Məhkəmə qərarları › İş №2-1(104)-682/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-682/2025

17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-682/2025 17.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndələri X4 və X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı 13.3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1451/2025 saylı qərarından Cavabdeh başçısı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1451/2025 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, ünvan 2ndə X1 məxsus olmuş və cavabdeh tərəfindən sökülmüş 13.3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, Cavabdehndən 500 (beş yüz) manat qiymətləndirmə haqqı tutularaq VÖEN **********, “Azərbaycan Beynəlxalq Bankı” AS Abşeron filialı (VÖEN: **********), M/h AZ03NABZ********************, KOD 805539, S.W.İ.F.T.BİC: İBAZAZ2X, H/h AZ52İBAZ******************** saylı hesaba ödənilməsi qərara alınmışdır. Cavabdeh başçısı apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2-1(114)-1451/2025 saylı qərarının ləğv edilməsi və İddiaçı Cavabdehnə qarşı 13.3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə yeni qərar edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdehnə qarşı ünvan 2ndə yerləşən sahəsi 13,3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2ndə yerləşən sahəsi 13,3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyekti onun mülkiyyətində olmaqla hüquqları 2005-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış obyektindən uzun müddət təyinatına uyğun olaraq istifadə etmiş, daha sonra müəyyən səbəblərdən istifadəni dayandırmışdır. Naftalan şəhərindən kənarda olarkən Cavabdeh nümayəndələri həmin ünvana gəlmiş və mülkiyyətində olan həmin qeyri-yaşayış obyektini qanunsuz şəkildə sökmüşlər. O, ünvana getdiyində qeyri-yaşayış obyektinin iradəsindən kənar şəkildə söküldüyünün şahidi olmuşdur. Bu vaxta qədər bir neçə dəfə şifahi olaraq İcra Hakimiyyətinə müraciət edərək bu qanunsuzluğun aradan qaldırılmasını, qeyriyaşayış obyektinin tikilərək əvvəlki vəziyyətə qaytarılmasını xahiş və tələb etsə də, heç bir faydası olmamışdır. Buradan belə bir fikir yaranır ki, Cavabdeh işçiləri qanunlara hörmət etmir, məhəl qoymur və vəzifə səlahiyyətlərini aşmağı, vəzifə səlahiyyətlərindən suiistifadə etməyi özlərinə borc bilirlər. Ümumiyyətlə, heç bir şəxsin və orqanın hər hansı bir tikilini özbaşına olsa da belə gəlib sökməyə səlahiyyəti və ixtiyarı yoxdur. Bu hərəkətin edilməsi qanuna ziddir və özbaşınalıqdır. Azərbaycan Respublikasının qanunverciliyi mülkiyyətə qanunsuz müdaxiləni qadağan edir və yalnız qanunla müəyyən edilmiş şərtlər daxilində və yalnız məhkəmə yolu ilə tikilinin sökülməsi qaydasını müəyyən etmiş, bu sahədə səlahiyyətləri isə ayrı-ayrı qurumlara həvalə etmişdir ki, şəhər (rayon) icra hakimiyyətlərinin birbaşa tikinitini sökmək və ya bu barədə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Tikilinin yenidən bərpa edilərək ona təhvil verilməsi barədə cavabdeh quruma müraciət etmiş, lakin müraciəti təmin edilməmiş, sökülmüş obyektin əvəzinə torpaq sahəsi ayrılacağı qeyd edilmişdir. Cavabdeh iddiaya qarşı öz yazılı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində ünvan 2ndə yerləşən sahəsi 13.3 kv.m olan “A” mağaza adlı qeyri yaşayış obyektinin onun mülkiyyətində olmasını və hüquqlarının 2005 - ci il tarixindən qeydiyyata alındığını, həmin obyektdən istifadə etdiyini və sonralar müəyyən səbəblərdən istifadəni dayandırdığını bildirmişdir. Həmçinin o, obyektinin Cavabdeh nümayəndələri tərəfindən sökülüb götürüldüyünü qeyd etmişdir. Bildirilir ki, Naftalan şəhərinin əsasını sanatoriya - kurort infrastrukturu təşkil edir. Möhtərəm Prezident cənab ilham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində şəhər beynəlxalq turizm mərkəzinə çevrilmişdir. Şəhərə müalicə və istirahət məqsədilə hər il minlərlə yerli və xarici turist səfər edir. Bununla əlaqədar şəhərdə geniş quruculuq və abadlıq işlərinin aparıldığını nəzərə alaraq, şəhərin ərazisində istismar müddəti başa çatmış, hazırkı görkəmi ilə şəhərin memarlıq üslubuna xələl gətirən obyektlərin və qeyri-qanuni tikililərin müəyyənləşdirilməsi və bu obyektlər barədə qanunauyğun tədbirlər görülməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 noyabr 2015-ci il tarixli 355 nömrəli Qərarı ilə “Naftalan şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair” Naftalan şəhərinin Baş planı təsdiq edilmişdir. Baş Plana uyğun olaraq şəhər ərazisindəki bütün mövcud çoxmərtəbəli yaşayış binalarının ətrafı abadlaşdırılır, əhalinin və şəhərə gələn qonaqların istirahəti üçün yeni istirahət zonaları yaradılır, park və səkilər, yollar təmir olunur, yaşıllıqlar salınır. İddiaçı iddia tələbi tamamilə əsassızdır. Belə ki, yuxarıda qeyd olunan ünvandakı obyektin şəhərin memarlıq üslubuna xələl gətirdiyinə, müasir standartlara cavab vermədiyinə görə sökülüb götürülməsi üçün Cavabdeh başçısının 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 04 mart 2022-ci il tarixli 21 nömrəli məktubla vətəndaşa müraciət edilmişdir. Eyni zamanda qeyd olunan məktubda və Cavabdeh 09 avqust 2022-ci il tarixli Ş-5-149/18 nömrəli məktubunda ilə ona bildirilmişdir ki, gələcəkdə şəhərin Baş Planına uyğun olaraq müvafiq ərazidən vətəndaşların sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Bu məqsədlə torpaq sahəsi ayrılan zaman ona da həmin ərazidən torpaq sahəsi veriləcəkdir. Həmçinin Cavabdeh başçısının 1nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin şəhər icra Hakimiyyətinə ünvanladığı 01 noyabr 2022-ci il tarixli 92 nömrəli məktubda bildirilir ki, vətəndaş İddiaçı ilə telefon əlaqəsi yaradılmış o özünün Naftalan şəhərində olmadığı üçün nümayəndələrini göndərəcəyini bildirmiş və bundan sonra onun nümayəndələri bacısı oğlu X2, həyat yoldaşının yaxını X5 əraziyə yaxınlaşaraq obyekt sahibi tərəfindən göndərildiklərini bildirmiş və obyektə aid tikinti materiallarını (hətta köhnə və yararsız kərpicləri belə) sökərək götürüb aparmışlar. Cavabdeh tərəfindən şəhər sakinləri və turistlərin məmnunluğu üçün atılan addım olaraq ərazi abadlaşdırılmış, müxtəlif çoxillik ağac növləri əkilmişdir. İddiaçı məxsus obyekt uzun müddətdir ki, isifadə edilməyərək baxımsız, yararsız vəziyyətdə olmuş və müasir standartlara cavab verməyərək şəhərin memarlıq üslubuna xələl gətirməklə yanaşı antisanitariya məkanına çevrilmişdir. Vətəndaşa dəfələrlə obyektini təmir etdirməsi bildirilsə də o bundan imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-244/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(104)-349/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-244/2023 nömrəli qərarı ləğv edilmiş, İddiaçı Cavabdehnə qarşı “13.3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1887/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(104)-349/2023 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(104)-239/2024 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-244/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)- 244/2023 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-2101/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “13.3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(104)-614/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-2101/2024 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı Cavabdehnə qarşı “13.3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi” tələbinə dair inzibati iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarını məhkəməyə təqdim etdikləri sənədlərə - sübutlara, iddiaya dair etirazdakı mövqeyə əsaslanaraq tamamilə əsassız hesab edirlər. Belə ki, Cavabdeh xx.xx.2022-ci il tarixli Ş-5-149/18 nömrəli məktubunda qeyd edilmişdir ki, Naftalan şəhəri, Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində, Heydər Əliyev parkına bitişik ərazidə yerləşən iddiaçıya məxsus mağazanın yararsız vəziyyətdə olduğuna, şəhərin memarlıq üslubuna xələl gətirdiyinə və standartlara cavab vermədiyinə görə iddiaçının nümayəndələrinin iştirakı ilə sökülüb götürülmüşdür. Gələcəkdə Baş plana uyğun olaraq şəhərin müvafiq ərazisindən vətəndaşların sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Bu məqsədlə torpaq sahəsi ayrılan zaman iddiaçıya da həmin ərazidən sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin verilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş, yerli icra hakimiyyəti başçılarının fəaliyyətini tənzimləyən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11-ci və 4.11-ci bəndlərində yerli icra Hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrindəki vəzifələri və səlahiyyətləri öz əksini tapmışdır. Həmin müddəaların məzmunundan da aydın olur ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, eləcə də şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin etmək və təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirmək birbaşa yerli icra hakimiyyəti başçılarının vəzifəsi kimi təsdiq edilmişdir. Göstərilənlərə əsasən hesab edirlər ki, Gəncə İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndələri X4 və X8 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izah etdi ki, ona məxsus həmin qeyri-yaşayış sahəsinin təmir edilməsi və ya da sökülməsi ilə bağlı ona hər hansı təklif və ya məlumat verilməmişdir. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməsinə dair cavabdehin nümayəndələrinin və həmin şikayətin təmin edilməməsinə dair iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2-1(114)-1451/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşə əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən olunur: - Naftalan şəhər D.T.İ.M.H.Q və Ş.K.İ tərəfindən təqdim edilmiş xx.xx.2005-ci il tarixli, 47a nömrəli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 2ndə yerləşən sahəsi 13,3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyekti mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmış və texniki pasport tərtib edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 3/71 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, ünvan 2ndə yerləşən qeyri-yaşayış obyekti 47A qeydiyyat nömrəsi ilə xx.xx.2005-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. - Cavabdeh başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 21 nömrəli məktubunun məzmunundan görünür ki, iddiaçıya məxsus Naftalan şəhəri, Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində, Heydər Əliyev parkına bitişik ərazidə yerləşən mağazanın şəhərin memarlıq üslubuna xələl gətirdiyinə görə sökülüb götürülməsi məqsədəmüvafiq hesab edilmiş və gələcəkdə Baş plana uyğun olaraq şəhərin müvafiq ərazisindən vətəndaşların sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün torpaq sahəsi verilən zaman o da torpaq sahəsi ilə təmin ediləcəkdir. - Cavabdeh Ş-5-149/18 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Naftalan şəhəri, Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində, Heydər Əliyev parkına bitişik ərazidə yerləşən iddiaçıya məxsus mağazanın yararsız vəziyyətdə olduğuna, şəhərin memarlıq üslubuna xələl gətirdiyinə və standartlara cavab vermədiyinə görə iddiaçının nümayəndələrinin iştirakı ilə sökülüb götürülmüşdür. Gələcəkdə Baş plana uyğun olaraq şəhərin müvafiq ərazisindən vətəndaşların sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Bu məqsədlə torpaq sahəsi ayrılan zaman iddiaçıya da həmin ərazidən sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin verilməsi nəzərdə tutulur. - Cavabdeh başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 92 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı məxsus yararsız tikilinin sökülüb götürülməsi üçün tərəflərindən rəsmi məktub göndərilmişdir. Eyni zamanda vətəndaşla telefon əlaqəsi yaradılmış və tikilisinin sökülüb götürülməsi xahiş edilmişdir, cavab olaraq İddiaçı özünün ərazidə olmadığı üçün nümayəndəsini göndərəcəyini bildirmiş və bundan sonra onun nümayəndələri, bacısı oğlu X2, həyat yoldaşının yaxını X5 əraziyə yaxınlaşaraq obyekt sahibi tərəfindən göndərildiklərini bildirmişlər və tikiliyə aid yararlı tikinti materiallarını sökərək götürüb aparmışlar. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********40 nömrəli məktubundan görünür ki, İddiaçı adına olan xx.xx.2005-ci il tarixli, 47A saylı qeydiyyat vəsiqəsinin özgəninkiləşdirilib-özgəninkiləşdirilməməsi barədə məlumat Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin arxiv məlumatlarında aşkar edilməmişdir. - Birinci instansiya məhkəməsinin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 5-4/2- 137/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Naftalan şəhər ərazisində Elektron uçot xəritələri işlənilən zaman bəzi çatışmazlıqlar müəyyən olunmuşdur. Odur ki, elektron uçot xətirələrində çatışmazlıqlar aradan qaldırıldıqdan və düzəlişlər olunduqdan sonra müvafiq ərazidən sahibkarlıq məqsədilə şəhər sakinlərinə torpaq sahəsi ayrılan zaman vətəndaş İddiaçı müraciətinə qanunamüvafiq qaydada baxılacaqdır. - Məhkəmənin sorğusuna Tərtər rayon Xüsusi Notariusunun xx.xx.2024-cü il tarixli 415 nöömrəli cavab məktubunda bildirilmişdir ki, 2022-ci il ərzində Naftalan şəhər dövlət notariat ofisində qeyri-yaşayış binalarının alqı-satqısı ilə bağlı hər hansı bir alqı-satqı müqaviləsi təsdiq edilməmişdir. Ona görə də, yuxarıda qeyd edilən sorğunun onlar tərəfindən cavablandırılması qeyri-mümkündür. - Məhkəmə qərardadı ilə əldə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 155/Mİ/25 nömrəli qiymətləndirmə rəyi ilə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 13.3 kv.m olan sökülmüş “A”mağaza adlı qeyri-yaşayış binasının 2022-ci ilin mart-aprel ayına olan bazar dəyəri 24500 (iyirmi dörd min beş yüz) manat, hazırki dövrə bərpa (inşa) dəyəri 9510 (doqquz min beş yüz on) manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, ünvan 2ndə yerləşən sahəsi 13,3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyekti iddiaçının mülkiyyətində olmaqla hüquqların 2005-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış obyektindən uzun müddət təyinatına uyğun olaraq istifadə etmiş, daha sonra müəyyən səbəblərdən istifadəni dayandırmış, 2022-ci ildə Cavabdeh nümayəndələri tərəfindən həmin qeyri-yaşayış obyekti iddiaçıya hər hansı məlumat verilmədən sökülmüşdür. İddiaçı tərəfindən dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh tərəf həmin tikilini əvvəlki yerində bərpa edilməsindən imtina etmişdir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi qərarı onunla əsaslandırmışdır ki, cavabdeh orqan mağazanın sökülməsinə dair hərəkətlərini o halla əsaslandırır ki, iddiaçıya məxsus mağaza yararsız vəziyyətdə olmaqla, şəhərin memarlıq üslubuna xələl gətirir və standartlara cavab vermirdi. Lakin cavabdeh orqanın həmin istinadı həqiqətən mövcud olmuş olsa belə, iddiaçının mülkiyyətində olan mağazanın söküntüsü mülkiyyətə qəsd şəklində deyil, yalnız onun ədalətli dəyərinin əvvəlcədən ödənilməklə (istər iddiaçının razılığını almaqla, istərsə də əmlakın dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edilməklə) həyata keçirilməli idi. Lakin iş materialları ilə müəyyən edilir ki, söküntüdən əvvəl iddiaçıya mağaza binasını şəhərin memarlıq üslubuna uyğunlaşdırılması barədə heç bir xəbəredici məlumat verilməmiş, eyni zamanda iddiaçının iştirakı və razılığı olmadan mağazanın söküntüsü həyata keçirilmişdir. Məhkəmə cavabdeh orqanın dəlillərini həm də ona görə əsassız hesab edir ki, sözügedən əraziyə baxış zamanı cavabdeh orqanın park ərazisi adlandırdığı sahədə digər obyektlər sökülməmişdir, hansı ki, həmin qeyri-yaşayış sahələrinin heç də iddia olunduğu kimi şəhərin memarlıq üslubuna uyğun şəkildə təmirli olması müəyyən edilməmişdir. Hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün iddiaçıya məxsus qeyri-yaşayış binasından (mülkiyyətindən) məhrum edilməsi ilə bağlı cavabdehin qanunsuz hərəkəti və bu hərəkət nəticəsində iddiaçıya maddi ziyan vurulması faktı iş üzrə materiallarla təsdiq olunur. Yəni yekunda məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində iddiaçı öz mülkiyyətindən məhrum edilmiş və bunun nətiəsində ona maddi ziyan dəymişdir. Məhkəmə qərardadı ilə əldə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 155/Mİ/25 nömrəli qiymətləndirmə rəyi ilə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 13.3 kv.m olan sökülmüş “A”mağaza adlı qeyri-yaşayış binasının 2022-ci ilin mart-aprel ayına olan bazar dəyərinin 24500 (iyirmi dörd min beş yüz) manat, hazırki dövrə bərpa (inşa) dəyərinin 9510 (doqquz min beş yüz on) manat təşkil etdiyi müəyyən edilsə də, iddiaçı zərərin əvəzinin pul şəklində deyil, naturada ödənilməsini, yəni mağazasının tikilərək naturada təhvil verilməsini tələb edir. İddiaçı hazırkı tələbində İddiaçı Cavabdehnə qarşı 13.3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçıya vurulmuş ziyanın naturada ödənilməsini tələb etmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) onun hüququdur. Beləliklə, göstərilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçının mülkiyyətinə cavabdeh inzibati orqan tərəfindən müdaxilə olmuş və bu müdaxilə qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilməmişdir. Nəticədə iddiaçı özünə məxsus əmlakından istifadə, sahiblik və sərəncam hüquqlarından məhrum olmuşdur. Bu hal mülkiyyət hüquqlarının məhdudlaşdırılmasının yolverilməzliyi prinsipi baxımından qanunsuzdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığı, dövlət tərəfindən müdafiə olunduğu və xüsusi mülkiyyət hüququnun qanunla qorunması təsbit edilmişdir. Göründüyü kimi, istənilən inzibati orqan və ya inzibati akt qəbul etməyə səlahiyyət olan hüquqi şəxs konstitusion prinsiplərə hörmət etməli, mülkiyyətin toxunulmazlığını və mülkiyyətçilərin hüquqlarının qorunmasını təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Axverdiyev Azərbaycana qarşı” xx.xx.2015-ci il tarixli qərarında qeyd etmişdir ki, mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç sərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmus sərtlərə” uygun olaraq həyata keçirilməlidir; “ictimai maraga” uygun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlıgı müəyyən etməlidir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-ci maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Həmin Qanunun torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətlərindən bəhs edən 4.1-ci maddəsinə əssən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətinə cavabdeh tərəfindən qanunsuz müdaxilə olmuş və nəticədə iddiaçı mülkiyyətindən məhrum olmuşdur. Cavabdeh inzibati orqanın təqsiri nəticəsində iddiaçıya maddi ziyan vurulmuşdur. Yuxarıda sadalanan maddi hüquq normaların tələblərinə görə, vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa ziyan və ya zərər vurulması ilə nəticələnən hüquqazidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Yuxarıda qeyd edilən normaların məzmunundan görünür ki, mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və yalnız bu əsasla da ondan vurulmuş maddi zərərin əvəzi tutula bilər. Yuxarıda qeyd olunan işin faktiki hallarına görə cavabdehin iddiaçı qarşısında mülki hüquq məsuliyyəti daşıması müəyyən olunmuşdur. Şəxsin mülkiyyətinə ziyanın vurulması sübut olunduğuna görə ziyan ödənilməlidir. Məhkəmə kollegiyası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini münasibətdə qeyd edir ki, sübuta ehtiyacı olmayan haldır ki, şəhər və yaxud rayon ərazisində aparılan abadlaşdırma, yenidənqurma tədbirləri müvafiq şəhər və ya rayon icra hakimiyyətinin sərəncamı və ya göstərişi əsasında aparılır. Digər tərəfdən, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığı, dövlət tərəfindən müdafiə olunduğu və xüsusi mülkiyyət hüququnun qanunla qorunması təsbit edilmişdir. Göründüyü kimi, konstitusion prinsiplərə əsasən Cavabdeh rayon ərazisində mülkiyyətin toxunulmazlığını və mülkiyyətçilərin hüquqlarının qorunmasını təmin etməyə borclu olan əsas icra hakimiyyəti orqanıdır. İddiaçıya məxsus mağaza tikilisinin cavabdeh tərəfindən sökülməsini cavabdehin özü də inkar etmir. Belə ki, şikayətin dəlillərində də qeyd edilir ki, parka bitişik ərazidə yerləşən iddiaçıya məxsus mağaza yararsız vəziyyətdə olduğuna, şəhərin memarlıq üslubuna xələl gətirdiyinə və standartlara cavab vermədiyinə görə sökülüb götürülmüşdür. Odur ki, qeyd edilən əsasa görə iddia tələbinin təmin edilməməsi qanuni hesab edilə bilməz. Beləliklə də kollegiya hesab edir ki, iş materialları ilə İddiaçı məxsus ünvan 2ndə yerləşən sahəsi 13,3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyekti Cavabdeh tərəfindən söküldüyü öz təsdiqini tapdığından və iddiaçı da qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etdiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1451/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar ondan kassasiya şikayəti verilməzsə, tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar