Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-683/2023 05.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3317/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023cü il tarixli **********8601 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 12 saylı ƏVBİ-nin xx.xx.2023cü il tarixli **********8601 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına məsuliyyətə cəlb edilməsi haqqında qərarına əsasən ona 52197,06 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, cavabdeh vergi orqanı xx.xx.2023-cü il tarixli **********3872 nömrəli qərara əsasən iddiaçıya məxsus obyektdə opeartiv nəzarəti həyata keçirmiş və tədbirin nəticəsi olaraq tərtib edilmiş xx.xx.2023-cü il tarixli DVX seriyalı 007190 nömrəli akta əsasən obyektdə 521970,60 manat məbləğində malların alışına dair təsdiqedici sənədin olmadığı müəyyən edilmişdir. Vergi orqanı həmin malların dəyərini NBA Consalting Group tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MB-16-0275 nömrəli ekspert rəyinə əsasən müəyyən etmişdir. Aşağıda qeyd edilənlərə əsasən cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********8601 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarını qanunsuz hesab edir. Cavabdeh vergi orqanı anbarda başqa vergi ödəyicilərinə məxsus olan malları iddiaçının malları kimi qiymətləndirmişdir. Belə ki, həmin mallar anbarda xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında fəaliyyət göstərən Ahmet Koç adlı başqa bir vergi işçisinə məxsus olmuşdur. Bundan başqa, anbarda mövcud olan malların bir qismi əvvəlki operativ vergi nəzarəti zamanı aşkar edilmiş və barəsində maliyyə sanksiyası tətbiq edilmiş mallardır və həmin mallara görə tətbiq edilmiş maliyyə sanksiyası onun tərəfindən ödənilmişdir. Bu isə o deməkdir ki, vergi orqanı eyni pozuntuya görə iddiaçını ikinci dəfə məsuliyyətə cəlb etmişdir. Halbuki, VM-nin 53.2-ci maddəsinə əsasən heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. Həmçinin, vergi orqanı malların alış qiymətini də düzgün müəyyən etməmişdir. Belə ki, cavabdehin istinad etdiyi ekspert rəyində malların dəyərinin müəyyən edilməsinə dair konkret mənbəyə istinad edilməmiş, ümumi şəkildə qiymətlər qeyd edilmişdir, bu da həmin rəyin mötəbər sübut olmadığını göstərir. Bundan başqa, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar iddiaçı və ya onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsinə təqdim edilməmişdir. Eyni zamanda, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarda tədbirin hansı əsasla həyata keçirilməsi göstərilməmiş, sadəcə yoxlamaların vahid məlumat reyestrindən çıxarışda yoxlamanın bəlli məlumat əsasında təyin edilməsi göstərilmiş, lakin həmin mənbəyi bəlli məlumatın nə olması açıqlanmamışdır. Halbuki, operativ vergi nəzarətinin təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına, o cümlədən VM-in 50.2.2-ci maddəsinə istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları va məlumatları öz qərarında əsaslandırmağa borcludur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3317/2023 saylı qərardadı ilə (hakim G.Əliyeva) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin həmin məhkəməyə qaytarılması baradə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, məhkəmənin iddianın mümkün sayılmaması barədə dəlillərinə münasibətdə aşağıdakıları qeyd edilir ki, məhkəmənin iddiaçının 2023-cü ilin aprel ayından iddia müddətinin ötürülməsini üzürlü hesab edəcək əsasları təqdim etməməsi barədə dəlilinə münasibətdə qeyd edilir ki, şikayətə əlavə edilən arayışlara əsasən iddiaçı may ayının 1indən 24-dək Gəncə şəhərində boks idman növü üzrə təlim məşq toplanışında, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək isə İmişli rayonunda təlim məşq toplanışında olmuşdur. Göründüyü kimi, iddiaçı iddia ərizəsini məhz təlim məşq toplanışından döndükdən dərhal sonra təqdim etmiş və 1 may tarixindən 19 iyun tarixinədək Mingəçevir şəhərində olmaması səbəbindən iddia ərizəsini qanunla müəyyən edilmiş müddətdə təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçı yaşayış yerindən kənarda təlim məşq toplanışında olduğundan, iddia müddətini təqsiri olmadan buraxmışdır ki, bu da prosessual müddətin bərpası üçün əsasdır. Bundan başqa, cavabdeh vergi orqanı mübahisələndirilən qərarı qanunla müəyyən edilmiş qaydada təqdim etməmişdir. Belə ki, mübahisələndirilən qərar iddiaçıya elektron imza vasitəsilə imzalanmadan göndərilmişdir ki, bu da həmin qərarın ümumiyyətlə qanunla müəyyən edilmiş çatdırılmadığını göstərir. İş materiallarına əlavə edilmiş mübahisələndirilən qərar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, həmin qərarlar iddiaçıya çatdırılmış sayıla bilməz. Bundan başqa, qərar poçt vasitəsilə iddiaçıya çatdırılmamışdır. İddiaçının nümayəndəsi işə Gəncə İnzibati Məhkəməsində baxılan zaman yanılma nəticəsində poçt vasitəsilə çatdırıldığını qeyd etmişdir. Qərar iddiaçıya yalnız elektron kabinet vasitəsilə göndərilmişdir. Cavabdeh apellyasiya şikayətinə dair məhkəməyə öz etirazını təqdim edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandılmışdır ki, hazırki iş üzrə iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddət prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********8601 nömrəli qərar xx.xx.2023-cü il tarixli tərəfimizdən İddiaçı göndərilmiş, xx.xx.2023-cü tarixdə isə poçta təqdim edilmişdir. Həmçinin iddiaçı sözügedən qərarla xx.xx.2023-cü il tarixdə saat 18:24də elektron kabinet vasitəsi ilə tanış olaraq qəbul etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli elektron sənəd mübadiləsi haqqında müqavilənin 1.7.1-ci yarımbəndinə əsasən sənəd vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin kabinetinə göndərildikdə göndərildiyi gündən 3 iş günü keçdikdən sonra çatdırılmış hesab edilir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, o, may ayının 1-dən 24-dək Gəncə şəhərində boks idman növü üzrə təlim məşq toplanışında, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək isə İmişli rayonunda təlim məşq toplanışında olmuşdur. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Qeyd edilən arqumentlə bağlı bildirilir ki, hazırda elektron qaydada eməhkəmə vasitəsilə məhkəmələrə müraciət etmək mümkündür, yəni iddiaçının istər ölkə xaricində, istər ölkə daxilində lakin daimi yaşayış yerindən fərqli bir ərazidə olması məhkəməyə müraciət etmək imkanını aradan qaldırmır. Belə ki, e-məhkəmə sistemi fasiləsiz rejimdə işləməklə yanaşı, internetə çıxışı olan istənilən cihazdan və internetə çıxış imkanı olan istənilən yerdən ora daxil olmaq və ərizə, şikayət, o cümlədən istənilən digər sənədləri yükləmək mümkündür. Bu baxımdan hesab edilir ki, iddiaçının Gəncə və İmişli şəhərlərində təlim məşq toplanışlarında olması üzrlü hal kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmiş əlavə olaraq bildirmişdir ki, iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürməsinə səbəb onun həmin dövrlərdə Gəncə və İmişli şəhərlərində boks idman növü üzrə təlim məşq toplanışlarında olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Məhkəmə kollegiyası xatırladır ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının nümayəndəsi ərizə verərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə təqdim etdiyi “X8 İdman klubu” tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı 2023-cü ilin may ayının 25-dən - iyun ayının 19-dək Boks idman növü üzrə İmişli şəhərində təlim məşq toplanışında olmuşdur. Həmçinin “X7 Klubu” MMC tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı 2023-cü il may ayının 1-dən – 24-dək Gəncə şəhərində Boks İdman növü üzrə təlim toplanışında olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 2023-cü ilin may ayının 1-dən iyun ayının 19-dək qeyd olunan idman növü üzrə təlim toplanışlarında olması qanunvericiliklə müəyyən edilmiş müddətə məhkəməyə müraciət edilməməsi üçün üzrlü səbəb kimi hesab edilməməlidir. Belə ki, müddətin bərpa edilməsi üçün üzrlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, şikayət vermək üçün müəyyən olunmuş müddətdə, şəxsin şikayət verməsinə yönələn hərəkətləri etməsinə mane olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Lakin iddiaçı tərəf buraxılmış müddətin üzürlü hesab olunmasına dair dəlillərində belə hal mövcud olmadığından hazırki iddia tələbi müddət ötürülməklə verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli qarşılıqlı məlumat mübadiləsinə dair müqavilədə aşağdakılar təsbit olunmuşdur: Bənd 1.5. Tərəflər arasında elektron kabinet vasitəsilə elektron üsulla mübadilə olunan akt, protokol, qərar, müraciət (ərizə, sorğu, təklif və şikayət), tələbnamə, bildiriş, xəbərdarlıq, bəyannamə (hesabat), arayış, çıxarış və digər sənədlər (bundan sonra – sənəd), habelə məlumatlar kağız daşıyıcıda olan sənədə bərabər tutulur və hər iki sənəd eyni hüquqi qüvvəyə malikdir. Bənd 1.7. Elektron kabinet vasitəsilə sənədlər (onların surətləri) və məlumatlar aşağıdakı müddətdə Tərəflərə çatdırılmış sayılır: 1.7.1. vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə əlavə edilən: Maddə 13.2.72. elektron kabinet - vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Maddə 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisələndirilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8601 nömrəli, xx.xx.2023-cü il tarixli qərar xx.xx.2023-cü il tarixli, **********897500 nömrəli məktubla iddiaçıya göndərilmişdir. xx.xx.2023-cü il tarixli reyestrə həmin qərarın göndərilməsinə dair müvafiq qeydlər edilmiş rabitə orqanına təqdim edilmiş və xx.xx.2023-cü il tarixdə İddiaçı göndərilmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış qarşılıqlı sənəd mübadiləsi haqqında xx.xx.2019-cu il tarixli müqaviləyə uyğun olaraq hazırda mübahisələndirilən qərar xx.xx.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmiş və iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə saat 18:24-də oxunmuşdur. Bununla da, iddiaçının həmin qərarlardan qanunvericiliklə nəzərdə tutulmuş 30 gün şikayət vermə müddətini ötürməsi öz təsdiqini tapmışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinin tələblərinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın elan olunduğu vaxtdan, şikayət intansiyasına şikayət verildiyi hallarda isə, şikayətə dair qərarın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Göründüyü kimi, iddiaçı hazırda mübahisələndirilən qərarı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni əsaslı sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3317/2023 saylı qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-683/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-683/2023
05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver