Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-689/2023 15.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin hakimləri - Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Süleymanov Loğman Srac oğlundan tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil X2, cavabdeh Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3, üçüncü şəxs Göygöl Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə və üçüncü şəxs Göygöl Rayon İcra Hakimiyyətinə qarşı “qərarların ləğv edilməsi və vergi borcunun silinməsi” tələbinə dair iddia tələbi üzrə Gəncə İnzibati Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2-1(114)-1481/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi və tələbinin əsaslandırması: İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə və üçüncü şəxs Göygöl Rayon İcra Hakimiyyəti qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli **********638800 nömrəli, xx.xx.2020-ci il tarixli **********827900 nömrəli, xx.xx.2021-ci il tarixli **********682600 nömrəli və xx.xx.2021-ci il tarixli **********930600 nömrəli qərarlarının ləğv edilməsi və qanunsuz hesablanmış 1007,59 manat vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Göygöl Rayon İcra Hakimiyyəti ilə torpaq icarə müqaviləsi bağlayaraq 700 ha qış və yay otlaq sahəsini 15 il müddətinə icarəyə götürmüşdür. İcarə müqaviləsinin 3.4-cü bəndinə əsasən hər il torpaq vergisi nəzərə alınmaqla, icarəyə verənə 805 manat icarə haqqı ödəməlidir. Müqavilənin şərtlərinə uyğun olaraq hər il illik 805 manat icarə haqqını ödəmişdir və ödədiyi icarə haqqından torpaq vergisi ödənilmişdir. Buna baxmayaraq vergi orqanı tərəfindən qanunsuz və əsassız olaraq xx.xx.2019-cu il tarixli **********638800 nömrəli, xx.xx.2020-ci il tarixli **********827900 nömrəli və xx.xx.2021-ci il tarixli **********930600 nömrəli qərarlar qəbul olunaraq 723,75 manat əsas, 183,84 manat faiz və 100 manat maliyyə sanksiyası olmaqla 1007,59 manat borcun tutulması qərara alınmış və icra olunması üçün Göygöl rayon İcra və probasiya idarəsinə göndərilmişdir. Qeyd olunan borcun yazılmasından xəbərləri olmamış, yalnız icra idarəsindən bildiriş gələndə məlum olmuşdur ki, vergi orqanı qanunsuz olaraq müəssisəyə 1.007,59 manat vergi borcu yazmışdır. Müəssisəyə yazılmış borc qanunsuz və əsassız yazılmışdır. Qeyd olunan borcun silinməsini xahiş etsələr də, cavabdeh orqan tərəfindən imtina edilmiş, əksinə icra orqanına göndərilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Birinci instansiya məhkəməsində birinci icraat: Gəncə İnzibati Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2-1(114)-734/2022 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********638800 nömrəli, xx.xx.2020-ci il tarixli **********827900 nömrəli və xx.xx.2021-ci il tarixli **********930600 nömrəli qərarlarının ləğv edilməsi və hesablanmış 1.007,59 manat vergi borcun silinməsi qərara alınmışdır. Gəncə İnzibati Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2-1(114)-734/2022 nömrəli qərarından narazı qalan Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyasında birinci icraat: Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-573/2022-ci il tarixli, 15 noyabr 2022-ci il tarixli qərardadı ilə (sədrlik edən A.Bayramov, hakimlər R.Mamedov, A.İsgəndərova) Gəncə İnzibati Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2-1(114)-734/2022 nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsində ikinci icraat: Gəncə İnzibati Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2-1(114)-1481/2023 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilməmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2-1(114)-1481/2023 nömrəli qərarından narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2004-cü ildən yaradılaraq sahibkalıq fəaliyyəti ilə məşğul olur (VÖEN **********). Müəssisə Göygöl Rayon İcra Hakimiyyəti ilə torpaq icarə müqaviləsi bağlayaraq 700 ha qış və yay otlaq sahəsini 15 il müddətinə icarəyə götürmüşdür. İcarə müqaviləsinin 3.4-cü bəndinə əsasən hər il torpaq vergisi nəzərə alınmaqla icarəyə götürən icarəyə verənə 805 manat icarə haqqı ödəməlidir. Müqavilənin şərtlərinə uyğun olaraq müəssisə hər il illik 805 manat icarə haqqını ödəmiş və ödənilən icarə haqqından torpaq vergisi tutulub. Buna baxmayaraq vergi orqanı tərəfindən qanunsuz və əsassız olaraq xx.xx.2019-cu il tarixli, **********638800 saylı, xx.xx.2020-ci il tarixli, **********827900 saylı və xx.xx.2021-ci il tarixli, **********930600 saylı qərarlar qəbul olunaraq 723.75 manat əsas, 183.84 manat faiz və 100 manat maliyyə sanksiyası olmaqla, cəmi 1007.59 manat borcun tutulması qərara alınmış və icra olunması üçün Göygöl rayon İcra və Probasiya idarəsinə göndərimişdir. İddiaçı bu günkü gündə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Hazırki qərarlar onun sahibkarlıq fəaliyyətinə maneçilikdən başqa bir şey deyil. Belə ki, müəssisə qanuni və əsaslı olaraq icarəyə verəndən torpaq sahəsini icarəyə götürmüş və icarə haqqının tərkibində torpaq vergisini də icarəyə verənə ödəmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X5 apellyasiya şikayətində göstərilənlərə uyğun çıxış edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, iddiaçının vergi orqanının qərarlarından məlumatı olmamış, bu barədə yalnız icra idarəsindən bildiriş gələndə məlumat almışdır. Elektron kabinetə gəlmiş qərarların kim tərəfindən oxunulmasını bilmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X6 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qəbul edilmiş qərarlar iddiaçının elektron kabinetinə göndərilmiş və həmin qərarlar iddiaçı tərəfindən oxunmuş, lakin qanunla müəyyən edilmiş müddətdə mübahisələndirilməmişdir. Vergi informasiya sistemi elə qurulmuşdur ki, vergi ödəyicisinin elektron qutusuna hər hansı bir sənəd göndərildiyi halda, həmin sənəd oxunmadıqda vergi ödəyicisi tərəfindən hər hansı bir əməliyyatın aparılması mümkün olmuşdur. Buna görə də iddiaçının qərarlardan məlumatsız olmaları ilə bağlı dəlilləri həqiqəti əks etdirmir. İddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsində vəsatət versələr də vəsatətləri təmin olunmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Göygöl Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 izahat verib bildirmişdir ki, iddiaçı 700 ha torpaq sahəsinin istifadəçisi yox, icarəçisi olmuşdur. İcarəçinin torpaq vergisi ödəməsi isə onlar icarə müqaviləsi bağladıqdan sonra Vergi Məcəlləsinə edilmiş dəyişiklikdə müəyyən edilmişdir. Onlar müqavilə bağladıqları dövrdə icarəçinin torpaq vergisinin ödəyicisi olması vergi qanunvericiliyində təsbit olunmamışdır. Bu səbəbdən yay və qış otlaqlarının 1 hektarının torpaq vergisi Göygöl rayonu üzrə 0,25 manat təşkil etsə də, iddiaçının torpaq vergisi ödəyicisi olmaması nəzərə alınaraq həmin icarə haqqının məbləği 0,25 manat 5 əmsala vurulmaqla, yəni 1 hektar üçün 1,25 manat olaraq müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.4-cü bəndində İcarəçinin hər il torpaq vergisi nəzərə alınmaqla 805 manat icarə haqqı ödəməyi öhdəsinə götürməsi qeyd edilmişdir. Lakin bu, o demək deyil ki, 805 manat icarə haqqının tərkibində torpaq vergisi də ödənilmişdir. Həmin 805 manat yalnız iddiaçının həmin torpaq üçün ödəməli olduğu icarə haqqıdır. İşdə olan sübutlar: Göygöl Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2018-ci il tarixli 06 nömrəli müqaviləyə əsasən 14 saylı qış və 12 saylı yay otlaq sahələrindən 700 ha torpaq sahəsi 15 il müddətinə müəssisənin icarəsinə verilmişdir. 12 saylı Ərazi Vergilər Departamentinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********638800 nömrəli qərarı ilə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2017-ci il üzrə İddiaçınə 252,00 manat məbləğində torpaq vergisi hesablanmışdır. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********827900 nömrəli qərarı ilə kameral vergi yoxlaması nəticəsində 2020-ci il üzrə İddiaçınə 252,00 manat məbləğində torpaq vergisi hesablanmışdır. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********682600 nömrəli qərarı ilə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2021-ci il üzrə İddiaçınə 252,00 manat məbləğində torpaq vergisi hesablanmışdır. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********930600 nömrəli qərarı ilə İddiaçı tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin tələbin icraya yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli **********636800 nömrəli qərarı ilə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********638800 nömrəli, xx.xx.2020-ci il tarixli **********827900 nömrəli, xx.xx.2021-ci il tarixli **********682600 nömrəli və xx.xx.2021-ci il tarixli **********930600 nömrəli qərarları icraya yönəldilmiş və icra olunması üçün Göygöl rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Göygöl rayon İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, 12 saylı Ərazi Vergilər Departamentinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********638800 nömrəli qərarı İddiaçı elelktron qutusuna 19 iyun 2019-cu il tarixə göndərilmiş və həmin qərar 10 iyul 2019-cu il tarixdə oxunmuşdur. Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, 12 saylı Ərazi Vergilər Departamentinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********827900 nömrəli qərarı İddiaçı elelktron qutusuna 25 iyun 2020-ci il tarixə göndərilmiş və həmin qərar 05 oktyabr 2020-ci il tarixdə oxunmuşdur. Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, 12 saylı Ərazi Vergilər Departamentinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********682600 nömrəli qərarı İddiaçı elelktron qutusuna 08 iyun 2021-ci il tarixə göndərilmiş və həmin qərar 26 avqust 2021-ci il tarixdə oxunmuşdur. Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, 12 saylı Ərazi Vergilər Departamentinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********682600 nömrəli qərarı İddiaçı elelktron qutusuna 09 iyun 2021-ci il tarixə göndərilmiş və həmin qərar 26 avqust 2021-ci il tarixdə oxunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Vergi Məcəlləsi: 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. “İnzibati icraat haqqında” Qanun: 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı: 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3.İdianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Gəncə İnzibati Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2-1(114)-1481/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2-1(114)-1481/2023 nömrəli qərarı ləğv olunmalı və iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, həmin şərtlərdən biri də İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilməməsidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsinin mümkünlük iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olmaqla, hazırkı iddianın qaldırılması üçün qanunvericilkdə nəzərdə tutulmuş iddia müddətinə riayət edilməsinin zəruri olduğu iddiaçının nəzərinə çatdırılmaqla, iddiaçıdan həmin məsələyə mümkünlük iclasınadək münasibət bildirilməsi tələb olunmuş və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə vermək hüququnun mövcudluğu izah edilmişdir. Lakin, iddiaçının vəkil olan nümayəndəsi iddia müddətinin ötürülmədiyini, vergi orqanı tərəfindən mübahisələndirilən qərarların surəti iddiaçıya təqdim edilmədiyini, Göygöl rayon icra və probasiya şöbəsindən tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildiriş göndərildikdən sonra sözügedən qərarlardan məlumatlı olduqlarını və yalnız bundan sonra həmin qərarları mübahisələndirdiklərini, mübahisələndirmə iddia növü üçün qanunvericilikdə nəzərdə tutulmuş mümkünlük şərtinə riayət etdiklərini və hazırkı iddia ərizəsinin iddia müddəti ötürülmədən verildiyini bildirməklə, iddia müddətinin buraxılmamış sayılaraq iddia ərizəsinin mümkün sayılmasını xahiş etmişdir ki, buna müvafiq olaraq da birinci instansiya məhkəməsi mübahisələndirilən qərarların heç birinin vergi orqanı tərəfindən iddiaçıya poçt rabitəsi vasitəsilə göndərilməməsini, təqdimetmənin yalnız elektron üsulla həyata keçirilməsini və onun məhz gücləndirilmiş elektron imza ilə imzalanmasının müəyyən edilməsinin mümkün olmamasını nəzərə alaraq, iddiaçı tərəfindən iddia qaldırmaq üçün qanunvericilikdə müəyyən edilmiş müddətin ötürülməməsi qənaətinə gələrək, iddianı mümkün iddia hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşamayaraq qeyd edir ki, iş mareriallarında olan Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, 12 saylı Ərazi Vergilər Departamentinin xx.xx.2019-cu il tarixli **********638800 nömrəli qərarı İddiaçı elektron kabinetə elelktron üsulla 19 iyun 2019-cu il tarixdə, xx.xx.2020-ci il tarixli **********827900 nömrəli qərarı 25 iyun 2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixli **********682600 nömrəli qərarı 08 iyun 2021-ci il tarixdə, xx.xx.2021ci il tarixli **********682600 nömrəli qərarı isə 09 iyun 2021-ci il tarixdə göndərilmiş, müvafiq olaraq isə həmin qərarlar 10 iyul 2019-cu il, 05 oktyabr 2020-ci il, 26 avqust 2021-ci il və 26 avqust 2021-ci il tarixlərdə İddiaçı səlahiyyətli şəxsi tərəfindən oxunmuş, lakin iddia ərizəsi 2022-ci ilin yanvar ayında məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi qərarlardan xəbərləri olmadığını iddia etsə də qərarların elektron kabinetə göndərilməsinə və oxunmasına hər hansı bir münasibət bildirə bilməmişdir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etməsi hüququnun mövcudluğu izah edilsə də iddiaçı bu hüququndan istifadə etməmiş, bununla da inzibati aktları mübahisələndirmə hüququnu itirmişdir. Yuxarıda qeyd olunan Vergi Məcəlləsinin 70-ci maddəsinin tələbinə əsasən sənədlər vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. İnzibati Prosessual Məcəllənin 38-ci maddəsinin tələbinə görə isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ləğvini tələb etdiyi qərarları qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməmişdir. Buna görə də Gəncə İnzibati Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2-1(114)-1481/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2- 1(114)-1481/2023 nömrəli qərarı ləğv olunmalı və iddia mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 38, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Gəncə İnzibati Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2-1(114)-1481/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2-1(114)-1481/2023 saylı qərarı ləğv edilsin və iddia tələbi mümkün sayılmasın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-689/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-689/2023
15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver