 03 mart 2018-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək əmək haqqının ödənilməsi cavabdehin qanunsuz hərəkətləri ilə bağlı olmadığından bununla əlaqədar kompensasiyanın ödənilməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qanunvericiliyin normalarına ziddir. Yuxarıda qeyd olunan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinin 3-cü bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində hərbi qulluqçulara vurulmuş ziyan qanunvericiliyə müvafiq olaraq ödənilir. Kollegiya hesab edir ki, bir halda cavabdeh tərəfində iddiaçının ehtiyyata buraxılmasına dair müvafiq əmr ləğv edilmiş və "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" 29 dekabr 1998-ci il tarixli 610-İQ nömrəli Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin birinci abzasına əsasən həbsdə olma, cəza çəkmə müddətləri və vəzifədən kənarlaşdırılması ilə əlaqədar iddiaçının işləmədiyi müddət ixtisas üzrə fasiləsiz staja daxil edilmişdirsə artıq dolaylısı ilə cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanunsuz və əsassız yerə xidmətdən ehtiyyata buraxılması faktı qəbul edilmişdir. Göründüyü kimi iddiaçının işləmədiyi, yəni 03 mart 2018-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək olan dövrlər onun təqsiri uçbatından deyil, məhz inzibati orqanın təqsiri nəticəsində yaranmış haldır. Bu səbəbdən də, iddiaçının məcburi iş buraxma müddətinə görə ödənilməyən əmək haqqı hesablanaraq ona ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1025/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.