Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-688/2023 28.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X3 başçılığı ilə X5 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Şəmkir rayon Yeni Göyçə bələdiyyəsi) torpaq sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-177/2023 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli, 102 nömrəli sərəncamından görünür ki, Çaykənd sovxozunun ərazisindən 35 hektar torpaq sahəsi İcra Hakimiyyətinin balansına götürülmüş, AR Torpaq Məcəlləsinin 60-cı maddəsinin və "X8" haqqında AR Qanununun tələblərinə əsasən "Çaykənd" sovxozunun ərazisində X3 başçılığı ilə X8 yaradılmış və Şəmkir rayonu, Çaykənd kəndində yerləşən "Orlonun yeri" adlanan ərazidən 35 ha (otuz beş) torpaq sahəsinin X3 başçılığı ilə yaradılmış X6 ayrılması qərara alınmışdır. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etmiş, sonuncu isə müraciətə dair hər hansı bir hərəkət həyata keçirməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı X3 başçılığı ilə X8 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Şəmkir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli sərəncamı ilə Şəmkir rayonu, Çaykənd kəndində yerləşən “Orlonun yeri” adlanan ərazidən X3 başçılığı ilə X6 ayrılmış 35 (otuz beş) ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1996-cı il tarixli sərəncamı ilə Çaykənd sovxozunun ərazisindən 35 hektar torpaq sahəsi İcra Hakimiyyətinin balansına götürülmüşdür. Həmin sərəncama əsasən AR Torpaq Məcəlləsinin 60-cı maddəsinin və "X8" haqqında AR Qanununun tələblərinə əsasən "Çaykənd" sovxozunun ərazisində X3 başçılığı ilə X8 yaradılmış və onun nizamnaməsi təsdiq edilmişdir. Sözügedən Sərəncamın digər bəndinə əsasən Şəmkir rayonu, Çaykənd kəndində yerləşən "Orlonun yeri" adlanan ərazidən 35 ha (otuz beş) torpaq sahəsinin X3 başçılığı ilə yaradılmış X6 ayrılması qərara alınmışdır. Belə ki, X6 ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüquqlarınızın təsdiq edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə müraciət edilmişdir. Lakin müraciətin qəbul edilməsindən 7 ayın ötməsinə baxmayaraq bugünədək ərizəyə hər hansı münasibət bildirilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-177/2023 saylı qərardadı ilə Şəmkir rayon Yeni Göyçə bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Həmçinin iddiaçının vəkilinin müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia “Şəmkir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli sərəncamı ilə Şəmkir rayonu, Çaykənd kəndində yerləşən “Orlonun yeri” adlanan ərazidən X3 başçılığı ilə X6 ayrılmış 35 (otuz beş) ha torpaq sahəsinə dair istifadə hüquqlarının dövlət reyestrindən qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, **********39 nömrəli etirazda qeyd edilmişdir ki, X1 Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli Sərəncamına əsasən onun istifadəsinə verilmiş Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən 35.0 ha torpaq sahəsi üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı 02 fevral 2022-ci il tarixli ərizə ilə 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Araşdırma aparılarkən onun iddiasında olduğu Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən "Orlonun yeri" adlanan ərazidə Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1997-ci il tarixli, 44 nömrəli qərarı ilə 40 nəfər Şəmkir rayon Yuxarı Çaykənd kənd sakinlərinin adlarına "Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”ları tərtib edilmişdir. Bu səbəbdən də onun ərizəsinin icrasından imtina edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-177/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli, 102 nömrəli sərəncamı ilə Şəmkir rayonu, Çaykənd kəndində yerləşən “Orlonun yeri” adlanan ərazidən X3 başçılığı ilə X6 ayrılmış 35 (otuz beş) ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi **********85 saylı çıxarışla bələdiyyə mülkiyyətində olan 4.93 ha hissəsi istisna olmaqla, üzərində X3 başçılığı ilə X5 istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur və bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur, eyni zamanda qanunvericiliklə dövlət mülkiyyətində olan torpaqların konkret dairəsi müəyyən edilmişdir. Təqdim edilmiş sübutlarla, eləcə də əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, X3 başçılığı ilə X6 verilmiş 35.47 ha torpaq sahəsi ilə JN-90, 91, 92, 93, 94, 95, 96, 97, 98 və 99 saylı torpağa dair mülkiyyət hüququna dair Dövlət Aktları ilə müəyyən edilmiş torpaq sahələri üst-üstə düşmür. Beləliklə müəyyən olunur ki, cavabdehin istinad etdiyi arqument (yəni, iddia olunan torpaq sahəsinə dair vətəndaşların adına Dövlət aktlarının tərtib edilməsi) əsassızdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Ərazi İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın tam ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsasız olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli, 2-1(114)- 177/2023 saylı qərarla iddiaçı X3 iddia ərizəsini təmin edərək Şəmkir Rayon İcra hakimiyyəti Başçısının 23 iyun 1996-cı il tarixli sərəncamı ilə Şəmkir rayonu, Çaykənd kəndində yerləşən Orlonun yeri adlanan ərazidən X3 başçılığı ilə X6 ayrılmış 35 ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi **********85 saylı çıxarışla bələdiyyə mülkiyyətində olan 4.93 ha hissəsi istisna olmaqla, üzərində X3 başçılığı ilə X5 istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə öhdəlik qoymuşdur. Qeyd olunanları nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinin tələbləri pozulmuşdur. Belə ki, sözügedən ərazidə digər vətəndaşlara dair kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dövlət aktlar tərtib edildiyinə və X3 başçılığı ilə X6 ayrılmış 35 ha torpaq sahəsinə dair yerquruluşu sxemi olmadığına görə qərar ləğv olunmalıdır. Hesab edirik ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların sübut olunmadığından qərar ləğv olunmalıdır. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin və üçüncü nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri:
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. ...
Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ:
1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları.
2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.
3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir.
4. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).
Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli, 102 nömrəli sərəncamı ilə Şəmkir rayonu, Çaykənd kəndində yerləşən "Orlonun yeri" adlanan ərazidən 35 ha (otuz beş) torpaq sahəsi X3 başçılığı ilə yaradılmış X6 ayrılmışdır. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etmiş, sonuncu isə müraciətə dair hər hansı bir hərəkət həyata keçirməmişdir. Apellyatorun şikayətinin dəlillərində sözügedən ərazidə digər vətəndaşlara dair kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dövlət aktlar tərtib edildiyinə və X3 başçılığı ilə X6 ayrılmış 35 ha torpaq sahəsinə dair yerquruluşu sxemi olmadığına görə birinci instansiya məhkəməsinin qərarının ləğv olunmalı olması qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın irəli sürdüyü dəlil əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, işdə olan mütəxəssis rəyindən (167 vərəq) görünür ki, Şəmkir rayonu ,Çaykənd kəndində yerləşən "Orlonun yeri" adlanan ərazidən X3 başçılığı ilə X6 verilmiş və faktiki istifadəsi kimi təqdim etdiyi (iddia etdiyi) 35.47 ha torpaq sahəsi ilə JN-90, 91, 92, 93, 94, 95, 96, 97, 98 və 99 saylı torpağa dair mülkiyyət hüququna dair Dövlət Aktları ilə müəyyən edilmiş torpaq sahələri üst-üstə düşmür, Şəmkir Rayon İcra Hakimiyyəti üzrə 102 №-li, 23 iyun 1996-cı il tarixli sərəncamla Şəmkir rayonu, Çaykənd kəndində yerləşən "Orlonun yeri" adlanan 166 ha ərazinin hüdudları daxilində yerləşən X3 başçılığı ilə X5 istifadəsi kimi iddia edilən və göstərilən 35.47 ha torpaq sahəsi boşdur, həmin torpaq sahələri bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş və müəyyən hissəsi bələdiyyənin adına reyestrdən çıxarışla rəsmiləşdirilmiş BEF torpaq sahəsidir. Göründüyü kimi cavabdeh inzibati orqanın şikayətinin dəlilləri əsassızlığı yuxarıda qeyd olunan mütəxəssis rəyi ilə öz təsdiqini tapmışdır. Belə ki, müvafiq rəylə iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb etdiyi sahənin başqa subyektlərin torpaq sahəsi ilə üst-üstə düşməsi halı aşkar edilmədiyindən cavabdeh inzibati orqanın dəlilləri artıq təkzib edilmişdir. Həmçinin məhkəmə kollegiya mübahisə predmeti olan torpaq sahəsinin 4.93 ha hissəsi üzərində bələdiyyənin mülkiyyət hüquqlarının qeydiyyata alınması görə tələbin həmin hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bundan başqa apellyator şikayətində göstərmişdir ki, mübahisəli daşınmaz əmlak notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmalı idi. Lakin işin hallarından da göründüyü kimi iş üzrə tərəflərdən heç biri müvafiq sənədləşmə aparılması üçün qeydiyyat idarəsinə müraciət etməmişdir. Göründüyü kimi, iş üzrə iddiaçının daşınmaz əmlaka alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası formal xarakter daşıyır. Kollegiya həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd eyməyi zəruri hesab edir. Belə ki, «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinin ikinci cümləsinə əsasən bələdiyyələr qərar qəbul etdiyi andan 15 gündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası ədliyyə nazirinin 16 mart 2007-ci il tarixli, 9-T №-li əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi haqqında Əsasnamə»nin 7.5-ci bəndinə əsasən Mərkəz öz vəzifələrini həyata keçirmək üçün bələdiyyə aktının Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd olması barədə kifayət qədər əsas olduqda aktın qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə müraciət etmək və bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. Göründüyü kimi cavabdeh orqan bələdiyyə aktının Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd olması barədə kifayət qədər əsas olduqda aktın qanunvericiliklə müəyyən olunmuş müddətdə dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə müraciət etmək və bələdiyyə tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəmə qarşısında iddia qaldırmaq hüququna malik deyil. Belə olan halda qanunvericliyin tələbinə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Ərazi İdarəsinin dəlilləri əsassız olmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-177/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.