Məhkəmə qərarları › İş №2-1(104)-689/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-689/2025

18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-689/2025 18.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının nümayəndəsi X5 və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-291/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına etdiyi müraciətin müsbət həllindən sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ş- 182072/2023 nömrəli imtina məktub onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilmiş əmək kitabçasının, hərbi biletinin, digər sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğunu müddət, 01,03.1988-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək təhsil aldığınız illər nəzərə alınmaqla) 23 il 6 ay 21 gün təşkil edir. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 22 il 11 ay 21 gün sığorta stajına uyğun olaraq 21278,53 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək 335,30 manat olmaqla, ümumilikdə 21613,83 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanın surətində qeyd edilmiş xx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu il tarixinədək və xx.xx.2002-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (xx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu il tarixinədək olan dövr möhür ilə təsdiq olunmadığı və xx.xx.2002-ci il tarixindən xx.xx.2003cü il tarixinədək işə daxil olma və işdən çıxma əmrləri olmadığı üçün) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Sözügedən Qanunun 21.2.5-ci maddəsinə əsasən işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət sosial sığorta stajına daxil edilir. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13.6-cı maddəsinə əsasən sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxslərə 3 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2001 -ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövr 6 aydan çox müddəti əhatə etdiyi üçün X1 2001-2002-ci illər üzrə məşğulluq qeydiyyatında olmağı ilə bağlı məlumat vərəqələrinin notarial qaydada təsdiq olunmuş surətlərini və işsizlikdən sığorta ödənişinin verilməsi il bağlı arayış təqdim etdikdən sonra sözügedən dövrün sosial sığorta stajına daxil edilməsinə yenidən baxılcaqdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib. İşdə olan sənədlər:

2. AZE №00****** seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur.

3. X3 X2 Filialının xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində işsiz və ya işaxtaran kimi qeydiyyatı və hazırda qüvvədə olan əmək müqaviləsi aşkar olunmamışdır. Vətəndaşa əmək kitabçasında olan məlumata əsasən xx.xx.2001-cı il tarixdə işsizlik müavinəti təyin olunmuş, xx.xx.2002-ci il tarixli, 04 nömrəli əmrə əsasən isə xx.xx.2002-ci il tarixdən müavinət dayandırılmışdır.

4. X8 filialının xx.xx.2025-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, filialda mühafizə olunan Şamxor rayonu ərazisində fəaliyyətdə olmuş “K.Setkin” adına sovxozun 03 yanvar 1983-cü il tarixli 01№li əmri ilə İddiaçı 5-li briqadaya fəhlə təyin edilmiş, 13 may 1983-cü il tarixli 87-li əmri ilə xx.xx.1983-cü ilədək məzuniyyətə getmişdir.

5. Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində "xxxx" MMC adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Reyestrdə oxşar adlı "xxxx" Kiçik Müəssisəsinin xx.xx.1995-ci il tarixdə 23144 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır.

6. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2026-cı il tarixli, 3-17-1/2-25625/2026 nömrəli məktubunda qeyd edilmişdir ki: - İddiaçı müraciətinə yenidən baxılaraq xx.xx.1983-cü il tarixindən xx.xx.1983-cü il tarixinədək olan dövr onun sığorta stajına daxil edilmişdir. - İddiaçı təqdim etdiyi sənədlərə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1978- ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1982- ci il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1986-cı tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.2002- ci il tarixinədək, xx.xx.2003-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1983-cü il tarixinədək olan dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 24 il 1 ay 18 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. - Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən, İddiaçı xx.xx.2006-cı il tarixindən sonra 5 ay pensiya kapitalı qeydə alınan dövr nəzərə alınmaqla ümumilikdə 24 il 6 ay 18 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. - İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu il tarixinədək və xx.xx.2002-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (xx.xx.1979- cu il tarixindən xx.xx.1979-cu il tarixinədək olan dövr möhür ilə təsdiq olunmadığı və xx.xx.2002-ci il tarixindən xx.xx.2003cü il tarixinədək işə daxil olma və işdən çıxma əmrləri olmadığı üçün) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilə kimi işsiz kimi qeydiyyata alınması müddətinin onun əmək stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 1958-ci ildə Şəmkir şəhərində anadan olmuş, əvvəllər xəstəliyə görə İİ qrup əlil kimi pensiya almış, əliliyə görə pensiya alanda onun 25 il 7 aylıq əmək stajı nəzərə alınmışdır. Lakin hazırda yaşa görə pensiya alır və həmin staj 24 il 8 ay 16 gün qəbul olunur. Belə olan halda onun 3 ay 15 gün əmək stajı çatmır. Əslində o, 8 ay Şəmkir rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatda olmuşdur. Şəmkir rayon Məşğulluq Mərkəzinin əmrlərin qeydiyyatı kitabında işsizlik müavinətinin təyin olunması ilə bağlı heç bir məlumat (əmrlərin 2001-ci il tarixli qeydiyyat kitabı arxivdə tapılmır) aşkarlamasa da, işsizlik müavinətinin dayandırılması ilə bağlı 31 iyul 2002-ci il tarixli 04 nömrəli əmrdə öz əksini tapmışdır. O, 8 ay işsiz kimi müavinət almışdır. Bu barədə müvafiq bank qeydiyyatı var. Eyni zamanda onun işsiz kimi qeydiyyata alınması barədə əmrlər kitabı arxivdə saxlanılmayıb. O, cavabdehə müavinət almasına və bu barədə arxiv sənədləri olmasına dair arayış təqdim etmişdir. Buna baxmayaraq cavabdeh onun sübutlarını qəbul etməkdən imtina etmişdir.

9. İddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

10. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı pensiya hüququ yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

11. Cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3-17-1/2-5567/2024 nömrəli etirazın məzmunu xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ş- 182072/2023 nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.

12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-291/2025 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia tələbi təmin edilmişdir.

13. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə çatmaqla, tələb olunan 25 il sosial sığorta stajını toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a)apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlilləri imtina və iddia tələbinə qarşı təqdim edilmiş etirazın dəlilləri ilə eynilik təşkil etmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c)apellyasiya icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunmasını, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.

20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanun:

69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

23. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. İş materialları ilə müəyyən olunur ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu müraciətin müsbət həllindən imtina edərək, iddiaçının ümumi sığorta stajının 23 il 6 ay 21 gün olması, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 21278,53 manat təşkil etməklə pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından az olması ilə əsaslandırmışdır.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə isə ən azı 25 il sığorta stajına malik olması şərtləri ödənilməlidir.

27. Hazırki iş üzrə iddiaçının xx.xx.1958-ci il təvəllüdlü olmaqla xx.xx.2023-cü il tarixində 65 yaşını tamamlaması və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının (21278,53 manat) əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan verməməsi işin mübahisəsiz hallarıdır. Odur ki, iddiaçı ümumilikdə 25 ildən çox sığorta stajına malik olmasını iddia edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir.

28. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli, 3-17-1/2-25625/2026 nömrəli məktubla müəyyən olunur ki, iddiaçının xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1978- ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1986-cı tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.2002- ci il tarixinədək, xx.xx.2003-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1983-cü il tarixinədək olan dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 24 il 1 ay 18 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmiş, bundan sonra iddiaçının müraciətinə yenidən baxılaraq, xx.xx.1983-cü il tarixindən xx.xx.1983-cü il tarixinədək olan dövr onun sığorta stajına daxil edilmiş, xx.xx.2006-cı il tarixindən sonra 5 ay pensiya kapitalı qeydə alınan dövr nəzərə alınmaqla ümumilikdə 24 il 6 ay 18 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir.

29. Göründüyü kimi iddiaçının 24 il 6 ay 18 gün sosial sığorta stajı cavabdeh tərəfindən qəbul edilmiş, yalnız xx.xx.1979-xx.xx.1979 və xx.xx.2002-xx.xx.2003-cü illər üzrə olan dövrlər mübahisələndirilmiş və əmək kitabçasının doldurulma qaydasının pozulması, belə ki, xx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu il tarixinədək olan dövrün möhürlə təsdiq olunmaması və xx.xx.2002-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək işə daxil olma və işdən çıxma əmrlərinin olmaması ilə əsaslandırılmışdır.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən.

31. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir.

32. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxsin əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı, həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən həmin illər nəzərə alınır.

33. Hazırki iş üzrə iddiaçının xx.xx.1979-xx.xx.1979 və xx.xx.2002-xx.xx.2003-cü illər əmək fəaliyyəti ilə məşğul olması xx.xx.1975-ci il tarixli və ИТ-İ ******* nömrəli əmək kitabçasında aparılan qeydlərlə öz təsdiqini tapır (Müvafiq olaraq əmək kitabçasının əsli və digərinin surəti işə əlavə olunur).

34. Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində "xxxx" MMC adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Reyestrdə oxşar adlı "xxxx" Kiçik Müəssisəsinin xx.xx.1995-ci il tarixdə 23144 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır.

35. Göründüyü kimi iddiaçının əmək kitabçasında "xxxx" Kiçik Müəssisəsində işlədiyi qeyd olunmuş xx.xx.2002-xx.xx.2003-cü il tarixlərində həmin müəssisə mövcud olmuşdur.

36. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla yanaşı, əmək kitabçasında xx.xx.1979-xx.xx.1979-cu illərə dair dövr üzrə qeydlərin möhürlə təsdiqlənməməsi iddiaçının təqsiri ilə bağlı olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

37. Mötəbərlik prezumpsiyasının tələblərinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.2-ci maddələri).

38. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

39. Beləliklə, iddiaçının mübahisə olunmayan 24 il 6 ay 18 gün gün sosial sığorta stajı vardır və mübahisə olunan dövr üzrə (xx.xx.1979-xx.xx.1979 və xx.xx.2002xx.xx.2003-cü illər) işlədiyi nəzərə alındıqda qanunla tələb olunan 25 il sosial sığorta stajı tamamlanmış olur. Odur ki, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-291/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar