Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-690/2025 23.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3948/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy Rayon Məhkəməsinin 12 sentyabr 2007-ci il tarixli, 2-210-2007 nömrəli qətnaməsinin 16 il müddətində icrasının təmin edilməməsi nəticəsində əmlakından istifadə edə bilmədiyinə görə hər il 2.000 manat olmaqla 32.000 manat maddi və 20.000 manat mənəvi ziyanın Cavabdehndən alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Goranboy Rayon Məhkəməsinin 12 sentyabr 2007-ci il tarixli, 2-210-2007 nömrəli qətnaməsi ilə cavabdehlər X1 və qeyrilərinə qarşı “evdən çıxarılma tələbinə dair” iddia ərizəsi təmin edilmişdir. Məhkəmənin qətnaməsindən verilmiş apellyasiya və kassasiya şikayəti təmin edilməmiş, Goranboy Rayon Məhkəməsinin 07 oktyabr 2007-ci il tarixli qətnaməsi 07 oktyabr 2008-ci il tarixdən qanuni qüvvəsini almışdır (Ali məhkəmənin qərarının surəti əlavə olunur). Dəfələrlə müraciət etməsinə baxmayaraq Cavabdeh tərəfindən məhkəmə qətnaməsi 16 ildən artıqdır ki, icra edilməmişdir. Bu səbəbdən də tərəfindən rəsmi qaydada xəbərdarlıq məktubu göndərilməklə bir daha qətnamənin icrasını tələb etmişdir. Əks halda cavabdehə qarşı iddia qaldırılacağı barədə bildirmişdir. Ancaq qətnamə yenə də icra edilməmiş və ona heç bir cavab verilməmişdir. Qətnamənin icra edilməməsi səbəbindən onun şəxsi evi olduğu halda başqalarının evinə sığınaraq yaşamaq məcburiyyətində qalmışdır. Ayrı-ayrı qohumların evində yaşamaq üçün xahiş-minnət etmək, özünü daim qonaq kimi hiss etmək ona ailə başçısı olaraq çox mənfi təsirlər edib, sarsıntı keçirməyinə səbəb olub və əhvalını ciddi şəkildə pisləşdirib. Əgər məhkəmə qərarı bu qədər uzun müddətdə icra edilməmişdirsə bu da Cavabdeh hərəkətsizliyindən baş vermişdir. Baxmayaraq ki, qanunvericilik məhkəmə qərarının icra edilməsinin təmin edilməsi üçün kifayət qədər məcburiyyət tədbirləri müəyyənləşdirib, ancaq cavabdeh İcra və Probasiya şöbəsi Azərbaycan Respublikası adından çıxarılmış qətnamənin icrasını təmin etməmiş, qanunla verilmiş səlahiyyətlərindən istifadə etməməklə onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşdur. Hesab edir ki, o məhkəmə qətnaməsi ilə boşaldılmalı olan evini hər ay 170 manata kirayə verməklə 16 il ərzində 32.000 manat qazanc əldə edə bilərdi. Avropa Məhkəməsinin Prisidentlərinə əsasən “qanuni gözləntiyə" dair tələb də mülkiyyət olaraq qiymətləndirilə bilər. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3948/2025 nömrəli qərardadı ilə (hakim L.Əliyeva) İddiaçı Cavabdehnə qarşı “Goranboy rayon Məhkəməsinin 07 oktyabr 2007-ci il tarixli, 2(102)- 2566/08 saylı qətnaməsinin 16 il müddətində icrasının təmin edilməməsi nəticəsində əmlakından istifadə edə bilmədiyinə görə hər il 2.000 manat olmaqla 32.000 manat maddi və 20.000 manat mənəvi ziyanın Cavabdehndən alınaraq ona ödənilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3948/2025 nömrəli qərardadının ləğv edilməsi və Gəncə İnzibati Məhkəməsində işə baxılmasının davam etdirilməsi üçün işin qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadında formalaşdırdığı hüquqi mövqeyinə münasibətdə bildirilir ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında müəyyən olunmuşdur ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Konstitusiya Məhkəməsi Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair bu Qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, “İcra haqqında” Qanunun 87.2-ci və İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “İcra haqqında” Qanunun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəasının icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməsi qərara alınmışdır.” Bu səbəbdən də hesab edir ki, məhkəmənin gətirdiyi hüquqi əsaslar Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən 4 aprel 2012-ci il tarixli qəraı ilə ziddiyyət təşkil edir. Məhkəmə qərar çıxararkan Konstitusiya Məhkəməsinin Plenumunun tələblərini nəzərə almamış, əksinə məhkəmə istinad etdiyi prosesal hüquq normalarını özü şərh etməyə çalışaraq nəticə etibarilə Konstitusiya Məhkəməsinin qərarına zidd əsalandırma etmişdir. Artıq 16 ildən çoxdur ki, iddiaçı mülkiyyətindən istifadə edə bilmir. Baxmayaraq ki, dövlətin adından çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur, onun hüquqları bərpa edilmir. Hazırkı iş üzrə məhkəmə qərarı isə onun mülkiyyət hüququnu reallaşdırmaq, müfdafiə etmək imkanlarını təkrar məhdudlaşdırır. Məhkəmə iddia ərizəsi üzrə yol verilmiş xətaların (əgər belə bir xətaya yol verilmişdirsə) aradan qaldırılması üçün yardım etmək vəzifəsi daşısa da tələbin uyğunlaşdırılması üçün sərəncam verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3948/2025 nömrəli qərardadının ləğv edilməsi və işə baxılmasının davam etdirilməsi üçün işin Gəncə İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin və ona əlavənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman lazımı qaydada araşdırma aparılmamışdır. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy Rayon Məhkəməsinin 12 sentyabr 2007-ci il tarixli, 2-210- 2007 nömrəli qətnaməsinin 16 il müddətində icrasının təmin edilməməsi nəticəsində əmlakından istifadə edə bilmədiyinə görə hər il 2.000 manat olmaqla 32.000 manat maddi və 20.000 manat mənəvi ziyanın Cavabdehndən alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmadan hazırki iddiaya icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalı olması əsası ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edilir. Bu səbəbdən də məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqda haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu norması ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun E.Həkimovun şikayəti üzrə 3 noyabr 2008-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu habelə qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Hazırki işin mahiyyətindən də bəlli olur ki, iddiaçı qanuni qüvvəsini almış və icraya yönəlmiş məhkəmə qətnaməsinin icra edilməməsi nəticəsində, yəni icra məmurunun hərəkət və hərəkətsizliyi nəticəsində ona maddi və mənəvi ziyan dəydiyini iddia edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə İcra haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, “Dövlət icra məmurları haqqında” və “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının qanunlarından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir. Qeyd edilməlidir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda “İcra sənədləri üzrə icraat zamanı tələbkarın, borclunun və digər şəxslərin hüquqlarının müdafiəsi” adlı 12-ci fəsli nəzərdə tutulmuşdur. Həmin fəsildə nəzərdə tutulmuş 87.1-ci maddəyə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Həmin Qanunun 87.4-cü maddəsinə əsasən icra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli (İş № 2-1(102)-2042/2017) və xx.xx.2019-cu il tarixli (İş № 2- 1(102)- 2242/2019) nömrəli qərarlarında qeyd edilmişdir ki, “İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır.” Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq, inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Qərarın nəticəvi hissəsinin 3-cü bəndində isə qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək “İcra haqqında” Qanunun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəasının icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməsi göstərilmişdir. İş materiallarından da göründüyü kimi, iddiaçı icra məmuru tərəfindən Goranboy Rayon Məhkəməsinin 12 sentyabr 2007-ci il tarixli, 2-210-2007 nömrəli qətnaməsinin 16 il müddətində icrasının təmin edilməməsi nəticəsində əmlakından istifadə edə bilməmiş, buna görə də hər il 2.000 manat olmaqla 32.000 manat maddi və 20.000 manat mənəvi ziyana məruz qaldığını iddia edərək hazırki iddianı qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. Göründüyü kimi, inzibati orqanların hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair işlərə inzibati məhkəmələrdə baxılır. Hazırki iddia da kompensasiyanın ödənilməsi tələbinə dair iş olmaqla inzibati məhkəmə icraatının predmetinə aiddir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatlara hüquqi qiymət verməmiş, bununla bağlı lazımi araşdırma aparmadan iddianı mümkün saymamışdır. Azərbaycan Respublikası İPM-nin İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları iddianın mümkünlük məsələsinin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 82, 87-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3948/2025 nömrəli qərardadı ləğv edilsin. İş materialları iddianın mümkünlük məsələsinin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(104)-690/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-690/2025
23.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver